16 Aprel 2019 00:32
1085
Sərəncamlar
A- A+

Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


2019-cu ilin may ayında görkəmli ədəbiyyatşünas və tənqidçi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanın Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmməd Cəfər Zeynalabdin oğlu Cəfərovun anadan olmasının 110 illiyi tamam olur.

Akademik Məmməd Cəfər Cəfərov ömrünün 60 ilə yaxın bir dövrünü ölkədə ədəbi-nəzəri fikrin inkişafına həsr etmiş, ədəbiyyatın tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr və eləcə də estetikanın aktual məsələlərinə dair fundamental araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını əhəmiyyətli dərəcədə zənginləşdirmişdir. Onun geniş əhatəli elmi irsində Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və Səməd Vurğun kimi qüdrətli söz ustalarının yaradıcılıqlarının fəlsəfi-estetik mahiyyətini dünya ədəbi təcrübəsi ilə vəhdətdə dolğun şərh edən, yüksək elmi-nəzəri ümumiləşdirmə gücünə malik əsərləri xüsusi yer tutur. Azərbaycan ədəbiyyatında romantizm cərəyanının təşəkkülü və inkişafının ilk müfəssəl tədqiqi Məmməd Cəfər Cəfərovun adı ilə bağlıdır. Pedaqoji sahədə uzun müddət uğurla çalışan və qiymətli dərsliklər müəllifi olan alim, həmçinin elmi kadrların hazırlanması istiqamətində təqdirəlayiq fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbiyyatşünaslığına yeni yaradıcılıq keyfiyyətləri qazandırmış görkəmli alim Məmməd Cəfər Cəfərovun anadan olmasının 110-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2019-cu il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video