Alternative content

09:15 06 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
04:21 06.12.2019 Vacib seçki sənədi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan dünyaya həm də kosmosdan baxır
Azərbaycan dünyaya həm də kosmosdan baxır
ANA SƏHİFƏ / SİYASƏT
01:24 12.04.2019


Qafqazın ilk peyk operatoruna sahib olan ölkəmiz 6 ildə kosmosa 3 peyk göndərib


"Kəhkəşan yolu”, "Böyük süd yolu”...

Peyk əməliyyatları, uçuş dinamikası, fəzadakı görüntülər...

Avropada, Amerikada deyilik... Azərbaycandayıq.

Bu, xəyal da deyil, gerçəklikdir. Bir vaxtlar təsəvvürümüzdə canlandırdığımız prosesin real mənzərəsi ilə üz-üzəyik...

Bura "Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzidir...

Bu gün, yəni 12 aprel təqvim günü Ümumdünya Aviasiya və Kosmonavtika Günü kimi qeyd edilir. Biz də jurnalist marağı ilə dünyanı peyk nəzarətində saxlayan "Azərkosmos”a üz tutduq.


4 tikilidən ibarət peyk idarəetmə kompleksi


Hava çox küləklidir. Amma bu ərazi kompleks üçün xüsusi olaraq seçilib. Bakı-Şamaxı avtomagistralının 37-ci kilometrliyindəki Babacan qış otlaq sahəsi "Azərkosmos”un idarəetmə mərkəzi üçün əlverişli sahədir.

Şirkətin Korporativ Kommunikasiya Departamentinin direktoru Aysel Soltanova deyir ki, 10 hektar sahəni əhatə edən peyk idarəetmə kompleksi üçün bu ərazinin seçilməsini bir sıra amillər şərtləndirib. Belə ki, bu zaman peykin yerləşdiyi orbital mövqeyə daha açıq və maneəsiz baxış bucağının olması, ərazinin üzərindən hava nəqliyyatı xətlərinin keçməməsi kimi amillər nəzərə alınıb. Kompleks özü 4 tikilidən ibarətdir: əsas bina, texniki bina, nəzarət-buraxılış məntəqəsi və üstüörtülü avtomobil dayanacağı.

Kompleksin yerləşdiyi ərazi iqlim və relyef baxımından mürəkkəb xarakterlidir. Burada yay ayları qızmar, qış isə sərt keçir. Bu məqsədlə əsas inzibati bina relyefə elə yerləşdirilib ki, şimal küləklərindən qorunma, istilik enerjisinə qənaət və ətraf mühitə uyğunlaşma təmin edilsin.

Az-az layihələr var ki, onlar həm gündüz görünüşdən, həm də gecə görünüşündən eyni dərəcədə uğurlu alınsın. Mərkəz bu tip nadir binalardandır, burada həm gündüz, həm də gecə görüntüsü bir-birindən özünəməxsus gözəlliyi ilə fərqlənir.


Meteoritin 4 yerə böldüyü qaya parçası


Müəllifi əməkdar memar Nəriman İmaməliyev olan Əsas Yerüstü Peyk İdarəetmə Kompleksinin tikintisi layihəsinə 2011-ci ildə start verilib və mürəkkəb konstruktiv həllinə baxmayaraq, qısa vaxt ərzində tikintisi başa çatdırılıb. Kompleks bir çox cəhətlərinə görə ölkəmizin memarlıq tarixinə düşəcək nadir layihələrdəndir.

Bu bina dekonstruktivizm üslubunda həll olunmuş binadır. Layihənin ideyası səma cisminin Yer səthinə enərək yerdə olan qaya parçası ilə toqquşması və toqquşma nəticəsində qaya parçasının dörd yerə ayrılmasını simvolizə edir. Memar obrazı daha canlı və dinamik etmək üçün material, forma və rəng seçimlərinə xüsusi diqqətlə yanaşıb. Belə ki, binanın əsas üzlük materialı olan mərmərin iki fərqli növündən istifadə olunub, mərmər üzlükdə üfüqi xətlərlə daha canlı səth yaradılıb və rəng seçiminə görə ətraf mühitin landşaft quruluşuna tam şəkildə uyğunlaşdırılıb.


"Kosmos və onun ram edilməsi”


Layihənin kompozisiya həlli futurizm və suprematizm üslublarına yaxındır. Hər iki üslubda əsas süjet xətti "kosmos və onun ram edilməsi”dir ki, bu da təyinatına görə Azərbaycanda ilk dəfə istifadə olunan memarlıq üslublarıdır. Binanın interyeri də bu üslubda layihələndirilib.

