10 Aprel 2019 01:23
1508
SİYASƏT
A- A+

85,1% Milli etimadın birmənalı ünvanı


Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti İlham Əliyevin liderliyindən, fəaliyyətindən və islahatlar kursunun nəticələrindən tam razıdır


Liderin, yaxud elə hansısa siyasi xadimin fəaliyyətinə etimadın əsas göstəricisi şübhəsiz ki, seçkilərdir. Səsvermədəki rəqəm toplusunun riyazi mahiyyəti isə birmənalı olaraq siyasi ahəngdə, ictimai ovqatda olur. Bu nəticələr həm də fəaliyyətin ya müsbət başlanğıcına, ya da mənfi sonluğuna çevrilir.

Bununla yanaşı, ictimai rəy sorğuları da dövlət rəhbərlərinin, siyasi xadimlərin fəaliyyətinə xalqın münasibətini öyrənmək baxımından mühüm vasitədir. Seçkilərin 5-7 il aralıq nisbətində keçirildiyini nəzərə aldıqda, sosioloji sorğuların əhəmiyyəti və zərurəti daha da artır.


Fransa şirkətinin sorğusunda sadə azərbaycanlıların sosial-siyasi baxışları necə əks olunub?


Elə Fransanın "Opinion Way” şirkətinin ötən ay Azərbaycanda keçirdiyi rəy sorğusunun dünən elan edilən nəticələri ölkəmizlə yanaşı, beynəlxalq miqyasda da böyük maraqla qarşılandı. Bu marağın səbəbləri çoxdur. Əvvəla, İlham Əliyevin prezidentliyinin bir ili tamam olur və xalqın etimad göstəricisinin bu müddətdə hansı səviyyədə qalmasını öyrənməyi təbii olaraq, hamı istəyir. Digər tərəfdən ötən 12 ay ərzində Prezident elə genişmiqyaslı islahatlar həyata keçirib ki, bu prosesə ictimaiyyətin münasibətini bilmək də vacibdir. Ümumilikdə isə vətəndaşlarımızın məmləkətin sosial, iqtisadi, siyasi, hərbi sahələrdəki proseslərinə rəyini mütəmadi olaraq öyrənmək və buna müvafiq təhlillər aparmaq da mühüm məqamdır.

Bəs Fransanın tanınmış "Opinion Way” şirkətinin sorğusunda sadə azərbaycanlıların sosial-siyasi baxışları necə əks olunub? Dərin təhlillər elə ilkin təəssüratı tamamlayır: Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti İlham Əliyevin liderliyindən, fəaliyyətindən və islahatlar kursunun nəticələrindən tam razıdır.

Məsələn, Prezident İlham Əliyevin fəaliyyətini respondentlərin 85,1 faizi müsbət qiymətləndirdiyi halda, sorğunu iştirakçıların cəmi 6,8 faizi "mənfi” cavablandırıb. Yəni İlham Əliyevin siyasi liderliyi alternativsizliyini tam qoruyur.

Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi isə rəyi soruşulanların 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını dəyərləndirib. Dövlət başçısının islahatlar kursuna isə sorğuda iştirak edənlərin 90,5 faizi müsbət münasibət ifadə edib.

Bunlarla yanaşı, respondentlərin 89,9 faizi xarici siyasətə, 75,6 faizi Prezident İlham Əliyevin seçkiqabağı vədlərini yerinə yetirməsinə, 78,8 faizi həyata keçirilən kadr siyasətinə, 75,6 faizi korrupsiyanın aradan qaldırılması ilə bağlı görülən tədbirlərə, 93,1 faizi regionların sosial-iqtisadi inkişaf proqramının icrasına, 90,4 faizi Prezidentin bölgələrə səfərlərinin faydalılıq əmsalına müsbət rəyini bildirib.


Xalqın ali xidmətçisi


Prezident İlham Əliyevə vətəndaşların 85,1 faizlik etimadı bir fakt olaraq nə qədər coşğu və qürur yaratsa da, ölkə rəhbərinin son 16 illik fəaliyyəti konteksti baxımından bu, təbii qiymətləndirmədir. Qədirbilən millətdən, son 26 il ərzində xaosdan tərəqqiyə keçidin məşəqqətlərini unutmayan vətəndaşlardan başqa münasibət gözləmək də əsla mümkün deyil.

Bəlkə də rəqəmlər üzərində baş sındırmağa, araşdırma aparmağa lüzum da yoxdur. Çünki bunlar hər halda quru statistikadır. Əsas göstərici daha canlıdır - xalqın hər addımbaşı özünü əzəmətlə göstərən inamı, etimadı, səmimiyyətidir. Əsas göstərici bu xalqın qocalı-cavanlı, kişili-qadınlı hər bir zümrəsinin Ali Baş Komandanın əmri ilə Qarabağa doğru yürüşə hazır olmasıdır.

Son iki ayda 3 milyondan artıq vətəndaşın sosial rifahına birbaşa müsbət təsir göstərən addımlar atan Prezident davamlı olaraq sübut etdi ki, hər bir azərbaycanlının Prezidentidir. Şəhid anasının qalxmasına imkan vermədən özü onun yanına gedən İlham Əliyev 10 milyonuncu körpə həmvətənimizi də məhz elə xəstəxana palatasında ziyarət etməklə, "mən xalqın xidmətçisiyəm” məramının şüar olmadığını göstərir. Evi zəlzələdən dağılmış insanların harayına gedərək ağbirçəyin əlini öpən, körpəni bağrına basan Lider 40 gün sonra yeni və daha əzəmətli mənzillərinin açarlarını onlara təqdim edərkən də xalqın inam ünvanına əbəs yerə çevrilmədiyini təsdiq edir. Öz səhvləri ucbatından ticarət mərkəzləri yanan sahibkarlar da məhz İlham Əliyevə pənah apardılar və hər cür yardımı gördülər.

Şəhid ailəsi, məcburi köçkün, müharibə veteranı və əlili, tələbə, təqaüdçü, sahibkar - bir sözlə, milyonlarla azərbaycanlı məhz ən böyük azərbaycanlını öz çətin günündə dayağı kimi qəbul etdi!

Bir sözlə, Prezident fəaliyyət fəlsəfəsinin - "biz yalnız Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edirik”, "Bizim üçün yeganə istinadgah yalnız xalqdır, onun rifahı, inamı və etimadıdır” amalının dəyişməzliyini son 16 ildə olduğu kimi, ötən bir ildə də hər gün sübut etdi!

Ötən bir il tarixin ən qüdrətli Azərbaycanının uğur salnaməsinə daha möhtəşəm səhifələr həkk etdirdi.

İlham Əliyevin yazdığı, yaratdığı tarixin sabah daha əzəmətli olacağına isə heç kəsin şübhəsi yoxdur. Çünki Liderin arxasında Xalq dayanıb!

İxtiyar HÜSEYNLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video