19 Mart 2019 01:46
700
İQTİSADİYYAT
A- A+

Su həm də bərəkətdir


Son dövrlər aparılan islahatlar, maliyyə və texniki təminatın yüksəldilməsi sayəsində aqrar sektorda məhsuldarlıq ildən-ilə yüksəlir. Elə məhsullar var ki, bu hesaba onların istehsalı hətta dəfələrlə artıb. Pambıq, fındıq, barama, xurma, tütün və digər məhsullar ölkənin daxili tələbatını ödəməklə yanaşı, ixrac da olunur.

Məhsuldarlığın artmasına səbəb olan əsas amillərdən biri su ilə təminatdır. Amma məlumdur ki, Azərbaycanda su ehtiyatları məhduddur. Buna baxmayaraq, ərzaq təhlükəsizliyinin təmin edilməsi və ixracda kənd təsərrüfatı məhsullarının çəkisinin artırılması üçün yeni əkin sahələri dövriyyəyə daxil edilməli və həmin ərazilərin su təminatını yaratmaq üçün meliorativ tədbirlər görülməlidir. Ölkəmizin su təhlükəsizliyinin təminatında mühüm rol oynayan Taxtakörpü və Şəmkirçay kimi iri su anbarlarının tikilməsi məhz bu zərurətdən irəli gəlmişdir. Həmin su anbarlarında toplanan su müxtəlif məqsədlər üçün istifadəçilərin ixtiyarına verilmişdir.

Taxtakörpü su anbarı zonasında Xızı, Siyəzən və Şabran rayonlarında suvarma suyu ilə təmin edilən 22 min hektardan çox torpaqlar aqroparklar və iri təsərrüfatlar tərəfindən əkin dövriyyəsinə cəlb edilib. Ötən il Şabran rayonunda 12 min hektar sahədə meliorativ işlər görülüb. "Şabran Aqroparkı”na məxsus 1738 hektar torpaq sahəsinin su təminatı yaxşılaşıb. Xızı rayonunda 436 hektar sahədə salınan zeytun və badam bağlarının suvarma suyu ilə təmin edilməsi problemi də aradan qalxır.

Şəmkirçay su anbarının tikintisi ölkəmizin qərb bölgəsində əkin sahələrinin suvarma və əhalinin içməli su təminatında mühüm rol oynayır. Həmin su anbarı istifadəyə verildikdən sonra min hektarlarla əkin sahəsi su ilə təmin edilib. Goranboy və Samux rayonları ərazisində yaradılan aqroparklara məxsus torpaq sahələrinə suvarma suyunun verilməsi üçün boru kəmərlərinin və su hovuzunun tikintisi də başa çatdırılıb.

Ötən il meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının yaxşılaşdırılması, həmçinin sel və daşqın sularına qarşı mübarizə tədbirləri çərçivəsində bir çox işlər görülüb. Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınan torpaq mühafizə bəndlərinin 133 kilometrlik hissəsində möhkəmləndirmə işləri görülərək 3890 kubmetr həcmində daş və beton məmulatları ilə sahilbərkitmə işləri yerinə yetirilib, suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 62 milyon kubmetr həcmində lildən təmizləmə işləri aparılıb, 5837 hidrotexniki qurğu, 5203 subartezian quyusu, 276 nasos stansiyası təmir edilib.

Bunlardan əlavə, daşqınların qarşısını almaq üçün çay məcralarında 17,2 milyon kubmetr həcmində məcratəmizləmə işləri aparılıb, 10,3 min kubmetr şax-daş və faşın, 2,9 min kubmetr qabion bəndlər quraşdırılıb və daş-beton bəndlərdə 18,4 min kubmetr həcmində təmir işləri yerinə yetirilib.

Cəbhəyanı ərazilərin də su ilə təminatı dövlətin diqqət mərkəzindədir. Ötən il Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Füzuli rayonunun Mirzənağılı kəndlərinin 680 hektar əkin sahəsinə Araz çayından suyun verilməsi təmin edilib. Bununla da illərlə susuz qalan torpaqlara su verilib, əkin sahələrinin ərazisi genişlənib, məhsuldarlıq artıb.

Ölkədə su mənbələrinin azlığından çıxış yolu kimi artezian quyuları da qazılır. Təkcə ötən il 38 şəhər və rayonun 248 yaşayış məntəqəsindəki 8740 hektar əkin sahələrinin suya olan tələbatının ödənilməsi üçün 300 artezian quyusu qazılaraq istismara verilib. Cari ildə isə Ağdam rayonunun 20 yaşayış məntəqəsində 35 subartezian quyusunun qazılmasına başlanılıb. Bu, əhalisi 26,2 min nəfər olan 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatını yaxşılaşdıracaq.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video