Alternative content

10:35 21 Mart 2019
ONLINE XƏBƏR LENTİ
08:42 21.03.2019 Azərbaycana yaz gəldi…
01:41 20.03.2019 Sarsılmaz birlik
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ölümsüz eşqlər
Ölümsüz eşqlər
ANA SƏHİFƏ / Mədəniyyət
00:59 16.03.2019


Milli məfkurəmizin qoşa sərkərdəsi - Cəlil və Həmidə Məmmədquluzadələr


O gün zamanı ölçmürdü, vaxt mahiyyətini itirmişdi və yalnız bu böyük qarşılaşmanı qızıl hərflərlə tarixə həkk edirdi...

Gözlərini açan gündən dünyanı qaranlıq görən, aydınlıq uğrunda mübarizə aparan və illərdir mənəvi aclıqla savaşaraq bütün çətinliklərə sinə gərən iki şəxsin birləşərək zülmətə ziya saçma günü idi...

Mənən cilalana-cilalana, təkmilləşə-təkmilləşə uzun və çətin bir yol qət etmişdilər bu günə qədər...

Və bu dünyada heç nə təsadüfi olmur...

Tale özü onları əvvəlcədən bu gün üçün hazırlamışdı...

Həmin məqam yetişəndə, bir payız günü axşamçağı yolları kəsişmişdi...

Azərbaycanda tənqidi realist nəsrin dahi yaradıcısı, dramaturgiya tariximizdə tragikomediya mərhələsinin banisi, satirik publisistik məktəbin əsasını qoymuş Mirzə Cəlil və zadəgan ziyalı zümrəsinin ən məşhur qadın təmsilçisi, xeyriyyəçi, maarifçi Həmidə xanım Cavanşir...

"Pyes qeyri-adi uğur qazandı. Teatrda iynə atsan, yerə düşməzdi. Hər fasilədə tamaşaçılar müəllifi gurultulu alqışladılar...”- deyə Həmidə xanımın aldığı həmin imzasız məktubda bildirilirdi.

Əslində, bu iki sətirlik, sözlərdən ibarət məktub, o qədər incə mətləblərdən xəbər verirdi ki, onun mahiyyətini romanlara belə sığdırmaq mümkün deyil...

Hətta aralarında kiçik incikliklər, mübahisələr yarananda belə bir-birlərinə uğurları barədə məlumat verirdilər.

Və Həmidə xanım da öz növbəsində, "Sənin bu qədər məşhurlaşmağına sevinirəm” - deyir, Şuşada görüşdükləri zaman.

"Sənə layiq olmağa çalışıram”- deyə, iltifatla cavab verir böyük ədib və beləcə barışırlar...


Səssiz sevgi


Həmidə xanım həm də Cəlil Məmmədquluzadə əsərlərinin ilk dinləyicisi idi.

Mirzə Cəlil "Anamın kitabı” pyesini yazıb bitirir və Həmidə xanıma oxuyur: "O, çox təsirli oxuyurdu. Pyes məni alıb aparmışdı, sanki hər şeyi unutmuşdum. O, qiraəti bitirəndə mən yaş dolu gözlərimlə oturmuşdum, bir müddət dinib-danışa bilmədim. Özümə gəldikdən sonra onu xeyli təriflədim, təşəkkür etdim...”

Elə Həmidə xanım atası Əhməd bəy haqqında yazdığı xatirələrini də ilk dəfə Mirzə Cəlilə oxumuşdu. Bu xatirələr böyük ədibin marağını və diqqətini çəkir, Həmidə xanıma yazdıqlarını daha da genişləndirməsini tövsiyə edir...

Onu da vurğulayaq ki, Həmidə xanım xatirələrini qələmə alarkən, həyatında müstəsna rol oynayan iki kişi - Əhməd bəy və Cəlil Məmmədquluzadə haqqında ətraflı yazıb. Amma həmin xatirələrin bircə yerində belə Mirzə Cəlilə olan sevgisini, hansısa romantik sözlə ifadə etməyib...

