16 Aprel 2019 00:43
2165
Mədəniyyət
A- A+

Həkim Əliyevlərin nəğməkar qızı


Gülarə Əziz qızı Əliyeva

Gülarə Əziz qızı Əliyeva 17 noyabr 1933-cü ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində, eləcə də Əhsən Dadaşov adına xalq çalğı alətləri ansamblında çalışıb. 1968-ci ildə klassik və xalq çalğı alətlərinin sintezindən ibarət "Dan ulduzu” ansamblını yaradıb və ömrünün sonuna kimi rəhbərlik edib. Bu ansamblla Əlcəzair, Suriya, Livan, Anqola, İtaliya, Bolqarıstan, Efiopiya, İsveçrə, Hindistan, Finlandiya və digər xarici ölkələrdə çıxış edib. Eyniadlı muğamlar əsasında "Şüştər” rapsodiyası, "Humayun” süitası, "Bayatı-kürd”, "Şur” fantaziyalarının müəllifidir. Ansambl üçün bir sıra xalq mahnısını aranjeman edib.

1966-1989-cu illərdə M.Əliyev adına İncəsənət İnstitutunun Musiqi nəzəriyyəsi kafedrasının müdiri, o cümlədən institutun elmi şurasının üzvü olub.

Həkim Əziz Əliyevin qızı, oftalmoloq-akademik Zərifə Əliyevanın, endokrinoloq Tamerlan Əliyevin və onkoloq Cəmil Əliyevin bacısıdır. Ulu öndər Heydər Əliyevin baldızıdır.

1991-ci il iyulun 27-də vəfat edib. Ölümündən sonra "Dan ulduzu” ansamblına onun adı verilib.

... Deyirlər, insan doğulan an səmada yeni bir ulduz yaranır, parlayır...

Bəxt ulduzu...

Və o ulduz bir də həmin insan dünyadan köçən anda sönür...

O da parlaq ulduz altında dünyaya gəlmişdi. Ulduzu da, necə deyərlər, üzünə, bəxtinə gülmüşdü. Elə əsl ulduz həyatı yaşamışdı. Amma tək özü yaşamamışdı, başqalarına da yaşatmışdı. Çünki məhz onun yaratdığı "Dan ulduzu” Azərbaycanın musiqi səmasında parlaq ulduza çevrilərək onlarla istedadlı gəncin sənət yoluna işıq tutdu. Onları xalqa tanıtdı, məşhurlaşdırdı, sevdirdi, ulduz etdi.

XX əsr Azərbaycan musiqisinə ulduzlar pleyadası bəxş etdi. Vətəninin adını xarici ölkələrdə tanıtdı, mədəniyyətini layiqincə təmsil etdi, musiqisinə öz töhfələrini verdi. Bununla da adını qızıl hərflərlə tariximizə həkk etdi. Dünyada klassik və xalq çalğı alətlərinin sintezindən ibarət ilk ansamblın yaradıcısı, Şərqdə ilk qadın ansambl rəhbəri kimi... Azərbaycanın görkəmli musiqiçisi, pianoçusu, sənətşünaslıq elmləri namizədi, əməkdar incəsənət xadimi kimi...

Və sadəcə əfsanəvi "Dan ulduzu” ansamblının yaradıcısı, bədii rəhbəri Gülarə Əliyeva kimi...

"Unudulmazlar” rubrikasında görkəmli sənətkarın sənət və həyat yoluna yeganə yadigarı, Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının müəllimi Ayəndə Əliyevanın xatirələrindən boylanacağıq...


Əziz Əliyevin şən, dəcəl övladı


Hər kəs yer üzünə bir missiya ilə gəlir. Onun da çiyinlərinə Yaradan o missiyanı qoymuşdu. Yazı Yazan taleyini, qədərini notlarla yazmışdı sanki, musiqini ruhuna, qanına, canına hopdurmuşdu... Yoxsa həkim ailəsində ilk musiqiçi o olmazdı...

