30 Mart 2019 03:37
1341
SİYASƏT
A- A+

Dövlət yenə sahibkarlara sahib çıxdı


Amma bu, hər kəsə öz işinə bundan sonra da məsuliyyətsiz yanaşmağa əsas vermir


Kim deyirsə ki, təbii fəlakətlərdən sığortalanmaq mümkün deyil - səhv edir. Lap elə zəlzələ, sel, daşqın olsun, fəsadlarını ən azı minimuma endirmək mümkündür və bunun dünya təcrübəsində yüzlərlə nümunəsi var. Biz hələ birbaşa insan faktoru ilə bağlı olan yanğınları, ev və ya bina uçqunlarını, yol çökmələrini demirik. Çünki belə hadisələr təbii yox, məsuliyyətsizliyin fəlakətidir.

Artıq bir neçə gündür "Diqlas” ticarət mərkəzində baş vermiş yanğın ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Etiraf edək ki, bu, sıradan bir hadisə deyil. Mərkəzdə ticarətlə məşğul olan yüzlərlə iş adamının malları yanıb külə dönüb, onlar külli miqdarda ziyana düşüblər, işsiz, qazancsız qalıblar.

Amma hər zaman olduğu kimi, bu dəfə də Prezident İlham Əliyevin timsalında dövlət vətəndaşlarına arxa durdu, sahibkarları sahibsiz qoymadı. Dövlət başçısı mərkəzi və yerli icra qurumlarının rəhbərlərinin iştirakı ilə təcili müşavirə keçirdi, Nazirlər Kabinetinə baş vermiş yanğınla bağlı komissiya yaratmağı və görülmüş işlər haqqında məlumat verməyi tapşırdı. Ən başlıcası isə iş adamlarına dəymiş ziyanın hesablanandan sonra ödəniləcəyi bildirildi.

Gəlin etiraf edək: dünyanın indiki vaxtında öz vətəndaşlarına bu səviyyədə dayaq olan, bu dərəcədə humanist yanaşan, bu qədər güzəşt edən ikinci bir dövlət tapmaq çətindir. Hara sel gəlir - dövlət oradadır, harada zəlzələ baş verir - dövlət operativ tədbirlər görür, harada yanğın olur - dövlət yenə də vətəndaşlarını tək qoymur.

Amma bir məsələ də var ki, dövlətin bu humanist siyasətindən bəzi icra orqanları, eləcə də iri sahibkarlar sui istifadə edirlər. Belə olmasaydı, böyük ticarət mərkəzlərində nə artıq mütəmadi hal alan yanğınlar baş verər, nə təzə çəkilən yollar qısa müddətdən sonra dağılar, nə də xüsusən paytaxtda müxtəlif təyinatlı qanunsuz tikililər lövbər atardı.

Bu gün Azərbaycanda dövlətin dəstəyi, verdiyi geniş meydan və yaratdığı şərait hesabına bəzi ərköyün sahibkarlar təbəqəsi də formalaşıb. Onlara söz demək, irad tutmaq, qanunların çərçivəsini göstərmək mümkün deyil. Elə jest və ərklə danışırlar ki, sanki hamı onlara borcludur. Belələri o dərəcədə özbaşınalıq edirlər ki, hətta sutkanın az qala 15-18 saatını istismar etdikləri işçilərinə normal əməkhaqqı belə vermirlər. Buna əmin olmaq üçün ölkədə özəl sektor, xüsusən ticarət və ictimai iaşə sahələri üzrə verilən rəsmi əməkhaqqı və sosial ödəmələrə nəzər salmaq kifayətdir. Məlum olacaq ki, adları çəkilən sahələrdə çalışan sıravi işçilərin əksəriyyəti, sən demə, ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqına işləyir. Düzdür, bu vəziyyət real rəqəmləri vergi və sosial ödəmələrdən gizlətmək üçündür. Amma sıravi işçilərə verilən real maaşlar da yüksək deyil axı... Sözümüzün canı budur ki, belə ərköyün sahibkarların sözünün üstünə nəhayət söz deyən lazımdır. Bu olsaydı, yəqin ki, "Diqlas” ticarət mərkəzində müasir yanğından mühafizə sistemi quraşdırılar, binanın sığortası olar və ümumiyyətlə, bu cür hadisələri qarşılamaq üçün tədbirlər görülərdi.

Sığortadan söz düşmüşkən. Prezident İlham Əliyevin yanğınla bağlı keçirdiyi müşavirədə dediyi sözlərdir: "Adətən inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır. Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük”.

Görürük və ziyanını çəkirik. Son hadisələr isə göstərir ki, ən çox ziyan çəkən də dövlət, yəni onun büdcəsi olur. Məgər büdcəmizin xərcləri azdır ki, onların təyinat istiqamətləri ölkədəki sayı heç də az olmayan sığorta şirkətlərinin fəaliyyətsizliyi üzündən dəyişdirilsin?! Hamıya məlum faktdır ki, bizim sığorta şirkətləri cüzi risk olan sahəyə üz çevirmək istəmirlər. Artıq neçə vaxtdır ən yüksək səviyyədə sığorta şirkətlərinin kənd təsərrüfatında fəaliyyət göstərmələri tövsiyə olunur. Amma nə xeyri? Onlar üçün icbari avtomobil sığortası istehsal edilən kənd təsərrüfatı məhsullarını sığortalamaqdan daha əlverişlidir. Birincini vəsait ödəməmək üçün min bir bəhanə ilə yola vermək mümkündürsə, ikinci "yağmadı yağış, bitmədi qamış” qədər risklidir. Dövlətin siyasəti, ölkənin iqtisadiyyatı, kəndlinin marağı belə sığorta şirkətləri üçün sonrakı dərəcəlidir, necə deyərlər, rəhmətlik M.Ə.Sabir demişkən: "Tək mən tox olum...”

Lakin sonacan belə davam edə bilməz. Sonuncu hadisə də göstərdi ki, hər bir icra orqanı öz üzərinə düşən vəzifənin öhdəsindən tələb edilən səviyyədə gəlməlidir. Əks halda bu məsuliyyətsizlik hətta təbii də olmasa, fəlakətlə nəticələnir. Onun altını isə dövlət çəkməli olur. O dövlət ki, indiki vaxtda onu belə əlavə qayğılarla yükləmək yolverilməzdir.

Raqif MƏMMƏDOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video