03 Aprel 2019 09:24
463
CƏMİYYƏT
A- A+

Azərbaycanda akkreditə edilən diplomatik korpusun təmsilçiləri Samuxun sosial-iqtisadi və aqrar inkişafı ilə tanış olublar


Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri aprelin 2-də Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Gəncə şəhərə ilə tanışlıqlarını başa vurub, Samux rayonuna səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 60-dan çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatlar Samux rayonunun sosial-iqtisadi, xüsusən də aqrar potensialı ilə yaxından tanış olublar.
Əvvəlcə qonaqlar Samux Aqroenerji Yaşayış Kompleksinə gəliblər.

Bildirilib ki, son illər Azərbaycanda alternativ enerji mənbələrindən istifadəyə xüsusi diqqətin göstərilməsi bu sahədə yeni və səmərəli layihələrin icrası ilə yadda qalır. Belə layihələrdən biri də Samux Aqroenerji Yaşayış Kompleksidir. Alternativ və bərpa olunan enerji mənbələri hesabına hibrid tipli günəş, külək, geotermal, enerji və bioenerji istehsalı stansiyasından, enerji təminatlı kənd təsərrüfatı məhsullarının tədarükü, emalı, satışı sahələrindən ibarət olan kompleks özündə yüksək texnologiyaları, müasir idarəetmə sistemlərini birləşdirir. Bu, həm də ölkəmizdə həyata keçirilən üçpilləli enerji inkişafı modelinin tərkib hissələrindən biridir. Layihənin əsas məqsədi Samux rayonunun enerjiyə tələbatının tam yerli alternativ və bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi, bununla yanaşı, respublikamızın enerji və kənd təsərrüfatı məhsullarına tələbatının ödənilməsində iştirak və ixrac potensialının artırılmasıdır.

Məlumat verilib ki, layihənin 10-12 il müddətinə mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur. Kompleksdə dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində dövlət tərəfindən alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı sahələrinin yaradılması, alternativ və bərpa olunan enerji mənbələrinin yerli iqtisadiyyatın bütün sahələrinə tətbiqinin təmin edilməsi, yerli infrastrukturun inkişafında iştirak, özəl sektor tərəfindən isə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, logistika mərkəzinin və eləcə də burada fəaliyyət göstərən əməkdaşlar üçün müasir tipli yaşayış kompleksinin inşası planlaşdırılıb. Layihə 31 MVt elektrik və 48 MVt istilik generasiya gücünə malik hibrid tipli enerji stansiyasından, əkinçilik və bağçılıq sahələri, istixana, iribuynuzlu və xırdabuynuzlu heyvandarlıq, quşçuluq, balıqçılıq kompleksləri, arı ailələrinin yetişdirilməsi mərkəzi, süd və ət kombinatları, yem zavodu, logistika mərkəzindən və yaşayış kompleksindən ibarətdir.

Diqqətə çatdırılıb ki, Samux Aqroenerji Yaşayış Kompleksi alternativ və bərpa olunan enerji mənbələri hesabına işləyən hibrid enerji stansiyasında il ərzində istehsal ediləcək 120 milyon kilovat-saatdan artıq elektrik və 100 min hekakaloridən çox istilik enerjisi rayonun enerjiyə tələbatını tam ödəməklə, ildə 60 milyon kubmetr təbii qaza qənaət olunmasına və atmosferə buraxılan karbon qazının həcminin 90 min ton azaldılmasına imkan verəcək. Bununla yanaşı, aqrokompleksin tam fəaliyyəti ilə ildə on minlərlə ton meyvə-tərəvəz, süd və ət məhsullarının istehsalına, 2000-dən çox daimi yeni iş yerinin açılmasına şərait yaradacaq. Hazırda Aqroenerji Yaşayış Kompleksində birinci mərhələ üzrə işlər başa çatdırılıb və dövlət hesabına 3,8 MVt-lıq günəş-bioenerji elektrik stansiyası, 1,1 MVt-lıq istilik stansiyası, 10/0,4 kV-luq yarımstansiya quraşdırılıb. Həmçinin rezidentlərin iştirakı hesabına Aqroenerji Yaşayış Kompleksinin üçmərtəbəli inzibati binası, heyvandarlıq kompleksi inşa edilib, əkinçilik, bağçılıq, arıçılıq və istixana təsərrüfatları, maşın-mexanizm parkı yaradılıb. Bu layihə çərçivəsində Samux Aqroenerji Yaşayış Kompleksində "Azguntex” zavodunda hazırlanan meyvə quruducuları, soyuducu kameralar və səyyar rejimdə fəaliyyət göstərən günəş işıqlanması ilə təmin olunmuş turist çadırları, günəş əsaslı yol işıqlanma sistemləri tətbiq edilib.

Qeyd olunub ki, respublikamızda ilk dəfə günəş texnologiyaları ilə təmin edilən enerji effektli üzüm-tərəvəz istixanası və şəhid A.Nəbiyev küçəsində qurulmuş günəş enerjisi ilə çalışan işıq dirəkləri rayon sakinləri tərəfindən rəğbətlə qarşılanıb. Gələcəkdə bu texnologiyaların digər bölgələrdə də tətbiqi nəzərdə tutulub. Alternativ və bərpa olunan enerji mənbələrinin geniş tətbiqi istehlakçıların enerji ilə təchizatının təhlükəsizliyinin yüksəldilməsində, təbii qaza qənaət olunmasında, atmosferə atılan zərərli tullantıların azalmasında, ekoloji tarazlığın təmin olunması ilə innovativ inkişafın sürətlənməsində və yeni iş yerlərinin yaranmasında mühüm əhəmiyyətə malikdir. Samux Aqroenerji Yaşayış Kompleksi 50 mindən çox əhalisi olan bölgənin hibrid stansiyalarda istehsal olunan enerji ilə müstəqil rejimdə enerji təchizatını təmin edən ilk eksperimental poliqondur və bu təcrübənin digər rayonlarda və xarici ölkələrdə tətbiqi xüsusən enerji infrastrukturu olmayan bölgələrin enerji təminatı üçün geniş şərait yaradacaq.

Samux rayonunun aqrar potensialı ilə tanışlıq çərçivəsində qonaqlar "Agro Dairy” MMC tərəfindən görülən işlərlə yaxından tanış olublar.

Məlumat verilib ki, aqropark üçün rayon ərazisində 5 min hektar sahə ayrılıb. Aqroparkda infrastrukturun yaradılması üçün görülən işlər çərçivəsində 6 yarımstansiya qurulub, Qarasaqqal su kanalında nasosxana (5400 kubmetr-saat), 5 min kubmetrlik iki su anbarı və 3 nasosxana tikilib, 15 kilometr uzunluğunda su, 20 kilometrlik qaz xətti çəkilib. Əkin sahələrinin suvarılması üçün 2700 hektar sahədə 40 pivot qurulub. Aqroparkda 60 min tonluq taxıl anbarı kompleksi tikilib, 27 müasir texnika alınıb. Ötən ilin yazında aqroparkda 2662 hektar sahədə qarğıdalı əkilib. Məhsuldarlıq ilində sahədən 9175 ton qarğıdalı yığılıb. Sahə üzrə hər hektara görə orta məhsuldarlıq 34,5 sentner olub. Ötən ilin payızında, həmçinin bu il 328 hektar sahədə buğda, 148 hektar sahədə arpa olmaqla ümumilikdə 2476 hektar taxıl əkilib. Hazırda aqroparkda 250 nəfər işləyir. Yaxın vaxtlarda daha 50 nəfərin işlə təmin olunması nəzərdə tutulub.

Sonra qonaqlar aqroparkın taxıl anbarı, müasir texnikaları, əkin sahəsi və pivot sistemi ilə tanış olublar.

Qonaqların Samux rayonuna səfəri başa çatıb.

Diplomatları Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə müşayiət edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video