Alternative content

10:36 21 Mart 2019
ONLINE XƏBƏR LENTİ
08:42 21.03.2019 Azərbaycana yaz gəldi…
01:41 20.03.2019 Sarsılmaz birlik
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ustad xanəndə
Ustad xanəndə
ANA SƏHİFƏ / Mədəniyyət
03:24 15.03.2019


Bakının özünəməxsus adət-ənənələri, qayda-qanunları olan məhəllələrindən birində - Çəmbərəkənddə 1919-cu il martın 15-də dünyaya göz açdı Hacıbaba Hüseynov. Hüseynəli kişiylə Seyid Fatimənin ilkiydi. Ondan sonra ailədə yeddi uşaq da dünyaya gəldi. Biri körpə ikən vəfat etdi. Qalanları uzunömürlü oldular.

Dənizçi Hüseynəli kişi bir çətən külfətini çətinliklə dolandırırdı. Çox kasıb yaşasalar da, dünya malına görə şikayətlənməzdilər. Hüseynəli kişi də, Seyid Fatimə də dindar adam idilər. Dolanışıqdan, bəxtdən, taledən gileylənməyi asilik sayır, uşaqlarına da şükürlü olmağı, qismətlərindən narazılıq etməməyi öyrədirdilər.


Böyük oğlun qayğıları...


Hacıbaba Hüseynovun dini savad alıb axund olması ata nənəsinin arzusuydu. Bu ümidlə "İstəyirəm Hacıbaba mollaxanaya getsin” deyirdi.

Çəmbərəkənddə hamı bir-birini tanıyırdı. Toyları da bir idi, yasları da. Hacıbabanın yaxşı səsi olmasından da məhəllədə hər kəs xəbərdardı. Hələ uşaqlıq illərindən məsciddə azan vermiş, növhələr oxumuşdu. Sovet hakimiyyətinin dinə, dindarlara qarşı mübarizə apardığı, insanları allahsızlaşdırmağa çalışdığı illər idi. Elə Hacıbabanın məktəbdən uzaqlaşmasına səbəb də nənəsinin, ata-anasının aşıladığı dinə sevgi, ehtiram hisləri oldu. Bir gün masanı qaldırıb onu allahsızlığa dəvət edən komsomol təşkilatı katibinin başına çırpdı və məktəbdən qaçdı. Beləcə, Hacıbaba Hüseynovun təhsil həyatı 1933-cü ildə, 4-cü sinifdə bitdi.

Evin ilk övladı olmaq Hacıbaba Hüseynov üçün həyatı erkən anlamaq, çətinliklərinə qatlaşmaq deməkdi. Kasıb ailənin böyük oğlu olduğundan uşaqlığını, yeniyetməliyini qayğısız keçirə bilmədi. Atasının köməyinə çatdı. Onunla birlikdə dənizə çıxdı, hələ bərkiməmiş qollarının gücüylə qayıqla gətirilən malları daşıdı.

Yoxsulluq, ağır gün-güzəran nənəsinin arzusunu gözündə qoymuşdu. Yaşlı qadın sevimli nəvəsinin axund olmamasına təəssüflənir, göz yaşı tökürdü: "Mən uşağımı mollaxanaya qoyacaqdım. Axund olacaqdı. Gör uşağım getdi nə oldu...”

Kiçik yaşlarında arabir dodaqaltı zümzümə etdiyinə görə atası xəbərdarlıq etdi: "Bilirəm səsin var, hərdənbir mızıldanırsan. Amma birdən çaşıb xanəndə-zad olarsan ha...” Atası onun oxuyan olacağından narahat idi. Əslində, təşvişə düşməsinə səbəb yox idi. Çünki o zaman Hacıbaba özü də bu fikirdən çox uzaq idi.

Uşaq yaşlarından bununla barışmışdı, ona elə gəlirdi ki, belə də olmalıdır. Evin böyük övladı kimi bacı-qardaşlarından çox əziyyət çəkməyə məcbur idi. Atasının xəstəliyə tutulması, bir müddət yataqdan qalxa bilməməsi Hacıbabanın qayğılarını daha da artırdı. Ağır yük qaldırmaqdan Hüseynəli kişinin beli yara bağlamışdı. Elə bu mərəzlə də həyatdan köçdü. O vaxt Hacıbaba iyirmi bir-iyirmi iki yaşlarındaydı. Atasını itirəndən sonra ailənin yükünü təkbaşına çiyinlərinə götürdü. Zəhmətə alışmışdı. Bacarıqlıydı. Atasının məsləhəti ilə sənət sahibi də olmuşdu. Bir müddət "Paris kommunası” adına zavodda tornaçı işlədi.