Axı, elə sevgi özü də sözlə ifadə olunan bir hiss deyil...

Sevincdə-kədərdə, varlıqda-yoxluqda, sağlıqda-xəstəlikdə bir olmaq...

Sevginin mahiyyəti də elə bu deyilmi?!

Sevgi yaşanır, baxışlarda əks olunur, ömrə həkk olunur...

Onların sevgisi də eləcə səssiz-səssiz, ürəkdən, ürəyə süzülürdü...

Həm də bu ilahi sevginin qığılcımları, xalqın ən sadə nümayəndəsindən tutmuş, ən mötəbər şəxslərinə qədər hər kəsin yoluna işıq saçırdı...


Qoy ədəbiyyat tarixinə yazılsın ki...


1910-cu ildə eşidirlər ki, Azərbaycan ədəbiyyatının böyük şairi Mirzə Ələkbər Sabir xəstədir. Mirzə Cəlil şairə məktub yazaraq xahiş edir ki, onlara müalicə almağa gəlsin. Həmidə xanım da, Mirzə Cəlil də bir-birinə aman vermədən böyük şairin qulluğunda dururdular.

M.Ə.Sabir özü də Abbas Səhhətə məktubunda bu barədə yazırdı: "Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Bilmirsən mənə nə qədər ehtiram edirlər! Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim”.

"Məlumat” qəzetinin 1911-ci il 7 avqust tarixli sayında böyük şairin müalicəsinə laqeydliklə yanaşanlardan narazılığını ifadə edən Üzeyir Hacıbəyli Həmidə xanımın xeyirxahlığını, qayğısını nümunə göstərirdi: "Qoy ədəbiyyat tarixində yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən kişi olmadısa da, bir nəfər arvad oldu ki, şairin səhhəti və onun müalicəsi üçün milyonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir həmniyyət göstərdi”.

Həmin illərdə Həmidə xanım dəhşətli xəstəlikdən əziyyət çəkirdi və bu, Mirzə Cəlili olduqca üzür, onu itirəcəyi fikrini ağlına belə gətirmək istəmirdi.


Həmidə xanımın vəziyyəti isə getdkcə pisləşirdi...


"Mən Cəlili çağırdım və ölümün gəlişinə hazır olmaq üçün vəsiyyətnaməmi yazdırdım. Onun gözlərindən yaş sel kimi axırdı. Cəlil danışa bilmirdi, dinməz-söyləməz əlimi sığallayırdı...”-yazır Həmidə xanım.

Amma əcəl bu ocağa hələ illər sonra gələcəkdi, özü də ona doğru yox...


Yaşamağa qoymurlar məni...


Ölkədə baş verən dəyişikliklər birbaşa onların da həyatına təsir edirdi, həm maddi, həm mənəvi cəhətdən...

Hətta sovet hökuməti qurulandan sonra yaranan qarışıqlıq nəticəsində bir müddət Azərbaycanı tərk edərək, Təbrizdə qalmalı olurlar. Həmidə xanıma məxsus bütün mal-mülk, varidat başlı-başına qalır, dağılır...

Cənubi Azərbaycanda da xeyli çətinliklərlə qarşılaşırlar...

Buna baxmayaraq "Molla Nəsrəddin” jurnalını orada da nəşr etdirirlər.

Müəyyən zamandan sonra yenidən vətənə dönürlər. Həmidə xanım mülkünün başına qayıdır, təsərrüfatını bərpa etməyə çalışırdı, amma onu gözü götürməyənlər buna əngəl olur, problemlər yaratmağa çalışırdılar. Bütün bunlardan bezən Həmidə xanım Mirzə Cəlilə şikayət edirdi: "Bunlar məni rahat yaşamağa qoymurlar”.

Mirzə Cəlil isə ona təsəlli verir, məktub yazaraq yanına çağırır və deyirdi ki, heç olmasa sən də bir az rahatlıq tap.

Bu həm də o zaman idi ki, Həmidə xanımın gənc qızı Mina Davatdarova intihar etmişdi...

Onun mənəvi dayağı isə yalnız Mirzə Cəlil idi...

Dərd hər zaman bu iki insanın taleyinə batmanla gəlirdi... Bir fəlakətdən qurtulmamış, digəri ilə rastlaşır, bir nisgili unutmamış, yenisiylə qarşılaşırdılar...

Çox çətin idi həyatları, çox...


"Mollla Nəsrəddin”siz yaşamaq olarmı!


Mirzə Cəlilin səhhətində də ciddi narahatlıqlar yaranmışdı, baş ağrılarından tez-tez şikayət edirdi. Maddi sıxıntılar, yaradıcılıq problemləri, Həmidə xanımın qarşılaşdığı haqsızlıqlar, oğlu Midhətin səhhəti ilə bağlı keçirdiyi narahatlıqlar onu tamamilə əldən salırdı...

1930-cu ildə Mirzə Cəlil iflic olur və sol əli ilə ayağının fəaliyyəti zəifləyir.

"Molla Nəsrəddinə” qarşı göstərilən etinasızlıq isə onu bütün hər şeydən daha çox incidir, həyatdan küsdürür, yaralayırdı...

Hələ 1923-cü ildə yazıçı "Molla Nəsrəddin” məcmuəsinin ildönümünü keçirmək təşəbbüsündə olsa da, ona dəstək verən olmur. 1931-ci ildə məcmuənin 25 illik yubileyini keçirmək istəyirlər. Mirzə Cəlil yubiley keçirmək istəyənlərə kinayə ilə deyir:

Tələsməyin, hələ tezdir, Allah qoysa 75 illiyini bayram edərsiniz.

1931-ci ilin yanvarın 7-də "Molla Nəsrəddin” jurnalının son nömrəsi çıxır. Cəlil Məmmədquluzadə bu gündən sonra cəmisi bircə il yaşaya bilir...

"Molla Nəsrəddin” jurnalının məsul katibi Azərbaycan Xalq Komissarlar Şurasının sədrinə yazırdı ki, Cəlil Məmmədquluzadə ağır xəstədir, kurort müalicəsinə ehtiyacı var, amma bunun üçün maddi imkanı yoxdur. Hökumət ədibə 200 manat pul və Kislovodska putyovka verir. 1930-cu ildə dekabrın axırında Mirzə Cəlil Kislovodskdan evə qayıdarkən onu müalicə edən həkim yazıçıya bağlı bir zərf verir və Bakıdakı həkiminə yetirməsini xahiş edir. Sonralar Mirzə Cəlil etiraf edir ki, Bakıyacan dözməyib, zərfi açıb məktubu oxuyub. Orada yazılıbmış ki, xəstənin işi bitib, iki aydan çox yaşamaz. 1931-ci ilin dekabrında isə O, Həmidə xanıma deyir: "Amma həkim düz bilməyib. O, deyən vaxtdan on ay da çox yaşayıram...”


Külə dönən əlyazmalar


Həmidə xanım Mirzə Cəlillə keçirdikləri o unudulmaz və kədərli günləri belə xatırlayırdı: "Mirzə Cəlil həmişə deyərdi ki, uşaqları yaxşı yedizdirmək lazımdır, yoxsa xəstələnər və ölərlər. Amma onları yaxşı yedizdirməyə maddi imkan çatmırdı, ona görə də həyəcanlanır, əzab keçirirdi, əsəbi olmuşdu. Gedib bir kömək istəməyə də razı deyildi. Ürəyində elə düşünürdü ki, onu lazımınca qiymətləndirmirlər. Biz odun ala bilmirdik. Bir dekabr axşamı qar qarışıq güclü Xəzri əsirdi. Mirzə Cəlil oğlanlarının otağına girdi və oradan çıxarkən: - Çox soyuqdur, bu soyuqda başlarına bir şey girməz, gərək sobanı qalayaq, - dedi, - öz otağına gedib şkafı açdı, əlyazmalarını çıxartdı. Onları bir-bir gözdən keçirib yerə atırdı. Mən narahat oldum, yanaşdım, soruşdum ki, nə etmək istəyirsən. Dedi ki, sobanı qalamaq istəyirəm. Mən xahiş elədim ki, əlyazmalarını yandırmasın, hələ gərək ola bilərlər. Ondansa taxta bir şey axtaraq. Cavab verdi ki, yandırmalı nə mümkünsə hamısını yandırmışıq. Mən ürək ağrısı ilə onun əli ilə yazdığı səhifələrin qalaq-qalaq yığıb sobaya qoymasına və kibrit çəkməsinə baxırdım. Hiss edirdim ki, bu, çox böyük itkidir. Amma mane ola bilmirdim, o, çox əsəbi idi. Nəhayət, sobanın ağzını bağladı, yenidən oğlanlarının otağına getdi və qayıdıb: "Soba istidir” - dedi. O, məmnun idi və arxayın yıxılıb yatdı. Axırıncı dəfə sobanı qalayırdı”.


Kaman ayrılıq nəğməsi çalır...


"...Mirzə Cəlil çarpayıdan durub,

kamançasını götürüb, çalmağa başladı. Elə gözəl çalırdı ki, mən işimi bir kənara qoydum, ona qulaq asmağa başladım. Axırıncı akkordu çox təsirli götürdü, lap ürəyim ağrıdı, gözlərim yaşardı. Çalıb qurtarandan sonra ehmallıca kamançanı aparıb əvvəlki yerinə qoydu. Axırıncı dəfə onda kamança çaldı”.

1932-ci ilin yanvarın 4-də Mirzə Cəlilin halı birdən-birə pisləşir. İynə vururlar, masaj eləyirlər, həkim çağırırlar. Mirzə Cəlil: "Həkim çağırmayın, Midhətə zəng vurun, qoy tez gəlsin” - deyib. Oğlunun iş nömrəsini də özü verib. Oğlu gəlib çıxanda artıq şüurunu itiribmiş. Son sözləri: - Midhət gəldi? - olub.

"...Ölümünə inanmırdım, inadla onun əllərini ovuşdurur, alnının tərini silirdim. Birdən üzündən qan çəkildi, sinəsindən son nəfəsi çıxdı və o, əbədilik susdu. Yanvarın dördü, gündüz saat üç idi”.

Mirzə Cəlilin bu dünyadan köçməsi ilə Həmidə xanımın xatirələri də sona çatır.

Kim bilir, bəlkə də, bununla Həmidə xanım Mirzə Cəlillə bərabər, özünün də acılı-şirinli günlərinin, ömür xatirələrinin bitməsinə bir işarə vururdu...


Cəlildən sonra


Həmidə xanım isə Mirzə Cəlilə ömrünün sonunda Bakıda hökümət tərəfindən verilmiş evdə 1955-ci ilə qədər yaşayır...

Amma bu 23 il də onun ömrünə o qədər müsibətlər yazır ki...

Qızı Minadan sonra oğlu Midhətin ölümü kimi dəhşətli faciəyə, dözməli olur...

Amma heç zaman öz müqəddəs xeyirxahlıq, maarifpərvərlik, vətənə xidmət missiyasından bir an olsun əl çəkmir...

Ömrünün qalan hissəsində də ictimai işlərini davam etdirir, Mirzə Cəlilin əsərlərini tərcümə etdirir, xatirələrini yazır...

Yazı boyunca Həmidə xanımın Mirzə Cəlil haqqında xatirələrindən nümunələr gətirmiş, böyük ədibin və maarifpərvər xanımın həyatına daha yaxından məhz bu xatirələr sayəsində bələd olmuşuq.

Və elə bu yerdə, "Xatirələrim”in marqalı yazılma tarixindən bəhs etmək yerinə düşər.


Həmidə xanım Mircəfər Bağırovu xilas edib Gülablıda gizlədir


Həmidə xanımın öz atası - Qarabağ xanlığının qurucusu Pənah xanın oğlu, xanlığın idarəedicisi Mehralı bəyin nəvəsi Əhməd bəy Cavanşir haqda yığcam bir xatirə kimi yazmağa başladığı, sonda isə təxminən 100 şagird dəftəri həcmində genişləndirdiyi bu kitabın əsas qismi Mircəfər Bağırovun sifarişilə qələmə alınıb.

Deyilənlərə görə, hələ Cümhuriyyət illərindən əvvəl təqibdən qaçaraq sağ qalmış bir neçə nəfəri ilə kahada gizlənən M.Bağırov xilas üçün mahalda bir elə kişi bəy-xan ola-ola, məhz Həmidə xanımın üstünə adam göndərir. Həmidə xanım onları bəladan xilas edib Gülablıdakı qohumugilə yola salır və düz bir ay o ailədə yeyib-yatıb sağaldıqdan (ən əsası isə, qəzəbli rəqiblərinin yadından çıxdıqdan) sonra Bakıya yola salınır.


"Mən görmədiklərimi yaza bilmərəm”


İllər keçir, "Xatirələrim”də qeyd olunduğu kimi, artıq Azərbaycan SSR-in rəhbəri olmuş bu adam Həmidə xanımın etdiklərini də yad edib, Qarabağa gəlir. Həmin vaxt Kəhrizlidə yaşayan Həmidə xanım: "O mənimlə də görüşdü...”- yazır.

Bir müddət sonra Həmidə xanıma ərizə yazdırıb, bir günün içində Yazıçılar İttifaqına üzv seçirlər. Yüksək maaş, xüsusi xidmət maşını ("M-1”) imtiyazları, yüksək qonorar, kitabın dərsliklərə salınması vədləri və...

Beləliklə, vaxt başa çatır və Həmidə xanım yazdıqlarını Yazıçılar İttifaqına təhvil verir. Növbədə yalnız kitabın çapı qalırdı. Bir aydan sonra Həmidə xanıma Yazıçılar İttifaqından bildirirlər ki, yoldaş Bağırov əsəri bəyənməyib, çünki onun Qarabağdakı bolşevik fəaliyyəti, vətən və xalq qarşısında əvəzsiz xidmətləri kitabda geniş şəkildə əks olunmalıdır: "Mənim keçmiş bolşevik fəaliyyətimdən də yazsın!..” -deyə bildirir.

Həmidə xanımın cavabı isə qısa və konkret olur: "Mən görmədiklərimi yaza bilmərəm”.

Beləcə, repressiyaların tüğyan etdiyi bir dövrdə cəsarətli qadın "yalançı tarix” yazmaqdan imtina edir...


Əbədilik


Onları andıq, tale yollarına nəzər saldıq.

Hər sətrindən nalə çəkən kaman səsi eşidilən qəmli və real həyat hekayətlərini ürəyimizlə dinlədik, ruhumuzla qulaq verdik...

Çox keşməkeşli, amma şərəfli bir ömür sürdülər...

Qoşa addımladılar başdan-başa mübarizə, milli istiqlal uğrunda savaş, cəhalətlə vuruş içərisində keçən həyat yollarını...

Bir-birlərinin boşluğundan doğuldular, tam yaratdılar, bütövə çevrildilər, əbədiləşdilər...

Azərbaycanda tənqidi-realist nəsrin dahi yaradıcısı, dramaturgiya tariximizdə tragikomediya mərhələsinin banisi, satirik publisistik məktəbin əsasını qoymuş Mirzə Cəlil və zadəgan ziyalı zümrəsinin ən məşhur qadın təmsilçisi, xeriyyəçi, maarifçi Həmidə Məmmədquluzadələr...

Yasəmən MUSAYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM