31 Mart 2019 00:50
873
SİYASƏT
A- A+

Bakıda 1918-ci il türk-müsəlman əhalisinin soyqırımı


XX əsrin əvvəllərində Azərbaycanda, ümumən Cənubi Qafqazda ictimai-siyasi və hərbi vəziyyətin mürəkkəbləşməsinin bir sıra səbəbləri vardı. Həmin səbəblərdən birincisi, çarizmin uzun əsrlər boyu qeyri-xristianlara qarşı dini və milli ayrı-seçkilik, xalqları bir-birinə qarşı qoymaqla öz imperialist siyasətini həyata keçirməsi, müsəlmanlara etibar edilməməsi, onların dövlət işlərinə və orduya yaxın buraxılmaması idi. Bu cür münasibət Müvəqqəti hökumətin hakimiyyəti dönəmində də davam etdirilmişdi. İkinci səbəb, ermənilərin Cənubi Qafqazda şovinist millətçi siyasət yeritmələri, Türkiyə və Azərbaycan torpaqları hesabına erməni dövləti yaratmaq planları idi. Onlar bu məkrli siyasətlərini, əvvəlcə çar Rusiyası, sonra isə hakimiyyəti zorakı yolla ələ keçirən bolşevik Sovet hökumətinin himayəsindən istifadə etməklə həyata keçirmək fikrində idilər. Üçüncü səbəb, bolşeviklərin proletar diktaturasının yaradılmasını önə çəkməsi və sinfi mübarizəni geniş təbliğ etmələri idi.

Bolşeviklər sözdə milli azlıqların hüquqlarından geniş bəhs etsələr də, işdə bunun tam əksini görürdülər. Bolşeviklər millətlərə demokratik dəyərlər bəxş etmək əvəzinə, onlar arasında sinfi mübarizəni təbliğ edir, silahlı toqquşma və qardaş qanının axıdılması siyasətini yeridirdilər. Bolşeviklər insanları ideyaya inandırma prinsiplərinə deyil, özünü doğrultmayan gücə önəm verir, xalqları siniflərə bölərək onların arasında barışmaz düşmənçilik yaradırdılar. Bu insana nifrət ideyası sonralar yüz minlərlə günahsız insanın ölümü ilə nəticələnmişdi.

1917-ci ilin fevral inqilabından sonra Azərbaycanın qabaqcıl ziyalıları belə düşünürdülər ki, Rusiyada qurulacaq federativ və demokratik hökumət Cənubi Qafqazda milli ədavətin qızışdırılmasına imkan verməyəcək, milli ayrı-seçkiliyə son qoyacaqdır. Hətta Müsəlman fraksiyasının sədri F.Xoyski Bakıda fəaliyyət göstərən müsəlman ictimai təşkilatlarının adından Rodzyankonun ünvanına göndərdiyi teleqramda bundan sonra Rusiyanın bütün vətəndaşlarına, o cümlədən müsəlmanlara da mülki, siyasi, milli və dini azadlıqların və bərabərliyin veriləcəyinə əminlik bildirmişdi.

Belə bir dövrdə Bakı Sovetinin siyasi hakimiyyəti ilə erməni silahlı qüvvələrini bir araya gətirən S.Şaumyan özlərinin tək hakimiyyətini qurmaq üçün ciddi silahlanmağa başlamışdılar. Bu silahlanma zamanı üstünlük ermənilərin əlində idi. Belə ki, 1918-ci il yanvarın 18-də başda Q.N.Korqanov, B.P.Şeboldayev və İ.V.Malıqin olmaqla Hərbi İnqilabi Komitə Tiflisdən Bakıya köçürülmüşdü. Komitənin bürosu isə Biləcəri stansiyasında yerləşdirilmişdi.

Bakıda A.Gülxəndyanın rəhbərliyi altında Erməni Milli Şurası yaradıldıqdan sonra erməni silahlı dəstələrinin yaradılmasına xüsusi diqqət verilməyə başlanmışdı. "Daşnaksütyun” partiyası və Erməni Milli Şurasına tabe olan yaxşı silahlanmış hərbi dəstələr yerləşmişdi. Onlara keçmiş rus ordusundan böyük miqdarda silah qalmışdır. Eyni zamanda kifayət qədər pul vəsaitinə malik olan Erməni Milli Şurası tərxis olunan rus əsgərlərindən, əsasən tüfəng almışdılar. Bundan başqa, daşnaklar keçmişdən hərbi təcrübəyə malik idilər. Belə ki, onlar rus ordusunda xidmət etmişdilər.

1918-ci ilin mart qırğını ərəfəsində erməni milli hərbi hissələri Q.Korqanovun yaratmağa başladığı silahlı qüvvə ilə birləşdilər. Bakıda qırmızı ordunun qərargah rəisi isə çar ordusunun keçmiş polkovniki, "Daşnaksütyun” partiyasının üzvü Z.Avetisov idi.

A.İvanov "Bakı Kommunasının Komissarları” adlı xatirəsində mart hadisələri zamanı bolşevik qüvvələrinin düzülüşünü belə göstərmişdi: İcraiyyə Komitəsi tərəfindən yenicə formalaşdırılmış Qırmızı Ordunun beynəlmiləlçi batalyonu, fəhlə qırmızı ordusu, 35-ci Türküstan polku, 2-ci erməni polku, daşnakların erməni drujinaları, "Qars” və "Ərdəhan” gəmiləri. İvanovun qeyd etdiyi qırmızı ordunun tərkibində, əsasən erməni və ruslar idi. O, türk-müsəlmanlardan bir nəfərinin də adını çəkməmişdi.

Qafqaz cəbhəsinin ləğv olunması nəticəsində vətənə qayıtmalı olan rus alaylarının əsgər və zabitləri silah və sursatları dəyər-dəyməzinə ruslara (molokanlara) və daha çox ermənilərə satırdılar. Ümumiyyətlə, Bakı Sovetinin silahlı qüvvəsi 6 min nəfərdən ibarət idi. Bundan 3-4 minə qədəri olan daşnak qoşun hissələri Bakı Sovetinin ixtiyarına verilmişdi.

1918-ci ilin mart hadisələri zamanı bolşevik hərbi drujina dəstəsinin üzvü olan A.Qalustyanın xatirəsində "Mart hadisələri zamanı” onun evində "partiyanın Bakı Komitəsinin hərbi drujinalarının qərargahının yerləşməsi”, Şaumyanın göstərişi ilə praporşik Batmanovdan alınan silahların onun evinə yığmalarından bəhs olunur. Daha sonra xatirədə "Hərbi drujinanın rəisi Kostya Batmanovun gəncləri vintovkaları, pulemyotları söküb və yığmağı öyrətməsi” qeyd edilir.

Azərbaycanda fəaliyyətdə olan hərbi hissələrdə türk-müsəlmanlardan bir nəfər də olsun nümayəndə yox idi. Çünki nə çarizmin, nə də Müvəqqəti hökumətin dövründə türk-müsəlman əhalisindən orduya çağırılmırdı. Həmin dövrdə "Açıq söz” qəzetinin yazdığına görə Əsgər Sovetlərinin içərisində azərbaycanlıların olmamasının əsas səbəbi, onların əsgərliyə çağırılmaması ilə bağlı idi. Ona görə də əsgərlər içərisində azərbaycanlıları təmsil edən səlahiyyətli nümayəndə yox idi.

Bütün bunlara baxmayaraq, Azərbaycan Milli Şurası ordunun yaradılmasına xüsusi diqqət verməyə başlayırdı. Görkəmli Azərbaycan ziyalısı Y.V.Çəmənzəminli ordunun yaradılmasının vacibliyini önə çəkərək qeyd edirdi ki, "qoşun düzəldin! Zərurət vaxtı ölkəmizi əmin-amanlığa çıxaran milli əsgər olacaq”.

Bakıda, Yelizavetpolda və Azərbaycanın başqa bölgələrində yaradılan müsəlman milli hissələrinin özəyini və müsavatçıların silahlı istinadgahını buraya Petroqrad ətrafından gətirilmiş "Tatar süvari polku” deyilən polk təşkil edirdi. 1917-ci il noyabr ayının ortalarında müsavatçılar Bakıda praporşiklər də məktəbi açmışdır.

Azərbaycan Milli Şurasının təşkil etmək istədiyi ordunun qurulması işi ağır gedirdi. Onun qurulması üçün heç bir kömək yox idi. Qafqazda Rusiyanın hərbi əməliyyatı Türkiyəyə qarşı çevrilməsi və azərbaycanlıların da türklərlə tarixi, dini, etnik, dil birliyinin olması müəyyən şübhələrin yaranmasına şərait yaradırdı. Belə bir şəraitdə azərbaycanlılar üçün hərbi cəhətdən təşkilatlanma çox çətin idi.

Əgər əvvəllər, bolşeviklər onları süpürüb bir kənara ata biləcək "tatar - erməni” qırğını və vətəndaş müharibəsindən uzaqlaşmağa çağırırdılarsa, indi iki millət arasındakı toqquşmaların öz xeyirlərinə olduğunu aydın başa düşürdülər. Çünki potensial cəhətdən bolşeviklər üçün daha təhlükəli olan türk-müsəlmanlar Bakıda hərbi cəhətdən hələ zəif idilər; digər tərəfdən, hətta daşnakların qələbəsi də şəhərdə erməni azlığının daimi hakimiyyəti ilə nəticələnə bilməzdi.

S.Şaumyanın rəhbərlik etdiyi və üzvlərinin çoxu ermənilərdən ibarət olan Bakı Sovetinin hakimiyyətdə qalmasını "Daşnaksütyun” partiyası və Erməni Milli Şurası da arzulayırdı. Ermənilərin RSFSR XKS sədri V.İ.Leninin onları müdafiə edən 1917-ci il dekabr dekretindən və bu dekretin yerinə yetirilməsinin S.Şaumyana tapşırılmasından da xəbərləri vardı. Ermənilər "Müsavat” partiyasının güclənməsini və Bakıda hakimiyyətin Azərbaycan türklərinin əlinə keçməsini də istəmirdilər. "Vahid və bölünməz Rusiya” tərəfdarı olan eserlər də müsavatçıların qüvvətlənməsindən qorxurdular.

1918-ci il mayın 16-da fəhlələr qarşısında çıxış edən S.Şaumyan bildirmişdi ki, müsavatçıların Bakını Muxtar Azərbaycanın paytaxtı elan etmək planı vardır. S.Şaumyanı qorxudan Azərbaycanın muxtariyyatı, Azərbaycan türklərinin müstəqil dövlət olmaq şansı idi. O, heç cür razılaşa bilmirdi ki, Azərbaycan müstəqil olsun. Bakıda daşnaklarla belə əməkdaşlıq edən və bütün dünya millətlərinin qurtuluşundan bəhs edən bolşeviklər azərbaycanlıların muxtariyyətini burjuaziyanın muxtariyyəti hesab edirdi. Ermənilərin müstəqilliyinə gəldikdə isə, S.Şaumyan cani dildən bu işin həyata keçməsinə çalışır və özü də həmin işə rəhbərlik edirdi.

Bakı və civarlarının bolşevikləşdiyini zənn edən S.Şaumyan erməniləri və rus əsgərlərini, xüsusilə, Xəzər hərbi dəniz donanması matroslarını türk-müsəlman əhaliyə qarşı təhrik etməyə başladı. S.Şaumyan yaxşı başa düşürdü ki, nə qədər ki, "Müsavat” partiyası və Müsəlman Milli Şurası mövcuddur, onların təkhakimiyyətliliyi mümkün olmayacaqdır. Çünki Bakının türk-müsəlman əhalisinin demək olar ki, hamısı Müsavatı və Müsəlman Milli Şurasını müdafiə edirdi. Həmin təşkilatların əhali arasında nüfuzu gündən-günə artırdı.

Türk-müsəlmanların əsas hissəsini öz arxasınca aparan "Müsavat” partiyası Bakı Sovetinə imkan vermirdi ki, şəhərdə hakimiyyəti tamamilə öz əlinə alsın.

Əyalətlərdə də tam üstünlük "Müsavat” partiyasının və Müsəlman Milli Şurasının tərəfində idi. Ona görə də bolşeviklər başa düşürdülər ki, şəhərdə hakimiyyət uğrunda mübarizədə ilk növbədə "Müsavat”ın siyasi təsiri aradan qaldırılmalı və onların sosial dayaqları məhv edilməlidir.

Erməni əhalisinin bütün siniflərinin nümayəndələri bu müharibədə iştirak etməyi özlərinə "borc” bilirdi. Burada neft sənayeçiləri, mühəndislər, həkimlər, kontor işçiləri, bir sözlə, erməni əhalisinin bütün təbəqələri öz "vətəndaşlıq” borcunu icra edirdilər.

S.Şaumyan Moskvadan hərbi kömək almaq üçün Stalinə məktub yazaraq xahiş edirdi ki, Qafqaz qırmızı ordusunu (oxu: erməni ordusunu - V.A.) təşkil etmək üçün təcili olaraq on milyon manat (rubl) ayırsınlar.

Şaumyana Bakıda silahlı çevrilişi həyata keçirmək üçün bəhanə lazım idi. Bu fikri sovet tarixçiləri də təsdiqləmişdilər. XX əsrin sovet tarixçilərindən S.Sef qeyd edirdi ki, "bolşeviklərə silahlı mübarizə aparmaq üçün yalnız bəhanə lazım idi”.

Həqiqətən də hadisələrin sonrakı gedişi S.Şaumyan və onun ermənilərdən ibarət ətrafı şəhərin müsəlmanlar yaşayan hissəsinə hücum etmək üçün yalnız bəhanə lazım olduğunu sübut etdi.

1918-ci ilin "Evelina” gəmisində Lənkərana getməyə hazırlaşan əsgərlərin tərk-silah edilməsi hadisəsi oldu. Belə ki, martın 29-da məşhur kapitalist Şəmsi Əsədullayevin oğlu, zabit Ə.Əsədullayevin komandanlığı altında "Dikaya diviziya” hissələri sovet hakimiyyəti orqanlarının icazəsi olmadan (əslində heç icazə də lazım deyildi - V.A.) Lənkərana yola düşmək üçün Bakı limanında "Evelina” paraxoduna mindilər.

Şəhərdə çoxsaylı erməni silahlı dəstələrinin olmasına göz yuman bolşeviklər martın 29-da gəmi ilə Lənkərana qayıtmaq üçün toplaşan müsəlman zabit və əsgərlərini Stepan Şaumyanın tapşırığı ilə tərk-silah etdilər. Bu təxribatın təşkilatçıları çalışırdılar ki, azərbaycanlıları cavab hərəkətləri ilə təxribata sövq etsin və onlara qarşı əsl müharibəyə başlamaq üçün bəhanə əldə etmiş olsunlar.

Arxiv sənədində göstərilir ki, müsavatçılar alınmış silahların qaytarılması haqqında inqilabi komitəyə ultimatum verdilər və bu məqsədlə öz nümayəndə heyətlərini göndərdilər. Həmin gün Hərbi-İnqilab Komitəsində S.Şaumyanın, eləcə də "Müsavat” partiyası nümayəndəsi M.Ə.Rəsulzadənin iştirakı ilə keçirilmiş təcili müşavirədə alınmış silahların "Hümmət” təşkilatı vasitəsilə qaytarılması qərara alındı. Bolşeviklərin rəhbərlərindən biri olan Caparidze də bu tələbin yerinə yetirilməsinə söz verdi, lakin bu zaman küçədə atışma başlandı.

S.Şaumyanın qabaqcadan hazırladığı təxribat baş tutdu və bu, "vətəndaş” müharibəsinin (əslində "vətəndaş müharibəsi” ifadəsi bolşevik liderləri, sonradan sovet tarixçiləri tərəfindən ortaya atılmışdır. Onlar bununla mart hadisəsi zamanı Bakıda türk-müsəlman əhaliyə qarşı törətdikləri kütləvi qırğınları ört-basdır etməkdən başqa bir şey deyildir - A.V.) başlanması üçün siqnal oldu.

Sovet tarixçisi Sef yazırdı ki, kimin birinci atəş açması əhəmiyyət kəsb etmirdi. Əsas odur ki, 1918-ci il martın 30-da axşam saat 6-da Bakı əsas döyüş meydanına çevrilmişdi.

Bakı Soveti şəhərin bütün əhalisinə ünvanladığı müraciətində özlərinin bəd niyyətlərini gizlətmək üçün yalandan beynəlmiləlçilikdən dəm vuraraq, yüzlərlə fəhlə müsəlmanları silahlandırdıqlarını bildirirdilər. Halbuki Bakı Sovetinin hərbi-inqilabi komitəsinə rəhbərlik edən Korqanovun yaratdığı "inqilabi” orduya bir nəfər də olsun türk-müsəlman qəbul edilmirdi. Ermənilər isə yeni yaradılan orduya cəlb edilərək ciddi silahlandırılırdı. Bu faktı erməni müəlliflərinin özləri də etiraf etmişdi. Suren Şaumyan yazırdı ki, Bakı Soveti ordusunun yalnız adı sovetlərin siyahısındadır, əslində həmin ordu Erməni Milli Şurasına tabe idi.

Bakıda türk-müsəlman əhali erməni-rus bolşevik silahlı dəstələrinin aktiv fəaliyyətini duyduqdan, özünümüdafiə tədbirləri görməliydi və silaha əl atmağa məcbur idilər. Lakin türk-müsəlmanların hərbi təşkilatı və sursatı kifayət qədər deyildi, hətta demək olar ki, yox dərəcəsində idi. Belə olan halda, təbiidir ki, mübarizədə müsəlmanların qalib gəlməsi mümkün deyildi.

Rusların Xəzər dənizində olan hərbi donanması ermənilərin fitvasına uyaraq şəhərin müsəlmanların sıx yaşadığı məhəllələrini top atəşinə tutmuşdular. Bu atəş nəticəsində müsəlmanların əsas ibadət yeri sayılan "Təzə pir” məscidinin minarələri ağır zədə almışdı. Mənbənin verdiyi məlumata görə, rus matrosları müsəlmanlara qarşı çıxış etmək istəmirdilər. Ermənilər onları aldadaraq inandırmışdılar ki, müsəlmanlar rusları, ümumiyyətlə, bütün xristianların hamısını doğrayıblar. Lakin matroslara aydın olanda ki, müsəlmanlar ruslara nəinki toxunmayıblar, əksinə onları müdafiə ediblər və yedizdiriblər, yalnız bundan sonra toplardan atəşi dayandırıblar. Bütün bunlara baxmayaraq, bu top atəşləri nəticəsində şəhərin tikililərinə və əhalisinə böyük ziyan dəymişdir.

Seyid Cəfər Pişəvəri "Bakıdakı ilk Sovet hökumətinin müqəddəratı” adlı məqaləsində yazırdı: "Mən daşnakların vəhşiliklərini, saysız-hesabsız günahsız adamların, xüsusilə bitərəf iranlıların öldürülüb karvansaralarda meyitlərinin yandırılmasını öz gözümlə görmüşdüm. Bu çox faciəli və nifrətləndirici bir hərəkət olmuşdu. Heç bir əsas və ünvan olmadan yalnız kin və ədavət üzündən daşnakların törətdikləri cinayət hər bir insanın ruhunu sıxıb kədərləndirirdi”.

Sovet tarixçiləri 70 il sübut etməyə çalışmışdılar ki, guya müharibəni müsavatçılar başlayıb, Bakı Sovetinin heç bir günahı yoxdur. Halbuki hadisələrin iştirakçılarının xatirələrini oxuyarkən məsələnin tam əksini görürsən. Erməni silahlı dəstələrinin dinc türk-müsəlman əhaliyə qarşı törətdikləri kütləvi qətliamları sübut edən materiallar içərisində 1917-1918-ci illərin siyasi hadisələrində bolşeviklər tərəfindən iştirak etmiş şəxslərin xatirələri də mühüm əhəmiyyət kəsb edir. Xatirələr, əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin 5, 153, 265, 268, 276, 303, 456-cı fondlarında öz əksini tapmışdır. Bu xatirələr tədqiqat xarakterli olmayıb, sadəcə 1917-1918-ci illərdəki inqilabi hadisələrdə iştirak etmiş insanların yaddaşlarında qalan məlumatlardır.

Bir çox bolşevik nümayəndələri öz xatirələrində ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri kütləvi qətliamları olduğu kimi yazmışdılar.

1917-ci ildən bolşevik partiyasının üzvü olmuş Blyumin "Bakıda fevral çevrilişi. 1917-ci il” adlı xatirəsində yazırdı ki, 18-ci ilin mart hadisələrində bizim silahlı qüvvələrimiz olmadığından daşnak dəstələrindən istifadə etdik. Lakin daşnak dəstələri öz alçaq işlərini həyata keçirdilər. Vətəndaş müharibəsi əvəzinə milli qırğın törətdilər, 20.000-nə qədər müsəlmanı qətlə yetirdilər.

O, "müsəlman əhalisinin bolşeviklərə quldur, soyğunçu kimi baxdıqlarını” da qeyd etmişdir.

1918-ci ilin mart hadisələri zamanı bolşevik drujinaçılarının sırasında türk-müsəlmanlara qarşı döyüşən A.Baranov xatirəsində "... qalaya hücum edən döyüşçülərin rəhbəri Anastas İvanoviç Mikoyan olduğunu, onun ayağından yaralandığını, ... Çəmbərəkənd ətrafında daşnak hərbi hissələrinin bütün müsəlmanları qətlə yetirdiyini qeyd etmişdir”.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının topladığı sənədlərdə, yalnız Bakıda 12 mindən çox türk-müsəlman əhalisinin qətlə yetirildiyi qeyd olunmuşdur.

Hümmətçilər də uzun müddət öz məqalə və çıxışlarında, müraciətlərində mart hadisələrini milli qırğın kimi səciyyələndirmişdilər. Hətta, bolşevik mövqeyindən çıxış edən "Hümmət” partiyası mart qırğınlarına laqeyd qala bilməmişdi. Partiyanın mətbuat orqanı olan "Hümmət” qəzeti mart hadisələri ilə bağlı öz səhifəsində məktub dərc etdirmişdi. Məktubda deyilirdi ki, əvvəl siyasi xarakter daşıyan mübarizə sonradan milli xarakter aldı. Biz bolşevik kimi qalaraq, eyni zamanda, imkan vermərik ki, müsəlman yoxsullarının günahsız axan qanları nəticəsiz qalsın. Biz var qüvvəmizlə çalışacağıq ki, müsəlmanlara qarşı törədilən bütün bu nanəcibliyi aşkar edək.

N.Nərimanov baş verə biləcək faciələrin qarşısını almaq üçün Bakıda, Şaumyanın başçılıq etdiyi sovet hakimiyyətini silaha əl atmaqdan çəkindirməyə çalışmış, lakin buna nail olmamışdır.

N.Nərimanov 1919-cu ilin fevralında yazmış olduğu "Biz Qafqaza hansı şüarlarla gedirik” məqaləsində qeyd edirdi ki, general Talışinski həbs ediləndə Suxarsev mənə dedi: "Nə üçün Siz, kommunist ola-ola əksinqilabçı generalın azad edilməsini tələb edirsiniz? Mən ona cavab verdim: "Mən generalı azad etmək istəmirəm, mən fəlakətdən xilas olmaq istəyirəm”.

Nərimanov yeni yaranmaqda olan sovet hakimiyyətinin ilk acı zərbəsini məhz Bakıda, 1918-ci il mart qırğını zamanı almışdır. Belə ki, mart hadisələri zamanı Şaumyanın rəhbərlik etdiyi sovet hakimiyyətinin "müdafiəçiləri” olan erməni silahlı dəstələri az qala Nərimanovu və onun ailə üzvlərini qətlə yetirmişdilər. N.Nərimanov nəinki silahlı toqquşmanın qarşısını almaq imkanına malik idi, əksinə, onun özü ölümlə üz-üzə qalmışdır. İş o yerə çatmışdır ki, hətta müsəlmanların bolşevik olması da onları xilas etmirdi.

Daşnaklar deyirdi: "Biz heç bir bolşevik tanımırıq, sən müsəlmansansa, bu kifayətdir”. Onlar kimi istəyirdilər, onu da öldürürdülər, kimi istəyirdilər, qarət edir, soyundurur, evini soyub-talayırdılar. Müsəlmanlara qarşı belə vəhşilik dünyanın heç bir yerində indiyə kimi görünməyib.

Şəhərdə Bakı Sovetinin erməni-rus bolşevik qüvvələri azərbaycanlılara qarşı qanlı qırğınları zamanı ictimai və şəxsi binalara da çox böyük ziyan dəymişdir. Belə ki, "Açıq söz” və "Kaspi” qəzetlərinin redaksiyaları yandırılmış, Bakıda ən iri məscid bombalanmışdı.

Fövqəladə Təhqiqat Komissiyasının sənədləri içərisində ictimai və şəxsi binaların ermənilər tərəfindən dağıdılması ilə bağlı çoxsaylı sənədlər vardı. Belə sənədlərdən biri, 1918-ci il noyabrın 22-də komissiya üzvləri Məmməd xan Təkinski ilə A.E.Kluqenin birgə tərtib etdikləri protokolun materiallarıdır. Həmin sənəddə göstərilir ki, bu ilin sentyabrında Azərbaycan-türk ordusunun Bakı şəhərinə daxil olması ilə Fövqəladə Təhqiqat Komissiyasının sədri Ələkbər bəy Xasməmmədovun tapşırığı əsasında komissiyanın üzvü Mirzə Cavad Axundzadə fotoqraf Litvinovun köməyi ilə Bakıda görkəmli ictimai və müsəlmanların şəxsi binalarının şəklini çəkdirmişdi.

Ermənilərin dinc müsəlmanları qətlə yetirmələri, yalnız 36-cı Türküstan polkunun tələbindən və dənizçilərin hədələrindən sonra dayandırılmışdı. Dənizçilər tələb etmişdilər ki, əgər ermənilər müsəlmanları öldürməkdən əl çəkməsələr, onda ermənilərin yaşadığı hissələrə toplardan atəş açacaqlar. "Ərdəhan” və "Krasnovodsk” hərbi gəmiləri şəhərin şərq hissəsində yerləşən limanına yaxınlaşmışdı. Yalnız bundan sonra ermənilər məcbur olub atəşi və qırğınları dayandırmışdılar.

T.Svyataçovski yazır ki, əksinə, bu qırğınlardan razı qalan və "döyüşün nəticələri bizim üçün əladır” - deyən Şaumyan aprelin 13-də "qələbəni” Xalq Komissarları Sovetinə sevinclə məlumat vermişdi.

S.Şaumyanın 1918-ci il aprelin 13-də RSFSR Xalq Komissarları Sovetinə göndərdiyi məktubunda qeyd edilirdi ki, martın 30-31-də və aprelin 1-də Bakı şəhərində baş vermiş vuruşmada bizim tərəfdən sovet qırmızı qvardiyası, təşkil etdiyimiz beynəlmiləl qırmızı ordu, qırmızı donanma və erməni milli hissələri vuruşurdular. Daha sonra o yazırdı ki, həm yerli Sovetin, həm də buraya gəlmiş Qafqaz ordusunun qüvvələrini, hərbi-inqilab komitəsinin səylərini birləşdirərək 6000 nəfər yaxşı silahlı qüvvə təşkil edə bildik. "Daşnaksütyun”un da 3-4 min nəfərlik milli hissələri var idi, onlar da bizim ixtiyarımızda idi. Milli hissələrin iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildi. Biz bilərəkdən buna yol verirdik. Müsəlman yoxsulları böyük zərər görmüşlər.

S.Şaumyanın özü günahsız azərbaycanlıların öldürülməsini etiraf etsə də, yenə də qırğına sinfi don geydirməyə çalışaraq öz qanlı əməllərinə haqq qazandırmışdı. 1918-ci ilin may ayında S.Şaumyan yazırdı: "Düzdür, Bakıda yoxsul müsəlmanlardan ölənlər vardı, lakin onlar bəy və xanlar tərəfindən aldatma yolu ilə Sovet hakimiyyətinə, fəhlələrə qarşı qaldırılmış qara kütlələr idilər”.

S.Şaumyan Bakıda erməni-rus bolşevik, menşevik, eser və kadet silahlı dəstələri tərəfindən qəddarlıqla qətlə yetirilən 12 mindən çox azərbaycanlını qara kütlə adlandırır və bununla da özlərinin cinayətkar əməllərini ört-basdır etmək istəyirdi. Lakin cinayəti gizlətmək mümkün deyildi, çünki minlərlə dinc insanın qanı tökülmüşdü və şahidlər vardı.

1918-ci il aprelin 2-də Cənubi Qafqaz Seyminin yığıncağında Bakıda çevriliş haqqındakı məsələ müzakirə olunsa da, buradakı erməni və gürcü nümayəndələri həmin qırğının əsil mahiyyətini gizlətməyə çalışmışdılar. Belə ki, yığıncaqda çıxış edən gürcü menşeviki, Seymin daxili işlər naziri İsidora Ramişvili bildirmişdi ki, bolşeviklərin Bakıda hakimiyyəti ələ keçirmələrini bütün Cənubi Qafqazda hakimiyyəti ələ keçirmək üçün Tiflis üzərinə hücumun genişləndirməsinin başlanğıcı hesab etmək olar. Lakin o, Bakıda Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin erməni silahlı dəstələrinin dinc azərbaycanlılara qarşı törətdikləri qırğınlardan bir kəlmə də danışmamışdı. Yığıncaqda yalnız azərbaycanlı nümayəndələrinin məsələni kəskin qoymaları Cənubi Qafqaz Seyminin bolşeviklərə qarşı ciddi addımlar atmasına səbəb olmuşdu. Burada sosialist müsəlman blokunun nümayəndəsi A.Səfikürdski də, bolşevik-erməni silahlı qüvvələrinin qanlı əməllərinə son qoymaq üçün Cənubi Qafqaz Seymindən ciddi tədbirlər görülməsini tələb etmişdi. O, öz çıxışında bildirmişdi ki, əgər Zaqafqaziya hökuməti mövcuddursa, onda biz tələb edirik ki, bu tədbirlər qəbul olunsun.

Müsəlman sosialist blokunun sədri Z.Q.Məmmədbəyov Bakıda azərbaycanlılara qarşı qanunsuzluqların aradan qaldırılması və vəhşiliklərin qarşısının alınması üçün təcili tədbirlərin görülməsini, M.Ə.Rəsulzadə isə Azərbaycana yardım edilmədiyi təqdirdə Seymi boykotla qorxutmuşdu.

Seymin hesabat yazısında göstərilirdi ki, Bakı şəhərində bolşeviklərin müsəlmanlara qarşı silahlı çıxışından sonra dinc müsəlman əhalisinə qarşı misli görünməmiş cinayətlər törədilmişdir. Zaqafqaziya Seymi bolşevik çıxışlarını ləğv etmək üçün Zaqafqaziya hökumətinə lazımi göstərişlər verməyi qərara almışdı.

Lakin bütün bunlar azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən qırğınların qarşısının alınmasında yetərli olmamışdır.

Beləliklə, ermənilər bolşevik-sovet hakimiyyətinin himayəsindən istifadə edərək 1918-ci ilin mart ayında minlərlə dinc azərbaycanlını qətlə yetirmiş, evlərini qarət edib yandırmış, mədəniyyət abidələrini vəhşicəsinə dağıtmış və öz ata-baba torpaqlarından didərgin salmışdır.

Hazırda Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, bir milyon qaçqının acınacaqlı vəziyyətdə yaşamaları və bütün bu hadisələrə ABŞ və Qərb dövlətlərinin göz yummaları, yaxud xristian təəssübkeşliyi ilə ermənilərə himayədarlığı bir daha onu göstərir ki, dünyada xristian həmrəyliyi hələ də qalmaqda və Ermənistan Respublikası haqsız olaraq müdafiə olunmaqdadır. Azərbaycan xalqı bu tarixi dərslərdən nəticə çıxartmalı, dostunu-düşmənini tanımalı və şərait yetişən kimi işğal olunmuş ərazilərini azad etməlidir.

Vaqif ABIŞOV,

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video