Alternative content

11:13 20 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
10:54 20.04.2019 Kinomuzun qaynanası...
00:38 20.04.2019 3 ayda 3 faiz artım
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tarix yaradan LİDER
Tarix yaradan LİDER
ANA SƏHİFƏ / SİYASƏT
00:59 11.04.2019


Biz cənab Prezidentin gördüyü işləri, atdığı addımları, rəsmi səfərlərini, apardığı danışıqları, verdiyi qərarları sadəcə sosial-iqtisadi proqramlar, rəsmi fəaliyyət xronikası kimi nəzərdən keçirməklə bütün bunların miqyasını kiçiltmiş oluruq.

Zamanın içində yaşayanda, bəli, mahiyyətini dərindən hiss edə bilmirsən, baş verənləri, həqiqətən, cari fəaliyyət gözündə görürsən. Amma zamana bir qədər kənardan, keçmişin, bugünün və gələcəyin ənginliklərindən baxanda bunların hər birinin nə qədər möhtəşəm bir tarix olduğunu anlayıb dərk edirsən.

Bəli, cənab İlham Əliyev təkcə dövlət idarə etmir...

Tarix yaradır...

Azərbayanın ən qüdrətli dövrünün tarixini...

Bu yazının doğma qəzetimdə - rəsmi dövlət nəşri "Azərbaycan”da nə vaxt işıq üzü görəcəyini və dəyərli oxucularımın yazdıqlarımı nə zaman oxuyacaqlarını hələ bilmirəm...

Amma istərdim onlar elə başlanğıcdan duysunlar ki, bu sətirlər xalqımız üçün çox sevindirici bir yeniliyin xoş ovqatı içində yazılır...

Yazını qələmə aldığım dəqiqələrdə Azərbaycanın on milyonuncu vətəndaşı dünyaya gəlib. Gəlişi ilə bütün dünya azərbaycanlılarına bir aləm sevinc bəxş edən qız balamızın valideynləri keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün ailəsidir.

Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva bu münasibətlə xalqımızı təbrik ediblər. Bu sətirlərin yazıldığı anlarda millət vəkili seçildiyim Xətai rayonunda və Bakının digər ərazilərində möhtəşəm atəşfəşanlıq və gözəl bir konsert proqramının sədaları eşidilir. Öz nəcib əməlləri ilə bütün Azərbaycan ailələrinin, hər bir vətəndaşımızın sonsuz sevgisini qazanmış Mehriban xanım Əliyevanın şərəfinə körpəyə Mehriban adı verilib.

Adı ilə böyüsün!..

Ana Kitabımız - "Kitabi-Dədə Qorqud”da deyildiyi kimi, adını biz verdik, yaşını tale versin, daşıdığı ada, elinə-obasına layiq bir vətəndaş kimi böyüsün, gələcək nailiyyətləri ilə hər zaman ailəsinə, xalqına, dövlətimizə bol-bol sevinclər yaşatsın...

Arzu edirik ki, elimizə də bundan sonra ancaq belə gözəl yeniliklər, xoş xəbərlər, sevinc ovqatı nəsib olsun, inşallah...

***

Bu, insan nəslinin təbii xarakteridir...

Körpələr doğulur, ailələr uşaq səsindən bəxtiyar olur və yeni doğulan körpələr hesabına böyüyüb daha da möhtəşəm olur. Həyat, onun dəyərləri, mədəni nailiyyətləri, xalqların tarixi, əsrlərlə formalaşdırdığı milli irs o körpələrin ömründə sonsuzluğa qədər davam edir.

Əgər dünyaya körpələr gəlirsə, deməli, o xalq yaşayır və yaşayacaqdır.

On milyonuncu vətəndaşımızın dünyaya gəlməsi faktına bir də dövlətçilik mövqeyindən baxıram və bu yazını əslində o balaca qızcığazın gələcəyinə bir məktub kimi ünvanlamaq istəyirəm...

On milyona çatmaq bir xalq üçün, həqiqətən, çox əlamətdar məqamdır. Bu o deməkdir ki, burada həyat, təbii təkamül prosesi öz ahəngində davam edir. Sayımız artır. Çevrəmiz genişlənir. Gələcəyə ümidlərimiz böyüyür. Azərbaycan getdikcə insanların yaşaması üçün gözəl bir yerə çevrilir. Ata-analar bu rahat, qan-qadadan mümkün qədər uzaq, gündən-günə inkişaf edən vətəndə öz övladlarının xoşbəxt gələcəyini görə bilirlər.

