Alternative content

16:25 27 May 2019
ONLINE XƏBƏR LENTİ
16:17 27.05.2019 Roma Papası Fransiskdən
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Daşlaşmış yadigarlar
Daşlaşmış yadigarlar
ANA SƏHİFƏ / Mədəniyyət
00:43 18.04.2019


İşğal altında qalan Azərbaycanın maddi mədəniyyət nümunələri də erməni vandalizmi siyasətinin qurbanlarına çevrilib


Dövrün daşlaşmış səhifələri kimi, abidələr, qalalar zamanın "danışan tarix”inə çevrilir, minilliklərdən soraq verir. Bu mənada hər bir xalqın varlığını sübut edən tarixi yadigarlar içərisində abidələrin özünəməxsus yeri və rolu danılmazdır. Çünki onların meydana gəlməsinə qədər əsrlər, minillər keçib. Zaman-zaman dəyişilən ictimai-iqtisadi formasiyalar, mədəniyyətlərin qovuşması, yaxud ayrılması bu tarixi şahidlərin sinəsinə həkk olunub. Ona görə də abidələrin mühafizəsi labüddür.

Xalqımızın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz bir parçasıdır. Məhz elə buna görə də çoxəsrlik tarixi keçmişimizdən yadigar qalan mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edir. Onların bəşəri əhəmiyyətini nəzərə alan UNESCO-nun Dünya İrs Komitəsi tərəfindən nəşr olunan "Dünya İrs” jurnalı İçərişəhər, Şirvanşahlar sarayı və Qız qalasının qurumun təhlükədə olan irs siyahısından çıxarılması barədə məqalə dərc edib. Burada abidələrin mühafizəsi sahəsində Azərbaycanın əldə etdiyi uğurlar yüksək qiymətləndirilib.

Tarixi tədqiqatlar təsdiqləyib ki, Azərbaycan bəşər sivilizasiyasının ilk meydana gəlmiş ərazisində yerləşir. Təbii coğrafi mövqe və həyat şəraitinin təmini üçün zəruri mühitin olmasındandır ki, bu yerlər ilk insan məskənləri kimi tarixə yazılıb. Aparılan arxeoloji tədqiqatlar nəticəsində məlum olub ki, ulu babalarımız çox dəyərli maddi mədəniyyət nümunələri yaratmışlar. Bu abidələr hər bir xalqın və ya millətin tarixi, mədəniyyəti, bir sözlə, keçdiyi təkamül və inkişaf yolunun bariz sübutudur.

Maddi mədəniyyət abidələri ilə yanaşı, dini xarakterli məbədlər də bu yerlərin tarixinin qədimliyini və zənginliyini özündə əks etdirir. Coğrafi nöqteyi-nəzərdən harada tikilməsindən asılı olmayaraq, ilk növbədə onların təbii mühafizəsi nəzərə alınıb. Qobustan qayalıqları ilə Azıx mağarasında ilk insanın əl işlərinin dövrümüzədək gəlib çıxmasında məhz təbii coğrafi amil əsas rol oynayıb. Qobustanda aşkar edilmiş mağaralar və digər sığınacaqlar, memarlıq abidələri də sübut edir ki, bu yerlər sivilizasiyaların qovuşaraq yaratdığı mədəniyyətin beşiyi, yəni ilk insan məskənlərindəndir.

Manna və Atropatena dövlətlərinin mədəniyyət abidələri, müdafiə tikililəri - qalalar, yolüstü karvansaralar, o dövrün şəhərlərinin əzəmətli qala divarları, Urmiya gölü ətrafındakı sərdabaların tədqiqi göstərir ki, hələ altıncı yüzillikdə bu yerlərdə yaşayış mədəniyyəti o həddə çatıb ki, hətta eyvanlı evlər də tikilib. Yaxud həmin dövrün dini abidələrindən olan od məbədləri - bugünümüzədək gəlib çatan belə sərvətlər (Atəşgah) Azərbaycanın milli memarlığının inkişafında mühüm rol oynayıb. Atəşpərəstliyin yayılması ilə bağlı yaradılan ibadətgahlar islamdanəvvəlki dövrün məbədləri sayılır. Qafqaz Albaniyasının yadigarları da bir daha təsdiqləyir ki, şəhərsalma mədəniyyətinin təşəkkül tapmasının tarixi çox qədimlərə gedib çıxır. Qəbələnin möhkəm qala divarları, saxsı borularda şəhərə su çəkilməsi, Dəmirqapı keçidindəki müdafiə sistemi, Çıraqqala, Ləkit və Mingəçevirdəki məbədlər kompleksi, yaxud Sasanilər dövrü tarixini özündə qoruyub saxlayan müdafiə xarakterli abidələr də bunları söyləməyə əsas verir.

