13 Aprel 2019 01:13
629
Mədəniyyət
A- A+

Əbədiyyət şairi

(İmadəddin Nəsiminin 650 illiyi münasibətilə)


650 il öncə
Doğuldun, gəldin
dünyaya.
İdrakınla, düşüncənlə,
Əqidənlə, məsləkinlə
Sığmadın sən göz
açdığın
Bu cahana,
Yaşadığın kainata -
bu məkana...

"Məndə sığar iki cahan,
mən bu cahana sığmazam”, -
Dedin, şair.
Bilmədilər, anlamayıb
qanmadılar
Ürəyindən gəlib keçən
Sözlərinin mənasını,
hikmətini.
Görmədilər Günəş
adlı

Bir varlığın oxşarını,
Nə də onun zərrəsini
Zəmanənin əmirləri,
hakimləri,
İbrahimi, Teymurləngi -
Qəddarlığa, baş kəsməyə
rəvac verən,
Həqiqəti, ədaləti tərsə
görən -
"Ələkçinin qılın verən”

Boynubükük məddahları -
Vəzirləri, vəkilləri...
Hər sözünü, hər kəlməni
eşidəndə,
Hər misranı, hər şeirini
oxuyanda
Birə düşdü kürklərinə.
Hürufilik xofu hopdu
canlarına,
qanlarına.

Hikkələri, qəzəbləri
Dönüb qaynar bir
qazana
Aşdı, daşdı.
Bilmədilər sənə qarşı
etdikləri
Nadanlıqdı, cahillikdi,
Səhvdi, çaşdı.
Sən dünyada
İnsan adlı bir
varlığın
Köləlikdən, mütilikdən
qurtularaq,
Kamilliyə yetişərək
Azad, xoşbəxt
yaşaması
İstəyini diləyirdin.

Bunun üçün, bəlkə də,
sən
Səmalardan enib
gələn
Saf niyyətli,
Xoş məramlı
mələklərdən
Biri idin.
Öz yurdundan, Vətənindən -
Doğma Şirvan torpağından -
Şamaxıdan çıxıb
getmiş,
Zəmanənin əzabına,
möhnətinə,
zillətinə

Düçar olmuş bir
"laməkan”
Şair idin, arif idin.
Od içində bu gün
yanan,
alovlanan
Nə qoca Şərq,
Nə Suriya, nə də
Hələb
Günəş nurlu sözlərinin
Fəlsəfəsin nə anladı,
nə də bildi.
Bəlkə, bəlkə, bədbəxt
ölkə
Buna görə neçə ildir,
Qan içində pis
gündədir.

Aylar, illər, qərinələr -
Altı əsr ötüb.
Sığmadığın bu cahanın
Başı üstə gör
nə qədər
Yellər əsib,
Gözlərinə duman çöküb.
Bu yellərin, dumanların
Təsirindən, təqibindən,
əzabından
Qoca dünya çox
dəyişib.

Çox qocalıb, əldən
düşüb,
Bu gün, bu an
narahatdır.
Bizdən sonra gələnlərçin
nigarandır;
Buna görə hey düşünür,
hey daşınır.
Öz canını qoymaq
üçün
Yer axtarır, yer
arayır.
Ancaq onu tapa
bilmir.

Bir tərəfin sel aparır,
Bir tərəfi zəlzələdən
silkələnir.
Bir tərəfdə sürüşmələr,
Bir tərəfdə meşələri
Od içində alovlanır.
Rəngi kimi, taleyi də,
qisməti də
Qara olan, qara gələn
Afrikanın, Yaxın Şərqin
Millətləri, insanları -
Qadınları, qocaları,
uşaqları -
Bu dünyanın yazıq,
Məğmun bəndələri -
Öz yurdundan, yuvasından,

Doğma, isti ocağından
Perik düşüb, xoşbəxt
olmaq
arzusuyla,
ümidiylə
Dəryalarla, dənizlərlə
Avropaya üz tuturlar,
can atırlar.
Bədbəxtlərin neçə mini
orda-burda,
Dənizlərin dərin-dərin
sularında
Qərq olaraq, boğularaq
məhv olurlar.

Üz tutduqları Avropa da
Yazıqları yaxın qoymur.
Gah bu yana, gah o yana
çapıb qovur.
Deyin, indi nə deyəsən,
nə edəsən?
Buna hansı don geydirib
ad qoyasan?

