16 Mart 2019 00:57
402
SİYASƏT
A- A+

Ermənistan yeni etirazlarla çalxalanır


İşğalçı ölkədə iş yerlərinin açılması əvəzinə köhnələrinin bağlanması vəziyyəti daha da ağırlaşdırır


Ağır sosial-iqtisadi vəziyyət fonunda Ermənistanda müşahidə olunan hallardan biri də yenidən çoxsaylı etiraz aksiyalarının başlanmasıdır. Görünən budur ki, ölkə vətəndaşları artıq maddi-sosial durumlarının nə vaxtsa yaxşılaşacağına dair olan ümidlərini tam itirmək üzrədirlər. Xüsusən də yeni iş yerlərinin açılması əvəzinə köhnələrinin bağlanması vəziyyəti daha da ağırlaşdırır.

Elə bunun nəticəsi olaraq bu günlərdə "Yüksəkvoltlu energetik şəbəkə” şirkətinin şimal filialının əməkdaşları işdən azadedilmələrə etiraz əlaməti olaraq Gürcüstana gedən dövlətlərarası yolu bağlayıblar. Filialın direktoru Edqar Bocukyanın jurnalistlərə bildirdiyinə görə, bir neçə əməkdaş səbəbi izah edilmədən işdən çıxarılıb.


"Əgər işləməsək, bizi kim dolandıracaq?”


Bundan başqa, paytaxtda lombardların və valyutadəyişmə məntəqələrinin əməkdaşları da hökumət binası qarşısında etiraz aksiyası keçiriblər. Etirazçılar "Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərə qarşı çıxırlar. Qanun layihəsinə əsasən, Ermənistanda dövlət rüsumları təqribən 60 dəfə artırılacaq.

Aksiya iştirakçılarının sözlərinə görə, hazırda qüvvədə olan qanunda lombardlar üçün nəzərdə tutulan dövlət rüsumunun məbləği 100 min dram, valyutadəyişmə məntəqələri üçün isə 50 min dramdır. Lakin yeni qanun qəbul edildikdən sonra onlar müvafiq olaraq 6 milyon və 3 milyon dram rüsum ödəmək məcburiyyətində qalacaqlar. Aksiya iştirakçısı olan Ayk Saakyan bəyan edib: "Bu qərar üzündən ölkəmizdə yoxsulluğun səviyyəsi yüksələcək, lombardlar bağlanacaq, insanlar isə işsiz qalacaq. Əgər işləməsək, bizi kim dolandıracaq? Günbəgün vergi və rüsumları artıran hökumətmi?”

Etirazçılar ümid edirlər ki, Nazirlər Kabineti onların şikayətini eşidəcək və yeni qanun layihəsi qəbul olunmayacaq. Çünki əks təqdirdə paytaxt və ətraf ərazilərdə bu sahədə çalışan və rüsumu ödəyə bilməyən minlərlə insan işsiz qalacaq, nəticədə isə dövlət büdcəsi 900 milyon dramdan çox vergidən məhrum olacaq.


Avtobus sürücüləri xidmət göstərməkdən imtina ediblər


Ermənistan paytaxtında ictimai nəqliyyatın fəaliyyəti də iflic vəziyyətinə düşüb. Buna səbəb "Avtobus” QSC-nin sürücülərinin etiraz aksiyası keçirməsidir. Etiraz əlaməti olaraq tətilə çıxan 250-dən çox avtobus sürücüsü paytaxt sərnişinlərinə xidmət göstərməkdən imtina ediblər.

Aksiya keçirən sürücülərin sözlərinə görə, əvvəllər gün ərzində sərnişinlərin ödədiyi yol pulları ilə "plan”ı doldurub rəhbərliyə təqdim edirdilər və digər vəsait özlərinə qalırdı. Amma indi rəhbərlik onlara gündəlik cəmi 6-7 min dram təklif edir ki, bu məbləğ də sürücüləri qane etmir. Avtobus sürücülərinin şikayəti həm də hökumətin səhlənkarlığı üzündən günlərlə pulsuz qalmaları ilə bağlıdır. Onların sözlərinə görə, əvvəllər texniki xərclərlə özləri məşğul olurdular və operativ şəkildə məsələ həllini tapdığından avtobusların marşruta buraxılmasında problem yaşanmırdı. Amma indi dövlət texniki məsrəfləri öz üzərinə götürüb və vəziyyət daha da pisləşib.

Etiraz edən sürücülərdən biri bəyan edib: "Yəni əgər hansısa texniki problem varsa, gərək bir neçə gün oturub gözləyək ki, dövlət nə zaman problemi həll edəcək. Bu isə o deməkdir ki, avtobus günlərlə istifadəyə verilməyəcək və biz pulsuz qalacağıq”.

Bu günlərdə daha bir qrup vətəndaş Yerevanda Ermənistanın hökumət binası önünə toplaşaraq etiraz aksiyası keçirib. Etirazçılar ötən ilin sonunda dövlət qulluqçularına verilən böyük məbləğdə əlavə pul mükafatlarının Ermənistanın dövlət büdcəsinə geri qaytarılmasını tələb edirlər.

Aksiyaçılar həmçinin bir həftə ərzində 4 min imza topladıqlarını və bu təşəbbüsə qoşulanların sayının durmadan artdığını bildiriblər. Onların sözlərinə görə, dövlət işçilərinə maaşlarından əlavə pul verilməsi korrupsiya əməlidir və bütün vəsaitlər büdcəyə qaytarılmalıdır. Aksiya iştirakçılarından biri qeyd edib: "Biz icazə verməyəcəyik ki, əvvəlki hakimiyyət nümayəndələrinin etdikləri kimi, vəzifəli şəxslər öz burunlarını dövlət büdcəsinə soxsunlar. Bu insanlar əlavə 8-9 milyon dram pul alırlar və deyirlər ki, guya bunu qanuna uyğun olaraq edirlər”.


Meriya binası önündə etiraz


Başqa məlumata görə, Ermənistan vətəndaşı hökumətə etiraz əlaməti olaraq özünün "Niva” markalı avtomobilini paytaxt Yerevanın meriya binası önündə yandırmağa cəhd edib. Narazı sakin maşınını meriya binasının pilləkənləri ilə sürərək əsas giriş qapısının önündə saxlayıb və uzun müddət orada dayanıb. Daha sonra sürücü avtomobilinə benzin tökərək yandırmağa çalışıb, lakin buna müvəffəq olmayıb. Aydın olub ki, vətəndaşın bu addımının səbəbi Yerevan meriyasının onun mağazasını sökmək niyyəti ilə əlaqədardır.

"Qraparak” qəzeti isə yazır ki, Ermənistanda bundan sonra daha çox etiraz aksiyası keçiriləcək. Qeyd olunur ki, Ermənistan İslahatçılar Partiyasının sədri Vahan Babayan martın sonunda "Vədlərinizi yerinə yetirin!” şüarı altında yeni hakimiyyətin əleyhinə etiraz aksiyası keçirməyə hazırlaşır. Bildirilir ki, V.Babayanın partiyası hazırda yeni hökumətin hansı vədlərə əməl edib-etmədiyini aydınlaşdırır, siyahı hazırlayır. Bunda məqsəd yeni hakimiyyətə "güclü və əsaslı zərbə” endirməkdir.

Bütün bunlar qarşıdakı dövr ərzində Ermənistanı heç də sakit günlərin gözləmədiyini deməyə əsas verir.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video