Təəssüf ki, tarixən bu kimi mədəniyyət nümunələri milli, məhəlli münaqişələrin qurbanlarına çevrilməkdən də sığortalanmayıb. Hər dövrün özü ilə gətirdiyi "səmum yeli” onların bir çoxunun daşını daş üstə qoymayıb. Ötən əsrin əvvəllərində və sonlarında ermənilərin məkrli, çirkin siyasəti nəticəsində yer üzündən silinən abidə və məbədlərimiz də az olmayıb. Erməni işğalçılarının talan etdiyi abidələr Azərbaycan xalqının tarixi və mədəniyyətinin zənginliyini və qədimliyini özündə əks etdirdiyi üçün belə qəddarcasına, vəhşicəsinə yer üzündən silinir, yaxud erməniləşdirilir. Təsadüfi deyil ki, dağıdılan, məhv edilən maddi mədəniyyət nümunələrinin arasında təkcə Şuşa, Laçın və Qubadlının rəsm qalereyaları deyil, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Kəlbəcərin ərazilərindəki, hətta muzeylərində qorunub saxlanan belə sərvətlər talan edilərək Ermənistana daşınmışdı.

Dəfələrlə yüksək tribunalardan səsləndirilsə də, ermənilər heç bir beynəlxalq qanunlara əməl etmirlər. Şuşa tarixən abidələr şəhəri kimi tanınıb. Lakin çox təəssüf ki, 1992-ci il may ayının 8-dən sonra bu qədim, ulu musiqi beşiyində xalqımıza məxsus maddi mədəniyyət nümunələri dağıdılıb. Orada "güllələnmiş heykəllərin fəryadı” isə beynəlxalq birlikdə, sadəcə, eşidilmədi. Erməni vandalizminin Azərbaycan ərazilərinə təkcə ötən əsrin doxsanıncı illərinin əvvəllərində təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya (6 memarlıq və 7 arxeoloji) və ölkə əhəmiyyətli muzey, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi - tarixi və mədəniyyət nümunələrini yerlə yeksan etməsi faktı artıq bir sıra beynəlxalq təşkilatların rəsmi sənədlərində də əksini tapıb. Keçmiş SSRİ-də yeganə sayılan Ağdamın Çörək, dünya şöhrətli, 13 mindən artıq nadir eksponatlı Kəlbəcər, Xocalı, Şuşa, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının tarix-diyarşünaslıq muzeyləri darmadağın edilib.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın tarixi və mədəniyyət, eyni zamanda, dini abidələrinin barbarcasına dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası, eləcə də "Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası ilə zidd olsa da, nədənsə beynəlxalq birlik belə "mədəni siyasət”in qarşısının alınmasında qəti mövqe göstərmir, bu vandalizmə ikili standartlarla yanaşır.

1983-cü ildə UNESCO-nun Beynəlxalq Abidələrin Mühafizəsi Assambleyasının təsis edilməsində də məqsəd diqqəti maddi mədəniyyət nümunələrinin və tarixi ərazilərin qorunmasına yönəltmək olub. Sivilizasiyalı bəşəriyyətin tarixi keçmişinin öyrənilməsində abidələr xüsusi əhəmiyyət daşıyır. Lakin minilliklərin yadigarları olan bu sərvətlər, təəssüf ki, heç də hamısı bugünümüzə gəlib çıxmayıb.

Maddi-mədəni irsin qorunması beynəlxalq əhəmiyyət kəsb etdiyindən onların mühafizəsi daim diqqət mərkəzindədir. Azərbaycan dövlətinin yürütdüyü siyasət nəticəsində respublika ərazisindəki mövcud tarixi, dini və mədəniyyət abidələrinin aşkar edilməsi və mühafizəsi istiqamətində çox böyük və məqsədyönlü layihələr həyata keçirilir. Bu işdə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Məhz bu fondun reallaşdırdığı regional, yerli və beynəlxalq layihələr əsasında xalqımızın maddi-mənəvi sərvətlərinin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması xüsusi fəaliyyət proqramına çevrilib.

Məhəmməd NƏRİMANOĞLU,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM