Alternative content

20:10 25 May 2019
ONLINE XƏBƏR LENTİ
11:07 25.05.2019 Saxta balın zərərləri
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ölümsüz eşq
Ölümsüz eşq
ANA SƏHİFƏ / Mədəniyyət
03:25 15.03.2019


Milli məfkurəmizin qoşa sərkərdəsi - Cəlil və Həmidə Məmmədquluzadələr


O gün zamanı ölçmürdü, vaxt mahiyyətini itirmişdi və yalnız bu böyük qarşılaşmanı qızıl hərflərlə tarixə həkk edirdi...

Gözlərini açan gündən dünyanı qaranlıq görən, aydınlıq uğrunda mübarizə aparan və illərdir mənəvi aclıqla savaşaraq bütün çətinliklərə sinə gərən iki şəxsin birləşərək zülmətə ziya saçma günü idi...

Mənən cilalana-cilalana, təkmilləşə-təkmilləşə uzun və çətin bir yol qət etmişdilər bu günə qədər...

Və bu dünyada heç nə təsadüfi olmur...

Tale özü onları əvvəlcədən bu gün üçün hazırlamışdı...

Həmin məqam yetişəndə, bir payız günü axşamçağı yolları kəsişmişdi...

Azərbaycanda tənqidi realist nəsrin dahi yaradıcısı, dramaturgiya tariximizdə tragikomediya mərhələsinin banisi, satirik publisistik məktəbin əsasını qoymuş Mirzə Cəlil və zadəgan ziyalı zümrəsinin ən məşhur qadın təmsilçisi, xeyriyyəçi, maarifçi Həmidə xanım Cavanşir...


Röya


1905-ci il oktyabrın 13-ü idi...

Həmin gün Qarabağ zadəgan ziyalı zümrəsinin nümayəndəsi Həmidə Cavanşir və böyük ədib Cəlil Məmmədquluzadə Tiflisdə Sofya Şahtaxtinskayanın mənzilində qarşılaşırlar və bu görüş hər ikisinin ömründə yeni bir dövrün başlanğıcı olur...

Bir-birlərini kəşf edirlər... Malik olduqları dünyagörüşü, ziyalılıq, həyata baxış tərzləri onlarda heyranlıq hissi yaradır...

Həmin gün Həmidə xanım atası Əhməd bəy Cavanşirin əlyazmasını Mirzə Cəlilə təqdim edir və çap olunmasını istəyir.

Söhbətləri uzanır, inqilabdan, erməni-müsəlman toqquşmasından, xalqın geri qalmasından, müsəlman qadınların acınacaqlı taleyindən danışırlar...

Hətta o zaman Mirzə Cəlil Həmidə xanıma müsəlman qadınların xeyriyyə cəmiyyətini açmaq barədə dəyərli bir təklif də verir. Bu fıkir Həmidə xanımın çox xoşuna gəlir və dərhal bu ideyanı həyata keçirmək uğrunda fəaliyyətə başlayır.

Həmidə xanım xatirələrində Mirzə Cəlillə qarşılaşdığı həmin günlə bağlı "kiçik” bir detal vurğulayır: "Mirzə Cəlil az danışırdı. Ancaq arada uzun-uzadı suallar verirdi...”

Ətrafda bu qədər cahilliyin hökm sürdüyü, qadınların hüquqsuz, çadralar, buxovlar, qadağalar içərisində yaşadığı bir mühitdə, bu cür ziyalı, dünyagörüşlü bir qadının indi onun qarşısında birdən-birə zühur etməsi Mirzə Cəlili yaxşı mənada mat qoymuşdu...

Və təbii ki, o bu cür bir qadına biganə qala bilməzdi və qalmır da...


Qəm yükü


Qadınlar tarixin bütün dövrlərində şairlərin ilham qaynağı, vəsf ünvanı olub...

Onları ala gözlü, qarğı saçlı, qələm qaşlı, pəri yerişli kimi təsvir ediblər...

