Alternative content

18:29 20 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bir ilin uğur hesabatı
Bir ilin uğur hesabatı
ANA SƏHİFƏ / SİYASƏT
00:57 11.04.2019


Bu gün Azərbaycanda sonuncu prezident seçkilərinin bir ili tamam olur. 2018-ci il aprelin 11-nə təyin olunan səsvermədə Azərbaycan seçiciləri növbəti dəfə ən düzgün və müdrik seçimi etdilər. Ötən bir ilin siyasi, iqtisadi və sosial mənzərəsi göstərir ki, xalq İlham Əliyevin ətrafında birləşməklə inkişafa və yüksəlişə və güclü Azərbaycan dövlətçiliyinə səs verib.
Milli Məclisin deputatlarının qəzetimizə açıqlamaları da bu barədədir.


Hər bir azərbaycanlının Prezidenti

Siyavuş NOVRUZOV,
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri:

- Dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyevin milli maraqları nəzərə almaqla yürütdüyü siyasəti XXI əsrin başlanğıcında bütün sahələrdə layiqincə davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutmasını, regional liderliyini təmin etmişdir.

Azərbaycanı Avratlantik geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən cənab İlham Əliyevin 2003-cü ildən yürütdüyü siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. Dövlət başçısı ulu öndərin böyük müdrikliklə irəli sürdüyü inkişaf strategiyasını ötən illərdə inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır.

Ötən illərdə həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafeyini özündə maksimum dərəcədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması dövlət başçısı cənab İlham Əliyevin yüksək bilik və intellektə, çevik idarəçilik məharətinə, yüksək əzmə, qətiyyətə malik lider olduğunu bir daha təsdiqləyir.

Dövlət başçısının ötən illərdə praqmatizmə və əməli siyasətə söykənən iqtisadi siyasətinin əsas qayəsində məhz insan amili dayanmış, cənab İlham Əliyev xalq qarşısında verdiyi bütün vədlərə sadiq qalmaqla hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu təsdiqləmişdir. "Hər bir məmur xalqının xidmətçisi olmalıdır” deyə hakimiyyəti xalqa layiqli xidmət vasitəsi kimi dəyərləndirən dövlət başçısı hökumətin mütəmadi olaraq xalq qarşısında hesabat verməsini, görülən işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını da demokratik idarəetmənin zəruri tələbi kimi önə çəkmişdir.

Respublikamızda son illər ərzində həyata keçirilən iqtisadi siyasətin sosialyönümlü mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənərək cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Dəniz səviyyəsindən 3000 metrədək hündürlükdə yerləşən Qubanın Xınalıq kəndinə yolun, sovetlər dövründən mavi yanacaq üzü görməyən Lerik və Yardımlıya qaz kəmərlərinin çəkilməsi, eləcə də Naxçıvanın davamlı olaraq elektrik enerjisi və qazla təmin olunması, Bakıya Oğuz-Qəbələ zonasından su kəmərinin çəkilməsi, rayonlarda yeni təhsil, səhiyyə, mədəniyyət, olimpiya idman komplekslərinin tikintisi, qaçqın düşərgələrinin tamamilə ləğvi, sırf Azərbaycan brendi olan "ASAN” xidmət şəbəkəsinin genişləndirilməsi - bütün bunlar Azərbaycan vətəndaşlarının firavan, rahat yaşamasına xidmət edən qlobal investisiya layihələrinin çox cüzi qismidir.

Hələ 2019-cu ilin əvvəllərində cənab Prezident ölkədə təxminən 2 milyon 200 min vətəndaşımızı əhatə edəcək irimiqyaslı sosial müdafiə paketinin tətbiq ediləcəyi barədə açıqlama vermişdi. Təkcə son iki ay ərzində imzalanan sərəncam və fərmanlarda nəzərdə tutulan islahatlar sadəcə "hər bir azərbaycanlının prezidenti olmaq” fəlsəfəsinin praktikada uğurla reallaşmasının bariz nümünəsi deyil, həm də bəzi dövlət və dövlət rəhbərlərinin illərlə həll edə bilmədiyi sosial məsələlərin operativ və effektiv həlli nümunəsidir.

Belə ki, Prezidentin 2019-cu il 8 fevral tarixli sərəncamı ilə minimum əməkhaqqı 38,5 faiz artırılaraq 180 manat müəyyən edildi. Bu sərəncam 600 mindən artıq vətəndaşın sosial rifah vəziyyətinə müsbət təsir göstərməklə demək olar ki, inqilabi mahiyyət daşıyır. Onun ardınca isə dövlət başçısı müxtəlif sferalarda çalışan qulluqçuların əməkhaqlarının artırılması ilə bağlı geniş əhatəli sərəncamlar imzaladı. Nəzərə almaq lazımdır ki, bu siyasət son 15 ildə ümumilikdə əməkhaqları 7, minimum əməkhaqqı isə 6,5 dəfə artırılmaqla ardıcıl xarakter daşıyır.

Məlumdur ki, 2015-ci ildə baş vermiş devalvasiyadan sonra vətəndaşların, xüsusən də aztəminatlı ailələrin banklara xarici valyuta ilə olan borcları onların maddi vəziyyətində müxtəlif çətinliklər yaratmışdı. Cənab Prezident bu dəfə də xalqın səsinə səs verərək 2019-cu ilin 28 fevral tarixində fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərman imzaladı. Bununla da 100 minlərlə vətəndaşımızın çiyinlərindəki ağır maddi yük qaldırılmış oldu.

İstər bazar iqtisadiyyatına, istərsə də planlı iqtisadi münasibətlərə sahib olmasından asılı olmayaraq fors-major hadisələr zamanı vətəndaşa dəyən zərər dövlət və ya özəl sığorta fondları tərəfindən ödənilir. Lakin vətənə və vətəndaşa olan sevgini, qayğını dövlət siyasətinə çevirmiş möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti belə durumlarda sığorta qurumu kimi çıxış edir və vətəndaşların hərtərəfli hamisi rolunu oynayır. Ən son 2019-cu ilin 26 martında "Diqlas” ticarət mərkəzində baş vermiş yanğın zamanı dövlət başçımız bir daha öz yüksək humanizmini və prinsipial mövqeyini ortaya qoydu. Belə ki, imzaladığı sərəncamla ticarət mərkəzindəki sahibkarlara dəyən bütün zərərin dövlət tərəfindən ödənilməsini təmin etdi.

Hüquqi dövlətin ən mühüm xüsusiyyətlərindən biri vətəndaşa, xüsusən də, cinayət törətmiş şəxslərə münasibətdə maksimalist davranmamaq, onların cəmiyyətə yenidən qazandırılması və ədalətə olan inamının itməməsi üçün zəruri, demokratik və vətəndaş cəmiyyəti prinsiplərinə söykənən hüquqi-normativ bazanın yaradılması və effektiv tətbiqidir. Əfv institutu da bu baxımdan hüquqi dövlətdə vacib faktor kimi çıxış edir. Prezident İlham Əliyev də əfv hüququndan istifadə edərək mütəmadi olaraq məhkumları tam və ya cəzalarının geri qalan hissəsindən azad edərək yüksək humanizm nümunəsi göstərir. Təkcə sonuncu 2019-cu ilin 16 mart tarixli "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam 431 nəfərə şamil edilmişdir. Bu humanist addım birmənalı şəkildə ictimai sülhə, vətəndaş həmrəyliyinə xidmət edərək cəmiyyətimiz tərəfindən hər zamankı kimi öz yüksək qiymətini almışdır.

Sonda xüsusi vurğulamaq istərdik ki, Azərbaycanda demokratikləşmə və modernləşmə sahəsində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş 2018-ci ilin 11 aprel seçkiləri ölkəmizin innovativ əsasda inkişafına ciddi zəmin hazırlamış, islahatların elmi əsaslarla aparılacağı qənaətini daha da gücləndirmişdir. Son seçkilərdən dərhal sonra dövlət başçısının siyasi iradəsiylə hökumətin tərkibinin əsaslı şəkildə yenilənməsi, çevikliyi, müasirliyi, novatorluğu ilə fərqlənən, müasir innovasiyaları mənimsəyən gənclərin dövlət idarəetməsində irəli çəkilməsi islahatların səmərəliliyini təmin etmək, şəffaflığı artırmaq məqsədindən irəli gəlir.

