06 Aprel 2019 00:43
987
Səhiyyə
A- A+

İnadkar mərəz


Son dövrlər insanlar arasında allergiya halları artıb. Hətta mübaliğəsiz demək olar ki, doğulan körpələrin böyük əksəriyyəti allergiyadan əziyyət çəkir. Bir çox hallarda allergiyanı törədən səbəblər barədə məlumatsızlıqdan bu hal daha da ağırlaşır və arzuolunmaz nəticələrə gətirib çıxarır. Hətta allergik qıcolmadan və anafilaktik şokdan dünyasını dəyişənlər də olur.

Allerqoloq Nahid Məhərrəmov bildirir ki, allergiya adətən immun sisteminin zəifləməsi nəticəsində yaranır. Allergiya bəzi heyvanların tükünə, müxtəlif məhsullara, toza, dərmanlara, kimyəvi maddələrə, həşərat sancmasına və bitki tozcuğuna qarşı yarana bilir: "Bəzi hallarda allergik reaksiyalar o qədər zəif təzahür edir ki, hətta siz özünüz də allergiya olduğunuzdan bixəbər ola bilərsiniz”.

Allerqoloq xəbərdarlıq edir ki, allergiyaya düçar olan insanlarda anafilaktik şok əmələ gələ bilər. Bu, orqanizmin allergenə qarşı yaranan son dərəcə kəskin reaksiyası olan ağır patoloji vəziyyətdir. Anafilaktik şok müxtəlif allergenlərdən törəyə bilər: dərman preparatlarından, həşəratların sancmasından, qida məhsullarından.

İnsan hər hansı bir məhsulu təhlükəli hesab edəndə isə qida allergiyası yaranır. Bu halda orqanizm özünü qorumaq üçün immun sistemini anticisimlər istehsal etməyə məcbur edir. Allergen bədənə təkrar daxil olduğu halda immun sistemi o maddəni tez tanıyır və yenidən anticisimlər istehsal etməklə dərhal reaksiya verir. Məhz elə bu maddələr allergik simptomlar yaradır.


Qurtulmaq mümkündür


Heyvanların qalın və quşların narın tükləri, toz, qida məhsulları, kosmetika, dərman preparatları, bitki tozcuqları, həmçinin siqaret tüstüsü də allergiya yaradan səbəblərdəndir. Əlamətlər allergik zökəm, astma, qızarmış və yaşaran gözlər, oynaqlarda ağrı və iltihab, ishal, qusma, mədə pozulması kimi özünü büruzə verir.

Ağırlaşma halları isə anafilaktik şok, çətinləşmiş, yaxud xışıltılı nəfəs, nəbzin sürətlənməsi, soyuq tər, yapışqan dəri, mədə spazmları, başgicəllənmələr, ürəkbulanma, kollaps (kəskin damar çatışmazlığı), qıcolmalardır. Tibbi yardım göstərilməyəndə ağır allergiya ölümlə nəticələnə bilər.

Həkim məsləhət görür ki, allergiyalı şəxs özündə olan bu halla bağlı dostlarına, qohumlarına, iş yoldaşlarına, həkimlərə, kosmetoloqlara məlumat verməlidir. Əsasən də tibbi preparatlara qarşı olan allergiyalar zamanı həkimə müraciət edilməlidir. Allergik zökəmin yüngül formalarında simptomları aradan qaldırmaq üçün axmaya qarşı damcılardan və spreylərdən istifadə edilə bilər. Əgər allergiya tibbi preparatdan yaranıbsa, dərhal onun qəbulunu dayandırmaq və həkimlə məsləhətləşmək lazımdır: "Allergiya yaradan maddələri müəyyən etməyə çalışın və onlardan hər zaman qaçın. Evinizin təmiz olmasına, toz, narın tükcüklər və gənə olmamasına nəzarət edin. Evi süpürəndə, yaxud tozsoranlayanda, mebellərinizi təmizləyəndə, yataq dəstini dəyişəndə, tozlu əşyalarla hər hansı təmasda burnunuzu tənzif və ya adi maskayla bağlayın. Ev heyvanlarına qarşı allergiya olduqda, onları evinizdə saxlamayın”.

Həkim onu da vurğuladı ki, allergiyadan birdəfələik yaxa qurtarmaq mümkündür: "Bunun üçün immun sistemini normallaşdırmaq lazımdır. Bu isə ancaq idman etməklə mümkündür. Bu zaman orqanizm təbii yolla güclənir. Allergiyanın asmatik prosesə çevrilməməsi üçünsə zamanında onu müalicə etmək lazımdır”.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video