Zadəgan nəslin kübar xanımı Həmidə xanım Cavanşir də bütün bu zahiri gözəlliklərə malik idi, amma həm də onda milli xanımxatınlıq ədası, Ərəbzəngi cəngavərliyi, Sara xatun diplomatikliyi bir bütünlük yaratmışdı...

Bu milli-mənəvi xüsusiyyətlər isə onun genetik kodu, əsilzadə ruhunun ayrılmaz hissəsi idi. Hələ yeniyetmə ikən rus dilini səlis şəkildə qavrayıb-öyrənmiş, kənd qızları üçün o qədər də səciyyəvi olmayan milli və dünyəvi mədəni-maarif düşüncələrinə yiyələnmişdi.

Atası Əhməd bəy Cavanşir lap kiçik yaşlarından Həmidə xanıma erkək tinətli olmağı aşılamışdı: "Mənim qızım elə olmalıdır ki, biz kişilər ölüb getsək, bizi şərəflə əvəz edə bilsin”.

Zamanın axarında Əhməd bəyin uzaqgörənliklə dediyi bu sözlər həqiqətə çevrilir...

Ard-arda anasını, qardaşlarını, həyat yoldaşını, atasını itirir. O isə bu çətin sınaqlara dözməli, itirdiyi əzizlərini şərəflə əvəz etməli idi. Üstəlik, iki övladına da həm ata, həm də ana olmalıydı...

Elə Mirzə Cəlillə də ömrünün bu kədərli, fırtınalı, təlatümlü günlərində tanış olur...

Əhməd bəy son nəfəsində Həmidə xanıma daha bir vəsiyyət edir. Son arzularından biri uşaqlara məxsus mənzum hekayə və tərcümələrindən ibarət toplusunun nəşr olunması idi...

Və elə bu vəsiyyət Azərbaycan tarixinə öz adlarını qızıl hərflərlə yazdırmış iki böyük şəxsiyyətin qarşılaşmasına vəsilə olur...

O gün Həmidə xanımın yaddaşına belə həkk olunmuşdu: "Mirzə Cəlil arıq, bəstədən bir az hündür boylu idi. Səliqə ilə geyinmişdi. Əynində nişastalı yaxalıq, köbəli mahud sürtuk vardı. O, hədsiz ciddi idi, üzü heç gülmürdü, sanki çiyinlərində qəm yükü vardı. Həmin 1905-ci ildə Mirzə Cəlil həm atasını, həm anasını itirmişdi. Bu hadisədən bir ay qabaq isə yaxın dostu və qaynı - mərhum həyat yoldaşı Nazlı xanımın qardaşı Məhəmmədqulu bəy Kəngərli bir qatilin əli ilə faciəli şəkildə qətlə yetirilmişdi”.


İlk sevgi


Mirzə Cəlil özü sonradan əvvəlki həyat yoldaşı Nazlı xanımla tanışlığı barədə danışarkən deyir ki, mən, demək olar ki, hər gün Məmmədqulu bəy Kəngərligilə gedib, uzun müddət kabinetdə oturub söhbət edərdim: "Bir dəfə onun kabinetində tək oturduğum vaxt gözlənilmədən qapı açıldı, içəri gözəl bir qadın daxil oldu. Heyrətə gəldim. Adətən, müsəlman qadınlar başqa kişi gördükdə qorxub özlərini itirirlər. Amma o nə qorxdu, nə də özünü itirdi, bir neçə saniyə sakit dayanaraq mənə baxdı. O, mənə füsunkar bir mələk kimi göründü, lətif surəti xəyalımda əbədi olaraq qaldı”.

Mirzə Cəlil Nazlını çox sevirmiş və Nazlı xanım da ona dəlicəsinə aşiqmiş. Və Cəlilin vaxtının çoxunu işinə sərf etməsini qəbul etmirmiş. Onu qısqanır, aylarla danışdırmırmış. Sonra müəyyən səbəblərdən psixoloji problemləri yaranır. Buna görə Mirzə Cəlil Nazlını müalicə üçün Tiflisə aparır, amma çox keçmir ki, o, vəfat edir. Nazlını itirmək Mirzə Cəlili sarsıdır, mütəmadi gedib onun məzarını ziyarət edirmiş...


"Yoldaş və arxa”


Və elə bu iki şəxsi həm də kədərlərinin, itkilərinin ortaqlığı birləşdirirdi...

Bir-birinə arxa-dayaq, güvənc, mənəvi sığınacaq idilər...

Mirzə Cəlil Həmidə xanıma Sofya Şahtaxtinskaya vasitəsilə evlənmək təklifi göndərir.

İlk dəfə Həmidə xanım sivil bir şəkildə "yox” cavabı verir. Deyir ki, yüksək dəyərinə görə minnətdardır, ancaq ona ərə gedə bilməz, çünki onların yolları müxtəlifdir: "Mən atamın vəsiyyətinə əməl etməli, onun kənddəki mədəni quruculuq işlərini davam etdirməliyəm”.

Amma bu "yox” Mirzə Cəlili fikrindən döndərmir...

Əslində Həmidə xanım özü də Mirzə Cəlil kimi bir şəxsiyyətə laqeyd deyildi və onun imza atdığı uğurları heyranlıqla izləyirdi. Deyirdi ki, həmin günlər Mirzə Cəlil "Molla Nəsrəddin” məcmuəsinin 19 may 1907-ci il tarixli 20-ci nömrəsində çox böyük hay-küy qoparmış və az qala, özünün məhvinə səbəb olacaq "Erməni və müsəlman övrətləri” başlıqlı felyeton yazmışdı. Bu məqalə Həmidə xanımın Mirzə Cəlilə verəcəyi cavaba öz təsirini göstərir...

Bəs böyük ədib həmin felyetonda nə yazmışdı ki, Həmidə xanımın ürəyini fəth edə bilmişdi: "Hər millətin içində pis övrətlər var, həmçinin müsəlman içində. Amma müsəlman övrətlərindən çoxları da var ki, tərbiyə tapıb, üzüaçıq gəzirlər; Allah eləsin ki, mənim bacım və övrətim həmin övrətlər kimi həyalı və vəfalı, saf və səlamət olsunlar”.

Həmidə xanım həyatında etmək istədiyi bu dəyişikliklə bağlı həkimi Kərim bəy Mehmandarovla da məsləhətləşir. Deyir ki, keçmiş həyat yoldaşı İbrahim Davatdarov vəfat etdikdən sonra qətiyyən ərə getmək barədə düşünmürmüş. Həkimi isə cavabında ona deyir: "Siz gec, ya tez kimisə sevməli və ərə getməlisiniz...”

Sonda məntiqin yaratdığı bütün bu tərəddüdlər qəlbin istəkləri qarşısında tamamilə yox olur və Həmidə xanım Mirzə Cəlilin ona "yoldaş və arxa” olmağı fikirləri ilə razılaşıb evlənmə təklifini qəbul edir.

Beləcə bərabər 25 illik, sevincli, kədərli, enişli-yoxuşlu bir zaman diliminin astanasına qədəm qoyurlar...

Həyatları bir-birlərinin davamı, tamamlayıcısı olur...

Hər ikisi cəhalətlə, aclıqla mübarizə aparır, xalqı səfalətdən qurtarmaq istəyir, həm maddi, həm mənəvi cəhətdən...


Onları hisləri, düşüncələri, yaşam idealları birləşdirirdi...


Burada bir neçə vacib məqama toxunmaq yerinə düşər. Bəzən Mirzə Cəlillə Həmidə xanımın evliliyinin məntiq, mənfəət üçün olduğu iddia edilir. Təhrif edərək, hətta gerçəkliyi əks etdirməyən mübaliğəyə vararaq Mirzə Cəlilin bu çaplı uğur, şöhrət qazanmasının məhz Həmidə xanımın onun üçün yaratdığı şəraitlə bağlı olduğunu yazır, söyləyirlər. Həqiqət isə tamamilə başqadır...

