17 Mart 2019 00:45
636
İQTİSADİYYAT
A- A+

Məhsullarımıza əvvəl özümüz dəyər verməliyik


Hər bir ölkənin dünya bazarında xüsusi yeri olan və alıcıların rəğbətini qazanan müəyyən məhsulları var. Bu məhsulların bazara çıxışını təmin edən, imicini qaldıran və onların digərlərindən üstünlüyünü təbliğ edən ciddi reklam siyasəti yeridilir. Nəhəng şirkətlər və korporasiyalar alıcılara brendlərini bəyəndirmək üçün gəlirlərinin böyük bir hissəsini reklama xərcləyir, bununla alıcıların geniş kütləsini öz tərəflərinə çəkməyə çalışırlar. Belə olmasaydı, məsələn, "Marlboro” siqareti bazarda bütün rəqiblərinə meydan oxumazdı, baxmayaraq ki, matah kimi brendə çevrilən siqaretlərin sayı az deyil.

İnsana faydası olmayan Pepsi, Fanta, Coca-cola kimi içkilərin də brend kimi cilalanıb dünya bazarlarında at oynatması əslində, o demək deyil ki, bu içkilərdən yoxdur və onlar Qusarın itburnu limonadından daha faydalıdır. Sadəcə, uğurlu reklam siyasəti bu məhsulları məşhur edib.

Bu baxımdan Azərbaycanda istehsal olunan məhsulların əksəriyyəti insanlar üçün həddən ziyadə xeyirli və bir çox məqamlarda isə müalicəvidir. Eyni zamanda, məhsullarımızın qədimliyi və insanlara faydası da göz qarşısındadır. Yəni, bizim istehsal etdiyimiz, dünya bazarına çıxardığımız məhsulları satmaq üçün hansısa üsula əl atmağa ehtiyac yoxdur. Elə olanı üzə çıxara bilsək, mahiyyətini dünyanın eşidə və anlaya biləcəyi tərzdə ortaya qoysaq yetərli olar.

Bu gün dünyada Azərbaycanın bir çox məhsullarına maraq getdikcə artır. Sürətlə genişlənən ixrac, müxtəlif ölkələrdə açılan ticarət nümayəndəlikləri brendimizin formalaşmasında əhəmiyyətli rol oynayır. Lakin burada incə bir məqama toxunmaq yerinə düşərdi. Azərbaycan brendini, ölkəmizin istehsal etdiyi məhsulları ilk növbədə özümüz sevməli və sonra başqalarına sevdirməliyik. Amma nədənsə milli psixologiyamızın müəyyən axsamaları buna mane olur.

Özünə nəsə almağa gedəndə soruşursan ki, yerli istehsaldırmı? Satıcı sənə elə tərs-tərs baxır ki, təəccüblənməyə bilmirsən. Üzünün ifadəsi ilə səni qandırmağa çalışır ki, o dükanında yerli məhsulu satışa çıxarmağı özünə sığışdırmır. Yəni, nə satırsa, xarici maldır. Paltar soruşursan, o saat başlayırlar sənə Türkiyənin məşhur brendlərini sadalamağa, kərə yağı istəyirsən başlayırlar Yeni Zelandiyanın yağını tərifləməyə. Dükan-bazarda olarkən nə qədər çalışsaq da, heç kimə öz malımızın üstünlüklərini başa sala bilmirik. Satıcılar iki ayağını bir başmağa dirəyirlər ki, yerli malı vitrinə vursa kimsə dükanından içəri ayaq basmaz. Əslində isə özümüzün elə mallarımız var ki, dünyanın ən məşhur analoji brendləri onların yanında heç nədir.

