13 Aprel 2019 01:31
1034
İDMAN
A- A+

Dünya yenə Bakıya toplaşır


Azərbaycan planetin bir nömrəli avtomobil yarışını 4-cü dəfə qəbul etməyə hazırdır


Aprelin 26-28-də Bakı daha bir möhtəşəm yarışa - "Formula-1” Azərbaycan Qran-prisinə evsahibliyi etməyə hazırdır. Bir sözlə, Odlar yurdunda növbəti dəfə sürət festivalı başlayır. Dünyanın ən güclü pilotlarının mübarizə aparacağı yarış 200-dən çox ölkədə canlı yayımlanacaq. Bundan əvvəlki 3 yarışı yüksək səviyyədə qəbul edən Azərbaycan dünyadakı "Formula-1” həvəskarlarını pilotların möhtəşəm və əzmkar mübarizəsinin canlı şahidi olmaq üçün yenidən Bakıya toplayır.


"Formula-1” Bakısız təsəvvür edilmir


Artıq dünyada "Formula-1” həvəskarları bu yarışı Bakısız təsəvvür etmirlər. Xüsusi olaraq inşa edilmiş Bakı Şəhər Halqası (BŞH) isə bu yarışlarda özünəməxsusluğu ilə seçilir. Trekin uzunluğu 6 kilometrdən bir qədər artıqdır. Bu, uzunluğuna görə dünyada ikincidir.

Unikal xüsusiyyətlərə sahib Bakı Şəhər Halqası ətrafındakı tribunaların sayının 9 olması nəzərdə tutulub. Bunlar "Abşeron”, "Azneft, "Muğam”, "Sahil”, "İçərişəhər”, "Qız qalası”, "Bulvar”, "Xəzər” və "Filarmoniya” tribunalarıdır. Həmçinin ayaqüstü zonalar üçün də bilet satışı həyata keçirilir.

Ümumi tamaşaçı tutumu (ayaqüstü zonalar daxil olmaqla) 30 minə yaxındır. Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində yerləşir. Ən ensiz hissəsi isə 7,6 metrdir (Qoşa qala divarlarının yanı). Start xətti Azadlıq meydanında, finiş xətti isə Abşeron tribunasının qarşısında təyin olunan trekboyu döngələrin sayı 20-dir.

BŞH-nin Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tomas Butçer bildirib ki, əvvəlki illərlə müqayisədə paddok ərazisi və trekdə heç bir dəyişiklik olmayacaq. Komandalar aprelin 15-20-də Bakıya gələcəklər. Həmin vaxta qədər bütün işlər böyük ölçüdə yekunlaşdırılacaq.


Gərgin və maraqlı rəqabət gözlənilir


2018-ci il mövsümündə "Formula-1” avtomobil yarışlarının Azərbaycan mərhələsini izləyənlərin sayında 31,6 faiz artım müşahidə olunmuşdu. "Formula-1” üzrə Azərbaycan Qran-prisi 2018-ci il dünya çempionatının ikinci ən yaxşı yarışı seçilib.

Şübhəsiz ki, Azərbaycan Qran-prisi ötən mövsümlərdə olduğu kimi, 2019-cu ildə də "Formula-1” mövsümünün maraqlı tədbirlərindən olacaq. Trekin yarışa hazırlığı yüksək səviyyədədir. Bakı Şəhər Halqası yarışa tam hazırdır. Hər şey çox gözəl təşkil olunub. Bu il təşkilatçılar ötən illərə nisbətən daha hazırlıqlıdırlar. Mütəxəssislər hesab edirlər ki, ildən-ilə yüksək təşkilatçılıq təcrübəsi olan möhtəşəm bir komanda təşkil olunur.

Bu il Azərbaycan Qran-prisinin daha maraqlı olacağı gözlənilir. Çünki oyunlara daha gənc pilotlar qoşulub. 10 komandanın hər birində iki pilot yarışacaq.

"Formula-1” yarışlarında mübarizə aparan ən məşhur pilotlar Bakıda bu yarışın ən yeni və daha sürətli şəhər treki sayılan Bakı Şəhər Halqasında yarışmağı həyəcanla və səbirsizliklə gözləyirlər. Pilotların ilk dəfə yarışacaqları trekdən qalib ayrılmaq üçün bütün güclərini səfərbər edəcəkləri gözlənilir.

Bu il Azərbaycan Qran-prisinin sessiyalarının saatları isə dəyişməz qalıb. Aprelin 26-da gerçəkləşəcək birinci yürüş saat 13:00-dan 14:30-dək, ikincisi isə saat 17:00-dan 18:30-a qədər olacaq. Ertəsi - şənbə günü 14:00-da başlayacaq üçüncü sərbəst yürüş 1 saat davam edəcək. 17:00 - 18:00 aralığında isə sıralama turu keçiriləcək. Aprelin 28-də baş tutacaq yarış saat 16:10-da start götürəcək və 18:00-da yekunlaşacaq.


Zəngin əyləncə proqramı, yeniliklər


Bakı Şəhər Halqası Əməliyyat Şirkəti "Formula-1” Azərbaycan Qran-prisini izləməyə gələn tamaşaçılar üçün də fərqli əyləncə proqramı hazırlayıb. Vətəndaşların tam gün ərzində əyləncəli zaman keçirtməsi üçün hər şey düşünülüb. Zəngin proqramın detalları artıq tam müəyyənləşib. Belə ki, aprelin 25-dən etibarən Dənizkənarı Milli Park ərazisindəki əyləncə zonası açılacaq. Dəniz Vağzalından Azneft meydanına kimi iki kilometrlik ərazini əhatə edən sahə fərqli əyləncə zonalarına bölünəcək. Bundan başqa, şənbə və bazar günlərində "Crystall Hall”da dünyaca tanınmış iki ifaçının konserti təşkil ediləcək.

Beləliklə, Azərbaycan Qran-prisinin tamaşaçıları üçün ötən illə müqayisədə daha geniş və daha məzmunlu əyləncə proqramı hazırlanıb. Bu isə bir daha təsdiq edir ki, Azərbaycan Qran-prisi əsl bayram əhvali-ruhiyyəsində keçəcək. Yarışları izləməyə gələnlər Bakıda bir daha unudulmaz anlar yaşayacaqlar.


Azərbaycan Qran-prisi özünəməxsusluğu ilə seçilir


"Formula-1” Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerrinin fikrincə, Azərbaycan Qran-prisi özünəməxsusluğu ilə seçilir: "2018-ci il mövsümü üçün araşdırma apardıq. Bakı ən çox şöhrət qazanmış yarış məkanıdır. Bunu azarkeşlər xüsusilə vurğulayırlar. 2019-cu il bizim üçün ecaskar görünür. Yeni pilotlar, başqa yeniliklər var. İrəliyə doğru addım atarkən keçmişi də unutmamalıyıq. "Formula-1” sürətlə bağlı yarışdır. Burada güclü rəqabət təmin edilməlidir. Azərbaycanla tərəfdaşlığımızdan çox razıyıq və buna çox böyük dəyər veririk”.

"Formula-1” üzrə 2019-cu il dünya çempionatına artıq martın 17-də Avstraliyadakı "Albert Park” trasında start verilib. Mövsümə isə dekabr ayında Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video