Bu işləri, əməlləri
törədənlər,
Saman altdan su yeridən,
Mələklərin donun geyən,
Sizcə, elə avropalı,
amerikalı -
Ağ dərili, qara qəlbli,
Qanları da balıqların
Qanından çox
soyuq olan
Siyasətbaz oyunçular,
odunçular
Deyil məgər?
Bunlar qalsın
qoy bir yana.
İndi onlar bu
dünyanı
Tikə-tikə parçalayıb
Yenə, yenə bölüm-bölüm
Bölüşdürmək istəyirlər.
Var-dövlətdən: nə sərvətdən,
nə şöhrətdən
doymayanlar
Axı niyə düşünmürlər,
dərk etmirlər,
Mən də, sən də, o biri də
Bir dünyada, Yer adlı
bir planetdə
yaşayırıq,
Bir gəmidə yol
gedirik.
Nə olsun ki, dildə,
dində,
milliyyətdə
Biz fərqliyik, biz
ayrıyıq?
Axı, axı biz varlığıq,
biz insanıq.
Onun buna, bunun ona
tuşladığı
Öldürücü, yandırıcı,
dağıdıcı,
Bir qitədən o birini
sərrast vuran
Nüvə yüklü raketlərin
Düyməsini basmağa siz,
ey insanlar,
ey dövlətlər,
başbilənlər,
tələsməyin!
İnsafınız, vicdanınız
olsun sizin.
Kölgəsində ömür sürüb
yaşayarkən
Bəhrəsini gördüyünüz,
Meyvəsini dərdiyiniz
O ağacı, o budağı
Baltalayıb siz kəsməyin.
Bilin, bilin, yaxşı
bilin,
O açılan, o atılan
atəşlərin,
mərmilərin,
raketlərin
Ağlagəlməz təsirindən,
zərbəsindən,
dalğasından
Yer kürəsi öz oxundan,
məhvərindən
Çıxa bilər, birdəfəlik
sönə bilər.
Hər şey yanıb
külə dönər.

* * *

İndi isə, ulu şair,
icazə ver,
özümüzün
dərdimizdən -
sərimizdən,
Viran olan Qarabağdan,
Kəlbəcərdən, o Şuşadan,
Füzulidən, Cəbrayıldan,
Qubadlıdan, Zəngilandan,

Həm Laçından, həm Ağdamdan -
Başdan-başa yandırılan,
Soyqırıma məruz qalan
Xocalıdan
Hüzurunda baş əyərək,
diz çökərək
mən danışım,
sənə deyim.
Ey Yaradan, Sən
kömək ol,
Qəhərimi boğa bilim,
Göz yaşımı mən gizlədim.
Qoy əsməsin, titrəməsin
qəzəbimdən
Nə dodağım, nə də
səsim.
Tutulmasın nə boğazım,
nə də dilim.
Başımıza gələnləri
deyə bilim.
Sən də, sən də bu
işlərdən
xəbərdar ol.
Özün də gör, özün də
bil,
Ulu şair.
Neçə ildir, əzab çəkir,
qan ağlayır
Bu Vətənin, dağın, daşın.
Gör nə qədər şəhid olub,
əsir düşüb
Doğma, əziz qan
qardaşın...

İstəyirik, yaman qonşu,
yağı düşmən
Günahını başa düşüb
Qan-qadasız Qarabağı

tərk eləsin.
Qoy bir daha gül
qoxuyan
O torpağa, o dağlara,
çəmənlərə
Su yerinə nahaq
qanlar
çilənməsin.
Neyləyək ki, bu, baş
tutmur.
Ermənilər öz xoşuyla
çıxıb getmir.
Zaman keçir, vaxt ötüşür,
ATƏM ömrün vurdu
başa,
ATƏT tutdu onun
yerin.
O da görün neçə ildir
Gah Bakıya, İrəvana
gəlib-gedir.
Görün hələ neçə
dəfə

Dəyişilib, əvəzlənib
bu səfirlər.
Ancaq onlar yenə,
yenə
Məqsədlərin, məramların
dəyişmirlər.
"İçləri”ndə olanları
gizlədirlər.
Sözləri də bu olur ki,
"Həm bu tərəf, həm
o tərəf
Məsələni sülh yoluyla
həll etsinlər”.
Əcəb işdir, bəs onda siz
nə üçünsüz?!

Nəyə xidmət göstərirsiz?!
İşğalçının - o ölkənin,
o millətin -
erməninin
Törətdiyi əməlləri,
cinayəti
görmürsünüz?!
Yenə, yenə tərəfkeşlik,
riyakarlıq,
ikiüzlülük...
O Avropa Şurası da,
Bəzi-bəzi diplomatlar,
Parlamanlar, deputatlar,
daha kimlər...
Gör necə də maskalanıb,
Rüşvət ilə yallanıblar.
Ağa qara, qaraya da
ağ deyirlər.
Özləri də yaxşı bilir,
gözəl bilir,
Yalan, böhtan, şər
deyirlər.
Bax belədir işlərimiz -
Belə keçir günlərimiz...

* * *

Ulu şair, yüzilliklər
ötüşsə də,
Canlı, cansız, nə
vardısa,
Öz şəklini, görkəmini
dəyişsə də,
Mənasını, məramını
dəyişməyib.
Bir vaxt sənin
sığmadığın
Dünya indi
İkiüzlü mövqelərdən,
İkiüzlü adamlardan,
Çoxsifətli siyasətdən
Cana doyub, təngə
gəlib.
Bu çirkinlik,
bu namərdlik,
nainsaflıq
Belin büküb, qəddin əyib.
Bax beləcə dözə-dözə,
Öz canını üzə-üzə
Zəmanənin gərdişiylə,
Axarıyla, vərdişiylə
Dünənindən bugününə,
Keçmişindən gələcəyə
Addımlayan o
karvanın
ləngərində
İşıqdan da iti olan
bir sürətin
qanadında
O, yol gedir.

Sən də, sən də
o karvanın,
o sürətin içindəsən.
Sən də belə yol gəlirsən,
yol gedirsən.
Buna görə, ey Nəsimi,
sən məhəbbət,
sən həqiqət,
haqq-ədalət,
Əbədiyyət şairisən...

Seyran CAVADOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video