17 Mart 2019 22:27
434
CƏMİYYƏT
A- A+

Şahbuz rayonu ilə tanışlıq tur-aksiya iştirakçılarında zəngin təəssürat yaradıb


Martın 17-də "Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda olublar.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, məktəblilər əvvəlcə "Farma Şah” Məhdud Məsuliyyətli Cəmiyyətinə səfər ediblər. Bildirilib ki, 2009-cu il aprelin 27-də təsis edilən müəssisə 2010-cu ildən tam fəaliyyətə başlayıb. Şahbuz şəhərində yerləşən müəssisədə paketlənmiş dərman bitkiləri, çaylar və bəkməzlər istehsal olunur. Müəssisənin avadanlıqları Çin, İran və Almaniyadan gətirilib.

Batabat Astrofizika Rəsədxanasında isə səma cisimlərinin dinamikası və fizikasının öyrənilməsi istiqamətində aparılan araşdırmalar barədə məlumatlar şagirdlərdə böyük maraq doğurub. Rəsədxana ilə tanışlıq zamanı məlumat verilib ki, dəniz səviyyəsindən 2050 metr yüksəklikdə yerləşən rəsədxana binasının günbəzində "SEYYS-600” tipli teleskop quraşdırılıb. Almaniya istehsalı olan teleskopun qurulması prosesində yerli mütəxəssislərlə yanaşı, Moskva Dövlət Universiteti Astronomiya İnstitutunun əməkdaşları da iştirak ediblər. Muxtar respublika ərazisinin astronomik şəraiti əlverişli, səması təmiz və şəffaf olduğundan bu stansiyada planetləri, kometləri, asteroidləri, ulduzları və yaxın qalaktikaları müşahidə və tədqiq etmək mümkündür.

Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanışlıq isə buradakı muzeydən başlayıb. Qeyd olunub ki, muzeydə qoruq ərazisindəki flora və faunaya aid eksponatlar nümayiş etdirilir. Qoruqda 2899 bitki növü yayılıb ki, bunların bir çoxu, məsələn, müxtəlif rəngli və ətirli süsən növləri, dağlarda yayılmış Şərq laləsi, ətirli yabanı qərənfil növləri, səhləb, paradoksal süsən və başqaları endemikdir. Ərazidə şabalıdı və torflu torpaq tiplərinin mövcudluğu landşaft-bitki örtüyünün formalaşmasında böyük rol oynayıb.

Ölkəmizdə kənd turizminin tətbiqi sahəsində həyata keçirilən ilkin tədbirlərin nəticəsi kimi diqqəti cəlb edən Ağbulaq İstirahət Mərkəzi ilə tanışlıq da tur-aksiya iştirakçılarının marağına səbəb olub. 3,5 hektar ərazisi olan istirahət mərkəzində 2 yaşayış korpusu və yeməkxana binası var.

Şagirdlər Naxçıvan Dövlət Universiteti (NDU) ilə də yaxından tanış olublar. Konservatoriya binasında şagirdlərlə görüş zamanı universitetin tərdis və tərbiyəvi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov ali təhsil ocağı barədə ətraflı məlumat verib. Bildirilib ki, hazırda ali təhsil ocağında 12 fakültədə 60 ixtisas üzrə 6 minə yaxın tələbə təhsil alır. Universitetdə ali təhsilin bakalavr, magistratura, doktorantura və rezidentura səviyyələri üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanır. Bu gün dünyanın müxtəlif ölkələrindən 400-dən çox xarici tələbə universitetdə təhsilini uğurla davam etdirir. Universitetin 108 hektarlıq ərazisində 16 tədris korpusu, elektron kitabxana, konservatoriya, Sosial Xidmət Mərkəzi, universitet klinikası, baytarlıq klinikası, Olimpiya idman mərkəzi, 2 stadion, müasirtipli tələbə evi yerləşir. Universitetdə 3 internet mərkəzi, "Qeyrət” nəşriyyatı, Media mərkəzi, televiziya studiyası (UTV), "Nuhçıxan radiosu” və bir neçə muzey fəaliyyət göstərir, "Elmi əsərlər” jurnalı, "Yeni fikir” qəzeti buraxılır. "Elmi əsərlər” jurnalı Prezident yanında Ali Attestasiya Komissiyasının reyestrinə daxil edilib və beynəlxalq kod alıb. Burada ən yüksək Wİ-Fİ campus internet şəbəkəsindən istifadə olunur.

Diqqətə çatdırılıb ki, NDU iki dəfə - 2015 və 2017-ci illərdə yeni texnologiyaların tətbiqi, tədrisin səviyyəsi, mənimsəmə və davamiyyətə görə Azərbaycan Respublikasının ali məktəblərinin reytinq cədvəlində birinci yerə layiq görülüb. Ölkəmizin ali təhsil müssisələri arasında ilk dəfə NDU-da Distant Təhsil Mərkəzi istifadəyə verilib.

Sonra şagirdlər NDU-nun tanıtma filmini izləyib, konservatoriyanın foyesində universitetin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxıblar.

Daha sonra universitetin kampusu ilə tanışlıq olub.

Duzdağ Fizioterapiya Mərkəzinə gələn məktəblilərə bu səhiyyə müəssisəsi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mərkəzin digər duz şaxtalarından üstünlüyü şaxtanın horizontal yerləşməsidir. Buna görə xəstələr yeraltı şöbəyə tez adaptasiya olurlar. Digər tərəfdən şaxtada oksigen və havanın temperaturu daim sabit qalır. Bu da astma, bronxit xəstələrinin sağalması prosesinin daha da sürətlənməsinə səbəb olur.

Axşam "Duzdağ” otelində tur-aksiya iştirakçıları üçün Naxçıvan Musiqi Kollecinin tələbələri tərəfindən təşkil olunan konsert proqramı təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video