16 Mart 2019 15:38
281
CƏMİYYƏT
A- A+

Qafqaz Müsəlmanları İdarəsi Yeni Zelandiyada törədilmiş terror aktı ilə bağlı bəyanat yayıb


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Yeni Zelandiyada törədilmiş terror aktı ilə bağlı bəyanat yayıb. Bu barədə AZƏRTAC-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Bəyanatda deyilir: Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində törədilmiş, çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktı haqqında xəbər biz, Azərbaycan dindarlarını hədsiz sarsıtdı. Bu dəhşətli terror aktı zamanı həlak olanların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, terror qurbanlarına Allahdan rəhmət diləyir, yaralılara şəfa, bütün dünya müsəlmanlarına səbir və dəyanət arzulayırıq”.

Müsəlmanlara qarşı törədilən qətllərin dini mənsubiyyətə görə həyata keçirilməsini islamofobiyanın bariz nümunəsi kimi qiymətləndirir, belə faşist mahiyyətli əməllərin qətiyyən yolverilməz olduğunu bəyan edirik. Hansı məqsəd və niyyət, hədəf və məramla həyata keçirilməsindən asılı olmayaraq insanların milli, dini, irqi mənsubiyyətə görə məhv edilməsi ksenofobiya təzahürü olmaqla insanlıq adına ləkə, mənəvi böhrandır.

Müqəddəs dəyər olan insan həyatına qəsd edən, Allaha xoş getməyən əməllər törədənlərin mənfur niyyətlərindən, bu amansız terror əməlindən son dərəcə hiddətlənir, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayırıq. Biz dünya ictimaiyyətini belə barbarlıq hallarına, islamofobiya, dini ayrı-seçkiliyin müdhiş nümunəsinə sərt və birmənalı münasibət bildirməyə çağırırıq. Müsəlmanlar üçün müqəddəs olan Cümə gününü qara cüməyə çevirmək, Yaradana ibadət edən dinc insanları qətl etməyi qəhrəmanlıq kimi zənn edən islamofob bir düşüncə sahibinin iyrənc hərəkətləri insanlıq adına həqarətdir. Terrorun dini, terrorçunun dini mənsubiyyəti olmur. Lakin xəstə, zəhərlənmiş təfəkkürlə törədilmiş bu hadisə bütün bəşəriyyəti bu reallıq barədə bir daha və daha dərindən düşünməyə, daha səmərəli addımlar atmağa vadar edir”.

Qeyd edilir ki, Yeni Zelandiyada törədilən bu amansız terror aktı əslində bütün dinlərə, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş cinayətdir. Bu gün dünyamızın müxtəlif nöqtələrində dini və milli zəmində radikalizm və ekstremizmin tüğyan etməsi, dinlər, məzhəblər arasında toqquşmalar, terrorizm, separatizm, ksenofobiya, islamofobiya, antisemitizm, din adından sui-istifadə edərək insanların qətl edilməsi kimi çox təhlükəli təzahürlər yaşandığı bir dövrdə bu təhdidlərdən bəşər ailəsi yalnız səylərini birləşdirməklə, müxtəlif dinlər və mədəniyyətlər arasında əməkdaşlıq sayəsində xilas ola bilər. Belə faciəli hadisələr, müqəddəs məkanlarda - məsciddə, kilsədə, sinaqoqda törədilən qeyri-insani aktlar narahat dünyamızda müxtəlif din ardıcıllarının səy və qüvvələrinin birləşdirilməsinin nə qədər önəmli olduğunu bir daha sübut edir.

XXI əsrdə qloballaşma proseslərinin sürətləndiyi dövrdə terrorizm, ksenofobiya, antisemitizm, islamofobiya, ekstremizm və radikalizmin qarşısının alınması, dünyada sabitlik və əmniyyətin bərqərar olması üçün dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığı vacibdir. Yeni Zelandiyada törədilən dəhşətli terror aktına dünyanın bir çox liderlərinin, beynəlxalq təşkilatların operativ və prinsipial mövqe nümayiş etdirməsi, heç şübhəsiz ki, təqdirəlayiqdir.

Beynəlxalq ictimaiyyətin haqlı qınağına səbəb olmuş bu hadisə bir daha sübut edir ki, dünyamızın əmin-amanlığı üçün dinlərarası dialoq və mədəniyyətlərarası əməkdaşlıq prioritet olmalı, dinc birgəyaşayışın önəmli şərti olaraq multikulturalizm və dinlərarası tolerantlıq ideyaları əsas götürülməlidir. Belə faciələrin təkrarlanmaması naminə dünya ictimaiyyəti ksenofobiyanın istənilən təzahürlərinin, o cümlədən islamofobiyanın qarşısının alınması üçün əlindən gələni əsirgəməməlidir.

Bu gün dünyada milli, irqi, dini ekstremizmi önləyə biləcək ən təsirli vasitə nümunəvi qarşılıqlı anlaşma mədəniyyətinin - multikultural həyat tərzinin qloballaşan dünyada təşviq edilməsidir. Azərbaycan dövləti məhz bu humanist məramları bəyan edir, təkcə İslam dünyası daxilində deyil, bütün səmavi dinlər arasında dostluq və qardaşlığın vacibliyini təlqin edir. Azərbaycanın bütün dünyada insan həmrəyliyinə xidmət edən qlobal təşəbbüsləri daha çox dəstək və ardıcıllara malik olarsa, bəşər belə faciələr yaşamaz.

"Biz, Azərbaycanın din xadimləri bir daha Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidlərə silahlı hücum aktını qətiyyətlə pisləyir, milyonlarla insanın iradəsini ifadə edərək dünya ictimaiyyətinə müraciət edir, Ulu Yaradanın buyurduqlarına zidd olan, sivil cəmiyyətlərə başucalığı gətirməyən belə halların bir daha təkrarlanmaması üçün bütün zəruri tədbirləri görməyə, dünya ictimaiyyətini öz səylərini daha sıx birləşdirməyə, əlindən gələni əsirgəməməyə çağırırıq. O Bir Olan Yaradanımızdan terror qurbanlarına rəhmət diləyirik”.

Bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr və Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev imzalayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video