15 Mart 2019 03:31
836
SİYASƏT
A- A+

İlham Əliyevin islahatlar konsepsiyası dünyada ən səmərəli modellərdəndir


Azərbaycan iqtisadiyyatında xüsusən son iki ildə yenidən vüsət alan inkişaf Prezident İlham Əliyevin başlatdığı yeni iqtisadi islahatların uğurlu nəticələridir.


Belə ki, 2016-cı ilin əvvəllərindən başlanan kompleks islahatlar milli iqtisadiyyatımızın inkişafında tamamilə yeni mərhələnin əsasını qoydu. Bununla da respublikamızda dayanıqlı inkişaf təmin edildi.

Təbii ki, iqtisadiyyatın yenidən dirçəlməsi, artan maliyyə imkanları digər sahələrdə də dövlət siyasətinin daha dolğun həyata keçirilməsini təmin edir. Bunu müxtəlif sahələrdə, xüsusən sosial sferada genişmiqyaslı tədbirlərin həyata keçirilməsi ilə müşahidə edirik. Hələ 2018-ci il aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev gələcək fəaliyyət prioritetlərini elan edərkən sosial məsələlərin diqqət mərkəzində olacağını bəyan etmişdi. "Gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaqdır. Nəzərə alsaq ki, növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır” deyə cənab Prezident bildirmişdi.

Budur, 2019-cu ilin ilk ayları ölkədə xüsusən sosial sahədə həyata keçirilən və 3 milyon vətəndaşın rifahına birbaşa təsir göstərən tədbirlərlə əlamətdardır. Prezident İlham Əliyev bildirib ki, 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir və inkişaf etmiş ölkəyə çevirməkdir, mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır.

Prezident İlham Əliyevin 2019-cu ildə sosial sahədə qəbul etdiyi mühüm qərarlar birdəfəlik ödəmə alacaq şəhid ailələrinin əhatə dairəsinin genişləndirilməsi ilə başladı. Ötən il aprelin 11-də keçirilən seçkilərdə inamlı qələbə qazanan cənab İlham Əliyevin növbəti prezidentlik müddətində imzaladığı 1 nömrəli fərman məhz şəhid ailələrinin sosial müdafiəsi ilə bağlıdır. 2018-ci il 19 aprel tarixli həmin fərmana əsasən qeyd olunan şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulub. Dövlət başçısının yanvarın 28-də imzaladığı fərmanla isə 11 min manat birdəfəlik ödəmə alacaq şəhid ailələrinin əhatə dairəsi daha da genişləndi.

Respublikamızın ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi sənəddə əksini tapdı. Prezidentin yanvarın 30-da imzaladığı digər fərmanla isə şəhid ailələri üçün Prezident təqaüdünün aylıq məbləği 58 manat artırılaraq 300 manat müəyyən edildi. Bu fərmanların hər biri şəhid ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılmasının ölkədə aparılan siyasətin başlıca məqsədlərindən biri olduğunu bir daha təsdiq etdi və ictimaiyyət tərəfindən böyük rəğbət və məmnunluqla qarşılandı.

Ölkəmizin maliyyə imkanlarının çoxalması adekvat olaraq xalqın sosial rifahının, güzəranının daha da yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində atılan addımların real nəticələri ilə müşayiət olunur. Prezident İlham Əliyev fevralın 25-də keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə bir daha qeyd etdi ki, əlavə gəlirlər ilk növbədə vətəndaşların sosial müdafiəsinə yönəldilməlidir. Təkcə yanvar ayında vergi və gömrük orqanlarından büdcəyə daxilolmalar 105 milyon manat artmışdır. Bütün bu artımlar isə, cənab Prezidentin qeyd etdiyi kimi, vətəndaşların rifahının daha da yüksəldilməsinə yönəldildi və fevral ayında bu istiqamətdə imzalanan müvafiq fərman və sərəncamlar ölkə ictimaiyyəti tərəfindən yüksək rəğbət və minnətdarlıqla qarşılandı.

Beləliklə, fevral ayında imzalanan sərəncam və fərmanlarla 3 milyon vətəndaşı əhatə edən böyük sosial tədbirlər görüldü. Bunlardan biri minimum aylıq əməkhaqqının artırılması oldu. Fevralın 8-də imzalanan sərəncamla ölkə üzrə minimum əməkhaqqı 50 manat (38,5 faiz) artırılaraq 180 manata çatdırıldı. Bu, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda işləyən 600 min işçinin əməkhaqqının artması deməkdir.

Prezidentin fevralın 14-də imzaladığı "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman, "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” və "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamlar da sosial islahatlar paketinin mühüm tərkib hissələridir. Bu sənədlərlə təqribən 100 mindən çox tələbənin təqaüdü artırıldı. Bu sənədlər təkcə bir gəncin təqaüdünün artırılması və yaxud ailə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı deyil, bütövlükdə Azərbaycan dövlətinin, ölkə rəhbərinin öz vətəndaşlarına olan yüksək insani münasibətinin nəticəsidir.

Başqa bir mühüm sosial qərar əmək pensiyasının minimum məbləğinin artırılması oldu. Bununla bağlı qanun layihəsi Milli Məclisin fevralın 19-da keçirilən iclasında qəbul edildi. Prezident İlham Əliyevin təsdiqlədiyi bu qanuna əsasən martın 1-dən əmək pensiyasının minimum məbləği 160 manat miqdarında müəyyən olunub. Dəyişiklik 233 min nəfərin pensiyasında artıma gətirib çıxaracaq. 9 min insanın pensiyası 2 dəfə, 26 min nəfərin pensiyası 30 faiz artacaq. Bütövlükdə isə əhalinin böyük bir qisminin pensiyası 38,5 faiz civarında artacaq.

Vətəndaşları son illərdə narahat edən məsələlərdən biri yeni inşa edilən binalarda aldıqları mənzillərin sənədləşdirilməsində yaranan problem idi. Dövlət başçısı bu problemə də birdəfəlik son qoydu. Belə ki, fevralın 19-da imzalanan "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmana əsasən, təxminən 400 çoxmənzilli binanın sənədləşməsi məsələsində yaranmış problemlər aradan qaldırılır. Bu qərar da vətəndaşların həm sosial, həm də iqtisadi maraqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Fevralın 25-də imzalanan "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam da Prezident İlham Əliyevin müəyyən etdiyi sosial paketin mühüm elementlərindən biridir. Sərəncama uyğun olaraq, sosial müavinətin məbləğinin yaşa görə müavinət alanlar üçün 73 manatdan 130 manata, I qrup əlilliyə görə 150 manata, II qrup əlilliyə görə 130 manata, III qrup əlilliyə görə isə 110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 82 manatdan 150 manata, ailə başçısını itirməyə görə isə ailə üzvlərinin hər biri üçün 68 manatdan 80 manata çatdırılması nəzərdə tutulur. Həmçinin sosial müavinətin məbləği valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları üçün 61 manatdan 100 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün 68 manatdan 100 manata, beşdən çox uşağı olan qadınların hər uşağı üçün 33 manatdan 55 manata, uşağın anadan olmasına görə 109 manatdan 200 manata, dəfn üçün ödənilən sosial müavinətin məbləği isə 146 manatdan 300 manata çatdırılacaq.

Sərəncam, eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə təmin edilənlərin əhatə dairəsinin genişlənməsinə əsas yaradıb. Ümumilikdə isə bu sərəncam 576,8 min nəfərə yönələn sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması məqsədinə xidmət edir.

Məlum olduğu kimi, bir neçə il əvvəl maliyyə bazarlarında baş vermiş hadisələrdən sonra dollar hesabı ilə banklardan götürülən kreditlərin ödənməsində çətinliklər yaranmışdı. Budur, cənab İlham Əliyevin vətəndaş maraqlarına xidmət edən mütərəqqi sosial siyasəti bu məsələdə də vətəndaşın imdadına çatdı. Dövlət başçısının fevralın 28-də imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanla vətəndaşların bu narahatlığına da son qoyuldu. Fərmana əsasən, fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilərək Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək. Bu fərman ümumilikdə 800 min nəfər vətəndaşı əhatə edəcək.

