16 Aprel 2019 00:33
886
Fərmanlar
A- A+

Azərbaycan Respublikası Prezidentinin “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2011-ci il 19 yanvar tarixli 370 nömrəli Fərmanının ləğv edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

1. "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 795; 2011, № 12, maddə 1140; 2013, № 8, maddə 895; 2014, № 3, maddə 250; 2016, № 1, maddə 68; 2018, № 5, maddə 937) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və 1-ci hissəsində "Müharibə əlillərinə” sözləri "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

1.2. preambulada "yetirərkən” sözündən sonra ", habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar” sözləri əlavə edilsin və "əlil olan” sözləri "əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

1.3. 1.1-ci - 1.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

"1.1. I dərəcə əlilliyi olan şəxslərə - 250 manat;

1.2. II dərəcə əlilliyi olan şəxslərə - 230 manat;

1.3. III dərəcə əlilliyi olan şəxslərə - 210 manat.”;

1.4. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

"2. Müəyyən edilsin ki:

2.1. bu fərmanın 1-ci hissəsi ilə təsis edilən təqaüdü dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik ödəyir;

2.2. bu fərmanın 1-ci hissəsi ilə müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən yalnız biri - daha yüksəyi verilir.”.

2. "1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli 370 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 17; 2016, № 1, maddə 65; 2018, № 5, maddə 938) ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2019-cu il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video