Alternative content

05:55 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:54 20.08.2019 Muğamın Xanı
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Multan karvansarası
Multan karvansarası
ANA SƏHİFƏ / Mədəniyyət
00:42 18.04.2019


Bura Azərbaycan-Hindistan mədəni-iqtisadi əlaqələrində mühüm rol oynamışdır


Multan karvansarası Hindistandan Bakı və Abşerona gələn tacir və zəvvarlar tərəfindən XV əsrdə inşa olunmuşdur. Karvansara Abşeron atəşgahlarına ziyarətə gələn hind tacirləri, zəvvarları üçün bilavasitə sığınacaq rolunu oynamışdır.

XV ərdə Bakıda, Şamaxıda, Təbrizdə və Azərbaycanın digər şəhərlərində hind tacirlərinin koloniyaları mövcud olmuşdur. Əsasən Şirvanda, Şamaxıda, Ərəşdə və digər yerlərdə istehsal olunan xam ipək alan hind tacirləri Azərbaycanda XV əsrdə və sonralar ticarət etmişlər.

Multan əvvəllər Hindistanda, hazırda isə Pakistanda yerləşən bir orta əsr şəhəridir. Karvansaranın bu adı alması multanlı atəşpərəst zəvvarların Bakıya daha çox gəlmələri ilə əlaqədardır. Onların Suraxanıdakı "Atəşgah” məbədini də tikdirdikləri məlumdur.

Multandan gələn zəvvarlar qaradərili, arıq, cılız olub paltar geyməz, yalnız bədənlərinin bəzi yerlərini ağ rəngli parça ilə örtərdilər. Onlar az yeyər, atəşə səcdə edib müəyyən ayinlər yerinə yetirər və od qarşısında dua edərdilər.

Bəzi tədqiqatçılar güman edirlər ki, Multan karvansarası qədim tarixi vərəsəlik üzrə Sasanilər dövründə zərdüştilik zamanında tikilmişdir. Çünki təsəvvür etmək çətindir ki, hansısa yeni bir tikiliyə islam dininin hökmranlığı dövründə bütpərəstlik və ya atəşpərəstlik adı verilə biləydi.

Orta əsrlərdə karvansaraya gələn tacirlər öz heyvanlarını yerləşdirdikdən sonra pilləkənlə yuxarı - qonaq otaqlarına qalxarmışlar. Bu pilləkən ikinci mərtəbənin həyətinə çıxır. Vaxtilə karvansaranın 20-dən çox qonaq otağı olub. Hazırda həyətdə 10 qonaq otağı mövcuddur. Otaqlar da öz memarlıq əhəmiyyətini və qədimliyini hələ də olduğu kimi qoruyub saxlayır.

XIV əsrin sonlarında Orta Asiyadan gələn tacirlər tərəfindən inşa edilən Buxara karvansarası ilə üzbəüz yerləşən Multan karvansarasının portalı şəhərin əsas ticarət yoluna baxır. Hər iki karvansaranın portalının üzbəüz yerləşməsində əsas məqsəd Orta Asiyadan gələn bir neçə dövlətin tacirlərinin bir-biri ilə əlaqələr qurub, beynəlxalq ticarətin canlanmasına şərait yaratmaq idi.

Abidə qismən köhnə tikililər üzərində ucaldılmışdır. Son orta əsrlərdə İçərişəhərdəki zorxanalardan biri olan yeraltı tağtavanlı bina Multan karvansarasının altında yerləşirdi. Onun qapısı Qız qalası meydanı tərəfə açılırdı. XVIII əsr səyahətşünaslarının verdiyi məlumata görə, 300-ə yaxın tamaşaçı yerləşən bu zorxana 1893-cü ildə çar Rusiyası tərəfindən bağlanmışdı.


Arxeoloji qazıntılar nə deyir?..


1924-cü ildə arxeoloq V.M.Sısoyev tərəfindən Qız qalasının yanında aparılan qazıntı nəticəsində şimal tərəfə - Multan karvansarasının altına gedən yeraltı yolun qalıqları üzə çıxarılmışdı. 1982-ci ildə İçərişəhərin şərq tərəfində keçirilən genişmiqyaslı arxeoloji qazıntılar nəticəsində aşkar edilən yeraltı yol da orta əsrlərdə Bakının həm mərkəzi ticarət küçəsi sayılan Şamaxı Qala qapısından başlayıb Salyan darvazasına doğru gedən baş küçənin şərq istiqamətində yer alır. Maraqlıdır ki, yolun xətti XIV əsrdə tikilmiş Multan karvansarasının altından keçərək Qız qalasına doğru gedir. Burada aşkar olunan tünglərin bir-birinə geydirilmiş hissələri (xarici tərəfi və divarının xarici) əhəng məhlulu ilə möhkəmləndirilmişdir. Saxsı tünglər və novçalar üzərində dulusçu çarxının izləri aydın görünür. 1982-ci ildə karvansaranın ərazisində genişmiqyaslı arxeoloji qazıntılar aparılmış və xeyli miqdarda qədim və orta əsrlərə aid artefaktlar aşkarlanmışdır. Məlum olmuşdur ki, karvansara daha qədim tikinti üzərində yerləşir və onun vaxtilə böyük həyəti, hətta dəniz tərəfdən də girişi olmuş, son bərpa işləri zamanı həyətin yarı hissəsindən çoxu kəsilmişdir.

Karvansaranın memarlıq planlaşdırma quruluşu perimetr üzrə həyəti əhatə edən eyvanlardan, onların arxasında yerləşən fərdi yaşayış üçün nəzərdə tutulmuş ayrıca otaqlardan ibarətdir. Bu da, öz növbəsində, onun Buxara karvansarasına üslubca yaxın olduğunu sübut edir.

Abidənin əsas inşaat materialı Şirvan-Abşeron memarlıq məktəbi üçün ənənəvi olan xırda bloklar və tikinti daşı kimi istifadə olunan xırda, dənəvər əhəngdaşıdır. Tikilinin özülünü təbii formada istifadə olunmuş qaya massivi təşkil edir. Daha qədim olan yeraltı otaqların tağtavanları mürəkkəb əhəng məhlulunda olan düzgün formalı tikinti daşı ilə hörülmüşdür.

Tikilinin aşağı mərtəbəsi yerin altında yerləşir. Üç böyük zaldan ibarət olan tacirlərin satacaqları malları və heyvanları saxlamaq üçün nəzərdə tutulan alt mərtəbənin üç qapısı var. Tacir öz heyvanlarını yalnız dənizə tərəf açılan qapıdan zirzəmiyə daxil edə bilərdi. Bunun özü də səbəbsiz deyil. Belə ki, dəniz tərəfdən İçərişəhərə daxil olanda yol yuxarı qalxdığından salonun digər qapısından yalnız tacirlər pilləkənlə yuxarı, yəni qonaq otaqlarına qalxa bilərdilər. Alt mərtəbənin digər zalının qapısı Qız qalasına açılır. Karvansarada "Sim-sim” adlanan zalın eyniadlı qapısı da qeyri-adi təsir bağışlayır.

Karvansara XVII əsrdə Bakıda Səfəvilər hakimiyyəti dövründə bərpa edilmiş və binanın bir hissəsi zorxana kimi fəaliyyət göstərmişdir. Son dəfə abidə 1973-1974 və 1976-cı illərdə bərpa olunmuşdur.


Karvansara əcnəbi səyyahların gözü ilə


1647-ci ilin fevral ayında Bakıya birinci səfəri zamanı türk səyyahı Övliya Çələbi Multan karvansarası haqqında müfəssəl və maraqlı məlumat vermişdir.

1683-1684-cü ilin yanvar ayının 6-da Bakıda olan alman səyyahı Engelbert Kempfer Multan karvansarasını çox gözəl təsvir edir. O öz yol qeydlərində (manuskript) icazə kağızı olmadığı üçün Bakıya girərkən həbs olunduğunu və bir müddət Multan karvansarasının zirzəmisində saxlandığını yazır. E.Kempfer burada keçirdiyi vaxt ərzində karvansaranın daxili interyeri, burada görüşdüyü insanlar haqqında unikal informasiyalar verir.

Karvansara səyyahların, yazıçıların, rəssamların, alimlərin diqqətini cəlb edib. Multan karvansarasında Mendeleyev, Vereşşagin, Düma ata və bir çox səyyahlar olub.

Xüsusilə Düma ata gördüklərindən çox heyrətlənib. O, "Qafqaz səfəri” adlı əsərində Bakıdakı Multan karvansarasını və Suraxanıdakı atəşgahı çox gözəl təsvir edib.

Karvansaranın divarlarında qədim Azərbaycan xalçaları, bəzək əşyaları, kilimlər, qədim Bakını təsvir edən rəsmlər, bura gələn tanınmış qonaqların fotoları asılıb. Burada isə əsas məqsəd karvansaraya gələn əcnəbilərdə Azərbaycanın qədim və zəngin tarixi, habelə Azərbaycan və Pakistan arasında öz qloballığı və regional məsələlərin oxşarlığı ilə xarakterizə edilən əlaqələr haqqında təsəvvür yaratmaqdır.

2004-cü il 8-10 iyul - Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəf Azərbaycana rəsmi səfər etmişdi. "Sim-sim” zalının girişindəki kiçik dəhlizdə diqqəti çəkən mənzərə Pakistan Prezidenti Pərviz Müşərrəfin, eləcə də Pakistanın Azərbaycandakı səfirliyi tərəfindən karvansaraya bağışlanılan hədiyyələrdir. Hədiyyələr - keramik stolüstü lampa, keramik gül vazası, keramik kasa və piyalə, keramik boşqab, su qazanı, gül vazası, çay dəsti, qazança, ağzı açıq qazan, ətrafı zəngin haşiyəli güzgü və digər əşyalardan ibarətdir.

Multan karvansarası 1970-ci illərdən Buxara karvansarası ilə birlikdə "Restoran-karvansara kompleksi” adı altında fəaliyyət göstərir. Hazırda dövlət tərəfindən ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qorunur.

Kamil İBRAHİMOV,

professor



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM