10 Aprel 2019 00:34
592
DÜNYA
A- A+

Brexit müəmmaya dönüb


Britaniya Aİ-dən çıxmaq vaxtını yenidən təxirə salmağa çalışır


Srağagün axşam Böyük Britaniya parlamentinin aşağı palatası - İcmalar Palatası Birləşmiş Krallığın Avropa İttifaqından (Aİ) çıxmasının (Brexit) təxirə salınması haqqında qanun qəbul etmişdir. Bundan əvvəl parlamentin yuxarı palatası - Lordlar Palatası qanun layihəsinə düzəlişlər etdikdən sonra aşağı palata sənədə yenidən baxmış və qəti qərara gəlmişdir.

Qanun layihəsinin müəllifi, leyborist deputat İvett Kuper qeyd etmişdir ki, parlamentin hər iki palatası işə məsuliyyətlə yanaşmış və belə bir mövqe nümayiş etdirmişdir ki, sazişsiz Brexit Britaniyada iş yerlərinə, istehsal və təhlükəsizliyə ağır zərbə vurar. Parlamentar əlavə etmişdir ki, qəbul olunmuş qanun Baş nazir Tereza Mey hökumətinin cari həftə ərzində Brexit üzrə sazişin parlamentdən keçməsinə kömək edəcək.

Məlum olduğu kimi, Londonla Brüssel arasında son razılaşmaya görə, Britaniya aprelin 12-də Aİ-dən çıxmalıdır. Bu dəfə isə Tereza Mey hökuməti Brexitin iyunun 30-dək təxirə salınmasına nail olmaq niyyətindədir. Özü də Baş nazir parlamentin sözügedən qanunun meydana çıxmasını gözləmədən ötən həftənin cümə günü Aİ Şurasının sədri Donald Tuska məktubla müraciət edərək Birləşmiş Krallığın Aİ-dən çıxmasını iyunun 30-dək təxirə salmağı xahiş etmişdir. Tuskun bu xahişə necə cavab verəcəyi hələ məlum deyil. Bununla belə, əldə olan məlumata görə, Aİ "boşanma”nı yalnız uzun müddətə - gələn il martın axırınadək təxirə salmaq variantına razıdır.

Aİ liderlərinin Brexit üzrə təcili sammiti bu günə planlaşdırılmışdır. Brüssel Britaniyanın Aİ-dən çıxmasının yeni tarixini təsdiqləməsə, Birləşmiş Krallıq aprelin 12-də Aİ-ni sazişsiz tərk etmək məcburiyyətində qalacaq.

Xatırlatmaq yerinə düşər ki, Britaniya parlamenti Brexit prosesi başlayandan bəri ölkənin Aİ-dən çıxması variantlarını yalnız rədd etməklə məşğul olmuşdur. "Boşanma”nın səkkiz variantı, o cümlədən Aİ ilə hər hansı saziş variantı üzrə referendumun keçirilməsi, sazişsiz Brexit, Aİ-dən çıxmaqdan imtina və dəqiqləşdirici razılaşmalarla sazişsiz Brexit təqdim olunmuşdu. Amma bütün bu variantlar İcmalar Palatasından keçə bilməmiş, nəticədə həm Londonu, həm də Brüsseli narahat edən qeyri-müəyyənlik şəraiti yaranmışdır.

Brexit prosesinin ən qəribə tərəfi odur ki, britaniyalı parlamentarlar Brüssellə razılaşdırılmış ayrılma sazişinin bu və ya digər müddəalarını yalnız tənqid etməklə kifayətlənir, çıxış yolu göstərməyə tələsmirdilər. İndisə belə bir vəziyyət yaranmışdır ki, Brexit prosesi Birləşmiş Krallıq Aİ-dən çıxarılanadək dalanda qalacaq və İcmalar Palatasının şıltaqlığından bezən Brüssel Londona sadəcə olaraq qapını göstərəcək. Başqa sözlə, Britaniya-Aİ "nikah”ı sövdələşmə əldə edilmədən pozulacaq.

Yeri gəlmişkən, Aİ dövlətləri sazişsiz Brexit variantına hazırlaşır, çünki Londonla ortaq məxrəcə gəlməyin mümkün olacağına ümid qalmamışdır. Ona görə də Aİ liderləri belə bir vəziyyətdən daha az zərərlə çıxmaq barədə düşünürlər.

Brüsselin belə bir mövqeyi əsassız deyil. Britaniya parlamenti Brexitin şərtlərini Londonun xeyrinə dəyişdirməyi tələb edir, xüsusilə keçid dövründə İrlandiya Respublikası ilə Birləşmiş Krallığın bir hissəsi olan Şimali İrlandiya arasında sərhədin şəffaf qalmasına müsbət yanaşmır. Lakin Aİ rəhbərliyi Londonla razılaşdırılmış Brexit şərtlərinə yenidən baxmaq niyyətində deyil, çünki belə olan halda Britaniya hökuməti ilə uzun-uzadı yeni danışıqlar aparmaq lazım gələcək. Lakin indidən aydındır ki, yeni danışıqların məqsədi hansısa anlaşılmaz məsələni tənzimləmək yox, Londonun Brüsseldən əlavə güzəştlər qoparmaq cəhdidir. Amma çətin ki, Aİ liderləri əldə olunmuş kompromis əvəzinə hansısa şantaja boyun əysinlər. Özü də Brexitin təkrar-təkrar təxirə salınması əvvəllər tərəflərə nə verib ki, bundan sonra da nəsə versin?

Digər tətəfdən, Aİ Brexitin yenidən təxirə salınmasını qəbul etmir, məsələnin həllinə tezliklə nail olmağı üstün tutur. Bu il mayın 23-26-da Avropa Parlamentinə (AP) seçkilər keçiriləcək. Britaniya mayın 23-dək Aİ-dən çıxmasa, AP-a seçkilərdə iştirak etmək məcburiyyətində qalacaq. Axı Aİ-ni tərk edən bir ölkənin Birliyin qanunvericilik orqanında əvvəlcə təmsil olunması, sonra da çıxması Brüsselin nəyinə lazımdır?

Belə bir məqam da diqqətdən qaçmır ki, London Brexit proseduru başlayandan bəri itirməkdə davam edir. ABŞ-ın "Goldman Sachs” bankının londonlu mütəxəssisləri bildirmişlər ki, Britaniyanın Aİ-dən çıxacağı üzündən ölkə iqtisadiyyatının aprelin 1-dək itkisi 87 milyard funt sterlinq (114 milyard ABŞ dollarından çox) olmuşdur. Bankın hesablamalarına görə, 2016-cı ilin iyununda keçirilmiş Brexit referendumundan bəri ölkə hər həftə 600 milyon funt sterlinq (təxminən 787 milyon dollar) itirirdi. Birləşmiş Krallıq indiyədək öz ÜDM-nin 2,5 faizindən məhrum olmuşdur. Qeyri-müəyyənliklə bağlı risklər referendumdan dərhal sonra investisiya qoyuluşunun həcminə mənfi təsir göstərmişdir.

Bank Britaniyanın Aİ-dən çıxmaması ehtimalını da nəzərdən keçirmişdir. Bu variantın reallaşacağı təqdirdə "Goldman Sachs”ın ekspertləri hesab edirlər ki, Britaniya iqtisadiyyatı sürətlə möhkəmlənməyə başlayacaq, son illər itirdiklərini geri qaytaracaq, funtun məzənnəsi təqribən 10 faiz artacaq. Britaniya parlamentinin rədd etdiyi sazişsiz Brexit ssenarisinə gəlincə, o, ölkə ÜDM-nin əlavə olaraq 5,5 faiz itirməsinə və funtun məzənnəsinin 17 faiz aşağı düşməsinə gətirib çıxara bilər.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video