19 Aprel 2019 00:26
983
Elm və texnika
A- A+

“Azərbaycan tarixinin fəlsəfi dərki və müasir dövr” mövzusunda “dəyirmi masa”


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunda "Azərbaycan tarixinin fəlsəfi dərki və müasir dövr” mövzusunda "dəyirmi masa” keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, "dəyirmi masa”nı institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə açaraq akademik Ramiz Mehdiyevin son illərdə Azərbaycan tarixinin aktual dövrlərinə - Şah İsmayıl Xətai, Nadir şah Əfşar, Azərbaycan Xalq Cümhuriyyəti-İran diplomatik münasibətləri, Dağlıq Qarabağ və digər mövzulara həsr olunmuş kitablarının çapdan çıxdığını söyləyib. Qeyd edib ki, akademikin sözügedən əsərlərində Azərbaycan tarixinin mahiyyəti araşdırılıb, onun məna və məzmunu üzə çıxarılıb, həmçinin elmi dövriyyəyə nadir tarixi sənədlər, yeni mənbələr daxil edilib.

"Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabında müəllifin xanlıqların taleyini təfərrüatı ilə təsvir etdiyini deyən professor İlham Məmmədzadə bildirib ki, əsərdə, həmçinin ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazilərinə köçürülməsi erməni tarixçilərin əsərlərindən faktlar gətirilməklə oxucuya təqdim olunur. Kitabda tədqiqatçılara tövsiyələr verilir, tarixi araşdırmaların necə aparılmalı olduğu, tarixi material və mənbələrin hansı rol oynadığı, tarixi geosiyasi münasibətləri dərk etməyin nə qədər vacib olduğu izah edilir. Əsərin filosoflar üçün qiymətli mənbə olduğunu deyən professor İlham Məmmədzadə fəlsəfi ümumiləşdirmə və yanaşmalarla Azərbaycan tarixinin müxtəlif dövrlərini anlamaq və onun mahiyyətini aşkar etməyin mümkün ola biləcəyini vurğulayıb.

Daha sonra institutun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Eynulla Mədətlinin "Azərbaycan tarixinin fəlsəfi dərki və müasir dövr” və fəlsəfə üzrə elmlər doktoru, professor Rəna Mirzəzadənin "Xanlıqlar institutunun siyasi-ideoloji xəritəsi yazılan sənədlərdə” mövzularında məruzələri dinlənilib.

Tədbirdə, həmçinin Milli Məclisin deputatı Qənirə Paşayeva, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Fəlsəfə İnstitutunun ümumi işlər üzrə direktor müavini Qabil Camalov, fəlsəfə elmləri doktorları - Füzuli Qurbanov, Əlikram Tağıyev, Arif Bünyadov və fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli çıxış edərək xanlıqlar dövrünün Azərbaycan tarixində mühüm yer tutduğunu söyləyib, əsərdə sənədlərdən və tarixi məxəzlərdən istifadə olunmasını yüksək qiymətləndiriblər. Bundan əlavə, SSRİ dövründə Azərbaycan tarixinin təhrif edildiyi bildirilib, nəşrin tarixi həqiqətləri üzə çıxarması, cəmiyyətin, xüsusilə də gənclərin maarifləndirilməsi baxımından önəmi qeyd edilib.

Vurğulanıb ki, akademik Ramiz Mehdiyevin tədqiqatları, dərin məntiqə söykənən fikir və mülahizələri, dəyərli tövsiyələri, həmçinin təqdim etdiyi qiymətli sənədlər xanlıqlar dövrünə aid bir çox yanlış yanaşma və şərhləri aradan qaldırmağa imkan yaradacaq. Bununla yanaşı, Azərbaycan tarixşünaslığında, ictimai fikrində məsələyə münasibətdə daha sistemli və obyektiv baxışın formalaşmasına təkan verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video