09 Aprel 2019 00:34
2214
İQTİSADİYYAT
A- A+

İqtisadi islahatların sosial hədəfi - əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması


Son dövrlər aparılan iqtisadi islahatların əsasən əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəldiyini heç kim dana bilməz. Buna nail olmaq üçün dövlətin həyata keçirdiyi çoxsaylı, davamlı tədbirlərdən biri mütəmadi olaraq pensiya, təqaüd və sosial müavinətlərin artırılması, həmin kateqoriyadan olan insanların inflyasiya və istehlak səbəti müəyyən edildikdən sonra pensiyalarının baza hissəsinin buna uyğun olaraq indeksləşdirilməsi, həmçinin digər sosial ödənişlərin yüksəldilməsidir.

Aparılan sosial islahatların nəticəsinin təhlili göstərir ki, buna nail olunur. Belə ki, son dövr maaşlar 7, pensiyalar 9, minimum əməkhaqqı 6,5 dəfə artmışdır.

Dövlət başçısının təşəbbüsü ilə minimum əmək pensiyasının artırılması üçün qəbul olunan qanun da əhalinin sosial müdafiəsinin yaxşılaşmasına xidmət edir. Həmin qanuna əsasən əmək pensiyasının minimum məbləği martın 1-dən 38,5 faiz artırılaraq 116, bir sıra kateqoriyalar üzrə isə 80 manatdan 160 manata çatdırılmışdır. Minimum pensiya məbləğinin artırılması 223 min pensiyaçını, o cümlədən 140 min əlilliyə görə pensiya alan şəxsi əhatə edir. Həmin kateqoriyadan olanların 9 min nəfərinin pensiyasında 93 (yəni 75 manat), 26 min nəfərin pensiyasında 30 (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (27 manat) artım olmuşdur. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna cari ilin 10 ayında, yəni martdan dekabradək 41 milyon, illik isə 49 milyon manat əlavə vəsait yönəldiləcək.

Ötən il də dövlət başçısı əhalinin sosial rifahının yaxşılaşdırılması üçün bir sıra sərəncamlar imzalayıb. Ölkədə pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə imzalanan 19 fevral 2018-ci il tarixli sərəncamla orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.

Dövlət başçısının "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 23 fevral 2018-ci il tarixli sərəncamı həmin ilin mart ayının 1-də qüvvəyə minib. Təkcə bu sərəncamla yaşa və əlilliyə, ailə başçısını itirməyə görə, sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqlara, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına verilən sosial müavinətlər 10 faiz yüksəlib. Bu, eləcə də müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına, əmək pensiyası almaq hüququ olmayan Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranlarına və digər kateqoriyadan olan şəxslərə şamil edilib.

Prezident İlham Əliyevin "Minimum aylıq əməkhaqqının artırılması haqqında” 8 fevral 2019-cu il tarixli sərəncamına əsasən isə, cari il martın 1-dən ölkə üzrə minimum aylıq əməkhaqqı 180 manat müəyyən olunub. Sərəncamın imzalanması 600 min nəfərin minimum 180 manat aylıq əməkhaqqı almasını təmin edir. Bu, istər dövlət, istərsə də özəl sektorlarda fəaliyyət göstərən həmin kateqoriyadan olan bütün insanlara aiddir.

Mütəxəssislər qeyd edirlər ki, həmin sərəncamdan sonra dövlət sektorunda çalışan 450 min, özəl sektorda işləyənlərdən isə 150 min nəfərin əməkhaqlarında 30 faiz artım olub. Ancaq dövlətin əsas hədəfi qarşıdakı illərdə minimum əməkhaqqını ölkə üzrə orta aylıq əməkhaqqının 60 faizinə çatdırmaqdır.

Prezidentin imzaladığı 14 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi nəticəsində bu kateqoriyadan olan tələbələr martın 1-dən 210 manat təqaüd alırlar. Xatırladaq ki, əvvəl əlaçı tələbələrin təqaüdü 185 manat idi. Prezidentin "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 14 fevral 2019-cu il tarixli sərəncamına əsasən isə, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı martın 1-dən 16 min vahid artırılıb və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayında olan nisbəti 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq 50 faizdən az olmayaraq müəyyənləşdirilib. Göründüyü kimi, bu sənəd daha çox tələbənin təqaüd alaraq öz sosial müdafiəsini gücləndirməsinə xidmət edir.

Dövlət başçısının imzaladığı başqa bir sənəd - 14 fevral 2019-cu il tarixli "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncam isə elm və magistraturada oxuyanların bir çox kateqoriyasını əhatə edir. Bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyevin "Bizim bütün fəaliyyətimizin mərkəzində Azərbaycan vətəndaşının sosial müdafiəsinin gücləndirilməsi durur” siyasəti ardıcıl tədbirlərlə özünün təsdiqini tapır.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video