Mərkəzdə fasiləsiz olaraq iş rejimi mövcuddur və kompleksin ərazisi 24 saat 7 gün rejimində mühafizə olunur. Sahənin perimetri boyunca, eləcə də binadaxili ofis sahələrində müşahidə kameraları quraşdırılıb.

Ərazidə yerləşən texniki binada peykə siqnalı ötürmək və qəbul etmək məqsədilə quraşdırılmış xüsusi çanaq antenaları, eləcə də müvafiq texniki avadanlıqlar var. Bundan əlavə, burada kompleksi fasiləsiz elektrik enerjisi, istilik və havalandırma, su ilə təmin etmək üçün lazımi infrastruktur təmin edilib.


Dünyanın 1/3 hissəsini əhatə edən telekommunikasiya peyki


Artıq iş saatı başlayıb. Hər kəs öz otağında işinin başındadır. Üçmərtəbəli binada Fəza, Lütfi Zadə, Tusi, Peyk əməliyyatları, iclas, istirahət və əyləncə otaqları, kitabxana, yeməkxana mövcuddur. Bayıra açılan qapılardan biri "kəhkəşan yolu” adlandırılıb.

"Azərkosmos”un sədr müavini Dunay Bədirxanov deyir ki, bu gün Azərbaycan dünyada 3 peykə sahib olan azsaylı ölkələrdəndir. "Azərkosmos”un idarəçiliyində olan ilk milli peykimiz - "Azerspace-1” telekommunikasiya peyki 8 fevral 2013-cü il tarixində Fransız Qvianasında yerləşən Kuru kosmodromundan "Ariane-5” daşıyıcı raketi vasitəsilə 46° şərq uzunluğu orbital mövqeyinə çıxarılıb. "Azerspace-1” peyki bu gün Azərbaycan üzərində ən güclü siqnala malik peyklərdəndir.


Gün ərzində 6 milyon km2 ərazinin şəklini çəkə bilən "Azersky”


2014-cü ilin dekabr ayında isə Fransanın "Airbus DS” şirkəti və "Azərkosmos” arasında imzalanmış strateji əməkdaşlıq sazişi çərçivəsində Azərbaycanın sayca ikinci, təyinatına görə Yer səthinin məsafədən müşahidəsi peyki olan "Azersky” "Azərkosmos” tərəfindən təhvil alınıb. Bununla da "Azərkosmos” Yer səthinin məsafədən müşahidəsi üzrə kommersiya fəaliyyətinə başlayıb.

"Azersky” peyki bir gün ərzində 6 milyon km2 ərazinin şəklini çəkə bilir. Bu o deməkdir ki, Yer kürəsinin hər bir nöqtəsi hər gün "Azersky” peyki tərəfindən yüksək ayırdetmədə müşahidə oluna bilər. Peykin termal izolyasiyası onun minimum 12 il tam işləməsinə təminat verir.

Bu gün ölkəmizin "Azersky” peyki sayəsində dünyanın istənilən nöqtəsinin yüksək ayırdetməli peyk təsvirlərinə birbaşa, qeyd-şərtsiz çıxış imkanı var.

Ötən il sentyabrın 26-da isə Kuru kosmodromundan uğurla orbitə buraxılan "Azerspace-2” peyki də artıq kommersiya fəaliyyətinə başlayıb. Peyk müasir elekrik mühərrikləri ilə təchiz olunub.

"Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir. Yeni peyk "Azərkosmos”un xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, birinci telekommunikasiya peyki - "Azerspace-1” peykinin orbitdəki ehtiyatıdır. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edir.

Ümumilikdə dəyəri 190 milyon dollar olan "Azerspace-2” peykinin ölkə iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcəyi proqnozlaşdırılır.


100-ə yaxın televiziya və radio kanalı


Burada ən maraqlı qruplardan biri də Faydalı Yük və Şəbəkə Əməliyyatları qrupudur. Qrupun aparıcı müştəri mühəndisi Günay Feyziyeva ilə söhbət zamanı bəlli olur ki, hazırda "Azerspace-1” peyki üzərindən 100-ə yaxın televiziya və radio kanalı yayımlanır.

Müştərilərə göstərilən peyk xidmətləri içərisində televiziya və radio yayımı, müxtəlif məntəqələrə video-məzmunun çatdırılması, korporativ şəbəkə, internet, videokonfrans, uzaq məsafədən idarəetmə, uzaq məsafədən rabitənin qurulması, canlı videobağlantı və s. xidmətlər var. Burada həmçinin canlı yayım xidməti də təklif edilir. Bunlar əsasən idman və müxtəlif oyunlar, xəbərlər, dövlət tədbirləri çəkilişlərinin yayımlarıdır.

Peyk xidmətlərimizdən əsasən MDB regionu, Avropa, Afrika, Orta və Yaxın Şərq və Asiya regionlarında istifadə olunur. Müştərilərə 4 dildə (Azərbaycan, rus, ingilis və türk) 24/7 rejimdə fasiləsiz xidmət göstərilir.

Digər maraqlı qrup isə Peyk və yerüstü sistemlər departamentinin peyk əməliyyatları qrupudur. Qrupun böyük peyk mühəndisi Fariz Əliyev 7 ildir burada çalışır. Onun sözlərinə görə, peyk əməliyyatlarının əsas məqsədi peykin ona ayrılmış 46 dərəcə şərq uzunluğunda qalmasını təmin etmək, peykin sazlığı və faydalı yükünün müştərilərin istəyinə uyğun olaraq konfiqurasiya olunmasıdır.

Mövsümə uyğun olaraq peykin durumu yoxlanılır. Məsələn, yaz və payız mövsümündə peyk üçün günəş tutulmaları olur, yəni Yer peyklə günəşin arasına daxil olur. Bu zaman elektrik üçün peyk günəşdən enerji ala bilmədiyindən daxili batareyalardan istifadə edilir. Həmin müddətdə peykə xüsusi nəzarət edilməlidir.


Bütün peyklər yerli mütəxəssislər tərəfindən idarə olunur


Yarandığı gündən "Azərkosmos”da yüksəkixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirilib. Texniki heyət mərhələli şəkildə ABŞ, Malayziya, Çin, Almaniya, Hindistan və s. ölkələrdə müxtəlif kurs və təlimlərdə iştirak edib. Əsas məqsəd milli peyklərin idarə və istismar edilməsinin azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçirilməsini təmin etməkdir.

Hazırda qurumun işçilərinin hamısı yerli kadrlardan ibarətdir. Fariz Əliyev qeyd edir ki, artıq bütün peyklər ölkə ərazisindən tamamilə azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur. Onların əksəriyyəti gənclərdən ibarətdir. Ümumiyyətlə, peyk layihələri yüksək texnologiyaların ölkəyə transferi, eləcə də kosmik proqramların idarə edilməsi, kosmik layihələrin müstəqil həyata keçirilməsi üzrə peşəkar bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə xidmət edir.

"Azərkosmos”un Yerüstü sistemlərə xidmət qrupunun rəhbəri Emil Abbasov deyir ki, burada qrupun işi peykə göndərilən komandaların davamlılığını təmin etmək, antenaların peykləri izləməsinə və avadanlıqların sazlığına nəzarətdir. Çanaq antenalarının istənilən hava şəraitinə davamlılığı da təmin olunub. Qar, çovğun, leysan belə işə mane ola bilməz.


6 ildə 3 peyk


Beləcə, "Azərkosmos”da çalışan mütəxəssislərin bir iş gününü izlədik. Burada çox maraqlı proseslər baş verir...

Onu da əlavə edək ki, bütün proseslərin bir-birinə zəncirvarı bağlılığı var. Ona görə də bütün işlər "zərgər dəqiqliyi” prinsipi ilə həyata keçirilir. Qürurverici məqamlardan biri də odur ki, yerli kadrlardan ibarət mütəxəssislərin əməyi sayəsində "Azərkosmos” Azərbaycana böyük iqtisadi-siyasi dividendlər qazandırır.

Ötən il "Azerspace-2”nin orbitə göndərilməsi münasibətilə xalqı təbrik edən Prezident İlham Əliyev bunu xalqın, dövlətin növbəti qələbəsi adlandırmışdı: "Azerspace-2” telekommunikasiya peykinin orbitə çıxarılması bizim növbəti tarixi qələbəmizdir. Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək”.

Son 6 il ərzində orbitə 3 peyk çıxaran Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və bayrağımız ən yüksək zirvələri fəth edir.

Bir sözlə, "Azərkosmos” beynəlxalq kosmik layihələr çərçivəsində xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə üzrə qarşılıqlı fayda gətirən əməkdaşlıq qurur ki, bu da, öz növbəsində, müstəqil Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında intellektual nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM