19 Mart 2019 01:51
909
Mədəniyyət
A- A+

Kəlbəcərdə son çərşənbə


...Sıra-sıra düzülən maşın karvanının ucu-bucağı görünmür. Hər kəs Murovun o biri üzünə keçməyə, Kəlbəcərdən uzaqlaşmağa tələsir...

Yük maşınında qalaq-qalaq insanlar intizarla ora-bura boylanır, yaranmış tıxacın nə zaman açılacağını gözləyir. Acı, dəhşət, qorxu bir-birinə qarışaraq insanlığın ən kədərli mənzərəsini cızıb onların üzündə...

Ucu şiş, sıldırım qayalarda daha qartallar qıy vurmur. Göyün üzünü qara bulud kimi örtmüş leş qarğalarının qarıltısı insan ah-naləsinə qarışıb.

Bu il nədənsə bahar da gecikir. Əvvəlki illərdə baharın gəlişinə bir xeyli qalmış kol altından boylanardı bənövşələr... Bu boynubükük, utancaq güllərdən dəstə tutardı cavan oğlanlar öz sevdiklərinə...

- Ana, yemək ver...

- Nə verim, ay bala? Heç nə yoxdur axı yeməyə. Bir az döz...

- Yemək istəyirəm...

Aclıqdan qıvrılan qarnımı qucaqlayaraq, zülüm-zülüm ağlayırdım. Əslində bu gün məktəbə geyinməli olduğum ağ kalqotkanın dizləri ağzımın-gözümün bir-birinə qarışmış suyundan tamamilə islanmışdı. Birdən bizimlə bərabər köç maşınının üstündə oturmuş tanımadığım bir qadının dediyi sözlər məni o qədər sevindirdi ki, dərhal ağlamağımı kəsib, əlimi irəli uzatdım. O, əlindəki boğçanı aramla açıb içərisindən Novruz bayramında bişirdiyi quzu fiqurunu çıxardı, başını kəsərək mənə uzatdı.

- Al ye... Niyə ağlayırsan ki, yekə qızsan...

Tez mənə uzadılan şirniyyatdan iri bir tikə qopardım və çeynəyib udmağa hazırlaşırdım ki, gözlərim quzunun mixək gözlərinə sataşdı. Bu gözlər mənə o qədər şeylər xatırladırdı ki, ağzımdakı tikəni elə hey çeynəyir, çeynəyir, uda bilmirdim...

* * *

...Xıdır Nəbi bayramı idi. Xıdır Nəbi Kəlbəcərdə fevral ayında keçirilirdi. Bu, çərşənbələrin, Novruzun gəlişinə hazırlıq idi. Hər həftənin dördüncü günü Kosa gəzdirilirdi. Kəndin cavan oğlanları bir evə yığışır, Kosaya dəridən hazırlanan xüsusi papaq, tərs çevrilmiş dəri gödəkcə geyindirir, əlinə taxtadan qılınc verirdilər. Axşam şər qarışanda Kosa digər cavanların müşayiəti ilə ev-ev gəzib, məşhur "A Kosa, Kosa, gəlsənə...” mahnısını oxuyur, payını yığırdı. Ona un, yağ, şəkər tozu, bəzən də pul verirdilər. Bütün evləri gəzib qurtardıqdan sonra əldə olunan ərzaqdan halva çalınır, bütün kəndə paylanırdı. Pul isə Kosa gəzdirənlər arasında bölünürdü.

Kosayla bağlı ağlıma gələn ilk fikir ondan çox qorxmağım idi. Birinci dəfə səsi gələndə qaçıb girmişdim çarpayının altına. Nə illah eləmişdilərsə, Kosa gedənə qədər ordan çıxmamışdım.

Anam isti çörək bişirib soyuması üçün süfrənin üzərinə düzmüşdü... Hələ də o gün bişən çörəyin ətri burnumdan getməyib...

* * *

Yanvar ayından etibarən yuxudan duran kimi uşaqların ilk işi toyuq hininə baş çəkmək idi. Çox yumurtaya ehtiyacımız var idi. O qədər çox ki, həm anamıza şirniyyat bişirmək üçün yetməli, həm onları al-əlvan boyamalı, ən əsası da döyüşdürməli idik.

Yumurtadöyüşdürmə işinə adətən qardaşlarım baxırdı. Yumurtalardan birini seçir, onu duzlu suda o qədər qaynadırdılar ki, daş kimi olurdu. Nəticədə qalib də mütləq onlar olurdu.

Yadıma düşmüşkən, balaca qardaşım heratı növündən olan bir xoruz saxlayırdı. Biz cürət edib böyüklər olmadan həmin xoruzun həndəvərinə yaxın dura bilmirdik. Axırıncı çərşənbədə xoruzları döyüşdürürdülər. Acı bibərdən yeyib, qəzəbini çıxarmağa yer axtaran xoruzlar bir-birinin pipiyini al-qana boyayırdı...

* * *

Fevral ayının axırıncı həftəsi səməni qoyardıq. Mütləq mən də bir nəlbəki götürərdim və öz səmənimi özüm qoyardım. Hər gün gedib-gəlir, bu balaca nəlbəkidəki səməniyə o qədər su verir, əlimlə buğdaları o tərəf-bu tərəfə çevirirdim ki, axırda səməni adına bir-iki cücərti çıxırdı. Amma həmin bir-iki tel səməni də mənə bəs edirdi fəxrlə deyim ki, bu, mənim səmənimdir...

* * *

Bütün gün gözləyirdik ki, şər nə vaxt qarışacaq, tonqal qalayaq (Biz buna küləş qalamaq deyirdik). Bir neçə gün malların qabağından yığdığımız saman, ot qalığını toplayaraq, səbirsizliklə axşamı gözləyərdik. Ən çox da məftilin ucuna bir topa əski dolayaraq hazırladığımız lopaları alışdırmaq üçün ürəyimiz gedirdi.

Nəhayət, o an yetişirdi və biz tonqalı qalayırdıq. Lopalar göyün üzünə işıq saçırdı. Bir də görürdün, lopadan sıçrayan qığılcımlar hansısa ot tayasına düşdü. Beləcə, səhərə qədər böyük bir tonqal yanırdı və bu, əlbəttə, daha çox biz uşaqları sevindirirdi...

Özüm tonqalın üstündən sərbəst tullanmağa qorxduğum üçün atam məni qucağına alaraq tonqalın üstündə o yana, bu yana üç dəfə fırladırdı. "Ağırlığım, uğurluğum, tökül-tökül, burda qal”... Hoppp...

* * *

Bir də gördüm nənəm məni səsləyir, ay bala, get gör əmin evdədir? Gəlsin bu kömbəni kəssin, atan evdə yoxdur. Hər bayram nənəm quyruq yağı, qoz, süd, undan kömbə bişirərdi. Bir yekə sacın içini yuyur, xəmiri ora yayırdı. Daha sonra başqa bir sacın da içini yuyub onun ağzına qapaq kimi qoyurdu. Sacın altını və üstünü tamamilə közlə örtürdü və nəticədə qıpqırmızı ləzzətli kömbə hazır olurdu.

Amma adətə görə mütləq həmin kömbənin ilkini ailəli kişi kəsməli idi. Daha sonra kömbə səliqə ilə doğranır və bütün qonşulara da pay verilirdi. Amma nənəm rəhmətə getdiyi üçün indi də bilmirəm ki, niyə həmin kömbəni kişi, özü də məhz ailəli kişi kəsməli idi. Təbii ki, nənəm sağ olan dövrdə də mən çox kiçik idim və bu cür halları təbii qəbul edərək sual verməyi belə ağlıma gətirmirdim...

* * *

Bir neçə qonşu yığışaraq, şəkərbura, paxlava, ümumiyyətlə, bayram şirniyyatını bir yerdə bişirirdi. Bu, həm şirniyyatların bişirilməsini asanlaşdırır, həm də qız-gəlinin deyib-gülmək üçün bir yerə yığışmasına bəhanə olurdu. Səhərə qədər yatmır, şirniyyat bişirirdilər.

Biz uşaqlar da yuxu güc gələnə qədər bu prosesdə iştirak edirdik. Gah şəkərburaya içlik qoymaq, gah da paxlavanın üzərinə fındıq yapışdırmaq kimi "kiçik tapşırıqları” yerinə yetirirdik. Onu da qeyd edim ki, bir gün əvvəlcədən kəndi taqqıltı səsi başına götürürdü. Əsasən də uşaqlar bir əlində çəkic sabahkı şirniyyatları bişirmək üçün qoz, fındıq, badam qırırdı.

Elə ki şirniyyatlar tamamilə bişib qurtarırdı, bərabər şəkildə onu paylara bölürdülər. Uşaqlardan birinin gözlərini bağlayırdılar, əllərini payın birinin üstünə qoyaraq soruşurdular ki, bu kimin payı, uşaq da deyirdi tutaq bu, filankəs xalanın. Beləcə, bütün paylar ədalətli şəkildə bölünürdü. Axırda da gözü bağlanan uşağa mükafat kimi bir şəkərbura, bir paxlava verilirdi. Buna görə də bu vəzifə üstündə uşaqlar arasında o qədər dava düşürdü ki...

* * *

İlaxır çərşənbə tonqalı yandırıldıqdan sonra bütün süfrələr bəzənirdi, xüsusilə də şirniyyatlarla, meyvələrlə. Xonçanın ortasında isə quzu fiqurlu şirniyyat olurdu. Boğazına qırmızı bağlayar, ağzına da bir tel səməni qoyardılar. Əksər hallarda bu quzuların bir qulağı yerində olmurdu. Çünki...

Elə təzəcə stolun altından başımı çıxararaq əlimi quzunun qulaqlarına uzadırdım ki, kiminsə gəldiyini eşitdim. Tələsik qulaqlardan birini qoparıb ağzıma qoydum, o biri isə əlimdən süfrəyə düşdü. Stolun altına girib elə ləzzətlə yeyirdim ki, bu quzu qulağını... Qopan digər qulaq isə, çox güman ki, yenidən kibrit çöpü ilə yerinə calaq ediləcəkdi...

* * *

Qoz, fındıq, şirniyyat, konfet, meyvə dolu boşqablarda qonşulara, qohumlara çərşənbəlik payı daşıyırdıq. Qablarımız boş qaytarılmır, ora bizim payda olmayan şirniyyatlardan, meyvələrdən qoyularaq geri göndərilirdi. Hərəmizin də günlər əvvəldən hazırladığımız ağzıbüzməli torbalarımız olurdu. Uşaqlar dəstə-dəstə yığışaraq həmin torbaları qapılara atıb, Novruz payı yığırdılar. Elə olurdu ki, bir qapıya 3-4 dəfə torba atırdıq. Heç birində də boş qaytarılmırdıq. Eh, uşaqlıq...

Səhər tezdən də bütün uşaqlar durub axşam paylardan, torbalardan yerə tökülən qoz-fındığı yığırdıq...

* * *

Həyətimizdə söyüd ağacı var idi. Bayram axşamı elə hey gözləyirdik ki, onun başı nə zamansa yerə dəyəcək və arzularımız həyata keçəcək. Bir də görürdük ki, yatıb qalmışıq və söyüd ağacı da çoxdan başını göyə qaldırıb. Səhər obaşdan hələ dan üzü ağarmamış qızlar durub gedirdi çay başına, "lal su” gətirməyə. Həmçinin də çayın içindən kiçik çınqıllar götürürdülər. Həmin sudan evin hər küncünə, həyətə səpər, çınqıllardan çörək təknəsinin dibinə, un kisəsinə qoyardılar ki, ev daim ruzulu və bərəkətli olsun.

* * *

Martın 21-i isə "aş bayramı” idi. Belə deyirdik. Mütləq evlərdə qaralı plov dəmlənərdi. Yanında da çölarmudu qaxından hazırlanmış şirə. Bu gün qohumlar, qonşular bir-birinin evinə gedər, mütləq o aşdan bir qaşıq da olsa dadardı.

Kəndin ortasında Novruz şənliyi keçirilərdi. Kəndirbaz olardı və Azərbaycanın heç bir bölgəsində olmayan Maral oynadardılar. Bu oyunda maral başlı və al-əlvan xalçalara bürünmüş kişi zurna sədaları altında elə gözəl rəqs edərdi ki... Sinəsinə saz basmış iki aşıq meydanda gərdiş edər, "Əsli və Kərəm” dastanını danışardı:

Ərzurumun gədiyinə varanda,

Onda gördüm bürəm-bürəm qar gəlir.

Lələm dedi: "Gəl bu yoldan qayıdaq”,

Dedim: "Lələ, qeyrətimə ar gəlir”...

* * *

1993-cü ilin mart ayı idi. Elə bil ki, bu il bahar gəlməyə tələsmirdi. Havanın qaş-qabağı heç açılmırdı...

Artıq bir il idi ki, ermənilər Kəlbəcərin işıqlarını söndürmüşdü. Evlər ancaq neft lampaları ilə işıqlandırılırdı. Batareya ilə işləyən radiolardan istifadə edilirdi. Amma radionu açmağa qorxurduq. O dövrlər idi ki, Xocalının, Şuşanın, Laçının bir-birinin ardınca ermənilər tərəfindən tutulduğu elanını eşidirdik radiodan...

Heç kimin əli qalxmırdı ki, Novruza hazırlaşsın, bayram sevinci yaşasın. Biz uşaqlar isə bütün bunlardan xəbərsiz idik. Analarımızı məcbur etmişdik ki, kənddə generatorla işləyən çörək sexində bizə şirniyyat bişirsinlər, amma nə sirr idisə, bu Novruzda bişən kökələrin heç dadı yox idi...

* * *

1993-cü il aprelin 2-si idi. Murovun aşırımlarında maşın karvanının ucu-bucağı görünmürdü. Qoca, cavan, uşaq dolu bu karvan bizi o xoşbəxt Kəlbəcərli günlərdən sürətlə uzaqlaşdırırdı. Elə uzaqlaşdırırdı ki, indi o bəxtəvər günlərə xatirələrin yaddaşı ilə də qayıda bilmirik! Bəlkə də qayıtmağa qorxuruq! Xatirələrimizə nisgil hopub, kədər ayaq açıb...

* * *

- Ay bala, bəs bayaqdan ağlayırdın ki, acından ölürsən. Niyə udmursan o ağzındakı tikəni?

Kəsilmiş quzu başının mixək gözlərindəki kədər süzülüb içimdəki nisgilə qarışaraq məni hələ də boğur...

Ağlamaq, ürəyimi parçalayan bu ağırlıqdan qurtulmaq istəyirəm, ağlaya bilmirəm...

* * *

...Və 26 ildir bu yorğun, qəm yükü çəkən köç bir ağbirçək qadının dizlərinə döyə-döyə "Atam yurdu girov qaldı, aman heyyy...” hayqırtısı altında gecə-gündüz elə hey dayanmadan bilinməyənə doğru yol gedir...

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video