20 Mart 2019 01:00
848
Mədəniyyət
A- A+

Sərhəd kəndlərinin sakinləri Novruzu böyük bayram sevinci ilə qarşılayırlar


Elimizə-obamıza yaz gəlir. Təbiətin nazlı gəlini bahar yenə də bağlara yeni təravət, insanlara sevinc gətirir. Ana torpaq qış yuxusundan oyanır, kol dibindən boylanan bənövşələr göz oxşayır, yazın ilıq nəfəsindən həvəsə gələn quşlar yorulmaq bilmədən bu budaqdan o budağa qonurlar.

Bir sözlə, əsrlərin sınağından çıxmış, mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan Novruz öz gəlişi ilə yeni bir həyatın başlanğıcından xəbər verir.

Novruz təkcə baharın gəlişinin bayram edilməsi deyil, eyni zamanda yeni təqvim ilinin - yeni günün başlanğıcı hesab edilir. Odur ki, ta qədimdən Novruzu təbiətin canlanmasının, torpağın oyanmasının, bir sözlə, ruhun təzələnməsinin simvolu hesab edirlər. Xüsusilə bahar yurdumuza qədəm qoyanadək, insanlar öz inanclarına sadiq qalaraq Su, Od, Yel və Torpaq çərşənbələrini əsl bayram kimi qeyd edirlər.

Belə bir əziz gündə qərara gəldik ki, elimizin müqəddəs bayramı olan Novruzun sərhəd kəndlərində necə qeyd edilməsinin şahidi olaq. Bu məqsədlə Tovuz rayonuna yollandıq. İstəyimizi bildirəndə rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov dedi ki, hansı kəndə istəyirsiniz, gedin. Hamısında insanların böyük ruh yüksəkliyinin şahidi olacaqsınız. Erməni mövqeləri ilə qarşı-qarşıya dayanan sakinlər heç bir qorxu hissi keçirmirlər. Bütün evlərdə bayram əhvali-ruhiyyəsi var. İnsanlar bu əziz bayram günlərində kifayət qədər nikbindirlər. Onlar gündən-günə mətinləşən Azərbaycan Ordusuna güvənməklə gündəlik həyat və məişət qayğıları ilə yaşayırlar. Bu inamın bir mənbəyi də dövlət başçısının sərhəd kəndlərinin sakinlərinə göstərdiyi diqqət və qayğıdır.

Tovuzun Ermənistanla həmsərhəd olan kəndlərindən biri Hacallıdır. 2 minə yaxın əhalisi, 350 təsərrüfatı var. Dağlıq Qarabağ müharibəsi başlayandan 8 şəhid verib. Kənd camaatı o qədər qoçaqdır ki, ermənilər kəndə dəfələrlə hücum etsələr də, kəndi iri çaplı güllələrlə atəşə tutsalar da, kişiləri sinələrini qabağa verib, öz doğma yurdlarını qoruyublar. Döyüşlərdə kənddəki evlərin təxminən 80 faizi dağıdılmışdı. Ancaq sabitlik yarananda dövlət vəsaiti ilə evlərin bir hissəsi yenidən tikildi, qalanı bərpa olundu.

Respublikamızın digər sərhəd kəndləri kimi Hacallı kəndinə də asfalt yol çəkilib. Bizə bələdçilik edən rayon icra hakimiyyəti başçısının Hacallı kəndi üzrə nümayəndəsi Sahib Quliyev söhbət zamanı dedi ki, dövlət başçısının diqqət və qayğısı ilə kənd sakinlərinin bütün problemləri həll edilib. Kəndə təbii qaz çəkilib. Elektrik enerjisinin davamlılığının təminatı üçün yenidənqurma işləri aparılıb. Yeni məktəb və poçt binaları tikilib istifadəyə verilib. Kənddə kitabxana, polis məntəqəsi var. Bir sözlə, əhalinin təhlükəsizliyi və rahatlığı üçün bütün infrastruktur yaradılıb. Rayon mərkəzi ilə Hacallı kəndi arasında marşrut avtobus xətti açılıb.

Hacallı Ermənistanın bir kəndi ilə çox yaxın məsafədə qarşı-qarşıyadır. Kəndlər bir-birinə o qədər yaxındır ki, hətta azərbaycanlılar ermənilərin hərəkətlərini aydın müşahidə edirlər.

Dilican Ələsgərov sayılıb-seçilən kənd ağsaqqallarındandır. Həyətdə oturub istirahət etdiyini görüb onunla salamlaşdıq və bayramını təbrik etdik. 80 yaşını haqlamış ağsaqqal bizi evə bayram süfrəsinə dəvət etdi. Sağlığına qismət olsun. Çox yaraşıqlı evi var. Söhbət zamanı dedi ki, evi düşmənlə çox yaxın məsafədə yerləşir. Lakin buna baxmayaraq son illər onu bir qədər də genişləndirib, əlavə bir neçə otaq da tikdirib.

Dilican kişinin 4 oğlu, 4 qızı var. Qızlarını köçürüb. Oğlanları da ailəlidir. Hazırda oğlu Daşqının ailəsi ilə birlikdə qalır. O da 1990-cı illərdə doğma kəndinin müdafiəsi üçün vuruşub. Hətta döyüşlərin birində ayağından yaralanıb.

Kənd sakini Füzuli Əhmədovun da evində olduq. Mənzilə daxil olanda nəzərimizi Novruz xonçası cəlb etdi. Çay süfrəsi arxasında səmimi söhbət etdik. Dedi ki, 1990-cı illərdə Ağdərə döyüşlərində iştirak edib. Qolundan yaralandığı üçün bir müddət müalicə alıb. Sonra yenidən hərbi hissəyə qayıdaraq 1997-ci ilə kimi xidmətini davam etdirib.

Füzulinin oğlu Ülfət Əhmədov aprel döyüşlərinin iştirakçısıdır. Goranboyun Tapqaraqoyunlu kəndində düşmənin təxribatının qarşısını alarkən qarın nahiyəsindən yaralanıb. 8 ay hərbi hospitalda müalicə olunub. Sonra II qrup əlil kimi hərbi xidmətdən tərxis olunub.

Ümumiyyətlə, Hacallıda hara üz tutduqsa, bizi böyük səmimiyyətlə, mehribanlıqla qarşıladılar. Kimi danışdırdıqsa, ölkə rəhbərinə minnətdarlıq etdi. Dedilər ki, kənddə tam sakitlikdir. Heç bir problem yaşanmır. Sakinlər Azərbaycan Ordusuna güvənərək rahat nəfəs alır, əziz bayramlarını yüksək səviyyədə qeyd edirlər. Hamı bayram əhvali-ruhiyyəsindədir. İlaxır çərşənbələrini təmtəraqla keçiriblər.

Həyətlərin birində yandırılan tonqalı seyr etdik. Uşaqdan böyüyədək hamının üzündə böyük sevinc var idi. Kənd cavanları tonqalın üstündən hoppanır, şadyanalıq edir, bayram sevincini yaşayırdılar. Kənd icra nümayəndəsi yaxınlıqdakı böyük təpəni göstərib dedi ki, uşaqlar qaranlıq düşəndə həmin yüksəklikdə də nəhəng tonqal qalayacaqlar. Əsl bayram sevinci onda yaşanacaq.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video