08 Aprel 2019 12:17
1518
PARLAMENT
A- A+

Milli Məclisdə TürkPA-nın İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası keçirilib


Aprelin 8-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin deputatları, diplomatlar, TürkPA Katibliyinin əməkdaşları iştirak ediblər.

İclası açan komissiyanın sədr müavini, Qırğızıstan Joqorku Keneşinin (parlament) üzvü Salaidin Aydarov bildirib ki, dünya bazarına inteqrasiya baxımından elm və iş adamlarının qarşılıqlı əməkdaşlığı çox vacibdir. Elmin iş adamlarına dəstək verməsi, texnoloji yeniliklərin tətbiqi, bu sahədə qanunvericiliyin yenilənməsi baxımından bu tədbir mühüm əhəmiyyət kəsb edir. Vurğulanıb ki, iclasda "Ortaq texnologiyanın inkişafı: TürkPA üzv ölkələrinin elm və iş birlikləri arasında çoxtərəfli əməkdaşlıq” mövzusunda hesabat layihəsi ətrafında müzakirələr aparılacaq, tövsiyə qərarı qəbul ediləcək.

Türkiyə Böyük Millət Məclisinin üzvü Mustafa Levent Karahocagil bildirib ki, yeni texnologiyalar istehsal prosesinə əhəmiyyətli dərəcədə töhfə verə bilir. Texnologiyanın inkişafı isə elmsiz mümkün deyil. Bunun üçün də texnologiyanın inkişafına kömək edə biləcək yerli mütəxəssislərin xarici ölkələrə üz tutmasının qarşısı alınmalıdır. Qeyd olunub ki, türk dünyasının vahid İş Şurasının yaradılması prezidentlərimizin də razılaşdığı bir məsələdir.

Qırğızıstanlı ekspert Şarabidin Amatov öz ölkəsində yeni texnologiyaların tətbiqi vəziyyəti barədə məlumat verib. O, təbii sərvətlərdən düzgün istifadə etmək üçün Qırğızıstanda yeni texnologiyaların tətbiqi üçün görülən işlərdən danışıb.

Qazaxıstan Senatının üzvü Sarsenbay Yensegenov, Azərbaycan Milli Məclisinin deputatı İlham Əliyev, TürkPA-nın baş katibi Altınbek Mamayusupov hesabat layihəsi barədə qeyd və təkliflərini bildiriblər.

Müzakirələrin sonunda "Ortaq texnologiyanın inkişafı: TürkPA üzv ölkələrinin elm və iş birlikləri arasında çoxtərəfli əməkdaşlıq” mövzusunda tövsiyə qərarı qəbul olunub. İclasda bir sıra təşkilati məsələlərə də baxılıb.

Tədbirə yekun vuran komissiyanın sədr müavini, Qırğızıstan Joqorku Keneşinin üzvü Salaidin Aydarov iclasın yüksək səviyyədə təşkilinə görə Milli Məclisin rəhbərliyinə təşəkkürünü bildirib.

Bununla da Türkdilli Ölkələrin Parlament Assambleyasının İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video