Bütün bu sosial tədbirlər bir daha göstərir ki, Prezident İlham Əliyev üçün ən ümdə məsələlərdən biri vətəndaşların yüksək rifah içində yaşaması, problemdən, qayğıdan uzaq olmasıdır. Ona görə Prezident daim xalqın arasında olur. Cənab İlham Əliyevin rayonlara səfərləri, yerli əhali ilə rəsmiyyətçilik baryerini aşan səmimi görüşləri, onları şəxsən dinləməsi, şəkil çəkdirməsi göstərir ki, dövlət başçısı üçün insan amili bütün məqsədlərin fövqündə dayanır. Beyləqanda sakinlərin Prezidentə etdiyi dualar tək bir vətəndaşın deyil, bütövlükdə xalqın alqışı idi. Sumqayıt bulvarındakı izdiham isə xalqın öz Prezidentinin ətrafında olmasının təcəssümü idi. Ağsu şəhərində sakinlərin məktublarını şəxsən qəbul etməsi isə Prezident İlham Əliyevin hər bir vətəndaşı qayğılandıran məsələyə həssas münasibətinin və yüksək diqqətinin göstəricisi idi. Dünyanın heç bir ölkəsində Prezidentlə vətəndaş arasında bu cür səmimi münasibətə rast gəlmək mümkün deyil. Hansı ölkənin Prezidenti vətəndaşlardan şəxsən ərizə yığır?! Bu, İlham Əliyevin xalqa son dərəcə bağlılığından irəli gəlir.

Martın 1-də mədəniyyət və incəsənət xadimləri ilə görüşdə Prezident İlham Əliyev bu məsələlərə toxunaraq sosial paketin təqribən 3 milyona yaxın insanı əhatə etdiyini vurğuladı. Ümumiyyətlə, bu görüş də cəmiyyətdə böyük əks-səda doğurdu və bir daha təsdiq etdi ki, Azərbaycan dövləti mədəniyyətin və incəsənətin inkişafı üçün nə lazımdırsa edəcək. Eyni zamanda bu diqqət və qayğı mədəniyyət sahəsində çalışanların öz peşələrinə və sənətlərinə daha ürəkdən bağlılıq hissini gücləndirir. Prezidentin xalq artisti Rasim Balayevə telefon açması da onun böyüklüyünün, sənət və sənətkara verdiyi diqqətin göstəricisidir.

Hər bir vətəndaşa yüksək diqqət və qayğı ilə yanaşılmasını biz eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətində də görürük. Öz işləri ilə cənab Prezidentin siyasi kursuna böyük dəstək verən Mehriban Əliyevanın xüsusən sosial sahədəki fəaliyyəti təqdirəlayiqdir. Ötən ay Birinci vitse-prezident kimi fəaliyyətinin ikinci ili tamam olan Mehriban Əliyevanın bu müddətdə sosial sahədə gördüyü işlər göz önündədir. Minlərlə məcburi köçkün vətəndaşımız yeni mənzillərlə təmin olunub. 2016-cı ilin Aprel döyüşlərində əlil olmuş qəhrəman döyüşçülərimizin ən yüksəkkeyfiyyətli protezlərlə təmin olunması Mehriban xanım Əliyevanın diqqətində olan məsələdir.

Azərbaycanın uğurlarını xarici ölkələrdə də görür və yaxından izləyirlər. Beynəlxalq təşkilatların tədbirlərində də biz Azərbaycanda gedən inkişaf proseslərinin dost ölkələrdə təqdir olunduğunu görürük. Lakin Azərbaycanda uğurla həyata keçirilən islahatların fonunda son vaxtlar antiazərbaycançı mərkəzlərin də fəaliyyətində fəallaşma hiss olunur. Əlbəttə, onların güclü Azərbaycan dövlətinin qarşısında zərrə qədər də təsir imkanları olmasa da, görünən budur ki, respublikamızın inkişafı, uğurları, insanların sosial rifahının yüksəlməsi bəziləri tərəfindən qısqanclıqla qarşılanır. Həmin antiazərbaycançı mərkəzlərin sifarişlərini yerinə yetirən AXCP sədri Əli Kərimli dövlətin və xalqın milli maraqlarını satmaqla məşğuldur. İqtisadi sferadakı müsbət göstəricilərə, islahatların uğurlu nəticələrinə və pozitiv yeniliklərinə, dövlətin sosial sahədə atdığı mühüm addımlara baxmayaraq, Ə.Kərimli yenə də ağa qara deməyindən qalmır. Onu narahat edən Azərbaycanın inkişafı, xalqın rifahının yüksəlməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir uğur onların onsuz da antimilli müstəvidə qurulmuş fəaliyyətlərini alt-üst edir, insanlara yalan sırımaq cəhdlərinin və siyasi iflasdan çıxış yollarının qarşısını alır.

Azərbaycan bu gün də inkişaf edir, sabah da inkişaf edəcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə getdiyimiz bu yol dövlətimizi daha da gücləndirir, hər bir sahədə inkişafı və insanların yüksək sosial rifahını təmin edir. Heç bir qüvvə Azərbaycanı bu dinamik inkişaf yolundan döndərə bilməz.

Eldar QULİYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, iqtisad elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video