Mirzə Cəlil məhz necə bir xanımla ailə qurmaq istədiyini yuxarıda misal gətirdiyimiz felyetonda dəqiq verib.

Bununla yanaşı, ədib Həmidə xanımla tanış olduğu 1905-ci ilə, evləndiyi 1907-ci ilə qədər də Azərbaycan ədəbiyyatının ən parlaq nümunələrini yaratmış, "Molla Nəsrəddin”in şöhrəti ölkə sərhədlərini aşmışdı.

Və Həmidə xanım varidatını itirdikdən sonrakı illərdə də Mirzə Cəlil dayanmadan millətinin parlaq gələcəyi naminə çalışan, heç bir çətinlikdən çəkinməyən elə həmin böyük mütəfəkkir idi...

Həmidə xanım isə nə savadsız, cahil bir qız, nə də atacağı addımın, verdiyi qərarın məsuliyyətini dərk edə bilməyəcək səviyyədə biri idi.

Mirzə Cəlillə tanış olanda artıq o, neçə il idi ki, dul idi və ola bilməzdi ki, bu illər ərzində öz zümrəsinə mənsub, varlı-karlı hansısa bəydən, yaxud ziyalılardan birindən evlənmə təklifi almamış olsun.

Həmidə xanım elə bir insan idi ki, onu heç kəs hansısa bir qərar verməyə məcbur edə bilməzdi və o, öz gələcəyini Mirzə Cəlillə birlikdə görürdü...

Onları sadəcə hisləri, düşüncələri, yaşam idealları birləşdirirdi...


Qarabağın dəmir ledisi


Evləndikdən sonra "Molla Nəsrəddin” jurnalında "şaxsey-vaxsey” adətini tənqid edən bir karikatura buraxılır. Bu karikatura müsəlmanlara, xüsusilə Qarabağın Hindarx kəndinin camaatına bərk toxunur. Hindarxlılar məsciddə and içib Mirzə Cəlili öldürməyi qərara alırlar. Adətən, Mirzə Cəlil həmişə Yevlaxa Hindarxdan və quldur-qaçaq yuvası olan Sultanbud meşəsindən keçib gedərmiş. Ədib Yevlaxa gedərkən onu Həmidə xanım Cavanşir silahlı adamla yola salıb geri qayıtmışdı.

Məqamıdır xatırladaq ki, Həmidə xanımın göstərdiyi bu cür igidliklərin sayı-hesabı olmayıb...

1918-ci ilin yayında ermənilər Ağdamdan Şuşaya gedən yolu bağlayırlar. Bunu bilən Həmidə xanım Kəhrizli və Əfətlidən gətirdiyi 200 atlı ilə birlikdə Ağdama gəlir. Hadisəni eşidən bütün kişilər mərkəzi meydana yığışırlar. Həmidə xanım başından yaylığını açıb camaata müraciət edir: "Bu gecə Ağdam-Şuşa yolu açılmalıdır. Mən də sizinlə birlikdə döyüşə gedirəm”.

Həmidə xanımın atının üzəngisinə yüzlərlə əl uzanır... Çox təvəqqedən sonra Həmidə xanımı yola gətirirlər ki, o, Ağdamda gözləsin, bu gecə Şuşa yolu açılacaq. Elə həmin gecə Ağdam-Şuşa yolu ermənilərdən təmizlənir və yol açılır.


Bütün cəbhələrdə döyüş...


Çox çətin dövr idi. Qarabağda aclıq, xəstəlik tüğyan edirdi. Əkin sahələrini çəyirtkə məhv etmişdi. Mirzə Cəlillə Həmidə xanım çətinliklərin öhdəsindən gəlməyə çalışır, sözün əsl mənasında bütün cəbhələrdə döyüşür, çiyin-çiyinə verib aclıq çəkən insanlara yardım edir, yayılan xəstəliklərin qarşısını almaq üçün öz vəsaitləri hesabına peyvənd limfaları gətirirdilər.