İnkişafa xidmət edən islahatların reallaşdırılmasında Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, ölkəsinin taleyini cənab İlham Əliyevə etibar etmiş vətəndaşlarımızdan gəlir. Bu gün Azərbaycan xalqı cənab İlham Əliyevi intibahın, siyasi sabitliyin, əmin-amanlığın, sülhün qarantı hesab edir, ona tam güvənir. Çünki xalq həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, Azərbaycanı parlaq sabahlara doğru aparan siyasi kursun alternativsizliyini yaxşı dərk edir və bu siyasəti birmənalı dəstəkləyir.


Xalq-iqtidar birliyi Azərbaycanda inkişafın əsas amilidir

Tahir SÜLEYMANOV,
Milli Məclisin deputatı:

- Hər bir sahədə inkişaf dövrü kimi yadda qalan 2018-ci ilin ən böyük hadisələrindən biri ötən ilin aprelində keçirilən prezident seçkisi oldu. Xalqımızın siyasi iradəsinin təntənəsi olan bu seçki həm də bir həqiqətin təsdiqi kimi tarixə düşdü. Bir daha təsdiq olundu ki, müdrik və qədirbilən xalq öz taleyini məhz illərin sınağından çıxan, ölkənin inkişafını təmin edən siyasətə etibar edir.

Beləliklə, Azərbaycan xalqı son seçkilərdə daxili inamına söykənərək ulu öndər Heydər Əliyev yoluna, bu yolun ən layiqli davamçısı İlham Əliyevə səs verməklə ölkənin taleyinə biganə olmadığını göstərdi. Bu tarixi seçim həm də belə bir həqiqətin növbəti təsdiqi oldu ki, Azərbaycan xalqı ölkənin gələcək inkişaf yolunda mövcud siyasi kursa heç bir alternativ qəbul etmir. Bu mənada 2003-cü ildən sonrakı ildə həyata keçirdiyi uğurlu siyasətlə Azərbaycanı dinamik inkişaf yoluna çıxaran cənab İlham Əliyevin 2018-ci ilin seçkilərində də layiqli qələbə qazanaraq Azərbaycan Prezidenti seçilməsi bütün xalqın mütləq əksəriyyətinin seçkilərlə bağlı reallaşan ən böyük arzusu idi.

Bütün bunları əsas götürən xalqımız 11 apreldə səsvermədə aktiv iştirak etdi və seçicilərin 86,02 faizi öz səsini cənab İlham Əliyevə verdi. Lakin bu seçim təkcə ən yeni tariximizin möhtəşəm nailiyyətləri ilə şərtlənmirdi. Bu qərar, eyni zamanda, növbəti illərdə Prezident İlham Əliyevin Azərbaycanın tərəqqi və inkişafına, uğurlu gələcəyinə daha çox töhfələr verəcəyinə olan dərin və səmimi inamın təcəssümü idi. Ona göstərilən etimada görə minnətdarlığını bildirən cənab İlham Əliyev bu seçkilərdə xalqımızın sabitliyə, təhlükəsizliyə, inkişafa səs verdiyini bəyan etdi. Aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə İlham Əliyev xalqımıza müraciət edərək minnətdarlığını bildirdi: "Prezident seçkilərində Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir. Bu etimada, bu böyük dəstəyə görə doğma xalqıma minnətdarlığımı bildirmək istəyirəm. Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq”.

Aprelin 11-də cənab İlham Əliyevin növbəti dövr üçün prezidentlik müddətinin birinci ili tamam olur. Bu gün dönüb arxaya boylananda İlham Əliyevin qısa dövrdə nə qədər möhtəşəm işlər gördüyünün şahidi oluruq. Təkcə 2018-ci ildə İlham Əliyevin müəllifliyi ilə qazanılan nailiyyətlər sadəcə bu günümüzə deyil, gələcəyimizə işıq salan tarixi əsərlərdir. Məsələn, ötən il reallaşan infrastruktur layihələri bundan sonra neçə-neçə onilliklər ölkəmizin və onun vətəndaşlarının rifahına xidmət edəcək. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşasının uğurla başa çatdırılmasına nail olan Prezident İlham Əliyevin siyasi iradəsi ilə keçən ilin may ayında açılışı olan "Cənub qaz dəhlizi” bir daha təsdiq etdi ki, dövlət başçısı qarşıya qoyduğu hədəflərə inamla və layiqincə çatmağı bacaran liderdir. Məhz İlham Əliyevin iradəsi, qətiyyəti, bu mürəkkəb layihənin ərsəyə gəlməsini diqqətdə saxlaması, prosesləri koordinasiya etməsi nəticə etibarilə Azərbaycandan Avropaya uzanan yeni qaz kəmərinin reallığa çevrilməsini şərtləndirdi.

Azərbaycan Ordusunun ötən il Naxçıvan istiqamətində keçirdiyi uğurlu əməliyyat isə göstərdi ki, Prezident İlham Əliyev həm də güclü orduya sahib Ali Baş Komandandır. Naxçıvan əməliyyatı ilə ordumuzun azad etdiyi strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verir ki, təmas xəttində vəziyyətə tam nəzarət edək.

Ötən bir il Azərbaycan üçün iqtisadi baxımdan da əlamətdardır. Məsələn, 2018-ci ildə dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycan hərtərəfli və dinamik inkişaf edib. Ötən il ümumi daxili məhsul 1,4 faiz, qeyri-neft sektoru 1,8, sənaye istehsalı 1,5, kənd təsərrüfatı isə 4,6 faiz artıb. Valyuta ehtiyatları 45 milyard dollara çatıb, ölkədə 118 min daimi iş yeri açılıb. Bu ilin ilk aylarında isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çox ümumi daxili məhsul istehsal edilib. Sənayenin qeyri-neft sektorunda artım 15,5 faizdir. Bu baxımdan hələ bir neçə il əvvəl iqtisadiyyatda yeni islahatlar başladan İlham Əliyevin uzaqgörən və müdrik qərarlarının bəhrəsi artıq real faktlarla təsdiq olunur. Son bir il isə iqtisadi uğurlar baxımından xüsusilə əlamətdardır.

Azərbaycana yüksək nailiyyətlər qazandıran iqtisadi inkişaf strategiyasını uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin fəaliyyətində sosial məsələlərə diqqət prioritet istiqamət təşkil edir. Ona görə Prezidentin ötən birillik fəaliyyəti həm də sosial rifaha xidmət edən kompleks tədbirlərin işlənib hazırlanması və uğurla reallaşması ilə yaddaqalan oldu. Bu da onu göstərir ki, iqtisadi nailiyyətlər, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr sosial siyasətin də uğurla aparılmasına təkan verir, iqtisadi inkişafdan, ölkənin maliyyə imkanlarının artmasından hər bir Azərbaycan vətəndaşına pay düşür.

Minimum əməkhaqqının məbləğinin, əmək pensiyasının minimum məbləğinin, sosial müavinətlərin, tələbələrin təqaüdlərinin artırılması ölkədə 3 milyon nəfər vətəndaşın həyatında hiss olundu. Cənab Prezidentin kreditlərlə bağlı problemin həllini nəzərdə tutan sərəncamı isə sosial kursun praktik olaraq insan amilinə xidmət etdiyini göstərdi.

Bütün bunlar Prezident İlham Əliyevin sadəcə son bir illik fəaliyyətində baş verənlərdir. Daha dəqiq ifadə etsək, dövlət başçısının son bir illə bağlı uğur hesabatıdır. Azərbaycan xalqını xoşbəxt gələcəyə aparan bu siyasət növbəti illərdə də uğurla davam etdiriləcək, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirəcək, qabaqcıl dövlətlər arasında layiqli yerini daha da möhkəmləndirəcək. Bu baxımdan qarşıdakı dövrdə daha möhtəşəm uğurların şahidi olacağıq.


Rəşad CƏFƏRLİ,
"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM