28 Mart 2019 00:51
2045
SİYASƏT
A- A+

İLHAM ƏLİYEV böyüklüyü


İLHAM ƏLİYEV xalqa arxalandığı üçün inqilabi islahatlara gedir!
Özünə arxayın olduğu üçün qətiyyətli, bəzən də riskli addımlar atır!
Qəlbi böyük, özü humanist olduğundan hamını bağışlamağı bacarır!
İlham Əliyev qəlbi Azərbaycanla döyünən hər bir insan üçün qiymətlidir, əzizdir, ümid və pənah yeridir!
Hər bir insan ömrü boyu nə vaxtsa həbsxanaya düşə bilər: ya təsadüfən, yaxud hansısa əməlinə görə!
Bu gün hər birimizin həm də sürücü olduğumuzu nəzərə alsaq, bu ehtimalın daim mövcudluğunu etiraf etməliyik!

Heç kəs günahsız yerə həbsxanaya salınmır!
Əgər bu baş verirsə, deməli, Allah-taala hansısa günahımızın cəzasını bizə çəkdirir!
İnsan yalnız həbsxanaya düşəndə azadlığın qiymətini, onun nə olduğunu anlayır!

İstədiyin vaxt yatıb-durmaq, ürəyin istəyən yerə getmək, özün bildiyin kimi geyinmək, daim doğmalarının, əzizlərinin əhatəsində olmaq, keyfin istəyəndə tək qalıb özünə qapanmaq və s. - sən demə bunlar böyük nemətdir!

Və yalnız onlardan məhrum olandan sonra qədrini, gözəlliyini bilirsən!

Kimsənin azadlıqdan məhrum edilməsini arzulamasaq da, cəmiyyət üçün, başqalarının həyatı üçün təhlükə törədənlərin, oğruların həbsxanada qalmasını ədalətli sayaraq qəbul etməliyik.

***

Dövlət başçısı İlham Əliyev növbəti əfv fərmanı verdi!

Həm də növbəti dəfə humanizm, insanpərvərlik nümayiş etdirdi!

Eyni zamanda, belə bir fərman imzalamaqla öz böyüklüyünü də göstərdi:

* Novruz bayramı ərəfəsində neçə yüz ailəyə sonsuz sevinc bəxş etdi!

* Neçə ananı balaya, atanı oğula, qardaşı bacıya, qardaşı qardaşa qovuşdurdu!

Uzun müddət idi ki, əfvə hazırlıq gedirdi, əfv komissiyası intensiv iclaslar keçirərək gərgin işləyirdi.

Hamı bilirdi ki, əfv fərmanı veriləcək!

Amma heç kəs onun bu qədər geniş, möhtəşəm, əhatəli olacağını və bütün qütbləri əhatə edəcəyini gözləmirdi!

İlham Əliyev növbəti dəfə də hamını müsbət mənada təəccübləndirdi, sevindirdi, razı saldı!

Hərçənd ki, hamını razı salmaq bir o qədər də asan deyil!

Amma dövlət başçısı bunu da bacardı!

***

Ən böyük müəllim - həyatdır, demişlər!

Amma hamı müəlliminin öyrətdiklərini öyrənmir, dediklərindən lazımi və düzgün nəticə çıxarmır!

Bəziləri həbsxananı "universitet” adlandırırlar.

Amma oradan öyrənənlərlə bərabər, öyrənməmiş çıxanlar da olur!

Vay o gündən ki, yaramaz şeylər öyrənib çıxasan!

Belədə gərək özgələrdən yox, özündən inciyəsən!

***

Hamı bu əfvi gözləsə də, yenə qeyri-adi hadisə kimi qarşılandı, böyük reaksiya doğurdu, müxtəlif rəylərə səbəb oldu. Səbəb həm də bu dəfə müxtəlif "hüquq müdafiəçiləri siyahılarında” adları hallandırılan 50-dək məhbusun, AXCP sədrinin müavinlərinin və başqalarının buraxılması idi!

Həm də Prezident bunları özü bağışlamışdı!

Xatırladırıq ki, amnistiya zamanı insanlar məhkum olunduqları maddələr üzrə cəzadan azad edilirlərsə, əfvdə adları ilə siyahıya salınırlar.

Şübhəsiz yenə də ən obyektiv və yüksək qiyməti Azərbaycan xalqı verdi!

(Bu mühüm aksiyaya və onun icrasına bütün televiziya kanalları, elektron KİV və internetə müxtəlif vasitələrlə qoşulanlar geniş yer ayırdıqlarından hər şeyi görmək və müəyyən qənaətə gəlmək mümkün idi.)

İnsanlar İlham Əliyevin bu addımını da yüksək dəyərləndirərək minnətdarlıqla qarşıladılar!

Əfv edilənlərin ailə üzvləri və özləri jurnalistlərə müsahibələrində sevinc və təşəkkürlərini səmimiyyətlə ifadə etdilər.

Müxalifət təmsilçiləri, bir sıra tanınmışlar müsbət fikir və rəylərini bildirdilər.

Təbii ki, belə məqamda istisnalar da ola bilərdi və oldu da!

Heç kəsin gözləmədiyi halda radikal müxalif ovqatlı "bloger” Emin Milli maraqlı açıqlama ilə çıxış etdi: "Bu gün İlham Əliyevi ictimai fikrə önəm verərək, belə bir addım atdığı üçün təbrik edirəm”.

Emin Millinin digər qiymətləndirməsinə baxaq: "Demokratik ölkələrdə hər zaman ictimaiyyətin fikri nəzərə alınır və heç bir Prezident buna diqqət ayırdığı üçün zəif, gücsüz hesab edilmir”.

Burada isə "zəif, gücsüz hesab edilmir” fikrinin altından xətt çəkərək hələlik digər məsələyə keçirik.

***

Diqqətimizi ən çox çəkən keçmiş müxalifətçı, hazırda "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə sabiq iqtidar nümayəndəsi, yenicə azadlığa çıxmış Əli İnsanovun açıqlamaları oldu.

Vaxtilə müxtəlif qütblərin təmsilçiləri olan və məhbəs yolu keçən iki şəxsin baş verənlərə münasibəti və Prezident fərmanını qiymətləndirmələri bu gün də bir-birindən kəskin şəkildə fərqlənir.

Ancaq ciddi və prinsipial yerdəyişməsilə!

Rauf Arifoğlu əfv fərmanını Prezident İlham Əliyevin başladığı islahatların davamı, həm də inqilabi addımlar kimi qiymətləndirir: "Prezident İlham Əliyev son 75 gündə bir prezidentlik müddətinə sığa biləcək inqilabi dəyişikliklər edib”.

Və öz üslubunda müəyyən nəticəyə gələrək qərar da verir: "Çörəyi” demokratiyadan çıxan hər kəs İlham Əliyevə dəstək olmalı, onun islahatlarının davamlılığında, daha da dərinləşməsində maraqlı olmalıdırlar. Olmayacaqlarsa, deməli, onlar demokrat deyillər, açılım istəmirlər və ölkələrini, demokratiyanı yox, başqa şeyləri düşünürlər. Ya da yad maraqların daşıyıcılarıdırlar”.

Rauf Arifoğlu ilə tam razıyam!

Həm də başı daşdan-daşa dəymiş bir insanın hadisələrə daha obyektiv, həm də vətənpərvərlik mövqeyindən yanaşmasından, düzgün mühakimə yürütməsindən məmnunluq duyuram!

***

Həkim üçün ən böyük vəzifə yaşadığı ölkənin səhiyyə naziri postuna yüksəlməkdir (həkimlik və insanlıq borcunu bir tərəfə qoyuruq).

Əgər insan ona göstərilən etimadı doğrultmursa, şəxsi maraq və mənafeyini hər şeydən uca tutursa, bir ayağı burada, digəri gorda olduğu zamanda "oğru qanunları” ilə yaşamağa keçirsə, beləsinə nə deyəsən?!

