03 Aprel 2019 01:20
1544
İDMAN
A- A+

Sürətin Bakı triumfu


"Formula-1”in Azərbaycan nümunəsi növbəti dəfə özünü doğruldacaq


Aprelin 26-28-də Bakı sayca 4-cü dəfə dünyanın ən mötəbər idman yarışlarından birinə - "Formula-1” Azərbaycan Qran-prisinə evsahibliyi edəcək.

Son üç ildəki yarışlardan sonra yüksək təşkilatçılıqla nümunə göstərən ölkəmiz növbəti dəfə dünyanın ən güclü pilotlarını qarşılamağa hazırlaşır.

Artıq sürət yarışına sayılı günlər qalıb. Cari mövsümün 4-cü mərhələsi olan "Formula-1” Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə yaxından tanış olmaq üçün Bakı Şəhər Halqasına (BŞH) yollandıq. BŞH-nin Marketinq və kommunikasıya şöbəsinin müdiri Nigar Arpadarai bizimlə söhbəti zamanı hazırlıq işlərinin planauyğun şəkildə həyata keçirildiyini, yarış günü yaxınlaşdıqca həyəcanın artdığını vurğuladı.


Hər il təkmilləşdirilən təşkilatçılıq modeli


Bakı trekini əhatə edən tribunaların quraşdırılmasına, asfalt örtüyün yarışa hazır vəziyyətə gətirilməsi məqsədilə təmir-bərpa işlərinə çoxdan start verilib. Trek ətrafındakı tribunaların sayının hər zamankı kimi 9 olması nəzərdə tutulub. Ümumi tamaşaçı tutumu (ayaqüstü zonalar daxil olmaqla) 30 minə yaxındır. Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi isə 7,6 metrdir. Bu hissə trekin Qoşa qala divarlarının yanından keçən qismində yerləşir. Həm start xətti, həm də finiş xətti Azadlıq meydanının Abşeron tribunasının qarşısına düşən hissəsindədir. Trekdə 20 döngə var.

Bir çox ölkələrdə təbliğat işlərinin yüksək səviyyədə getdiyini diqqətə çatdıran Nigar Arpadarai şəhərin müxtəlif yerlərində reklam banerlərinin yerləşdirildiyini bildirdi: "Könüllülərin, marşalların təlimləri mərhələli şəkildə aparılır. Bu il yarışa 3 min könüllü, 1300 marşal cəlb olunacaq. Bütün işlər yarış həftəsinin əvvəlində tam yekunlaşacaq. Yarış şəhərin mərkəzində olduğu üçün yolları bağlaya bilmirik, ona görə də son işlər yarış həftəsinin ilk günlərində həyata keçiriləcək. "Formula-1” yarışı ölkəmizdə sayca 4-cü dəfə keçiriləcəyi üçün bunu artıq mənimsəyən, işləri vaxtında çatdırmağı bacaran təcrübəli komandamız var. İldən-ilə artan təcrübə sayəsində daha mükəmməl təşkilatçılıq modeli yaradılmağa çalışılır və buna da nail olunur”.


İlin ən yaxşı Qran-prisi


Nigar Arpadarai bildirdi ki, təşkilatçı olaraq bütün işlər, eləcə də gələn qonaqlar üçün hər cür şəraitin yaradılmasına görə məsuliyyət daşınılır. Son illərdə pilotların gərgin mübarizəsi Qran-priyə marağı daha da artırıb. Sevindirici haldır ki, Azərbaycan son 3 ildə "Formula-1”ə evsahibliyi etməklə növbəti dəfə beynəlxalq tədbirlərin dəyişilməz ünvanı olduğunu nümayiş etdirdi. Azərbaycan Qran-prisi ardıcıl olaraq 2 il beynəlxalq media və "Formula-1” azarkeşləri tərəfindən "İlin ən yaxşı Qran-prisi” adına layiq görülüb. Bu isə, sözsüz ki, həm də pilotların trekdə apardığı möhtəşəm mübarizənin, rəqabətin nəticəsidir. Bir məqamı da qeyd edək ki, Bakı trekinin forması çox maraqlı qurulub. Həm güclü rəqabət aparmaq, həm də ötmələr etmək baxımından əlverişlidir.

O da qeyd olundu ki, bu il daha maraqlı mövsüm olacaq. Çünki pilotlar və komandalarda dəyişikliklər var. Eyni zamanda daha gənc pilotların mübarizəyə qoşulması "Formula-1”ə marağı daha da artıracaq.


Zəngin və fərqli əyləncə proqramı hazırlanıb


Bu dəfə əyləncə proqramı daha zəngin olacaq. Bildirildi ki, artıq bulvar ərazisində əyləncə zonası salınır. Burada yeni oyun zonaları, müxtəlif əyləncələr və s. təşkil ediləcək. Aprelin 25-dən etibarən bulvar ərazisindəki əyləncə zonası azarkeşlərin istifadəsinə veriləcək. Əyləncə zonası Dəniz vağzalından Azneft meydanına qədər iki kilometrlik bir ərazini əhatə edir. O ərazidə bölgü aparılaraq çoxsaylı əyləncə məkanlarının qurulması nəzərdə tutulub. Biletləri olanlar konsert və bulvar ərazisindəki bütün əyləncələrə pulsuz qatıla biləcəklər. Bu mövsüm konsert proqramı iki gün olacaq. Şənbə günü britaniyalı məşhur müğənni, çoxlu sayda mükafata layiq görülmüş Sem Smit azarkeşlərin qarşısına çıxacaq. Növbəti ifaçının kim olacağı isə yaxın günlərdə açıqlanacaq.


Bilet alanlar sırasında Rusiya və Böyük Britaniya vətəndaşları üstünlük təşkil edirlər


Bilet satışı prosesinə isə ötən ilin noyabr ayından start verilib. İndiki mərhələdə endirim kampaniyası olmasa da, satış çox uğurla gedir. Azərbaycan vətəndaşları üçün bu il də qiymətlərin münasib olduğu deyildi: "Biletlər 20 faiz endirimlə satılır. Yanvarda "Formula-1” yarışının Azərbaycanda keçirilməsi daha 3 il müddətinə uzadıldı. Bu, elan edildikdən sonra bilet satışının tempində ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artım qeydə alındı. Azərbaycan Qran-prisinə "Formula-1” azarkeşləri tərəfindən çox böyük həvəs, maraq var. Filarmoniya tribunasına olan biletlərin hamısı artıq satılıb. Daha bir neçə tribunada da biletlər tam satılmaq üzrədir.

Bilet alanlar sırasında Rusiya və Böyük Britaniya vətəndaşları üstünlük təşkil edirlər. Ənənəvi olaraq Almaniya, Gürcüstan, Ukrayna və Niderland ön sırada gəlir. Bu il fərq ondadır ki, digər ölkələrlə müqayisədə ən yüksək artım tempi Böyük Britaniyadan bilet alanların sayında olub. Ötən il aprelin sonuna qədər 78 ölkədən biletlər alınmışdı. Düşünürük ki, bu il də təxminən o qədər olacaq. Əvvəlki illərlə müqayisədə "Formula-1”lə bağlı maariflənmə də artıb və sürət yarışına maraq da çoxalıb”.

Bildirildi ki, Beynəlxalq Avtomobil Federasiyasının əməkdaşlarının və akkreditasiyadan keçmiş xarici media nümayəndələrinin burada yerləşdirilməsi işində onlara köməklik edilir, hotellər tövsiyə olunur. Eləcə də viza prosesində, azarkeşlərin şəhərə gəlişlərində çətinlik çəkməsinlər deyə onlarla davamlı kommunikasiya yaradılır.


200-dən çox ölkə Bakını izləyəcək


"Formula-1” Azərbaycan Qran-prisini dünyanın müxtəlif ölkələrindən milyonlarla insan izləyir. Sürət festivalı "Formula One Management” (FOM) təşkilatının rəsmi yayım tərəfdaşlarının vasitəçiliyi ilə 200-dən çox ölkədə yayımlanacaq. Azərbaycanda isə "F1” yarışlarının canlı yayımını "İdman Azərbaycan” telekanalı təmin edəcək.

Ötən il məhz Bakıdakı yarışı televiziya vasitəsilə izləyən tamaşaçıların sayı 83 milyon olub: "Bu, çox böyük rəqəmdir. Ümumilikdə isə il ərzində "Formula-1”i 500 milyona yaxın insan izləyir. Qlobal idman növüdür və xüsusi diqqət mərkəzindədir. Ona görə vacibi təhlükəsizlik məsələləridir. Çalışılır ki, bu proses bütün standartlara uyğun olaraq həyata keçirilsin”.


"Formula-1”in Azərbaycana qazandırdıqları


Yarışların Azərbaycana eyni zamanda iqtisadi dividendlər qazandırdığını da vurğulayan N.Arpadarai "Formula-1”in ölkəmiz üçün çox böyük faydalar gətirdiyini bildirib: "Müqaviləni uzatmaqda da əsas məqsədlərdən biri bu idi. Üç ilin nəticələri sayəsində belə addım atıldı və 2023-cü ilə qədər müqavilə uzadıldı. "Formula-1” həm turizm sektorunun inkişafı, həm də ölkəmizin tanıdılması baxımından çox faydalıdır. Məlumat üçün qeyd edək ki, 1-ci və 2-ci Qran-prinin ölkəmizə gətirdiyi birbaşa və dolayı faydaları yoxlamaq üçün "PwC” şirkətinə müraciət edildi və hesablama aparıldı. Məlum oldu ki, 2016-cı və 2017-ci il Qran-prilərindən ölkəmizə gələn ümumi gəlirlərin məbləği 277 milyon dollar təşkil edib”.

Bir sözlə, ölkəmizin tanıdılması və iqtisadi faydası baxımından "Formula-1” çox möhtəşəm fürsətlər yaradır. Əminliklə söyləmək olar ki, bir neçə gündən sonra Azərbaycan Qran-prisində sürət həvəskarlarını daha bir mükəmməl yarış gözləyir.

Fərizə ƏHMƏDOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video