14 Aprel 2019 00:47
675
SİYASƏT
A- A+

“Qırmızı terror”u həyata keçirənlərin özləri qan çanağının qurbanı oldular


Azərbaycan xalqının əsl faciəsi 1936-cı ildən başladı. 1937-ci ildə bu proses özünün zirvə nöqtəsinə çatdı və 1938-ci ilə kimi səngimək bilməyən sürətlə davam etdi. Hakimiyyətdə oturmuş dövlət quldur dəstəsi görünməmiş vəhşiliklə Sumbatovun, Borşevin, Gerasimovun, Sinmanın, Şerin, Qriqoryanın, Markaryanın, Qalstryanın, Ohenesyanın, Ovanesyanın və digərlərinin əli ilə təxminən 70-80 min Azərbaycan ziyalısı - elm, mədəniyyət, incəsənət xadimləri, təhsil, səhiyyə işçiləri, gənclər, din xadimləri, sovet və partiya idarəsi əməkdaşları, hərbçilər, bir sözlə, bütün düşünən beyinlər, qeyri-adi təfəkkür sahibləri bir ucdan məhv edilirdilər. Tək bircə xarici dil bilən şəxsləri də qırırdılar. Ölüm və cəza maşını fasiləsiz işləyirdi. Hər bir "xalq düşməni”nə "məhkəmə” zamanı ancaq 15 dəqiqə vaxt ayrılırdı. Bakıda bütün quldur tribunal iclaslarını Vişinskinin müavini, bəşər övladının qatili Matuleviç öz əlaltıları ilə birgə aparırdı. Üçlüklərin xüsusi iclaslarının qərarı ilə neçə min günahsız məhv edilmişdi.

Bu "qırmızı terror”u düşünüb həyata keçirənlərin özləri də cilovsuz qan çanağının qurbanı oldular. Çünki külək yaradanlar mütləq tufana düşməli idilər.

İvan Osipoviç Matuleviç

İ.Matuleviç hərbi kollegiyanın sədr müavini, ədliyyə general-leytenantı idi. 1895-ci ildə Peterburqda fəhlə ailəsində anadan olmuşdur. Əslən litvalıdır. 1918-ci ildə Moskvada fövqəladə komitənin komissarı, təlimatçısı, 7-ci atıcı diviziyanın siyasi şöbəsinin rəis müavini işləmişdir. 1920-ci ildə məhkəmə və istintaq işində çalışmışdır. Hərbi tribunalın müstəntiqi, Xerson hərbi dairəsinin 6-cı ordusunun hərbi tribunalının üzvü, Türküstan cəbhəsinin 51-ci diviziyasının hərbi tribunalının rəis müavini, sonra 19-cu atıcı korpusunun hərbi tribunalının sədri olmuşdur. 1928-ci ildən SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının sədri V.V.Ulrixin müavini olmuşdur.

İ.Matuleviç Stalin repressiyalarında fəal iştirak etmişdir. 1936-1938-ci illərdə məşhur Moskva proseslərində bütün məhkəmə heyətlərinə daxil olmuş, Ali Məhkəmənin Leninqraddakı kollegiyalarına sədrlik etmişdir.

1955-ci ilin yayında Sov.İKP MK-nın partiya nəzarəti komissiyası SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının işini yoxlayır. İ.Matuleviç cinayət işlərini saxtalaşdırdığını etiraf edir. Həmin ilin avqustunda o, qanunçuluğu pozduğuna görə partiya sıralarından çıxarılır və ədliyyə general-leytenantı rütbəsindən məhrum olunur. Onun barəsində cinayət işi açılır və həbs edilir.

İ.Matuleviç 1961-ci il iyunun 19-da vəfat edir.

Timofey Mixayloviç

Borşev

Minlərlə günahsız insanın ölüm hökmünə imza atmış T.Borşev Bakı quberniyasının Quba rayonunun Qusar kəndində qəssab ailəsində anadan olmuşdur. 1918-ci ilin noyabrından fəhlə-kəndli partiyasının üzvü idi. 1920-ci il mayın 17-də həbs olunaraq Azərbaycandan qovulmuşdu.

1937-ci ilin noyabrında Azərbaycan SSR xalq daxili işlər komissarının müavini təyin edilmişdi. 1938-ci ilin iyulunda Türkmənistan SSR xalq daxili işlər komissarı vəzifəsində çalışmış, Türkmənistan SSR-in partiya orqanları tərəfindən amoral qeyri-etik davranışda ittiham olunmuşdu.

1941-ci ilin iyulundan 1948-ci ilin aprelinədək daxili işlər və təhlükəsizlik orqanlarının Sverdlovsk vilayəti üzrə rəisi vəzifəsini icra etmişdir. 1948-ci ilin aprelində pul islahatı keçirilən zaman vəzifəsindən sui-istifadə etdiyi üçün işdən qovularaq ehtiyata göndərilmişdir.

1953-cü ilin aprel-iyul aylarında Daxili İşlər Nazirliyinin Azərbaycan Dəmir Yolu Mühafizə İdarəsinin rəisi olmuş, Beriyanın həbsindən sonra DİN orqanlarından qovulmuşdur.

1955-ci il yanvarın 25-də həbs edilmiş, 1956-cı il mayın 16-da güllələnmişdir.

Xoren İvanoviç

(Ovanesoviç) Qriqoryan

X.Qriqoryan 1902-ci ildə Qərbi Azərbaycanın Sevakar kəndində keşiş ailəsində doğulmuş, Şuşa şəhərində təhsil almışdır. 1923-cü ildən dövlət təhlükəsizlik orqanlarında çalışmışdır. 1937-ci ilin dekabrından 1939-cu ilin fevralınadək Azərbaycan SSR XDİK-in su nəqliyyatı şöbəsinə rəhbərlik etmişdir. Bu vəzifədə olarkən Xəzər Gəmiçiliyi işçilərinə, "Krasnaya Zvezda” zavodunun rəhbərliyinə qarşı saxtalaşdırılmış cinayət işlərinin açılmasının, döyülmələrin və işgəncələrin, kütləvi həbslərin təşəbbüskarı olmuşdur.

1943-1947-ci illərdə Azərbaycan SSR xalq daxili işlər komissarının müavini, 1947-1953-cü illərdə Ermənistan SSR xarici işlər naziri olmuşdur. 1953-cü ildə orqanların adına xələl gətirdiyi üçün hərbi rütbəsindən məhrum edilmiş, 1953-cü ilin mayında həbs olunmuş və sonradan məhkəmənin qərarı ilə güllələnmişdir. X.Qriqoryanın iştirakı ilə 100-ə yaxın cinayət işi saxtalaşdırılmışdır.

Hazırladı:

İradə ƏLİYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video