03 Aprel 2019 13:24
3243
Turizm
A- A+

“AITF 2019” sərgisində dünyanın 17 ölkəsindən 189 şirkət və təşkilat iştirak edəcək


Aprelin 4-də Bakı Ekspo Mərkəzində 18-ci dəfə Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (ATIF - 2019) təşkil olunacaq. Aprelin 6-dək davam edəcək sərgi müxtəlif ölkələrin turizm bazarları, milli və regional turizm təşkilatları, eləcə də dövlət strukturlarının nümayəndələrini bir araya gətirəcəkdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri mətbuat konfransında sərginin regional direktoru Edvard Stroon deyib. Bildirib ki, builki sərgini fərqləndirən cəhət onun artıq Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar "HOREX Caucasus” sərgisi ilə eyni platformada keçirilməməsidir.

Marketinq araşdırmaları apararaq və eksponentlərin müraciətlərini nəzərə alaraq sərgi təşkilatçıları "HOREX Caucasus” sərgisini qida və qablaşdırma mövzusuna həsr olunmuş sərgilər ilə paralel keçirmək qərarına gəliblər. Beləliklə, bundan belə sırf turizm tədbiri formatında keçiriləcək "AITF” sərgisi bütün diqqəti gediş və gəliş turizminə, eləcə də işgüzar turizm - MICE sənayesinin inkişafına yönəldəcəkdir. Ölkəyə gələn turist axınının artması, Azərbaycanda müxtəlif irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi və beynəlxalq əlaqələrin inkişafı fonunda bu mövzunun aktuallığı heç bir şübhə doğurmur. MICE sektorunun aparıcı mexanizmlərindən biri olan sərgi turizm agentlikləri, aviaşirkətlər, eləcə də son istehlakçılar arasında əlaqə yaradır. Sərgi yerli və xarici mütəxəssislərin, o cümlədən dövlət strukturlarının görüş yeridir.

Qeyd edilib ki, "Bütün dünya. Bir sərgi” bu şüar altında keçirilən "AITF 2019” sərgisində dünyanın 17 ölkəsindən 189 şirkət və təşkilat iştirak edəcək. Belarus, Bolqarıstan, Çex Respublikası, Çin, Dominikan Respublikası, Gürcüstan, İtaliya, Mərakeş, Tailand və Türkiyənin milli qrupları öz ölkələrinin milli turizm büroları və səfirlikləri tərəfindən göstərilən dəstək sayəsində sərgidə iştirak edir.

Milli və regional stendlərdə kurort və sanatoriyalar, turizm şirkətləri və mehmanxana şəbəkələrinin nümayəndələri çalışacaqlar.

Dövlət Turizm Agentliyinin rəsmisi Kənan Quluzadə deyib ki, bu il Dominikan Respublikası Turizm Nazirliyi iştirakçı ölkələr arasında seçilmək və öz turizm istiqamətini daha parlaq şəkildə təqdim etmək məqsədilə "AITF 2019” sərgisinin sponsoru qismində çıxış edir. Onun sözlərinə görə, Azərbaycanın cəlbedici turizm destinasiyası kimi təqdim olunmasında "AITF” sərgisinin daşıdığı əhəmiyyət danılmazdır. Bu il tədbirdə debüt edən Azərbaycan Turizm Bürosu Azərbaycanın yenilənmiş turizm brendini öz stendində təqdim edəcək. Azərbaycanının turizm şirkətlərini, eləcə də otel və sanatoriyalarını öz stendində bir araya gətirən Azərbaycan Turizm Assosiasiyasının (AZTA) ekspozisiyası isə həm Azərbaycanda, həm də xaricdə turizm üzrə geniş təkliflər silsiləsini nümayiş etdirəcək. "AITF 2019” sərgisinin iştirakçıları üç gün ərzində öz təklifləri ilə yay və qış turizm mövsümlərini əhatə etməklə, turizm xidmətlərinin bütün spektrini görə biləcəklər.

Vurğulanıb ki, əvvəlki illərdə olduğu kimi, bu il də "AITF” sərgisində təhsil turizmi, idman turizmi, turizm sahəsində informasiya texnologiyaları, ov və balıqçılıq və bir sıra digər sektorlar təqdim olunacaq. Xüsusi sektor olan "Tibbi və Sağlamlıq Turizmi” çərçivəsində Belarus Respublikasını, Bolqarıstanı, Çex Respublikasını, Sloveniyanı və Rusiyanı təmsil edən sanatoriyalar, sağlamlıq və SPA mərkəzləri iştirak edirlər.

Konfransda çıxış edən digər natiqlər qeyd ediblər ki, "AITF” sərgisi həm də geniş işgüzar proqramdır. Belə ki, sərginin keçirildiyi günlər ərzində müxtəlif görüşlər, seminarlar və təqdimatlar təşkil ediləcək. 2019-cu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə "Nəsimi ili” elan edilib. Azərbaycan poeziyasının ilk incilərinin müəllifi olan İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatının formalaşmasında mühüm rol oynayıb. Nəsimi Azərbaycan divan poeziyasının atası və Azərbaycan ədəbi dilinin banisi hesab edilir. Bu münasibətlə sərginin üç iş günü ərzində qonaqlara "Nəsimi tarixi və yaradıcılığına səyahət” etmək və bununla da dahi şairin əziz xatirəsini yad edərək Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olmaq imkanı yaradılacaq.

Qeyd edək ki, bu il "AITF” sərgisi Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosunun fəal dəstəyi və iştirakı ilə keçiriləcək. Sərgi Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, BMT-nin Ümumdünya Turizm Təşkilatı (ÜTT) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (ASOTA) kimi beynəlxalq strukturlar tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində "Iteca Caspian” şirkəti çıxış edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video