09 Aprel 2019 00:45
602
İQTİSADİYYAT
A- A+

Azərbaycanda dayanıqlı və sabit iqtisadi inkişaf var


Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə "Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda III Regional Forum keçirilmişdir


6 aprel 2019-cu il tarixdə Ağstafa rayonunun Heydər Əliyev Mərkəzində "Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda III Regional Forum öz işinə başlamışdır.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə keçirilən forumda rayon icra başçıları və onların nümayəndələri, sahibkarlar, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DOST Agentliyi, Dövlət Reklam Agentliyi və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri iştirak ediblər.

Forum öz işinə başlamazdan əvvəl tədbir iştirakçıları Ağstafa rayonunda ulu öndər Heydər Əliyevin büstünün önünə əklil qoyublar.

Forumu giriş nitqi ilə açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsi Azərbaycan iqtisadiyyatının potensial imkanlarının daha da yüksəlməsinə şərait yaratmış, nəticədə bu gün Azərbaycanda dayanıqlı və sabit iqtisadi sistem formalaşmışdır. Ölkənin iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, neft hasilatının və gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi Prezident İlham Əliyevin iqtisadi siyasətinin ana xəttini təşkil edir.

Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də sahibkarlığın inkişafı ilə bağlıdır. Sahibkarlığa dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi nəticəsində mühüm nailiyyətlər əldə edilmiş, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin formalaşması iri şəhərlərlə yanaşı, regionlarda da sahibkarlığın inkişafına münbit şərait yaratmışdır.

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində son 15 ildə ümumi daxili məhsul 3,2 dəfə artmışdır ki, bu da dünya miqyasında rekord göstəricidir.

Regionlarda sahibkarlığın inkişafını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 29 yanvar 2019-cu il tarixli "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında fərman imzalamışdır.

Statistik məlumatlara əsasən, hazırda Azərbaycanda 970 min sahibkar qeydiyyatdadır və onların böyük əksəriyyəti aktiv fəaliyyətlə məşğuldur. Təkcə 2018-ci ildə Azərbaycanda 87 mindən çox sahibkar vergi orqanlarında qeydiyyata alınıb ki, bunların da 50,4 faizi məhz regionlarda çalışan sahibkarlıq subyektləridir.

Regionlarda digər sahələrlə yanaşı, aqrar-sənaye kompleksinin də sürətli inkişafına nail olunmuşdur. Nəzərə almalıyıq ki, ölkə üzrə ümumi daxili məhsulun 5,6 faizi kənd təsərrüfatında istehsal edilir. Əhalinin 47 faizi kənd yerlərində yaşayır və məşğul əhalinin 36,3 faizi kənd təsərrüfatında çalışır.

Məmməd Musayev bildirib ki, regionlarda sahibkarların sayının artması sevindirici haldır və bu proses ölkəmizin ümumi tərəqqisinə mühüm töhfələr verir: "Ona görə də hesab edirəm ki, Ağstafada keçirilən III Regional Forum məhsuldar olacaq və qarşıya qoyulan hədəflərə nail olmaq, sahibkarları düşündürən məsələlərin həlli yollarını araşdırmaq üçün yeni imkanlar açacaqdır”.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Niftalı Qasımov çıxış ediblər.

Çıxışlardan sonra forum panellərdə işini davam etdirib. Panel sessiyalarda aidiyyəti qurumların nümayəndələri tərəfindən Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, KOB dostları və KOB evləri, kənd təsərrüfatı məhsulları və texnikasına verilən kreditləşmə qaydası, ABAD məhsullarının təqdimatı, Yaşıl Dəhliz Layihəsinin təqdimatı, qida təhlükəsizliyi haqqında qanunun ictimai müzakirəsi, Regionlarda DOST Agentliyinin rolu, Açıq Məkanda Reklam üçün Qanunvericiliyin Tələbləri və "Azexport” və "Enterprise Azerbaijan” portalları haqqında məlumatlar təqdim olunub.

Forumun işi tədbir iştirakçılarının Ağstafa rayonundakı bir neçə müəssisəyə təşkil olunan səfərləri ilə başa çatıb.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video