04 Aprel 2019 00:26
2457
İQTİSADİYYAT
A- A+

Dövlətin bir əli də çoxuşaqlı ailələrin üstündədir


Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda əhalinin 50,1, məşğul əhalinin isə 48,2 faizini qadınlar təşkil edir. Hazırda ölkə həkimlərinin 62 faizi qadınlardan ibarətdir. Ümumi təhsil müəssisələrində müəllimlərin 80,1, orta ixtisas təhsil müəssisələrində 78,9, ali təhsil müəssisələrində 52 faizi qadınlardır. Elmi işçilərin 58,1 faizini qadınlar təşkil edir. Bu siyahını xeyli artırmaq da olar. Lakin elə sadalanan rəqəmlərin özü Azərbaycandakı gender bərabərliyindən, ölkədə qadınların təhsil alması, cəmiyyətin həyatında fəal iştirak etməsi üçün yaradılan imkan və şəraiti şərhsiz sübut edir.

Lakin tutduğu vəzifədən, qazandığı mövqedən asılı olmayaraq hər bir qadının ən ali missiyası ana olmaq, övlad tərbiyə etməkdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu barədə demişdir: "Əlbəttə, hər şəxsin formalaşmasında ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir. Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir... Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm. Əlbəttə, hər bir valideyn arzulayır ki, onun uşağı sağlam, bilikli, savadlı, xoşbəxt böyüsün və bunun üçün əlindən gələni edir”.

Hazırda ölkədə qadınların 53,4 faizi ana olmaq yaşındadır, statistik terminlə desək, nəsilvermə qabiliyyətinə malikdir. Doğrudur, indi çoxuşaqlı ailələrə hər addımbaşı rast gəlmək mümkün deyil. Günümüzdə üç uşağı olan ailə artıq çoxuşaqlı ailə sayılır. Bununla belə, hər cavan cütlüyün ən azı iki övlad sahibi olmaq arzusu realdır və əksər ailələrdə məhz iki körpə böyüməkdədir. Amma üç və daha çox uşağı olan ailələr də var.

Keçən il Azərbaycanda 138 min 982 uşaq anadan olub. Onlardan 2752-si əkiz, 117-si üçəm doğulanlardır.

Azərbaycan dövləti ailəyə, qadınların və uşaqların sağlamlığının, eləcə də hüquqlarının qorunmasına mühüm əhəmiyyət verir. Dövlətin sosial siyasətinin eyni zamanda əhalinin artımına hesablanması bunu təsdiqləyir. Artmaqda olan əhalinin ehtiyaclarını hərtərəfli ödəmək üçün dövlət çoxsaylı tədbirlər həyata keçirir. Xüsusilə ərzaq bolluğu yaradılmasına, yeni iş yerlərinin açılmasına önəm verilir. Yeni uşaq bağçaları və məktəblər tikilir, müalicə ocaqları istifadəyə verilir, idman kompleksləri inşa edilir.

Qadınların sağlamlığının keşiyində dayanan tibb müəssisələrinin şəbəkəsi ildən-ilə genişlənir. Hazırda ölkədə 17 doğum evi, 130 qadın məsləhətxanası, 248 uşaq poliklinikası və ambulatoriyası fəaliyyət göstərir.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı nitqində Prezident İlham Əliyev bu barədə demişdir: "Son 15 il ərzində 2 milyon yeni iş yeri yaradılmışdır. Əhalinin sayı isə 1,6 milyon artmışdır. Bu da çox gözəl göstəricidir. Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər. Ancaq, əlbəttə, biz bundan sonra da işimizi elə görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətli getsin, artan əhali işlə təmin olunsun”.

Dövlətimiz çoxuşaqlı ailələrə xüsusi dəstək göstərir. Dövlət başçısının son aylarda imzaladığı bir sıra sənədlər buna aydın misaldır. Məsələn, Prezidentin 25 fevral 2019-cu il tarixli "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamında uşağın anadan olmasına görə sosial müavinətin məbləğinin 200 manata çatdırıldığı bildirilib. Sərəncamda çoxuşaqlı analar da unudulmayıb. 5-dən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 55 manata çatdırılıb.

Xalqımızın mentaliteti də buna səsləyir. Çünki Azərbaycan ailəsi həmişə böyük, möhkəm, "qol-qanadlı” olub. Dar gündə qardaş-bacı, yaxın qohumlar bir-birinə hərtərəfli kömək edirlər. Şad günlərdə sevinclərini bölüşürlər.

Bir qoca nənə diqqətimizi belə bir məqama cəlb etdi: "Ailədə ən azı üç uşaq olmalıdır. Niyə? Çünki tək uşaq xudbin böyüyür. İki uşağın hərəsi hesab edir ki, bir alma, yaxud bir top məhz onun olmalıdır. Üç uşaq isə artıq almanın və topun bölünməzliyini başa düşüb bunları əldə etmək fikrindən daşınır. Yəni beləcə birgəyaşayış qaydaları yaranır, başqa sözlə, çoxuşaqlı ailədə kollektivçilik ruhu, paylaşmaq vərdişləri əmələ gəlir”.

Bir ağsaqqaldan isə ilk baxışda paradoksal səslənən belə bir fikir eşitmişik: "Ailədə uşaq birdirsə - çoxdur, on birdirsə - azdır”.

Fikrimizcə, açması budur ki, ailədə bircə uşağın olması belə az deyil - çox böyük nemətdir. Yəni uşaq varsa, deməli, ailə var. Və bir uşaq o qədər böyük xoşbəxtlikdir ki, taleyin elə bir böyük bəxşişidir ki, ondan on biri də olsa, yenə azdır.

Azərbaycan dövlətinin sosial siyasəti də hər ailənin xoşbəxtliyinə, orada sağlam uşaqların böyüməsinə yönəldilib.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video