Hər bir xalqı tanıdan, digərlərinin gözündə yüksəldən brendlərin sırasında innovasiyalar və yeni texnologiyalar da var. Eyni zamanda, bir sıra ölkələrin və xalqların keçmişi, milli-mədəni irsi ilə sıx bağlı olan, vəhdət təşkil edən sənət nümunələri də brend kimi məşhurdur. Məsələn, Yaponiya dünya bazarına yüksək nanotexnologiyalar və yeni məhsullar çıxarmaqda öndə gedən ölkələrdən biri olsa da, milli geyimlərinə, qədim ənənələrinə sonsuz sədaqəti olan xalq kimi də seçilir. Müasir yaponlar avropalılar kimi geyinsələr də, ənənəvi olaraq ipəkdən tikilən milli geyimlərinə ruhən bağlıdırlar və bu vərdiş həyatlarının ayrılmaz bir hissəsidir. Bu da ona səbəb olur ki, Yaponiyada ipək məhsullarının istehsalı ilə məşğul olan şirkətlərin sayı-hesabı yoxdur.

Biz də xalq kimi keçmişimizə, kökümüzə və milli adətlərimizə romantik bağlılıqla seçilirik. Bu gün də bu keyfiyyətlərimiz nağıllarımızda, əfsanələrimizdə və dastanlarımızda yaşayır, həyatımızın mənasını kəsb edir. Biz çətinlikləri dəf edən, sınaqlara sinə gərə bilən xalqıq. Əgər belə olmasaydı, "Ağ atlı oğlan” surəti nağıllarımıza gəlməzdi və biz qaranlıq dünyadan işığa can atanlardan olmazdıq. Biz əlimizin qabarına sevinə bilirik, gördüyümüz hər hansı bir işi sənət nümunəsinə çevirmək istedadına malikik.

Bütün bu keyfiyyətlər bizə imkan verir ki, dünyaya rəqabətqabiliyyətli məhsullar çıxaraq, milyonlarla insanı sevindirək. Bunun üçün isə Azərbaycan brendini öncə müqəddəs bir titul kimi özümüz sevməli, bu brend adı altında nə varsa özümüz dəyərləndirməli və təbliğ etməliyik. İstehsal etdiyimiz malı əcnəbinin gözündə qiymətə mindirmək, mahiyyətini, faydasını və məzmununu açmaq üçün bu, zəruridir. Əgər amerikalı bir siqareti, ya da içkini hamının beyninə qeyri-adi rəmz kimi otuzdura bilirsə, niyə biz faydalı, xeyirli məhsullarımızı alıcılara təqdim etməyək? "Çobanın könlü olsa, təkədən pendir tutar” atalar sözündə olduğu kimi.

Götürək xalçalarımızı. Azərbaycan xalçaları hər birimiz üçün bənzərsiz sənət nümunəsi olmaqla yanaşı, həm də fəlsəfi məzmun kəsb edir. Xalçasız, xalısız yaşasan, sanki azərbaycanlı deyilsən. Toyunda, ziyafətində yerə xalılar döşənməsə, sanki bu mərasimlər mənasını itirər. Nağıllarımızda uçan, bizi ecazkar dünyalara səyahətlərə aparan sehrli xalçalar bu qədim sənət nümunəsinin hər birimizin qəlbindəki müqəddəs yerinin əfsanəvi yozumudur. Evimizə gələn qonağın da ayaqları altına xalça səririk, dünyasını dəyişənimizi də xalçaya bürüyürük. İngilis, alman, fransız və ya hər hansı bir başqa xalqın nümayəndəsi bütün bunları bilməsə, xalçanın da nə olduğunu anlamayacaq. Amma biz ona xalçanın dəyərini başa salsaq, sevdirə bilsək, mütləq evinin bir küncündə Azərbaycan guşəsi yaradacaq.

Məhz buna görə artıq dünyanın hər yerində - Rusiyada, ABŞ-da və Avropada Azərbaycan xalçalarının sərgiləri açılır, bu mövzuya elmi-praktik konfranslar həsr edilir. Biz xalçaları daha dərindən öyrəndikcə, onun təbliğini genişləndirdikcə, yeni bazarlar qazanmaqdan başqa, mədəniyyətimizin qədimliyini, ənənələrin bizim üçün nə qədər müqəddəs olduğunu dünyaya daha dolğun təqdim etməyə əlavə imkanlar əldə edirik.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video