İsmayıllı rayonu ərazisində "Təmizlik aylığı” keçirilir. Mayın 10-na kimi davam etdirilən tədbirlə bağlı məlumat verən rayon kommunal müəssisələr kombinatının rəisi Vidadi Məmmədov bildirdi ki, bu məqsədlə Mədəniyyət Mərkəzinin zalında ümumrayon müşavirəsi keçirilib. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov müşavirədə "Təmizlik aylığı”nın keçirilməsi ilə əlaqədar iştirakçılara geniş məlumat verib. RİH başçısının birinci müavini Rövşən Ağayev iştirakçıları "Təmizlik aylığı”nın tədbirlər planı ilə tanış edib.
Nəzərdə tutulub ki, böyük bir ərazidə təmizlik işləri aparılsın. Bunun üçün xeyli işçi qüvvəsi cəlb olunub. Həmin işçilər təmizliklə yanaşı yaşıllıq sahələrinə qulluq göstərir, sahələri mal-qaradan mühafizə edirlər.
Hazırda şəhərdə 145 küçə mövcuddur. 5 briqada təmizlik və yaşıllaşdırma üçün ayrılıb. 1 briqada isə təmir işləri ilə məşğul olur. 1 briqada isə yalnız şəhər qəbiristanlığında təmizlik və səliqə-səhman yaratmaqla məşğuldur.
Hər şənbə günü idarə, müəssisə və təşkilatların iştirakı ilə iməcliklər keçirilir. Ağacəkmə kampaniyası geniş vüsət alıb. "Aprel zəfəri” parkının salınması da davam etdirilir. Ərazi təxminən 5,2 hektardır. Buradakı işlər sürətlə aparılır. Həmin ərazidə arx yeri olduğu, sonradan isə su gəlmədiyi üçün yaxınlıqda yaşayan insanlar məişət tullantılarını ora atıblar. Park tam hazır olduqdan sonra isə hər 100 metrdən bir konteynerlər qoyulacaq və insanlar tullantıları ora atacaqlar.
V.Məmmədov bildirdi ki, şəhərdəki 14 küçə, 2 park və 2 xiyabana qulluq göstərilir. Onlara göstərilən xidmətin ödənişi dövlət tərəfindən təmin olunur. Ümumilikdə isə rayona turist axınının çoxluğu nəzərə alınaraq kollektivin məsuliyyəti ikiqat artır.
Şəhər ərazisi ilə yanaşı əlavə 4 kənddə də məişət tullantılarının daşınması təmin edilir. Bunlara Qalacıq, Talıstan, Təzəkənd kəndləri və Lahıc qəsəbəsi daxildir. Yaxın günlərdə İvanovka kəndində də bu işlərə başlanılacaq.
Əli SƏLİMOV,
"Azərbaycan”