17 Mart 2019 00:45
373
İQTİSADİYYAT
A- A+

Yeni ixrac məkanları araşdırılır


Xarici bazarın tələblərinə uyğun məhsul yetişdirilməsi üçün müasir istehsal sahələri yaradılır


Sosial-iqtisadi inkişaf məsələləri, əhalini narahat edən əsas sosial-məişət problemlərinin həlli hər yerdə olduğu kimi, Göyçayda da daim diqqət mərkəzində saxlanılır. Bu, dövlət başçısının nəzarətindədir.

Prezident tərəfindən yalnız 2018-ci ildə rayon ərazisində yol infrastrukturunun yenidən qurulması, qəzalı vəziyyətdə olan məktəblər üçün yeni binaların tikilməsi, əhalinin içməli su və təbii qazla təminatının yaxşılaşdırılması, dövlət mənzil fondunun təmiri, əhalinin və yaşayış məntəqələrinin sel və daşqın təhlükəsindən mühafizəsi ilə bağlı 8 sərəncam verilib. Sadalanan işlərin yerinə yetirilməsinə ümumilikdə 24 milyon 840 min manat vəsait yönəldilib.


Ötən il 9 milyon manatlıq məhsul ixrac edilib


Rayon icra hakimiyyətindən aldığımız məlumatda bildirildi ki, ölkə Prezidentinin qeyri-neft sektorunda istehsal edilən malların ixracının artırılması ilə əlaqədar verdiyi tapşırığa müvafiq olaraq rayonun emal müəssisələrində müasir bazar tələblərinə uyğun məhsul istehsalı da diqqət mərkəzində saxlanılır.

İxracyönümlü və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması, yeni ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi istiqamətində də ciddi iş aparılır. Bütün bunların nəticəsidir ki, 2018-ci ildə rayonun emal müəssisələrində istehsal edilmiş 9 milyon manatlıq məhsul respublikadan kənara ixrac edilib. Ümumi sənaye məhsulu istehsalında ixrac olunan məhsulun xüsusi çəkisi isə 36 faiz təşkil edib.


2 ildə 17 milyon manatlıq sərmayə


Ümumiyyətlə, ötən dövrdə icra hakimiyyəti tərəfindən investisiya və biznes mühitinin yaxşılaşdırılması, rayon iqtisadiyyatına daha geniş həcmdə özəl sərmayələrin cəlb edilməsi istiqamətində əməli tədbirlər görülüb.

2018-ci ildə sahibkarlıq subyektləri tərəfindən rayonda ümumi dəyəri 9,4 milyon manat olan 14 layihə həyata keçirilib. Bu layihələrin həyata keçirilməsi nəticəsində 177 yeni iş yeri açılıb. Bütövlükdə 2016-cı ilin iyun və 2018-ci ilin dekabr ayları ərzində Göyçay rayon iqtisadiyyatına yerli iş adamları tərəfindən 17,1 milyon manat investisiya qoyulub və 635 iş yeri açılıb. Müvafiq tələblər baxımından cari ildə də özəl investisiyanın cəlb edilməsi ilə bağlı fəal iş aparılması nəzərdə tutulur. Hədəflərə nail olmaq üçün həm yerli, həm də xarici iş adamlarının rayona investisiya qoymalarına və bazarın tələblərinə uyğun yeni istehsal sahələri yaratmalarına maraq yaradılması düşünülür.

Ölkə rəhbərinin tapşırığına uyğun olaraq bu il rayon iqtisadiyyatının yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilməlidir. Hesab edilir ki, ilk növbədə rayonun sənaye potensialından, emal müəssisələrinin layihə üzrə istehsal güclərindən tam istifadə edilməsi üçün tədbirlər görülməli, emal müəssisələrində yeni istehsal sahələrinin yaradılması, müasir bazar tələblərinə uyğun rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalı diqqət mərkəzində saxlanılmalıdır.


Baramaçılığın əvvəlki şöhrəti bərpa olunur


Məqsəd odur ki, rayonun kənd təsərrüfatının mövcud imkanlarından daha dolğun istifadə edilsin. Bu zaman baramaçılığın inkişafına xüsusi diqqət yetirilməlidir. Keçən əsrin 70-80-ci illərində Göyçay rayonu respublikanın ən iri baramaçılıq rayonlarından biri olub və hər il rayonda 400-420 ton barama tədarük edilib. Baramaçılıq sahəsində rayonun əvvəlki şöhrətinin qaytarılması üçün bu gün real imkanlar mövcuddur və dövlət səviyyəsində də bu sahənin inkişaf etdirilməsinə xüsusi diqqət göstərilir. Qarşıya qoyulmuş hədəflərə çatmaq üçün ilk növbədə baramaçılığın yem bazasının yaradılmasına çalışılır.

Son 3 ildə rayonun kəndlərində 384,6 min ədəd, o cümlədən Çin Xalq Respublikasından gətirilmiş 278 min ədəd tut tingi əkilib. İndi qarşıda duran əsas vəzifə tut tinglərinə lazımi aqrotexniki qulluq göstərilməsi və onların qorunmasıdır. Əsas ehtiyat mənbələrindən biri də kəndlərdə mövcud olan tut ağaclarıdır. Lakin uzun müddət bu ağaclardan baramaçılıq məqsədləri ilə istifadə edilməməsi onların məhsuldarlığını və səmərəliliyini aşağı salıb. Yerli icra və bələdiyyə orqanları həmin ağacların aqrotexniki qaydada budanmasını təmin edir, həmçinin yerli məhsuldar tut tingləri əkməklə kəndlərdə baramaçılığın möhkəm yem bazasını yaradırlar. Rayonun ucqar, iri meyvə bağları olmayan kəndlərində gəlirli sahə olan baramaçılığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi başlıca məqsədlərdəndir.


Məhsuldarlığın artırılması mütərəqqi texnologiyalardan keçir


Göyçayda kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması üçün ciddi tədbirlər görülməsi qərara alınıb. Bu zaman qarşıya qoyulan başlıca məqsəd ilk növbədə taxılçılığın inkişafına diqqət yetirilməsi, taxıl istehsalının, onun məhsuldarlığının yüksəldilməsi hesabına artırılması, sahələrin aqrotexniki qaydada becərilməsi və mineral gübrələrin verilməsi, alaq otlarına qarşı mübarizə tədbirlərinin yerinə yetirilməsinin təmin olunmasıdır.

Göyçay torpaq imkanları məhdud olan rayonlardandır. Ona görə də burada kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması üçün mütərəqqi texnologiyalar tətbiq edilməlidir. Rayonun kənd təsərrüfatında ənənəvi sahə olan faraş tərəvəz istehsalının artırılması üçün də ciddi tədbirlərin görülməsi və müasir istixanaların tikintisinə üstünlük verilməsi nəzərdə tutulur. Hazırda dövlət tərəfindən də istixanaların tikilməsinə böyük dəstək verilir. Çünki tərəvəz istehsalı ölkənin ixrac potensialına çox müsbət təsir göstərir.

Torpaqlardan səmərəli istifadə olunması da qarşıda duran əsas vəzifələrdən biridir. Rayon ərazisində uzun müddət istifadə olunmayan, həmçinin ayrı-ayrı vətəndaşlar tərəfindən zəbt edilən və təyinatı üzrə istifadəsiz qalan kənd təsərrüfatlı təyinatlı torpaqların müəyyən edilməsi istiqamətində işlər davam etdirilir. Hesab edilir ki, həmin torpaqları əkin dövriyyəsinə daxil etməklə məhsul istehsalını artırmaq, həm də kənd əməkçiləri üçün yeni iş yerləri yaratmaq vacib məqamlardandır.

Əli SƏLİMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video