1941-ci ildə başlayan Böyük Vətən müharibəsinə aparılmamasına səbəb də yaxşı tornaçı olması idi. Buna görə onu arxa cəbhədə saxladılar.


Müəllimsiz öyrəndiyi sənətin müəllimi...


O, heç vaxt musiqidən, muğamlardan, xalq mahnılarından uzaq yaşamadı. Ancaq uzun illər məlahətli səsi ilə yalnız özü üçün oxudu. Sonralar deyirdi: "Nə olsun səsim vardı. Mən inanmazdım xanəndə olacağam”.

Tornaçılıqdan aldığı məvacib yetməyəndə ailəsini dolandırmaq üçün başqa yol axtarırdı. Amma yenə də xanəndə olmağı ağlından belə keçirmirdi. Qohumu, qarmonçalan Teymur Dəmirov onu özü ilə toylara aparmağa başladı. Əvvəl xanəndə yox, nağaraçalan kimi gedirdi toylara. O, nağara çalmağı da məktəbsiz, müəllimsiz öyrənmişdi. İştirak etdiyi Bakının kənd toylarında yaxşı səsi olduğundan xəbəri olanlar xahiş edirdilər ki, oxusun. O da hərdənbir bir-iki mahnı, ya da muğam ifa edirdi. Sonralar o günləri belə yada salırdı: "Utanırdım, Zülfinin, Seyidin, Xanın qarşısında oxuya bilməzdim”.

Yavaş-yavaş tornaçılıqdan uzaqlaşmağa, toylara getməyə başladı. 1945-ci ildə müharibə bitəndən sonra, o zamanlar artıq xanəndə kimi tanınan baldızı Sara Qədimova Hacıbaba Hüseynovu görkəmli pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış etdi. O, gənc Hacıbabanı öz ansamblna işə dəvət etdi. Həmin ansamblda üç il çalışdı. Güclü hafizəsi vardı. O vaxta qədər də əruz vəzninin qayda-qanunlarını mənimsəmişdi. Cavanlıqdan şeir, qəzəl, müxəmməs yazırdı. Bir də çox mütaliə edir, qəzəl kitabları oxuyurdu. Məhəmməd Füzuliyə, Seyid Əzimə sevgisi sonsuzdu. Həmin ansamblla çıxış etdiyi illərdə isə Hacıbaba Hüseynov Əhməd Bakıxanovdan, digər musiqiçilərdən, xanəndələrdən muğamın incəliklərini öyrəndi. Ömrünün sonunadək Əhməd Bakıxanovu özünün ustadı saydı.

Hacıbaba Hüseynovun orta səsi var idi. Amma onun ifasına elə-belə qulaq asmaq olmurdu. Səsi sanki dinləyicilərini başqa bir aləmə aparırdı. O, xanəndəlik dərsi də almamışdı. Baxıb, müşahidə edib, dinləyib öyrənmişdi. Hələ 1938-ci ildə xanəndə Zülfi Adıgözəlovun valını əldə edən Hacıbaba Hüseynov onun oxuduqlarını təkrar edir, yamsılayırdı. Dostları ona "Sən oxuyanda elə bilirik Zülfi oxuyur” deyirdilər. Ancaq vaxt keçdikcə Hacıbaba Hüseynov öz bənzərsiz ifasıyla dinləyicilərin könlünü ovsunlamağa başladı.

İlk vaxtlar Hacıbaba Hüseynovu Bəhram Mansurovla Tələt Bakıxanov müşayiət etdi. Birlikdə konsertlərə, toylara getdilər. Sonralar isə xanəndə Hacıbaba Mirnazim Əsədullayev və Ağasəlim Abdullayevin müşayiəti ilə oxudu.

Özünün sənətdə müəllimi olmasa da, bu sahədə təhsil almasa da, çoxlu tələbəsi oldu. 1963-cü ildən o, Asəf Zeynallı adına Musiqi Məktəbində xanəndəlik sənətindən dərs deməyə başladı. Burada müəllim işlədiyi otuz ildə neçə-neçə xanəndə yetişdirdi. Hacıbaba Hüseynov dərs demədiyi bir çox xanəndəyə də muğamların, musiqi sənətinin, qəzəliyyatın sirlərini öyrətdi.