Amerika və Avropa qarşısında səcdəyə gedən bu insan az qala deyəcəkdi ki, məni ABŞ Prezidenti Tramp azad etdi!

Elə ilk müsahibəsində hikkə göstərdi, yalnız acı gülüş doğuracaq iddiada olduğunu bəyan etdi!

Yalnız özündən və əməllərindən xəbərsizlər belə danışarlar!

Ancaq Azərbaycan xalqı korrupsiyaya uğramış sabiq səhiyyə nazirinin əməllərini unutmayıb!

Görünür içəridə olduğu dövrdə bayırdan xəbəri olmayıb!

Azərbaycanda gedən dəyişikliklərdən, xalqın hansı mövqedə dayandığından məlumatı yoxdur!

Bu gün İlham Əliyev heç kimdən və heç nədən qorxmadan, heç bir təsir və təzyiq cəhdindən çəkinmədən inam və qətiyyətlə islahatlar aparır, müstəqil Azərbaycanı yenidən qurur və gücləndirir!

Yalnız özləri qorxaq olanlar başqasının qorxa biləcəyini zənn edərlər!

İlham Əliyev daim xalqının yanındadır, daim xalqı üçün çalışır, xalqın arzu və istəklərini reallaşdırır.

86 faiz səslə Prezident seçilməsindən hələ bir il keçməyib!

Xalqın belə yüksək dəstəyini alan rəhbər də xalqına inandığı və özünə güvəndiyi üçün qüdrətlidir!

Həm də İLHAM ƏLİYEV:

* Xalqa arxalandığı üçün inqilabi islahatlara gedir!

* Özünə arxayın olduğu üçün qətiyyətli, bəzən də riskli addımlar atır!

* Qəlbi böyük, özü humanist olduğundan hamını bağışlamağı bacarır!

* Bu gün bütün Türk dünyasının fəxr etdiyi İlham Əliyev qəlbi Azərbaycanla döyünən hər bir insan üçün qiymətlidir, əzizdir, ümid və pənah yeridir!

PREZİDENT İLHAM ƏLİYEV:

* Xarici siyasətdə uzaqğörən, səhvsiz və əvəzsizdir;

* Daxili siyasətdə çevik və alternativsizdir;

* Dövlət rəhbəri kimi müdrik, şəxsiyyət kimi əzəmətlidir;

* Müstəqil Azərbaycanın inkişaf, sabitlik və əmin-amanlıq qarantıdır.

Biz onun böyüklüyünü təkcə əfv fərmanları imzalayanda deyil, həm də:

* Qaçqın və məcburi köçkünlərin, şəhid ailələri və müharibə veteranlarının, əlillərin, tələbələrin, təqaüdçülərin sosial qayğılarını ödəyəndə;

* Mübariz İbrahimov, Rüfət Əhmədov, Ramin Səfərovla bağlı zəruri addımlar atanda;

* Şamaxıdakı zəlzələ zamanı evi uçmuş Saray nənəyə 25 gündə təzə ev tikdirib verəndə;

* Xocalı Soyqırımının ildönümləri günlərində ümumxalq yürüşünün önündə addımlayanda;

* İşğal altındakı Şuşa məscidinin eynisini Cocuq Mərcanlı kəndində inşa etdirəndə;

* Çoxlarının mane olmaq istədikləri transmilli layihələri özü tərəfindən maliyyələşdirərək onlara həyat vəsiqəsi verəndə;

* Beynəlxalq təşkilat və qurumların tribunalarında Azərbaycanın maraq və mənafeyini müdafiə edən nitqlər söyləyəndə GÖRMÜŞÜK!

Hər dəfə də sevmişik, inanmışıq, arxalanmışıq!

Marginallaşmış insanlar dediklərini təkrar etməkdən yorulmurlar!

Xalqın seçdiyi və sevdiyi dövlət başçıları isə daim irəliyə gedir, xalqı təlatüm və risklərdən qoruyaraq arxasınca aparır, ölkəni firavanlığa qovuşdururlar.


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video