28 Mart 2019 00:43
537
SİYASƏT
A- A+

İslahatlara alternativ yoxdur


İlham Əliyev Azərbaycanın bundan sonra yalnız inkişaf yolu ilə gedəcəyini bəyan etdi


Azərbaycan xalqı Novruz bayramını əvvəllər olduğu kimi yüksək əhvali-ruhiyyə ilə keçirdi. Amma builki Novruza ayrıca xoş ovqat qatan başqa səbəblər də vardı. Belə ki, hələ fevral ayında Prezident İlham Əliyevin sosial məsələlərlə bağlı imzaladığı fərman və sərəncamlar, bunun nəticəsində minimum əməkhaqqının, əmək pensiyalarının minimum məbləğinin, sosial müavinətlərin, tələbə, magistr və doktorantlara verilən təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması bütün ictimaiyyət tərəfindən dərin rəğbət və razılıqla qarşılandı. Mart ayından isə əməkhaqqı, pensiya və sosial müavinətlər artımla verildi.


3 milyon vətəndaşı əhatə edən sosial paket


Təbii ki, sosial islahatlar paketi birdən-birə meydana çıxmadı. Hələ ötən ilin prezident seçkilərindən sonra Milli Məclisdə keçirilən andiçmə mərasimində İlham Əliyev bunun anonsunu vermişdi. Nitqində sosial siyasətin daim diqqət mərkəzində olduğunu deyən Prezident növbəti illərdə çox ciddi islahatların aparılacağını və bütün bunların vətəndaşlarımızın yaşayış səviyyəsini daha da yaxşılaşdıracağını bəyan etmişdi. Artıq keçən ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcıllığı haqqında geniş işlər aparılmışdı. Bu ilin fevral ayında isə İlham Əliyev təxminən 3 milyon vətəndaşı əhatə edən bir sosial paketi elan etdi. Buna minimum əməkhaqqı, əmək pensiyalarının minimum məbləği, sosial müavinətlər, tələbə, magistr və doktorantlara verilən təqaüdlərlə yanaşı, buraya, həmçinin məcburi köçkünlərə verilən müavinətlərin artırılması, problemli kreditlərə son qoyulması, yeni inşa olunmuş binalardakı mənzillərin sənədləşdirilməsi kimi vətəndaş məmnunluğuna yol açan məsələlər daxildir.

Dövlət büdcəsindən əlavə on milyonlarla manatın ayrılmasına səbəb olun sosial islahatlar üçün ilk növbədə iqtisadi zəmin olmalıdır. Aydın məsələdir ki, dövlət büdcəsinin maliyyə imkanlarını artırmadan sosial sferada hansısa artımın tətbiqi perspektivdə ciddi böhran yarada bilər. Lakin Prezident İlham Əliyevin təşəbbüsləri ilə hələ 3 il əvvəldən başlanan yeni iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının yeni mərhələdə inkişafına yol açdı. Bu mərhələdə xüsusən qeyri-neft sektorunun inkişafı təmin edildi. "Made in Azerbaijan” brendi altında məhsullarımızın istehsalı və ixracı dövlət tərəfindən stimullaşdırıldı. Artıq bunun uğurlu nəticələri göz önündədir. İqtisadiyyatın artım dinamikası, xüsusən qeyri-neft sektorunun və qeyri-neft sənayesinin inkişafı məhz iqtisadi islahatların bəhrəsidir. İqtisadi artım və maliyyə imkanlarının çoxalması isə ötən ay bütün istiqamətləri əhatə edən sosial qərarların qəbul edilməsinə imkan verdi. Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə deyilir: "Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub. İslahatlar hərtərəflidir. İqtisadi islahatlar bizə imkan verir ki, əlavə gəlirlər əldə edilsin və büdcə gəlirlərimiz artıb. Bu ilin yanvar-fevral aylarında büdcə daxilolmaları 150 milyon manat səviyyəsində artıbdır. Bu, bizə imkan verir ki, həmin vəsaiti sosial layihələrə yönəldək. Qeyd etdiyim kimi, ciddi islahatlar üzərində işlər keçən il prezident seçkilərindən sonra başlamışdır. Bu gün isə çox ciddi sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan öz maddi vəziyyətini, maliyyə vəziyyətini yaxşılaşdırmış olur”.


Azərbaycan yeni dövrə qədəm qoyub


Azərbaycanın iqtisadi imkanları çoxaldıqca vətəndaşların sosial rifahının daha da yüksəldilməsi ilə bağlı Prezident İlham Əliyevin yeni qərarlarının şahidi olacağıq. Çünki dövlət başçısının müəyyən etdiyi prioritetlərdən biri insanların yüksək sosial rifah içərisində, problemsiz, qayğısız yaşamasıdır. Respublikamızın inkişaf göstəriciləri və bütövlükdə hazırkı pozitiv iqtisadi proseslər isə gələcək yeni sosial qərarların müjdəçisidir. Məsələn, 2019-cu ilin yanvar-fevral aylarında ümumi daxili məhsul 3 faiz artıb. Bu isə, bir neçə il əvvəl özünü göstərmiş beynəlxalq maliyyə-iqtisadi böhrandan sonra qeydə alınan ən yüksək göstəricidir. Sənaye istehsalında ilin əvvəlində 4,6 faiz artım var. Qeyri-neft sektorunda isə 15,5 faizlik artım qeydə alınıb. Prezident təbrikində qeyd etdiyi kimi, bu, dünya rekordudur.

Bu da onu göstərir ki, iqtisadi islahatlar düzgün istiqamətdədir və Azərbaycan iqtisadiyyatı tezliklə dünya miqyasında yeni inkişaf nümunələri ortaya qoyacaq. Bir neçə il əvvəl inkişafın Azərbaycan modelini təqdim edən ölkəmiz iqtisadi uğurları ilə dünyanın öncülləri sırasında yer tutacaq. Dövlət başçısının dediyi kimi, bundan sonra Azərbaycan yalnız və yalnız inkişaf və tərəqqi yolu ilə gedəcək, vətəndaşların sosial vəziyyəti ildən-ilə yaxşılaşacaq.

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə təbrikində növbəti islahatların da anonsunu verdi. Görünən odur ki, islahatlar yalnız iqtisadi və sosial sfera ilə kifayətlənməyəcək. "İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir”, - deyə Prezident bildirib.

Azərbaycan hərtərəfli yenilənir, inkişaf edir. Prezident İlham Əliyevin təşəbbüsləri və siyasi iradəsi ilə aparılan islahatlar artıq həm iqtisadi, həm də sosial sahədə inqilabi dəyişikliklərə səbəb olub. Bütün bunlar göstərir ki, Prezidentin həyata keçirdiyi islahatlar məhz dövlətin və xalqın maraqlarına xidmət edir. Ən əsası dövlət hər addımda öz vətəndaşının yanındadır. Dövlət başçısının elan etdiyi yeni islahatların isə təhsil və səhiyyədə dəyişikliklərə yol açacağı şübhəsizdir. Bütün bunlar sözügedən sahələrdə inkişafa və vətəndaş məmnunluğuna yol açmaqla yanaşı, ölkəmizi dünyaya fərqli şəkildə təqdim etməyə imkan verəcək.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video