Yaddaşlarda qalan səs...


Heç vaxt şan-şöhrət əsiri olmadı. Ad-san üçün çalışıb-vuruşmaq ona yad idi. Bir də yalnız öz səsinə uyğun mahnılar ifa edirdi. Aşıq Alının "Nə qaldı” mahnısını gözəl oxuyurdu. Amma deyirdi ki, bu mahnı mənim üçün deyil. "Qara tellər” xalq mahnısını çox sevirdi. Oxumurdu ki, onun möhürünü Bülbül vurub...

Yetmiş yaşınadək heç bir fəxri ad almadı, xaricə qastrol səfərlərinə göndərilmədi. 1989-cu ildə, 70 illik yubileyindən sonra ilk dəfə xarici səfərə, böyük bir musiqiçi və ziyalı heyəti ilə İraqa getdi. 1990-cı ildə Türkiyənin Adana şəhərində, 1991-ci ildə bir ay ərzində Fransanın Paris, Marsel, Leon, Monpelye, Belçikanın Brüssel şəhərlərində, İsveçrədə, Hollandiyada konsertlər verdi. Son səfəri 1992-ci ildə on iki nəfərlik musiqiçi heyəti ilə iki aydan artıq çəkən İran İslam Respublikasına oldu. İran səfəri də yaddaqalan idi.

Hacıbaba Hüseynov 1989-cu ilin martında əməkdar artist, 1990-cı ilin oktyabrında isə xalq artisti fəxri adları ilə təltif olundu. Ömrünün sonuna cəmi üç il qalırdı...

Əvvəllər hərdən ziyarət etdiyi Bibiheybət qəbiristanlığına son illərində tez-tez baş çəkirdi. Özünü əvvəlki kimi gümrah hiss etmirdi. Son vaxtlar toylara da getmirdi. Birdən-birə halı dəyişdi. Həkimə apardılar. Dedilər, ürəyində işemiya var. Buna görə xəstəxanada qaldı. Getdikcə zəifləyirdi, sonra təngnəfəslik başladı. Uşaq vaxtı pnevmaniya keçirmişdi, ağciyərində ləkə vardı. Təngnəfəslik ağciyər xərçənginə çevrildi. Ağır xəstə idi. Xəstəliyini bilmirdi...

Xəstəxanadan cəmi on gün idi çıxmışdı. Səsinin heyranı olanlar isə xanəndəni görmək, ifasını dinləmək istəyirdilər. O gün də Sumqayıta dəvət olunmuşdu. Evə gec qayıtdı. Həmin gün - 1993-cü ilin 24 oktyabrında Hacıbaba Hüseynov bu dünyayla, sevənləri, sevdikləriylə vidalaşdı. Xanəndə Fəxri xiyabanda torpağa tapşırıldı.

İfa etdiyi muğamlar, xalq mahnıları, xüsusən "Bərəyə bax, bərəyə”, "Qarpız kəsdim, yeyən yox” və başqa neçə-neçə təsnif onun ifasıyla məşhurlaşdı. Bir zamanlar oxuduğu, yeni ruh, yeni nəfəs verdiyi həmin muğamlar, xalq mahnıları, təsniflər Hacıbaba Hüseynovu yaddaşlarda saxlayır.

2019-cu ilin martında Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, respublikanın xalq artisti Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyi tamam olur. Sənətkarın yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir: "Qədim xanəndəlik sənəti ənənələrinin layiqli davamçılarından biri kimi Hacıbaba Hüseynov muğamı və bədii sözü ahəngdar şəkildə uzlaşdırmış, yüksək ifaçılıq mədəniyyətinin parlaq nümunələrini yaratmışdır. Təsirli və məlahətli səsə malik sənətkar mahir ifaçısı olduğu rəngarəng muğamlarla yanaşı çoxsaylı təsniflər və xalq mahnıları ilə musiqisevərlərin qəlbində silinməz iz qoymuşdur. Hacıbaba Hüseynov daim saflığını qorumağa çalışdığı muğamın tədrisi sahəsində də uzun illər səmərəli fəaliyyət göstərmiş və məşhur xanəndələrin bütöv bir nəslinin yetişdirilməsinə böyük əmək sərf etmişdir”.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM