09 Aprel 2019 00:31
1061
Təhsil
A- A+

Gəncə təhsilinin uğurları


Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu nailiyyətdə böyük xidmətləri olub


Son illər respublikamızda iqtisadiyyatın sürətli inkişafı digər sahələrdə olduğu kimi, təhsil sistemində də köklü dəyişikliklərə səbəb olmuşdur. Təsadüfi deyil ki, təhsili Azərbaycanın dinamik inkişafının əsas amillərindən biri hesab edən Prezident İlham Əliyev ölkə rəhbəri seçildiyi gündən bu vacib sahəni dövlət siyasətinin əsas prioritetlərindən biri kimi daim diqqət mərkəzində saxlamışdır.

Ölkəmizin işıqlı gələcəyini təhsilin inkişafında görən dövlət başçısının diqqət və qayğısı sayəsində bu istiqamətdə çoxlu sayda işlər həyata keçirilmişdir ki, bunun da nəticəsində Azərbaycan təhsil sistemi dünya təhsil sisteminə inteqrasiya etmişdir. Təkcə onu demək kifayətdir ki, respublikada mövcud olan məktəblərin 80 faizi yenilənmiş, şagirdlərin ən müasir məktəblərdə təhsil almaları üçün geniş imkanlar yaradılmışdır.

Azərbaycan təhsilinin inkişafında "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi əhəmiyyət daşıyır. Yaradıcısı və müəllifi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olan bu proqram çərçivəsində həyata keçirilən işləri bu gün saymaqla bitməz. Bu uğurlar Gəncənin timsalında aydın görünür. Qədim Nizami yurduna hər səfərində Gəncə təhsilinə yeni-yeni töhfələr verən ölkənin birinci xanımı ümumtəhsil məktəblərində olur, təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məqsədilə məsləhət və təkliflərini verir. İftixar hissi ilə qeyd etmək lazımdır ki, son 15 ildə dövlət başçısı İlham Əliyevlə Mehriban xanım Əliyevanın Gəncəyə birgə səfərlərindən sonra şəhərdə 34 tam orta məktəb əsaslı şəkildə təmir edilmiş, 4 məktəbdə əlavə korpuslar tikilmişdir. Uşaq-Gənclər İnkişaf Mərkəzi və Gəncə Şəhər Təhsil İdarəsi üçün yeni inzibati binalar inşa edilmişdir.

2014-cü il oktyabr ayının 18-də Prezident İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın Gəncə şəhərinə növbəti səfərləri zamanı 1960 şagirdlik 4 saylı tam orta məktəbin, 2016-cı il fevralın 17-də 2200 şagirdlik Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin açılışlarında iştirak etmələri bu gün də şəhərin təhsil işçilərinin qəlbində ən xoş anlar kimi yaşayır.

Cari ilin fevral ayının 14-ü də Gəncənin pedaqoji kollektivləri üçün unudulmaz oldu. Həmin gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncəyə səfərləri çərçivəsində bir neçə orta məktəbdə oldular. 18 saylı tam orta məktəbdə keçirilən görüşdə məktəbin direktoru Mətanət Rzayeva bu təhsil ocağında sonuncu dəfə 1988-ci ildə cari təmir işləri aparıldığını və hazırda əsaslı şəkildə yenidənqurmaya ehtiyacı olduğunu bildirdi. Qeyd olundu ki, 1965-ci ildən istismarda olan məktəbdə tədris Azərbaycan və rus bölmələrində aparılır. 39 sinifdən 28-i Azərbaycan, 11-i isə rus bölməsidir. 640 yerlik məktəbdə hazırda 795 şagird təhsil alır. Keçən il məktəbi bitirən 61 məzundan 20-si müxtəlif ali məktəblərə daxil olub. Qəbul imtahanlarında məktəb üzrə 4 nəfər 600-dən, 5 nəfər isə 500-dən yuxarı bal toplayıb.

Məktəbin müasir tələblərə cavab verməməsinə baxmayaraq, qazanılan uğurlardan razı qalan ölkənin birinci xanımı kollektiv qarşısında dedi: "Sizə uğurlar arzulayıram. Gələn dəfə sizinlə yeni məktəbdə görüşəcəyik. Sizin üçün burada ən yaxşı şərait yaradılacaq. Əsas odur ki, siz yaxşı oxuyun, bilikli, güclü, vətənpərvər olun”.

Məktəbə gəldiklərinə görə müəllim və şagirdlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Həmin gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncədəki uşaq evinə də baş çəkdilər. Qeyd edək ki, müəssisə 1997-ci ildən fəaliyyət göstərir və 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub. İkimərtəbəli binada 4 yataq otağı, psixoloq, həkim, kompüter, əmək və istirahət otaqları, mətbəx və yeməkxana, böyük idman zalı var. 80 nəfərlik uşaq evində hazırda 40-ı oğlan, 28-i qız olmaqla, ümumilikdə 68 uşaq tərbiyə alır.

Birinci vitse-prezident Gəncə məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də qayğısını əsirgəmir. Gəncəyə hər səfərində orta məktəblərə baş çəkən ölkənin birinci xanımı ona edilən bütün xahişlərin yerinə yetirilməsi üçün göstərişlər verir. Yaradılan şərait təhsil infrastrukturunun yenilənməsinə, təlim-tərbiyənin və təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına, pedaqoji kollektivlərdə işgüzarlığın yüksəlməsinə müstəsna və əhəmiyyətli dərəcədə təsir edir. Bu qayğı ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında, eləcə də ali və orta təhsil ixtisas müəssisələrinə qəbulda özünü göstərir.

Son illər Gəncədə təhsildə sürətli inkişafa nail olmaq üçün kifayət qədər geniş proqramlar icra edilir. Bunlardan biri də təmayüllü siniflərin təşkilidir. Bu məqsədlə 2015-2016-cı tədris ilindən başlayaraq indiyədək 10 məktəbdə təmayüllü siniflər yaradılmışdır. 2018-2019-cu tədris ilində isə 22 məktəb üzrə 34 təmayüllü sinif təşkil edilmişdir. Sevindirici haldır ki, keçən tədris ilində təmayüllü sinifləri bitirən məzunların 81 faizi yüksək göstəricilərlə ali məktəblərə daxil olmuşdur.

"Xüsusi istedadlar” siniflərinin yaradılması da müsbət nəticələr verir. İsrafil Məmmədov adına 27 nömrəli fizika-riyaziyyat-informatika təmayüllü liseydə 5-ci sinifdən başlayaraq yaradılmış "Xüsusi istedadlar” sinfinin ilk buraxılışı olan 17 məzunun hamısı ali məktəblərə daxil olmuşdur. Onlardan 7 nəfəri 600-dən yuxarı, 10 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzinin statistik məlumatına əsasən, Gəncənin keçən tədris ilinin məzunlarından 1991 nəfər ali məktəblərə qəbul üçün sənəd vermiş, onlardan 1048 nəfər tələbə adını qazanmış, 61 nəfər isə xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuşdur. 20-dən artıq məzun İngiltərə, Polşa, Türkiyə, Rusiya, Sinqapur və Cənubi Koreya universitetlərində təhsil almaq hüququ qazanmışdır ki, bu da dövlət başçısının, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncə təhsilinə diqqət və qayğısının bariz nümunəsidir.

Gəncə məktəbliləri ümumşəhər və respublika üzrə keçirilən müsabiqə və olimpiadalarda da öz biliklərini yüksək səviyyədə nümayiş etdirirlər. Məhz bunun nəticəsidir ki, son illər Gəncə məktəbliləri respublika üzrə keçirilən müsabiqə və olimpiadalarda 28 qızıl, 31 gümüş, 36 bürünc medal qazanmışlar.

Təhsilin keyfiyyətini yüksəltmək, dərs deyən müəllimlərin məsuliyyətini artırmaq məqsədilə şəhər təhsil idarəsində təşkilat komitəsi və işçi qrupu yaradılmışdır. Təkilat komitəsi videoçəkiliş aparmaqla müəllimlərin mühazirələrini dinləmiş və qiymətləndirmə aparmışdır. Dinləmələr zamanı yüksək dəyərləndirilmiş 5 mühazirə respublika mərhələsinə təqdim olunmuşdur. Bu mühazirələrin 3-ü respublika mərhələsində II və IV yerləri tutmuşdur.

Gəncə Şəhər Təhsil İdarəsinin rəisi Zakir Hüseynovla söhbət zamanı dedi ki, digər sahələrdə olduğu kimi, son illər Gəncə təhsil sistemində də bir çox uğurlara imza atılıb. Söz yox ki, bu uğurların mərkəzində möhtərəm Prezidentin apardığı məqsədyönlü siyasət dayanır. Yeni məktəb və məktəbəqədər uşaq tərbiyə müəssisələrinin tikilməsinin, olanların əsaslı təmir edilməsinin təşəbbüskarı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da təhsilin inkişafına töhfəsi böyükdür.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video