Amma həmişəki kimi, onların əsas savaşı maddi yox, mənəvi aclıqla idi. Həmidə xanım Kəhrizlidə oğlanlarla qızların birgə təhsil aldığı məktəb açmaq kimi çoxdankı arzusunu da Cəlillə bərabər həyata keçirir. Mirzə Cəlil onun bu fəaliyyətini təqdir edir və işin həyata keçməsinə yaxından kömək edir. Hətta ilk vaxtlar Mirzə Cəlil özü həmin məktəbdə dərs keçir, Həmidə xanımın qızı Minanı da dərs deməyə hazırlaşdırırdı.


"Faytonçu, tələs...”


"Molla Nəsrəddin”in nəşri ilə bağlı yaranan problemlər, dəfələrlə həyatına qarşı edilən sui-qəsdlər, xəstəlik, aclıq, pulsuzluq, təsərrüfat işlərinin yaxşı getməməsi Mirzə Cəlili çox sıxırdı...

Ədib bütün bu bəlaların, problemlərin içərisində yalnız ailəsində rahatlıq tapa, nisbətən dincələ bilirdi. Deyirdi ki, hər dəfə evə qayıdarkən uzaqdan Kəhrizli kəndi görünəndə, sıralanmış qovaqların arasında bizim malikanə seçilməyə başlayanda qəlbimi xoş həyəcan bürüyür... Səbirsizliklə faytonçunu tələsdirirəm... Öz ailəmə, doğmalarıma tez çatmaq istəyirəm... Bir an da yubanmadan mənə əziz və xoş olan çevrəmdə olmaq istəyirəm...

Mirzə Cəlil Şərq musiqisini və ifaçıları çox sevirdi. Bəstəkar Üzeyir Hacıbəyli ilə, Gülablı kəndindən Aşıq Nəcəfqulu və Aşıq Abbasqulu ilə dostluq edirdi.

Yeri düşəndə milli musiqi sədaları altında rəqs də edirdi.

Tütək və kamança çalmağı da xoşlayırdı. Mirzə Cəlilin bu istəyini bilən Həmidə xanım ona başdan-başa sədəflə bəzənmiş bir kamança hədiyyə etmiş, üstəlik, onu öyrətməsi üçün yaxşı bir müəllim də tutmuşdu.

Və illər keçəcəkdi, Mirzə Cəlilə aldığı bu kamança ədibin öz ifasında son dəfə ayrılıq naləsi çəkəcəkdi...


Yaşam olduğu kimi...


Mirzə Cəlil Həmidə xanımla birlikdə səfalı yerlərə, dağların qoynuna getməyi, atla gəzməyi xoşlayırdı...

Təbiət qoynunda olmaq, sakitlik ədibin yaradıcılıq işlərinə də müsbət təsir edirdi... O, tək işləməyi xoşlayar, hətta ən xırda səs belə fikrini dağıdıb, işini yarımçıq qoya bilirmiş. Adətən, gecə saat 4-ə kimi işləyər, səhərlər yuxudan gec qalxarmış. Gecələr pis yatanda səhərlər əsəbi, yaxşı yatdıqda isə gülərüz, zarafatcıl olarmış.

Hər adama asanlıqla inanmaz, çox tez də inciyərmiş...

Bəzən Həmidə xanımla da aralarında inciklik, mübahisə olardı...

Bir dəfə Həmidə xanım Şuşada imzasız bir məktub alır. "Ölülər” pyesinin Bakıda Tağıyevin teatrında səhnəyə qoyulduğu günlər idi. Həmin sirli məktubda isə sadəcə bu sözlər yazılmışdı...

(ardı var)

Yasəmən MUSAYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM