25 Mart 2019 17:19
324
SİYASƏT
A- A+

Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin icrasında fəal rol oynayır


Cenevrədə Avropanın 56 ölkəsinin iştirak etdiyi BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Regional Forumu keçirilib.

Forumda ölkəmizi əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov təmsil edib.

AZƏRTAC xəbər verir ki, forumu açan BMT Baş katibinin müavini Əminə Məhəmməd Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) və üzv dövlətlərin bu məqsədlərə nail olmasında səylərinin artırılmasının vacibliyini vurğulayıb. Baş katibin müavini, eyni zamanda, 2019-cu ilin iyul ayında BMT-nin Baş Qərargahında keçiriləcək Yüksək Səviyyəli Siyasi Forumda 51 ölkənin könüllü milli hesabatlarının dinləniləcəyini və bu il ilk dəfə olaraq DİM-lərin BMT-nin Baş Assambleyası səviyyəsində müzakirə ediləcəyini diqqətə çatdırıb.

Forumun Yüksək Səviyyəli Siyasi Seqmentində Azərbaycan hökuməti adından çıxış edən Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov ölkəmizdə DİM-lər üzrə görülmüş işlər, qarşıda duran hədəflər barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan bu il regionda ilk ölkə olaraq ikinci dəfə BMT-nin İqtisadi və Sosial Şurasının himayədarlığı ilə keçirilən Yüksək Səviyyəli Siyasi Forumda könüllü milli hesabatını təqdim edəcək. Bununla yanaşı, o, Azərbaycanda DİM-lərin milliləşdirilməsi prosesinin başa çatdırıldığını, bir sıra dövlət proqramlarının DİM-lərin məqsəd və hədəflərinə uyğunlaşdırıldığını və bu istiqamətdə BMT ilə bir sıra layihələrin həyata keçirildiyini vurğulayıb.

Forum işçi sessiyalarla davam edib.

UNECE Regional Forumunun 8-ci Dayanıqlı İnkişaf Məqsədinə həsr olunmuş panel müzakirəsində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli çıxış edib. Çıxış 8-ci DİM-in icrasında hökumətin və sosial tərəfdaşların əməkdaşlığına həsr olunub. Mətin Kərimli ölkəmizdə son 15 ildə əldə olunmuş sosial-iqtisadi uğurlar, o cümlədən yoxsulluq və işsizlik səviyyəsinin 5 faizə qədər azaldılması, 2 milyondan çox yeni iş yerinin yaradılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar sistemli tədbirlər barədə ətraflı məlumat verib. Bundan əlavə, çıxışda Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyəti, özünüməşğulluq proqramı, "DOST" Agentliyi, qeyri-rəsmi məşğulluqla mübarizə tədbirlərindən də bəhs edilib. Mətin Kərimli Azərbaycanın 8-ci DİM üzrə Beynəlxalq Əmək Təşkilatının (BƏT) regionda mərkəz ölkəsi olduğunu, eləcə də ölkəmizin BƏT-in İdarə heyətinin üzvü kimi BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin icrasında fəal rol oynadığını diqqətə çatdırıb.

Regional Forum DİM-lərin həyata keçirilməsi ilə əlaqədar UNECE regionunun üzləşdiyi çətinliklər və onların aradan qaldırılması üçün üzv ölkələr tərəfindən tətbiq edilən təcrübənin mübadiləsi üçün imkanlar yaradır. Forum beynəlxalq və regional təşkilatlar, vətəndaş cəmiyyəti, elm və təhsil dairələri, özəl sektor daxil olmaqla, bütün maraqlı tərəflərə əhatə edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video