07 Aprel 2019 00:29
4028
Mədəniyyət
A- A+

Misgərlik


Qədim xalq sənət növlərindən biri olan misgərlik Dəmir dövründən qalmadır. Azərbaycanda misgərliyin yaranması çox erkən dövrlərə təsadüf edir. Ölkəmiz onun inkişaf edən mərkəzlərindən biri olub. Bu ərazilərdə tapılan ilk mis metal işləmələrin tarixi Neolit dövrünə aiddir. Miladdan əvvəl VI minillikdə mis əldə edildikdən sonra ondan müxtəlif əşyalar hazırlanıb.

Bir sənət kimi onun təşəkkülü artıq orta əsrlərdə böyük şəhərlərin misgərlik mərkəzinə çevrilməsinə gətirib çıxarıb. Azərbaycanda misgərliyin hələ erkən dövrlərdən yüksək inkişaf etdiyini bir sıra Avropa ölkələrində, o cümlədən Rusiya muzeylərində saxlanan mis eksponatlar da sübut edir.

Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında olmuş venesiyalı səyyah Kontarinin yazdığına görə, burada hər gün hökmdarın ətrafındakı təxminən 400 nəfərə mis qablarda yemək verilirmiş.

XX əsrin əvvəllərində Azərbaycan misgərlərinin hazırladığı məmulatlar müxtəlif sərgilərdə nümayiş etdirilərkən yüksək qiymətləndirilib və mükafatlandırılıb.

Mis üzərində işləyən sənətkarlar imzalarını onun üzərinə həkk etdikləri üçün dünya muzeylərində saxlanan Azərbaycan mədəniyyətinin bu təkrarolunmaz incilərini başqa xalqların öz adlarına çıxması mümkün deyil. Misdən hazırlanan əl işlərinin 40-dan artıq növü olub və beş qrupda ümumiləşdirilib: xörək, süfrə, su-ağartı qabları və məişət əşyaları.

Azərbaycanda misgərlik sənətinin mərkəzlərinin Təbriz, Gəncə, Naxçıvan, Şamaxı, Bakı, Ərdəbil, Lahıc (İsmayıllı) və s. olduğu söylənilir. XIX əsrdən başlayaraq Lahıc misgərliyin əsas mərkəzinə çevrilib. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, sərpuc, güyüm, teşt, məcməi, sini, dolça, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və s. məmulatlar Orta Asiya, Dağıstan, Gürcüstan, İran, Türkiyə və digər yerlərdə tanınıb.

Misgərliyin əsas mərkəzi hesab olunan Azərbaycanda bu qədim sənət növünün yaşadılması üçün bütün dövrlərdə müəyyən səbəblər olub. Son illər isə həmin səbəblərin sayı azaldıqca misgərlik məişətdə əhəmiyyətini itirmək təhlükəsi ilə üz-üzə qalıb.

Araşdırmalardan məlumdur ki, Şərqdən Şimali Azərbaycana gətirilən misgərlik sonralar cənuba - İrana keçib, oradan isə Orta Asiya respublikalarına. Misgərliyin kökü Azərbaycanda 500 il bundan öncələrə qədər gedib çıxır. Bu sənət nümunələrinin hər biri tədqiq olunmalı əsərdir. Bir qabın üstündə sənətkar iki il işləyibsə ona, sadəcə, qab demək olmaz.

Ustaların misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri məmulatlar Türkiyə, Orta Asiya, Dağıstan, Gürcüstan, İran və digər yerlərdə uzun illər ərzində tanınıb. Bu qədim sənət növü mis dövründən cilalana-cilalana bugünədək yol gəlib. Onu davam etdirənlərdən biri də Kamal Mustafayevdir. Deyir ki, misgərlər səbirli, incə, zərif zövqə malik olmalıdırlar. Alın təri tökmək hər sənətdə olduğu kimi, burada da vacib hesab edilir.

Mis qab-qacaqların sayının və çeşidinin azalması təkcə peşəkar misgərlərin barmaqla sayılmasından irəli gəlmir. Şüşə və digər keramika məmulatlarından hazırlanan məhsullara maraq artdıqca mis qablar kolleksiyaçılar tərəfindən toplanır və nəticədə onlar muzey eksponatına çevrilir.

Azərbaycanda elə yerlər olub ki, orada nəinki bir-iki küçədə, hətta misgərliklə məşğul olmaq kütləvi hal alıb. Belə mərkəzlərdən biri o vaxtlar Şamaxı xanlığına daxil olan Lahıc (hazırda İsmayıllı rayonunun ən qədim sənətkarlıq və yaşayış məntəqəsidir) idi. Hələ XIX əsrin ortalarında Lahıcda 190-a yaxın mis karxanası olub. XIX-XX əsrlərdə Rusiyadan ucuz qiymətə gətirilən qab-qacaq bu sənətə təsir etsə də, böyük tarixə malik olan misgərlik yenə metalişləmədə əsas yerlərdən birini tutub. Misgərlik əvvəlki gücünü saxlamasa da, o, qədim el sənətinin daşıyıcıları tərəfindən yaşadılır.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video