- Gülarə xanım görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Evin şən, dəcəl qızı idi. Əslində, musiqiçi olacağı hələ uşaq yaşlarından evdə hamıya agah olmuşdu. Çünki bütün günü evdə həm oxuyar, həm oynayardı. Şıltaqlığı ilə ailədə hamının üzünü güldürərdi. Anamın musiqiyə həvəsini, meylini görən babam onu Bülbül adına orta ixtisas musiqi məktəbinə yazdırır: Kövkəb Səfərəliyevanın sinfinə.

Maraqlı uşaqlıq illəri olub. Həmin çağlarını xoş xatirələrlə anardı. Atasını dəhşət çox sevirdi. Özü də zahirən ona çox bənzəyirdi. Valideynləri haqqında danışanda "Əziz papa”, "Leyli mama” deyərdi - biz onun dilindən ancaq bu cür eşitmişik. Atasının xeyirxahlığı, gözəl xasiyyəti, sadəliyi, insanlara necə kömək etməsindən həmişə ağızdolusu danışardı.

Çox mehriban ailə olublar. Gəliş-gedişli, qonaq-qaralı... Azərbaycanın o dövr görkəmli ziyalılarının çoxu onlara gələrmiş. Evdə daim yaradıcı, elmi söhbətlər edilərmiş. Anam o cür mühitdə böyümüşdü.

Ailədə hamı həkim idi - atası, bacısı Zərifə, qardaşı Tamerlan. Sonradan evin sonbeşiyi Cəmil də bu ailə ənənəsini davam etdirdi. Anam da tibb sahəsində bilgili idi. Ancaq ailədə yeganə adam idi ki, musiqiyə yönəldi. Hamı da bu qərarını anlayışla qarşıladı. Çünki necə istedadlı olduğunu görürdülər. Və o istedadın qarşısına sipər çəkmək sadəcə ədalətsizlik olardı. Əliyevlər ailəsində isə ədalətsizlik əsla ola bilməzdi.


"O qayğısız, o əziz tələbəlik illəri”


Peşəkar musiqiçi olmağı qarşısına məqsəd qoyan Gülarə Əliyeva həyat missiyası uğrunda ilk addımlarını atmağa başlayır. Azərbaycan Dövlət Konservatoriyasına daxil olmaq üçün imtahan verir. Üzeyir Hacıbəyli kimi dahidən "hə” cavabı alıb, ali təhsilə başlayır. Özü də iki fakültədə...

- İstedadlı pianoçu idi. Mükəmməl musiqi duyumu vardı. Amma musiqi bəstələmək üçün musiqişünas olmaq lazım idi. Ona görə anam konservatoriyanın fortepiano və tarix-nəzəriyyə fakültəsində paralel təhsil alıb. Unudulmaz tələbəlik illəri olub. O dövrün tanınmış müəllimlərindən dərs alıb. Bəzən akademiyada anamla eyni illərdə təhsil alan şəxslərlə qarşılaşıram. Gülarə xanımın qızı olduğumu bilən kimi onun haqqında o qədər xoş sözlər deyirlər. Mənə çox müsbət təsir bağışlayır. Necə xoşbəxt adamam ki, anam özü haqqında belə dəyərli xatirələr qoyub gedib.

Anam "Bəstəkar Fikrət Əmirovun yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Dəyərli əsərdir, onu kitab kimi nəşr etdirmək fikrim var. 23 il İncəsənət İnstitutunun Musiqi nəzəriyyəsi kafedrasına rəhbərlik edib, o cümlədən institutun elmi şurasının üzvü olub. 1969-cu ildən dosent idi, elmi-pedaqoji fəaliyyət göstərib. Əvvəlcə Azteleradio, sonra isə S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində və Əhsən Dadaşovun ansamblında konsertmeyster işləyib. Çoxsaylı əsərlər bəstələyib.


Musiqi kəhkəşanında qəfil parlayan "Dan ulduzu”


Amma yenə də nəsə çatışmırdı sanki... İçindəki, ruhundakı melodiya, avaz dinmək bilmirdi. Musiqidə yenilik etmək coşqusu getdikcə daha da alovlanırdı. Onu öz missiyasına doğru aparırdı. Nəhayət, 1968-ci ildə Gülarə Əliyeva nəinki Azərbaycanda, dünyada bir ilkə imza atır. Klassik və milli alətlərin sintezindən ibarət ansambl yaradır...

- Bu, o dövr üçün bir inqilab sayılırdı. Həm də cəsarət tələb edirdi. Çünki elə bir sintez heç vaxt olmamışdı. Necə qarşılanacaqdı? Seviləcəkdimi? Gülarə xanım bu yeniliyi etdi. Və çox gözəl qarşılandı, dərhal da sevildi. Xeyli vaxt idi məşqlər gedirdi, amma hələ də ansambla ad qoyulmamışdı. Ad üzərində çox düşündülər, var-gəl etdilər, müxtəlif fikirlər səsləndi.

AzTV-nin ovaxtkı sədri Nəbi Xəzri "Dan ulduzu” adını təklif etdi. Anamın da çox xoşuna gəldi. Beləliklə, ansambl AzTV-nin nəzdində "Dan ulduzu” adı ilə fəaliyyətə başladı. Qeyri-adi ansambl idi. Musiqi səslənən kimi elə ilk notlardan hamı bilirdi ki, bu, "Dan ulduzu”nun ifasıdır. Çünki fərqli, standart ifalardan seçilən səslənmə, musiqi idi. Anamın ürəyindən keçən, ruhundan qopan melodiyalar idi.

Tezliklə "Dan ulduzu” Azərbaycan musiqisində ulduz kimi parlayır. Ansamblın konsertləri efirləri, tədbirləri bəzəyir. Gülarə Əliyeva ansambla daha çox konservatoriyanın tələbələrini, istedadlı, həvəsli gəncləri seçir. Leyla Şərifova və Yalçın Rzazadə ilk solistlər olur. Sonradan bu ansamblla kimlər çıxış etmədi ki?! Şövkət Ələkbərova, Elmira Rəhimova, Flora Kərimova, Akif İslamzadə, Hüseynağa Hadıyev, Səkinə İsmayılova, Məmmədbağır Bağırzadə, Məhəbbət Kazımov, Aybəniz Haşımova... Ansamblın üzvləri qarşısına isə bir tələb qoyulmuşdu: yalnız peşəkar bəstəkarların mahnıları səslənməlidir...

- Çalıb-oxumaq bizim evdə adi hal idi. Çünki ansamblın bütün məşqləri evimizdə olurdu. Çox gülməli, şən keçirdi məşqlər. Bir-birlərilə zarafatlaşırdılar. Ciddi iş prosesi kimi deyildi, səmimi ortam, ab-hava olurdu. Anam ansamblın üzvlərini öz övladları, bacı-qardaşları kimi sevirdi. Onları yedirib-içirmədən məşqə başlamazdı. Mən və rəhmətlik bacım Nuridə ansambl üzvlərinin gözü qarşısında böyümüşük. Hərdən biz də məşqdə oturub onları dinləyərdik. Elə bilirdim musiqi bayramıdır. Xüsusən də zərb alətlərinin səsi çox xoşuma gəlirdi.

Anam çox zarafatcıl biri idi. Həmişə pozitiv əhvalda olmağa çalışırdı. Səhhətində problemlər yaransa da, müəyyən çətinliklər olsa da, bunları heç kimə büruzə verməzdi. Məşqdə kiminsə əhvalının yaxşı olmadığını görən kimi dərhal maraqlanar, kömək edərdi. Pianoda anam özü çalırdı. Hər alət üçün instrumentovka yazır, orkestrovka edirdi. Bu işləri heç kimə etibar etməzdi, mütləq öz əlindən çıxmalı idi. Özü də gecələr, hamı yatanda, sakitlikdə oturub yazmağı sevirdi. İşinə, sənətinə sözün əsl mənasında can qoyurdu. Onunla çalışan musiqiçilər, bəstəkarlar istedadına, musiqiyə olan sevgisinə, həvəsinə heyran idilər. Təəssüf ki, indi belə sənət fədailəri yoxdur.


"Atam anamın ifasından həzz alırdı”


Musiqinin, sənətin, ansamblın inkişafı, mədəniyyətin təbliği Gülarə Əliyevanın həyat amalı idi. Necə də olmaya?! Tanrı tərəfindən bu missiya ilə göndərilmişdi yer üzünə... Və öhdəsindən də layiqincə gəlirdi. Amma hər qadının bir müqəddəs missiyası da var bu həyatda - analıq missiyası. Hər qadın üçün ailəsi, uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Elə Gülarə xanım üçün də eləydi. Düzdür, mənəvi analığı "Dan ulduzu”nu Azərbaycan musiqi dünyasına gətirdiyi gündən yaşayırdı. Ansambl onun ilk övladı sayılırdı. Üzvlərinin hər birinə ana nəvazişi ilə yanaşır, ana qayğısı göstərirdi. Amma əsl analıq zirvəsi tamam başqa yüksəklik idi...

Həyat yoldaşı Adil Adilov kulturoloq idi. İncəsənət İnstitutunda çalışdıqları zaman həmkar kimi tanış olmuşdular. Sonradan bu tanışlıq səmimi münasibətə, ardınca məhəbbətə çevrilir. 1969-cu ildə isə ailə qurmaq qərarına gəlirlər.

- Ailə qurmaq qərarı verəndə hər ikisi yetkin insan idi. Mən evin böyük qızıyam, 1971-ci ildə dünyaya gəlmişəm. Onda atamın 43, anamın 38 yaşı vardı. Atam kiminlə ailə qurduğunu əlbəttə bilirdi. Anamın istedadına vurğun idi, fəaliyyətinə, sənətinə hörmətlə yanaşırdı, anlayışla qarşılayırdı. Özü də yaradıcı adam idi və musiqini çox sevirdi. Hansısa qonaqlıqda anam piano arxasına keçəndə atam fəxr edirdi, ifasından həzz alırdı. Anam çalışırdı ansamblın məşqlərini atamın iş saatlarına salsın. Amma atam hətta evdə olanda belə öz otağına keçirdi ki, məşqə mane olmasın. Yəni karyera üstündə bizim evdə heç vaxt söz-söhbət olmayıb. Əksinə, atam anamı hər zaman dəstəkləyib. Anam ansamblla birlikdə qastrol səfərlərinə gedəndə də bizə atam, bəzən bibim baxıb. Həm də ki, ailədə narazılığın olması üçün əsas yox idi. Anam heç vaxt karyera naminə ailəni ikinci plana keçirməyib. Ailəsinə, övladlarına çox bağlı idi.

Ev işlərində köməkçisi olsa da, mətbəxi heç kimə etibar etmirdi. Yeməklərin hamısını özü bişirirdi, o qədər də dadlı olurdu ki... Hər zaman yeni reseptlər kəşf edirdi. Bir də anasından öyrəndiyi yeməkləri bişirib, yaşadırdı. Məsələn, İrəvan dolması. Hələ də təəccüblənirəm ki, ansamblla, qastrolla, konsertlərlə, universitetdəki dərsləri ilə ailənin yükünü birlikdə necə çəkə bilirdi. Bütün işlərini də çatdırırdı.

Çox unikal insan və şəxsiyyət idi. Özünü heç vaxt yekəxana aparmazdı, sadə idi. Bu da genetik xüsusiyyət kimi ona keçmişdi. Atasından o cür görüb- götürmüşdü. Deyirdi, atam da belə olub. Emosional, şən, eyni zamanda həssas və kövrək qəlbli idi. Adi bir sözdən belə kövrələ bilərdi. Bir də yaman nigaran olurdu. Gündə bir neçə dəfə bacı-qardaşları ilə mütləq danışmalıydı. Qızlarını daim nəzarətdə saxlayırdı...


"Heydər Əliyevin baldızı olduğu üçün təzyiqlər başlandı...”


Gülarə xanım iki qızı ilə bərabər ansamblı da böyüdür. "Dan ulduzu”nun parlaqlığı, şöləsi ildən-ilə artır. Artıq nəinki Azərbaycanda, ölkənin hüdudlarından kənarda da tanınmağa, sevilməyə başlayır. Təxminən 20 il ərzində dünyanın dörd bir yanında ansamblın çıxışları olur. "Dan ulduzu” şöhrətinin pik nöqtəsini yaşayır. Amma 1980-ci illərin sonunda birdən-birə ansamblın başının üstünü qara buludlar alır. Düşmən əli onların fəaliyyətinə mane olur, konsertlərini təxirə salır, efirə çıxmağa imkan vermir, qastrol səfərlərindən adlarını çıxarırdı. Bu da təsadüfi deyildi. Çünki 1987-ci ildə yeznələri Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa vermişdi.

- O vaxtlar artıq böyük qız idim. Baş verənləri dərk edirdim. 80-ci illərin sonlarında ansamblın fəaliyyətində süni maneələr yaradılmağa başlandı. Çəkilişlərə çağırmırdılar, qastrol səfərlərinə aparmırdılar, konsertlərdən adlarını çıxarırdılar. Əvvəldən təyin olunmuş konsertə və ya səfərə bir gün qalmış xəbər gəlirdi ki, "Dan ulduzu”nu siyahıdan çıxarıblar. Müxtəlif problemlər, çətinliklər yaradırdılar. Anam başa düşürdü ki, bu, təsadüfi deyil, bilərəkdən edilir, kimsə daim mane olur. Artıq Heydər Əliyevin Moskvada Qorbaçovla problemləri başlamışdı, SSRİ Nazirlər Sovetindən istefa vermişdi və onun əleyhinə kampaniya başladılmışdı. Məhz Heydər Əliyevin baldızı olduğu üçün anama da ansambl vasitəsilə təzyiqlər göstərirdilər. Gülarə xanım da bu siyasi oyunlara qurban getdiyini başa düşürdü. Anam Heydər Əliyevi çox istəyirdi, hörmət edirdi. Heydər Əliyev də anamı çox istəyir, yaradıcı şəxsiyyət kimi hörmətlə yanaşırdı. Ansamblı da çox bəyənirdi.

Bəzən evdə anam pianoda çalar, Zərifə xalamla Heydər Əliyev də oxuyardılar. Ancaq ailə münasibətlərini işə qatmaq ədalətsizlik idi. Hansısa çirkli siyasi oyunlara görə 20 illik tarixin üzərindən xətt çəkmək istəyirdilər. Bu ədalətsizlik anamı incidirdi, çox narahat olurdu. Sanki havası çatmırdı, boğulurdu. Axı o, bu sənətlə nəfəs alırdı, yaşayırdı. Anam üçün musiqi, ansambl həyat idi.


"Ansamblın bütün köhnə lent yazılarını silmişdilər”


- Elə o vaxtlar anam böyük stress yaşadı. Baş verənlər sağlamlığına da zərbələr vurdu. Səhhətində ciddi problemlər yarandı. Böyrəyinin biri əməliyyat olundu. Orqanizmində hormonal dəyişikliklər başladı. Artıq çəki aldı. Tez-tez təzyiqi yüksəlirdi. Biz daim ona nəzarət edirdik, yeməyinə fikir verirdik. Həyatının son illərində əvvəlki kimi şən deyildi, həyat eşqi sönmüşdü sanki, bu, üzündən də görünürdü. Ansambla təzyiq etməklə anamın arzularının, xəyallarının, gələcək planlarının, bəstələrinin da üstündən xətt çəkdilər. Günlərin birində isə məlum oldu ki, AzTV-nin Musiqi redaksiyasında "Dan ulduzu”nun bütün köhnə lent yazıları silinib, 5-6 konsert saxlanılıb. İndi efirdə, internetdə gördüklərimiz salamat qalan lent yazılarıdır. Bu hadisə anam üçün böyük sarsıntı, əsl faciə idi. Qol-qanadı sındı sanki. 23 illik əziyyəti, 23 illik tarix bir qələmlə silinmişdi. O musiqilər anamın yuxusuz gecələriydi, balalarıydı, canıydı, ruhuydu, daxili dünyasının melodiyaları idi... Hər şeyi bir göz qırpımında məhv etmişdilər. Təəssüf ki, bu hadisədən bir az sonra dünyasını dəyişdi. Anamın ölümündən sonra ansamblın lent yazılarını köçürməyə çalışdım. Heç nə tapa bilmədim. Çox acınacaqlı durumdu. Bəlkə də sağ olsaydı, özü bu namərdliyin üstünü aça bilərdi, araşdırardı. Qismət olmadı...


Vaxtsız susmuş həyat melodiyası...


...Həmin gün - 1991-ci il iyulun 27-si adi yay günlərindən seçilirdi. Səhər həyəcanla açılmışdı. Evin sonbeşiyi Nuridə konservatoriyaya imtahan verməyə getmişdi. Axşam isə Adil Adilov xəstəxanada müalicə almaq üçün Moskvaya yola düşməliydi. Evdə qəribə bir çaxnaşma, gərginlik vardı. Bir yandan yemək hazırlanırdı, bir yandan yol çamadanı yığılırdı, digər tərəfdə qızlar imtahanın necə keçməsindən danışırdılar. Ansamblın violonçel ifaçısı Minirə Yusifli də onlardaydı, ansambla aid işlərlə məşğul idi.

Arada Gülarə xanımın qardaşı Cəmil Əliyev də həyat yoldaşı ilə birlikdə onlara gəldi. Adil Adilovla sağollaşmaq üçün. Amma nə biləydi ki, bu, yeznəsi ilə yox, bacısı və onun 18 yaşlı qızıyla vida imiş...

- Axşam saat 6 idi. Mən atamı yola salmaq üçün onunla birlikdə aşağı düşdüm. Anam, bacım və Minirə isə atamın ardınca su atmaq üçün eyvana çıxdılar. Biz hələ aşağı çatmamış dəhşətli bir gurultu eşitdik. Evin köhnə eyvanı uçmuşdu. Ağlasığmaz bir hadisə idi. Bir gün əvvəl o eyvanda oturub meyvə yemişdik, söhbət etmişdik... Dəhşətli mənzərə idi. O hisləri, o dəhşəti, o faciəni sözlərlə ifadə etmək mümkün deyil... Anamla Minirə elə həmin anda canlarını tapşırmışdılar. Bacım Nuridə isə 6 gün xəstəxanada qaldı. Başından ağır zərbə almışdı. Möcüzə gözləyirdik. Amma qismət...

Gülarə Əliyevanın bu dünyadakı missiyası beləcə bir faciə ilə bitdi. Musiqili ömrü son akkordlarını vurdu. Həyat melodiyası vaxtsız susdu. O ürəkdə neçə-neçə musiqilər, bəstələr doğulmamış dəfn olundu...

- Heç vaxt fikirləşməzdim ki, anam, bacım dünyadan bu qədər tez və qəfil köçərlər. Anamın 57 yaşı vardı. O nə yaşdı ki?! Sağ qalsaydı, daha böyük işlər görə bilərdi. Çünki boş oturmurdu, işləyirdi. Bütün potensialını istifadə etmədi. Vaxtsız ölümü ilə hər şey yarıda qırıldı. Anamla bacımın ölümü atama da, mənə də böyük zərbə, sağalmaz yara vurdu, sarsıntı yaşadıq, depressiyaya düşdük. Çox arıqladım. Yemək yemirdim, Allaha üsyan edirdim, inamım sarsılmışdı. Bu faciəni ilahi ədalətsizlik hesab edirdim. Atam da birdən-birə çox qocaldı. Onu daha heç nə şənləndirə bilmirdi. Xəstəxanaya getməkdən imtina etdi. Ağır sirrozu başladı. Onlardan sonra 2 il yaşadı. O da yalnız mənim üçün, məni tək qoymamaq üçün. Atam çox ciddi, sərt xasiyyətli biri idi. Saat 2-də dərsdən çıxırdısa, biz onda evdə olmalıydıq. Bir baxışı bəs idi. Anamın ölümündən sonra atamın xasiyyəti həlimləşdi, yumşaldı. İstəyirdi başım qarışsın, həyatıma rəng qatsın. Həyat yoldaşımla tanış olub ailə qurandan sonra elə bil ürəyi sakitləşdi. Artıq bu həyatda tək olmadığımı bildi, mən sarıdan arxayınlaşdı. Və həyatla, yaşamla mübarizəsi ikinci plana keçdi. Toyumdan bir neçə ay sonra isə rəhmətə getdi...


"Anamın adı heç yerdə əbədiləşdirilməyib”


Gülarə Əliyevanın vaxtsız ölümü "Dan ulduzu”nun sonrakı taleyinə də təsirsiz ötüşmür. Ansambl AzTV-nin ştatından çıxarılır və dağılmaq həddinə çatır. Ancaq müxtəlif çətinliklərə, əziyyətlərə rəğmən "Dan ulduzu” 51 ildir sönməyib, parlamağa davam edir.

- Keçən ilin noyabrında anamın 85 yaşı, ansamblın yaranmasının isə 50 illiyi oldu. Çox istərdim Gülarə xanımın yubileyi dövlət səviyyəsində qeyd olunsun. Kitabının və diskinin böyük təqdimatı keçirilsin. Adı heç yerdə əbədiləşdirilməyib. Hansısa musiqi obyektinə onun adı verilsin. İstəyirəm adı yaşasın, xatırlansın. Hesab edirəm ki, Gülarə Əliyeva sənətkar və şəxsiyyət kimi buna layiqdir. O, XX əsr Azərbaycan musiqisinə öz izini qoyub, böyük işlər görüb. Şərqdə ilk qadındır ki, ansambl yaradıb və ona rəhbərlik edib. Dünyada klassik və milli alətlərin sintezindən ibarət ilk ansamblın yaradıcısıdır. Onun xidmətlərini unutmaq və danmaq olmaz.


O ailədə ikinci Gülarə Əziz qızı Əliyeva böyüyür


... Həyat həqiqətən də qəribə təsadüflərlə doludur. Hər şeyin bitdiyini düşündüyümüz an həyatımızda qəfil günəş doğur. Yaxud əzizimizi itirəndən sonra onu başqasının simasında, gözlərində, baxışlarında, hərəkətlərində axtarıb tapırıq. Onunla ovunuruq. Onunla təsəlli tapırıq. Onu həmin adamın ömründə yenidən yaşadırıq...

Ayəndə Əliyevanın da qismət payına belə bir təsadüf düşüb. Bəlkə Yaradanın mütləq zərurətindən doğan təsadüf. Həyat yoldaşının adı Əziz, soyadı Əliyevdir - babasının adaşı. Qızına isə anasının şərəfinə Gülarə adını verib.

İndi o ailədə ikinci Gülarə Əziz qızı Əliyeva böyüyür...

O da nənəsi kimi yaradıcı ruhludur, musiqini sevir, gitarada ifa edir, gözəl rəsm qabiliyyəti var. "Bəzi xüsusiyyətləri, xarakterik cizgiləri ilə nənəsinin bənzəridir”, - deyir Ayəndə xanım.

12 ildir anasını qızının adında, gülüşündə, davranışlarında yaşadır. Anasının xatirəsini qızı ilə birlikdə böyüdür. Ətrini ondan alır. Və bircə ümidlə yaşayır - bəlkə o da elə nənəsinin yolunu davam etdirəcək...

Bu gün göy üzündə bir ulduz şölə saçır. 12 yaşlı Gülarə Əziz qızı Əliyevanın ulduzu... Kim bilir, bəlkə yaxın gələcəkdə o özü də elə əsl ulduz həyatı yaşayacaq.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video