Ailə qurub, ev-eşik sahibi olmağın, övlad dünyaya gətirməyin, onları böyüdüb boya-başa çatdırmağın şirinliyindən özlərini məhrum etmirlər. Bunun xoş duyğuları qədər də ağır məsuliyyəti onları çəkindirmir. Hələ öz çəhrayı dünyalarında mışıl-mışıl uyuyub, dünyanın min bir sınağından bixəbər olan körpələrin sabahından bədgüman deyillər. Çünki o ata-anaların da, o körpələrin də bugününə və gələcəyinə sahib çıxan güclü dövlətimiz var. Bu dövlətin körpə vətəndaşlarının güllə səsindən zəhri yarılmır, bu dövlətin körpə vətəndaşları ölümün, müharibənin, terrorun əlindən baş götürüb başqa məmləkətlərə qaçarkən valideynləri ilə birgə dəryalarda qərq olmurlar.

Bu dövlətin körpə balaları öz ailələri, ölkələri, xalqları üçün gözəl bir arzudur, Tanrının öz sevgisindən yaratdığı şirin paydır, daha yaxın-uzaq ölkələrdəki kimi saysız-hesabsız sosial problemlər, aclıq, səfalət, uşaq əməyinin istismarı, məktəbsizlik, taleyin ümidində sərgərdanlıq demək deyil.

Ona görə Azərbaycanda valideynlər də, cəmiyyət də bu körpələrin gələcəyindən əmindirlər. İnsanlarımız hər addımda dövlətin qayğısını, diqqətini, qüdrətini, vətəndaşların rifahı üçün atdığı addımları duyub hiss edirlər.

Azərbaycan Respublikasının on milyonuncu vətəndaşının dünyaya gəlişi həm də onunla əlamətdardır ki, bu körpə ölkəmizin ən qüdrətli çağlarının yaşıdıdır. Azərbaycan milli dövlətçilik tarixi boyu heç zaman indiki qədər güclü olmayıb. Buna hər birimiz şahidik. On milyonuncu körpə də dünyaya bu gücün, qüdrətin, qürur hissinin canlı bir rəmzi kimi gəlib.

Və o uşaq böyüdükcə onunla birgə Azərbaycan da böyüyəcək...

İndikindən daha güclü, daha qüdrətli mövqeyə yüksələcək...

Və gələcək nəsillərimiz bu gücü, qüdrəti, bütün dünyada yüksək nüfuza malik belə bir ölkənin vətəndaşı olmağın üstünlüklərini öz həyat və talelərində daha dərindən duyub hiss edəcəklər...

***

On milyonuncu vətəndaşımızın dünyaya gəlişi həyatımızdakı gözəl bir başlanğıcın müjdəsidir həm də...

Azərbaycanda uzun illərdir müsbət dəyişikliklər gedir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ötən əsrin 90-cı illərinin ortalarından həyata keçirdiyi milli dövlət quruculuğu xətti davamlı islahatlarla müşayiət olunub. Prezident İlham Əliyev bu islahatları daha böyük əzmlə davam etdirir. Ölkəmizin, cəmiyyətimizin, insanlarımızın həyatında böyük dəyişikliklər yaradır. Öz nəcib əməlləri ilə cəmiyyətə milli birlik, dövlətçilik dəyərləri ətrafında doğmalıq, qaragüruh düşüncədən, radikalizmdən, mənasız çəkişmələrdən, ixtilaflardan uzaq durmaq, hamılıqla ölkəmiz üçün, ölkəmizin insanları üçün çalışmaq, insanlara, cəmiyyətə faydalı olmaq mesajları verir.

***

Müstəqillik illərində Azərbaycanda çox şey dəyişib. İnsanlarımızın əyin-başından tutmuş həyat tərzinə, maraqlarına, yaşayış səviyyəsinə qədər çox şeylərin dəyişdiyini və bu dəyişikliklərin yaxşıya doğru olduğunu görürük.

Ölkəmizdə idarəçilik sistemi də xeyli dəyişib, təkmilləşib, dövlət-vətəndaş münasibətləri daha da yaxşılaşıb, dövlət institutları vətəndaşlar üçün onun xidmətində dayanan, dar məqamda köməyinə tələsən, problemlərini anında aradan qaldıran bir dəyərə çevrilib.

İlham Əliyevin 2018-ci ilin 11 aprelində xalqın yekdil dəstəyi ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsindən ötən bir ildə isə həyatımızın ən müxtəlif sahələrində islahatların daha da geniş vüsət aldığını görürük.

Prezidentin siyasi iradəsi ilə həyata keçirilən bu islahatlar nəticəsində cəmiyyət böyük dəyişikliklər ovqatındadır. İnsanlarımızın narahatlığına səbəb olan bir çox problemlər aramla həllini tapır. İndiyə qədər inkişafa müxtəlif səviyyələrdə əngəllər törətmiş maneələr ortadan götürülür. Cəmiyyət bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövrü başa çatdıqdan sonra bu çətin və mürəkkəb prosesin həyatımızda ilişib qalmış son təzahürlərini də geridə buraxır.

İndi kimi dindirsən, təsdiqləyər ki, Azərbaycan sürətlə yenilənir. Cəmiyyətdə çox mühüm proseslər gedir. Bu proseslərin özəlliyi ondadır ki, onlar bir-birini tamamlayır, hamısı bir arada baş verir və vahid ideyaya, amala xidmət edir.

Ölkə tamamilə yeni bir dövrə qədəm qoyur. Bu dövrün adı inkişafdır...

Sosial rifahdır, milli barış və vəhdətdir...

Hər bir vətəndaşa həssas münasibətdir, hər bir insana bərabər imkanlar mühitinin yaradılmasıdır...

Vətəndaşların həllini arzu etdikləri problemlərin aradan qaldırılmasıdır, dövlətin insanlara ən dogma adamları qədər əlçatan olmasıdır...

***

Bu dövr vətəndaşların rifah halının yüksəlməsinə yönələn ardıcıl tədbirlər silsiləsidir. Mətbuatı gözdən keçirsək, rəsmi xronikaya ani nəzər salsaq, bu silsilənin nə qədər vətəndaşımızın həyatında müsbət dəyişikliklər yaratdığını, həyatına təsir etdiyini görə bilərik.

Dövlət rəhbərimizin imzaladığı sənədlə minlərlə şəhid ailəsinə müvafiq məbləğdə sığorta haqqının verilməsi təmin olundu. Hətta müəyyən qrup ailələr vardı ki, onlar illər əvvəl indiki ilə müqayisədə az məbləğdə sığorta pulunu almışdılar və indi bu, əsas gətirilərək həmin ailələrə də ödənişin verilib-verilməməsi hüquqi baxımdan müəyyən mübahisə doğururdu. Amma cənab Prezident şəhid adı kimi yüksək bir dəyərin belə mübahisələrdə hallanmaması üçün onlara da ödənişin verilməsini təmin etdi. İnsanlar bütün mübahisəli məqamlarda dövlətin məhz vətəndaşın yanında durduğunu, onun rifahından yana olduğunu növbəti dəfə gördülər.

Bu, manatın məzənnə itkisindən əvvəl banklardan xarici valyutada kredit götürən və iki devalvasiyadan sonra borc məbləği xeyli artdığına görə ödənişlərdə çətinlik çəkən vətəndaşlarımıza problemli kredit borcuna görə kompensasiyanın ödənilməsi addımında da özünü göstərdi.

İlham Əliyevin istəyi, arzusu, ortaya qoyduğu siyasi iradə və ən əsası yüksək menecerlik qabiliyyəti hesabına elə bir variant tapıldı ki, problemin həlli üçün dövlət də, vətəndaşlar da, banklar da öz imkanlarını birləşdirdilər.

Beləliklə, ağır kredit yükü vətəndaşların çiynindən götürüldü. Bu, indiyə qədər vətəndaşın mənafeyini nəzərə alaraq dünyanın heç bir ölkəsində tətbiq edilməmiş misilsiz addımdır.

Və bu addım yüz minlərlə vətəndaşımızın ağrı-acılarına, sıxıntılarına son qoydu...

Əgər sırf iqtisadiyyatın, bazar münasibətlərinin sərt qanunları prizmasından yanaşsaq, bu məsələni banklar müştərilərlə öz aralarında həll etməli idilər. Amma nə borcun müəyyən hissəsini güzəştə getməyə bankların, nə də artmış borcu ödəməyə vətəndaşların gücü çatırdı. Bu məqamda dövlətin kömək əli dada yetişdi. Vətəndaşların borc yükü yüngülləşdiyi kimi, bankların da maliyyə dayanıqlığı gücləndi, onların ölkə iqtisadiyyatının müxtəlif sahələrində iştirak imkanları genişləndi.

Ən əsası isə, dövlətimiz müştəri-bank münasibətlərində ən vacib olanı, demək olar ki, həyati əhəmiyyətli amili - gələcəyə ümidi təmin etdi. İnsanlar gördülər ki, birilərinin bədbin öncəgörmələrinə rəğmən, Azərbaycanı bundan sonra ancaq inkişaf tendensiyaları, davamlı yüksəliş gözləyir. Çünki Azərbaycanda inkişaf prosesləri diqqətlə, peşəkar şəkildə, bütün imkanlar və risklər nəzərə alınmaqla idarə olunur, tənzimlənir, yönəldilir.

Özü də dövlətin müəyyən büdcə xərclərini nəzərə alaraq belə məqamlarda göstərdiyi maliyyə köməyi dolayısı ilə yenə vətəndaşın rifahına yönəlir. Problemli kreditlərin həlli üçün banklara ödənilən vəsaitlər bir tərəfdən vətəndaşın yükünün yüngülləşdirilməsidirsə, başqa tərəfdən də banklar tərəfindən ayrı-ayrı iqtisadi layihələrin maliyyələşməsi, yeni müəssisələrin, iş yerlərinin açılması, insanlarımızın bu müəssisələrdə çalışıb öz güzəranını yaxşılaşdırması, ölkəmizdə həyat səviyyəsinin daha da yüksəlməsi deməkdir.

Bunun əksi ömrü banklarla məhkəmə çəkişmələrində keçən və bir daha kredit almayacağını özünə söz verən vətəndaşlarımızın narahatlıqları, müflis duruma gələn, yaxud kapital mövqeyi xeyli zəifləyən banklar, kreditləşmə olmadığından müştəriləri qəhətə çəkilən mağazalar, bu mağazaların məhsula tələbatı qalmadığından iflasa uğrayan sahibkarlar, beləliklə, dolanışıq səviyyəsi aşağı düşən minlərlə ailə demək olardı.

İndi fikir verək ki, dövlətimizin, dövlət rəhbərimizin problemin həllinə peşəkar müdaxiləsinin, verdiyi qərarın faydasından nə qədər vətəndaşımız bəhrələnir.

***

Son aylar bütün gözəl yeniliklərlə yanaşı, ölkəmizdə bəzi xoşagəlməz hadisələr də yaşandı. Şamaxıda zəlzələ baş verdi, xeyli vətəndaşımızın evi, başqa daşınmaz əmlakı ziyan çəkdi. Bundan bir müddət sonra isə Bakıdakı böyük ticarət mərkəzlərindən biri yandı və "Diqlas” adı ilə tanınmış bu mərkəzdə çalışan sahibkarlara müəyyən zərər dəydi.

Zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı məsələ aydındır. Əksər ölkələrdə dövlət belə məqamlarda vətəndaşa köməyini əsirgəmir. Amma ziyanın müəyyən bir hissəsini də sığorta şirkətləri qarşılayır. Şamaxıda baş vermiş zəlzələ zamanı isə Azərbaycan Prezidenti şəxsən özü bir neçə dəfə o evlərə, zəlzələdən zərər görmüş insanlara baş çəkməklə təkcə dövlətin maddi köməyini çatdırmadı, həm də o vətəndaşlara mənəvi dayaq oldu. Cəmiyyət üçün bir nümunə yaratdı. İnsanlarımız gördülər ki, başlarına gələn qəzavü-qədər qarşısında əsla tək və çarəsiz deyillər. Dövlətin, dövlət rəhbərinin onlara doğru uzanmış güclü əlləri bütün çıxılmazlıqları yoluna qoymaq iqtidarındadır.

"Diqlas”da baş verən yanğın isə sırf sığorta hadisəsi idi. Burada çalışan sahibkarlar uzun illər ərzində ticarətlə məşğul olaraq normal pul qazanıblar. İqtisadi məntiq, sivil təcrübə diktə edirdi ki, onlar vacib addım kimi öz mağazalarını sığortalasınlar. Çünki mühafizə tədbirləri nə qədər güclü olur-olsun, dünyadakı saysız-hesabsız ticarət mərkəzlərinin hər birində belə yanğın hadisələri, digər texnogen qəzalar baş verə və sahibkarları böyük ziyanla üzləşdirə bilər. Amma hadisədən sonra məlum oldu ki, "Diqlas”dakı sahibkarlar mağazalarını sığortalamayıblar. Bu vacib məsələyə, demək olar ki, məhəl qoymayıblar. Və yanğın hadisəsindən sonra çıxılmaz bir durum yaranıb. Bu durumda həmin zərərçəkən sahibkarlara nəsə ödəmək, maddi kömək göstərmək qətiyyən dövlətin borcu deyildi. Qaydaya görə, onlar mallarını, mağazalarını əvvəlcədən sığortalamalı və yanğın hadisəsində dəymiş ziyana görə kompensasiyanı da sığorta şirkətləri ödəməli idi. Təsadüfi deyil ki, sosial şəbəkələrdəki müzakirələrdə, müxtəlif müsahibələrdə bir çox tanınmış şəxslər, ekspertlər də dövlətin onlara kompensasiya verməsinə qarşı çıxırdılar.

Amma dövlətimiz bu köməyi də etdi. Prezident bu insanları naçar durumda buraxmağı rəva görmədi. Həmişə olduğu kimi, yenə comərd davrandı. Yanğının vurduğu ziyana görə kompensasiyanın verilməsi qərara alındı. Və bütün polemikalara, fərqli fikirlərə rəğmən dövlət rəhbərimizin bu mərdanə addımı böyük rəğbət yaratdı.

Birincisi ona görə ki, bu yanğında ziyan çəkən şəxslərin də hər biri Azərbaycan vətəndaşıdır. Onlar uzun illər ailələrinin zindəganlığını bu mağazalardakı alış-verişdən çıxarıblar. Əllərində olan pulu-paranı müxtəlif məhsul çeşidlərinə xərcləyiblər ki, satıb qazansınlar, indi o malların böyük qismi yanıb, kül olub. Özü də bu insanların çoxu hər bir cəmiyyətdə sosial-iqtisadi inkişafın əsas sütunu kimi çıxış edən, orta təbəqəni formalaşdıran kiçik və orta sahibkarlardır.

İndi həmin insanları heç bir köməksiz, dəstəksiz taleyin ümidinə buraxmaq, çarəsizlikləri ilə baş-başa qoyub getmək bu qədər insanın, onların ailə üzvlərinin sosial vəziyyətinin ağırlaşması demək olardı. Ona görə dövlətimiz bu insanlara əl uzatdı ki, yıxılmasınlar, ayaqda qalıb yenidən öz işlərini qura bilsinlər.

Prezidentimiz onu da nəzərə aldı ki, kiçik və orta sahibkarlıq Azərbaycanda hələ yenicə inkişaf edir. Ona görə də hələlik bu sahibkarlardan öz vəzifələrini tam yerinə yetirmələrini, biznesin bütün məsuliyyət normalarını, o cümlədən sığorta məsuliyyətini də nəzərə almalarını gözləmək mümkün deyil.

Həqiqətən, sığorta ənənələri bizdə hələ tam formalaşmayıb. İnsanlarımızın bir çoxu sığortanın mahiyyətini düzgün dəyərləndirə bilmir. Evinin, avtomobilinin, mağazasının, başqa əmlakının sığortasına verdiyi məbləği boşuna xərclənmiş pul sayır. İnsanlarımızın çoxu, necə deyərlər, əllisini əlli yerdə xərcləyir, bahalı avtomobillərə, evlərin şahanə təmirinə, təmtəraqlı məclislərə, dəbli geyimlərə, namxuda, pul tapırlar, amma əmlakın, həyatın sığortasından ötrü çox xırda bir məbləğdən keçməyə təhəmmül etmirlər.

***

Prezidentimiz bu addımı ilə cəmiyyətimiz üçün bir ibrət nümunəsi də yaratdı ki, sivil cəmiyyət olaraq artıq bu kimi məsələlərə də diqqət yönəltmək lazımdır. Dövlət, bəli, vətəndaşa bacardığı köməyi, hətta onun gözlədiyindən də çoxunu edir. Amma vətəndaş, sahibkar da öz növbəsində dövlətə kömək etməlidir. Vergisini, kommunal ödənişlərini vaxtlı-vaxtında ödəməlidir. Sığorta məsələlərini vacib saymalıdır ki, hər hansı xoşagəlməz hallar baş verərkən dövlət büdcəsinə çox ziyan dəyməsin. Eyni zamanda, möhtəkirlikdən qaçmalıdır, beş manatlıq malı beşqat bahasına satmamalıdır. Birdən-birə milyoner olmağa can atmayıb az qazanca qane olmağı, nəhayət, öyrənməlidir. Həlledici məqamlarda kəmfürsətlik edib malları sonra od qiymətinə satmaqdan ötrü gizlətməməli, yaxud bahalaşdırmamalıdır. Çünki bu kəmfürsətliyin ziyanları son nəticədə vətəndaşa dəyir. O məhsulları od qiymətinə almaq məcburiyyətində qalanlar da bu dövlətin vətəndaşlarıdır. Dövlət bu vətəndaşların da rifahı qayğısına qalır.

Sahibkarlar eyni zamanda gücləri çatan müəyyən işlərin də qulpundan yapışıb xırda-para korporativ sosial məsuliyyət layihələri ilə müxtəlif problemlərin həllində dövlətə kömək göstərməlidirlər. Sahibkarlıq təkcə elə pul qazanmaq deyil. Əldə edilən puldan ictimai işlərə müəyyən bir vəsait ayırıb cəmiyyət üçün mənəvi dəyərlər yaratmaq barədə də düşünmək lazımdır.

***

Əlbəttə, bu sətirləri qələmə almaqla kimisə qınamaq niyyətində deyiləm. Məramım sırf maarifləndirmədir. Bilirəm ki, maarifçiliyin gücü ilə bu sahədə çox şeyləri dəyişmək olar. Məsələn, mənim üçün çox maraqlı idi ki, yanğın hadisəsindən sonra, şükür ki, dövlətimizin imkanları hesabına kompensasiya alıb çətin vəziyyətdən çıxan o sahibkarların, görəsən, heç olmasa biri qazancının bolhabol vaxtlarında elə o "Diqlas”ın həndəvərində bircə ağac əkmək qayğısına qalmışdımı?!

Yaxud imkansız ailədən olan bir şagirdin məktəb xərclərini, tanımadığı istedadlı bir tələbənin təhsil haqqını ödəmişdimi?! Hansısa istedadlı gənc yazarımızın kitabının çapına, tanıtımına yardım etmişdimi?!

Və ya bu gün çətin vəziyyətlə üzləşəndə onun problemlərini yazıb, göstərib ictimailəşdirən və çətinliklərin aradan qaldırılmasına dəstək olan kütləvi informasiya vasitələrimizin ayaqda qalmasından ötrü, heç gündə də demirəm, həftədə qırx-əlli qəpik xərcləyib bircə qəzetə abunə olmağı özünə borc bilmişdimi?! Hansısa media orqanında mağazasının kiçicik bir reklamını yerləşdirməyin ictimai əhəmiyyətini dərk etmişdimi?!

Bunlar edilibsə, nə gözəl, amma olmayıbsa, heç olmasa bundan sonra edilməsi lazımdır. Çünki bunların hər biri sosial borcdur, sivil cəmiyyətləri ayaqda saxlayan adi biznes mədəniyyətidir. Artıq bizdə də yavaş-yavaş bu mədəniyyət formalaşmalıdır.

Elə zərərdidə sahibkarlara kompensasiyanın verilməsi məsələsinin müzakirə edildiyi günlərdə məlum oldu ki, başqa bir sahibkar şəhid ailəsini məhkəməyə çəkib, canını bu torpaq uğrunda fəda etmiş zabitimizin ailəsinə aid evi müxtəlif hüquqi dəlillər gətirərək onların əlindən almaq niyyətindədir. Məhkəmə də müəyyən hüquqi dəlilləri əsas gətirərək sahibkarın xeyrinə qərar çıxarıb.

Mətbuat məsələni gündəmə gətirəndən sonra qarşılıqlı ittihamlar başladı. Və bu məsələdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yenə cəmiyyət üçün bir örnək yaratdı. O, şəhidimizin ailəsinə daha yaxşı bir yerdə dövlət adından üçotaqlı mənzil bağışlamaqla göstərdi ki, şəhid kimi müqəddəs bir adı belə çəkişmələr səviyyəsinə endirmək olmaz.

Belə məqamlarda hansı tərəfin hüquqi cəhətdən haqlı olması əsas deyil. Burada bütün çəkişmələrin, iddiaların, hüquqi sənədlərin fövqündə duran bir əbədiyyət ucalığı var.

Bu, şəhid adıdır!

Bu adın qarşısında hər kəs öz iddialarından bacardığı qədər geri çəkilməlidir. Sahibkar qazancının kiçik bir hissəsindən bu ada görə vaz keçəcək qədər yüksək könüllü olmalıdır. Şəhid ailəsinin üzvü də bu adın məsuliyyətini hər zaman anlamalıdır. Nə özünə, nə başqalarına imkan verməlidir ki, kimlərsə bu müqəddəs addan vasitə kimi istifadə etmək niyyətinə düşsün.

Bunları ona görə yazıram ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr bütün sosial-iqtisadi nailiyyətləri ilə bərabər, həm də cəmiyyət həyatında sivil dəyərlərin formalaşdığı, normaların öz yerini tutduğu, cəmiyyət təfəkkürünün, milli dövlətçilik, vətəndaşlıq məsuliyyətinin formalaşdığı dövrdür. Bu dövr həm də belə cəhətləri ilə əlamətdardır, qiymətlidir.

Sosial şəbəkələrdə, mediada gedən müzakirələrə diqqət yetirək. Azərbaycan insanı, şükür ki, bu gün daha onillər əvvəl olduğu kimi bir tikə çörəyinin dərdində deyil, özbaşınalığı, aşkar qanunsuzluqları, başıpozuqluqları, firqə dartışmalarını müzakirə etmir. Bu gün Azərbaycan cəmiyyətinin gündəmə gətirdiyi, fəal şəkildə müzakirə etdiyi və dövlətimizin dəstəyi ilə çox vaxt elliklə həllinə nail olduğu problemlər dolanışıq problemini çoxdan geridə qoymuş hər bir sivil cəmiyyət üçün aktual olan mövzulardır. Cəmiyyətimizi bu gün yaxşı mənada tanımaq olmur daha, Azərbaycan insanı sosiallaşıb, mütərəqqi dəyərlərə, təcrübələrə açılıb, inkişafda xeyli irəli gedib.

Bütün bunlar məhz İlham Əliyevin həyatımıza gətirdiyi uğurlardır...

Vətəndaş olaraq öz davranışlarımızla, məsələlərə doğru-dürüst münasibətimizlə bu dövrə, bu inkişaf proseslərinə nə qədər töhfə versək, yenə də Azərbaycanın karıdır, bugünkü və gələcək nəsillərimizin faydasıdır.

***

Azərbaycanda pensiyalar, əməkhaqları son onilliklərdə davamlı olaraq artır. Yenə artıb və bu istiqamətdə qərarlar, icra tədbirləri davam etdirilir. Bu addımlar milyonlarla vətəndaşımızın aylıq qazancının artımı, cibinin bərəkətlənməsi deməkdir.

İndi dövlət hər bir vətəndaşımızın icbari tibbi sığortasına da hazırlaşır. Regionlarda belə bir məqsədlə həyata keçirilən pilot layihələr özünü doğruldub. Tezliklə bu gözəl təşəbbüs bütün ölkə insanlarını əhatə edəcək. Müayinə və müalicə xərclərində vətəndaşlarımızın yükü xeyli yüngülləşəcək. Vətəndaşlarımız özlərinin, doğmalarının sağlıq durumundakı problemlərin həlli üçün daha maddi baxımdan ciddi əziyyət çəkməyəcəklər.

Təhsilimizdəki problemlərin də aramla ortadan qalxdığı hiss olunur, ölkədə yeni müəllim nəsli yetişir və işə tam şəffaf imtahanla, dövlətin inam və güvəni ilə qəbul olunan gənc müəllimlərimiz təhsil sektoruna yeni nəfəs, yeni dəyərlər gətirirlər. Ən mühümü, bu sahəyə ictimai nəzarət getdikcə güclənir. Azərbaycanda təhsil, bilik, fərdi inkişaf məsələləri insanlarımız üçün indiyə qədər heç vaxt olmadığı səviyyədə ciddi bir meyara çevrilir. İnsan kapitalının formalaşmasını illər əvvəl ilk dəfə Prezident İlham Əliyev dövlətimizin əsas prioritetlərindən biri kimi gündəmə gətirmişdi. İndi bu, hər bir Azərbaycan ailəsinin, bu ailələrdən çıxan hər bir gəncimizin məqsədi və bu məqsədə doğru ardıcıl fəaliyyətidir. Çünki müasir dünyada bilik, innovasiyalara dərindən bələdlik, müasir texnologiyalardan baş çıxarmaq olmazsa-olmaz məsələsidir.

Ona görə dövlətimiz də insanlara şərait yaradır, insan kapitalının formalaşması üçün mümkün dəstəyi verir.

Düşünürəm ki, pensiya, maaş artımından, həyata keçirilən irimiqyaslı sosial layihələrdən, təhsil, səhiyyə proqramlarından, biznesə yaradılmış şəraitdən görün nə qədər insan bəhrələnir. Dövlətimizin gücündən, artan imkanlarından faydalanan vətəndaşlar olaraq sayımız indi on milyondur. Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyev, bu böyük dövlət adamının strateji inkişaf kursunu əzmlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu 10 milyon vətəndaş üçün güclü, qüdrətli, getdikcə inkişaf edən, öz vətəndaşının hüquq və azadlıqlarının müdafiəsində dayanan, ona sahib çıxan hüquqi dövlət qurub.

Amma təkcə on milyon üçünmü?!.

Müstəqil Azərbaycan dövləti bu gün dünyanın müxtəlif səmtlərində yaşayan 60 milyona yaxın soydaşımızın istinad nöqtəsidir, mənəvi qibləgahıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev on milyonluq vətəndaşımızla birgə bu qədər insanın da mənəvi rəhbəridir, lideridir. Onun Azərbaycana qazandırdığı nailiyyətlər bütün dünya azərbaycanlılarının uğurudur. Çünki onların hər birinin bu güclü, qüdrətli vətənin gözləri üstündə yeri var.

Bu vətən on milyonluq vətəndaşımız qədər onların da yanındadır, xidmətindədir...

***

Bunu nə vaxtsa yazmışam, evdə nəvələrimə də tez-tez deyirəm...

Düşünürəm ki, biz cənab Prezidentin gördüyü işləri, atdığı addımları, rəsmi səfərlərini, apardığı danışıqları, verdiyi qərarları sadəcə sosial-iqtisadi proqramlar, rəsmi fəaliyyət xronikası kimi nəzərdən keçirməklə bütün bunların miqyasını kiçiltmiş oluruq.

Zamanın içində yaşayanda, bəli, mahiyyətini dərindən hiss edə bilmirsən, baş verənləri həqiqətən cari fəaliyyət gözündə görürsən. Amma zamana bir qədər kənardan, keçmişin, bugünün və gələcəyin ənginliklərindən baxanda bunların hər birinin nə qədər möhtəşəm bir tarix olduğunu anlayıb dərk edirsən.

Bəli, cənab İlham Əliyev təkcə dövlət idarə etmir...

Tarix yaradır...

Azərbayanın ən qüdrətli dövrünün tarixini...

Bu tarixin bir zərrəsi olmaq nə gözəl!..

Bu dövrə şahidlik etmək, nə böyük xoşbəxtlik!..

Uğur yolu, şərəf yolu... Bu yol bizim yolumuzdur! Bu yol İlham Əliyev yoludur. Xalq yorulmadan öz lider oğluyla qoşa addımlayır bu yolda...

Yolunuz yolumuzdur,

cənab Prezident!..

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM