15 Mart 2019 03:32
1874
SİYASƏT
A- A+

İlham Əliyevdən dünyaya sülh, ədalət və əməkdaşlıq çağırışı


Bakı növbəti beynəlxalq tədbirə evsahibliyi edir


Dünən VII Qlobal Bakı Forumu öz işinə başladı. Üç gün davam edəcək forumda 55 ölkədən 500-dən artıq nümayəndə iştirak edir. Budəfəki mövzu "Dünyanın yeni xarici siyasəti”dir.


Azərbaycanın təşəbbüsləri beynəlxalq səviyyədə dəstək qazanır


Öncə onu qeyd edək ki, Azərbaycan yalnız bölgənin lideri, dünyada söz sahibi olan və müstəqil siyasət həyata keçirən ölkə kimi tanınmır. Azərbaycanı dünyaya tanıdan başqa bir səbəb təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, milli və ümumbəşəri dəyərlərin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, problemlərin həllinə dəyərli töhfələr verməsidir. Artıq xeyli müddətdir ki, ölkəmiz bütün dünyanın diqqət mərkəzində olan qlobal məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınır. Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu və digər tədbirlər məhz Azərbaycanda keçirilir. Azərbaycanın təşəbbüsü ilə yaranan Bakı Prosesi qlobal hərəkata çevrilib və BMT tərəfindən dəstəklənir.

Qlobal forumun Bakı şəhərində keçirilməsi də dünya ictimaiyyətinin Azərbaycana olan hörmətinin, etimadının, ölkəmizin dünya siyasətində, beynəlxalq münasibətlər sistemində yerinə və roluna, habelə siyasi və humanitar dialoqun inkişafına töhfələrinə verilən qiymətin real ifadəsidir. Qlobal Bakı Forumu dövrümüzün aktual məsələlərinin, dünyada baş verən mühüm hadisələr və cərəyan edən proseslərin müzakirə olunduğu mühüm platformadır. Belə ki, bu müzakirələrə onlarla ölkədən görkəmli dövlət xadimləri, tanınmış siyasətçilər, diplomatlar qoşularaq diskussiya və dialoq aparırlar. Bu mənada forum keçmiş və indiki liderlərə qlobal problemləri müzakirə etməyə, onların həlli yollarını tapmaq yolunda səylərə şərait yaradır. Ona görə də bu forumun dövlətlərarası əməkdaşlığa, siyasi münasibətlərə konstruktiv töhfə verdiyi, qarşılıqlı siyasi anlaşma üçün əlverişli şərait yaratdığı şübhəsizdir.

Dünən VII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu forumun dünyada cərəyan edən vacib prosesləri müzakirə etmək üçün mühüm beynəlxalq platformaya çevrildiyini bildirib. Forumda dünyanın nəhəng intellektual potensialının cəmləşdiyini deyən Prezident İlham Əliyev bunun tədbirin miqyasını təcəssüm etdirdiyini, Bakı Forumunun beynəlxalq aləmdə misilsiz yeri olduğunu nəzərə çarpdırıb.

Prezident İlham Əliyev forum iştirakçılarının diqqətini dünyada sabitliyin bərqərar olması üçün mühüm amil olan multikulturalizmin Azərbaycandakı ənənələrinə də yönəltdi, bu ideyanın dünyada təbliğ edildiyini vurğuladı. "Bu gün Azərbaycan nümayiş etdirir ki, yalnız multikulturalizmin təşviqi ilə dünya irəli gedə, gərginlik azala bilər”, - deyən dövlət başçısı Azərbaycanın gənc, müstəqil ölkə olmasına baxmayaraq, beynəlxalq təşkilatların dəstəyini qazandığını bildirdi. Ölkəmizin beynəlxalq təhlükəsizliyə verdiyi töhfəsini qeyd edən Prezident İlham Əliyev nəqliyyat və enerji layihələrimizdən danışdı, bunun beynəlxalq əməkdaşlığın mühüm hissəsi olduğunu dedi, bu istiqamətdə reallaşdırılan layihələrin ölkələri daha da yaxınlaşdırdığını, əməkdaşlıq üçün yeni körpülər saldığını vurğuladı.


Səmərəli diskussiya və dialoq platforması


Xatırladaq ki, indiyədək 6 Qlobal Bakı Forumu keçirilib. İlk dəfə 2013-cü ildə keçirilən forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsi və bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət müzakirə olunub.

2014-cü ilin aprelində keçirilən ikinci forumun gündəliyinə açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multiidarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlərin müzakirəsi daxil idi.

Üçüncü forum 2015-ci ilin aprelində keçirildi. "Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan bu forumda nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər - etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu və bir sıra qlobal problemləri müzakirə etdilər.

IV Qlobal Bakı Forumu 2016-cı ilin martında keçirildi. "Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edilən forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olundu.

2017-ci ilin martında keçirilən V forum "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunmuşdu. Forumda 56 ölkədən 300 nəfərədək nümayəndə, o cümlədən müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində mühüm rolu olan çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak etdi.

Ötən il mart ayında keçirilən VI forumda "İnklüziv cəmiyyətlərin qurulması üçün ziddiyyətlərin uyğunlaşdırılması” mövzusu müzakirə edildi. Forumda beynəlxalq münasibətlərdə güc anlayışı, Yaxın Şərq regionunda sülh və təhlükəsizlik, Balkan regionunda hazırkı və gələcək vəziyyət, Çinin xarici siyasəti, kapitalizmdə iqtisadi inkişaf və ətraf mühitin deqradasiyası məsələləri, nəsillər arasındakı bağların qırılması, dini-mədəni müxtəlifliyin siyasi liderlik uğrunda rolu kimi mövzular müzakirə edildi.

Dünəndən isə VII forum öz işinə başlayıb. Tədbirdə hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazir, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər toplaşıb. Forum çərçivəsində keçiriləcək 10 sessiyada qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək.

Bütün bunlar göstərir ki, Qlobal Bakı Forumu səmərəli diskussiya və dialoq məkanıdır. Bu diskussiyalara görkəmli dövlət xadimləri, tanınmış siyasətçilər qoşulurlar. Ona görə də bu qlobal platformanın dövlətlərarası əməkdaşlığa, siyasi münasibətlərə konstruktiv töhfə verdiyi, qarşılıqlı siyasi dialoq üçün əlverişli şərait yaratdığı şübhəsizdir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video