18 Aprel 2019 10:38
956
SİYASƏT
A- A+

Lider qətiyyəti ilə dövlətə və xalqa xidmət nümunəsi



2018-ci ilin aprelində keçirilən prezident seçkiləri xalqımızın müdrik qərarının bir daha təsdiqi ilə başa çatdı. Vətəndaşlarımız növbəti dəfə Heydər Əliyev ideyalarının və bu ideyaların ən layiqli davamçısı olan İlham Əliyevin ətrafında sıx səfərbər olaraq inkişafa və sabitliyə səs verdilər. Səsvermənin nəticələri göstərdi ki, Azərbaycan xalqı mövcud siyasi kursu tərəqqinin və işıqlı gələcəyinin ən etibarlı təminatı kimi görür.

Bu gün cənab İlham Əliyevin Milli Məclisdəki andiçməsindən bir il ötür. Həmin tarixi hadisənin iştirakçısı olaraq Prezidentimizlə fəxr etdim, qürur duydum. Çünki İlham Əliyev əsl lider kimi öz səlahiyyətlərini buna qədər layiqincə yerinə yetirmiş, ötən 15 il ərzində verdiyi hər bir vədi gerçəkləşdirmiş, ən əsası, Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə çevirmişdi. İlham Əliyevin müdrik siyasəti nəticəsində bu illərdə iqtisadiyyatımızın 3 dəfədən çox artması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, "Cənub qaz dəhlizi” kimi qlobal layihələrin həyata keçirilməsi, Azərbaycanın kosmik klubun üzvü olması, BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi, Silahlı Qüvvələrimizin döyüş imkanlarını artıraraq dünyanın 50 ən güclü ordu sırasında yer alması və digər bu kimi saymaqla bitməyəcək uğurların hər biri dövlətçilik tariximizin şərəfli səhifələrini təşkil edən tarixi hadisələrdir.

İlham Əliyev andiçmə mərasimində ölkənin gələcək inkişaf prioritetlərini diqqətə çatdıraraq, islahatların davam etdiriləcəyini bildirdi: "Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var”.

Budur, Prezident İlham Əliyevin yeni müddət üçün səlahiyyət dövrünün birinci ili son illərdə qazanılmış nailiyyətlərin miqyasının daha da genişlənməsi ilə əlamətdardır. 2018-ci ilin aprelindən sonra mühüm layihələrin başa çatdırılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin, Türkiyədə SOCAR-ın sərmayəsi ilə inşa olunan "Star” neft emalı zavodunun istifadəyə verilməsi, növbəti peykimizin orbitə buraxılması, "Cənub qaz dəhlizi”nin açılışı ilə Azərbaycanın qaz ixracında yeni mərhələnin başlanması, Naxçıvandakı Günnüt əməliyyatı ötən bir ilin böyük uğurlarıdır.

Bu dövrün digər mühüm göstəricisi yeni keyfiyyət mərhələsinə qədəm qoyan islahatlardır. Möhtərəm İlham Əliyevin sərəncamları ilə dövlət orqanlarında keçirilən struktur islahatları idarəetmədə çevikliyi və səmərəliliyi artırmağa xidmət edir. Yanvar ayından etibarən bəzi qurumlar ləğv edildi, bəziləri birləşdirildi və ya yenidən formalaşdırıldı. Struktur islahatları dövlət orqanlarının ayrı-ayrı sahələrində idarəçiliyi iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdıracaq.

Ən mühüm islahatlar sırasında sosial sferada qəbul edilən qərarları xüsusilə qeyd etməliyik. Çünki Prezident İlham Əliyevin fərman və sərəncamlarının 3 milyon vətəndaşı əhatə etməsi göstərdi ki, ölkədə həyata keçirilən siyasət məhz insan amilinə xidmət edir. Beləliklə, minimum əməkhaqqının, əmək pensiyalarının minimum məbləğinin, tələbə, magistr və doktorantlara verilən təqaüdlərin, sosial müavinətlərin artırılması həm vətəndaş məmnunluğuna, həm də sosial rifahın yüksəldilməsinə xidmət edən addımlar kimi ictimaiyyətin dərin rəğbətinə səbəb oldu. Fərman və sərəncamlarda cəmiyyətin, demək olar ki, bütün təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məsələlərin yer alması bir daha təsdiq etdi ki, cənab Prezident hər bir vətəndaşın rifahının daha da yüksəldilməsini diqqət mərkəzində saxlayır.

Məlum olduğu kimi, son illərdə bir sıra çoxmənzilli yaşayış binalarında tikinti işləri aparılarkən şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmayıb və ya sənədləşmədə qüsurlar buraxılıb. Bu da nəticədə həmin binalardakı mənzillərdə mülkiyyət hüquqlarının rəsmiləşdirilməsində ciddi problemlər yaradırdı. Dövlət başçısının fevralın 19-da imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman bu sahədə inqilabi yenilik oldu və dövlət vətəndaşların mülkiyyət hüquqlarını təmin etdi.

Prezident İlham Əliyevin başqa bir inqilabi qərarı fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı imzaladığı fərman oldu. Fərmana əsasən, fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı artmış hissəsi qiymətləndirilərək Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin hesabına ödəniləcək. Prezidentin bu fərmanı ilə 800 min nəfərin kredit problemi həll edildi, məhkəmə çəkişmələri vətəndaşın xeyrinə həll olundu.

Məhkəmə-hüquq sistemində də islahatlar dərinləşəcək. Bununla bağlı cənab Prezidentin aprelin 3-də imzaladığı fərmanda qeyd edildiyi kimi, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir.

Göründüyü kimi, İlham Əliyevin yeni səlahiyyət müddətinin birinci ili böyük uğurlarla yadda qaldı. Qazanılan nailiyyətlər bir daha təsdiq edir ki, cənab Prezident əsl lider əzmi ilə Azərbaycanın inkişafını, yükəlişini, qüdrətlənməsini və xalqımızın daha firavan sosial rifahını təmin edir.



İqbal MƏMMƏDOV,
Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video