14 Mart 2019 21:48
819
İQTİSADİYYAT
A- A+

Azərbaycan-İran iqtisadi əməkdaşlığının genişləndirilməsi müzakirə edilib


Azərbaycanda səfərdə olan İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsəndin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq, abidəsi önünə əklil qoyub.

Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini anıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

AZƏRTAC xəbər verir ki, sonra iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin İran nümayəndə heyəti ilə keçirilən görüşündə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat-tranzit, turizm, investisiya, energetika, İKT və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.

Nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində Azərbaycan və İran Prezidentlərinin siyasi iradəsini, ikitərəfli əməkdaşlığın inkişafına böyük önəm verdiklərini vurğulayıb. Qarşılıqlı hörmət və dostluq, mehriban qonşuluq prinsiplərinə əsaslanan Azərbaycan-İran əlaqələri son illər sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və İran beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edir və regional inkişafa öz töhfələrini verirlər.

İki ölkə arasında iqtisadi-ticarət əlaqələr barədə məlumat verən Şahin Mustafayev qeyd edib ki, ötən dövrdə ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər görülüb, ticarət dövriyyəsi 2018-ci ildə əvvəlki ilə nisbətən 74 faiz artıb.

Ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşu sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlığın nümunəsi kimi Neftçala Sənaye Məhəlləsində birgə "Xəzər” avtomobil istehsalı zavodunu göstərmək olar.

Qeyd olunub ki, zavodda istehsal olunan avtomobillərin artıq 95 faizi satılıb. Bununla yanaşı, Pirallahı Sənaye Parkında "Caspian Pharmed” birgə əczaçılıq zavodu tikiləcək.

Nazir diqqətə çatdırıb ki, Azərbaycanla İran arasında, Hacıqabul Sənaye Məhəlləsində "Scania” markalı avtobuslar istehsal edəcək birgə müəssisənin yaradılması nəzərdə tutulur.

İranla əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini qeyd edən iqtisadiyyat naziri nəqliyyat-tranzit sahəsində də uğurlu əməkdaşlıq həyata keçirildiyini diqqətə çatdırıb. Böyük əhəmiyyətə malik Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması istiqamətində mühüm irəliləyişlərə nail olunub. Belə ki, bu məqsədlə müvafiq hüququ baza yaradılıb. Azərbaycan bu layihə üzrə öz ərazisində müvafiq infrastrukturun yaradılması işini uğurla tamamlayıb. Astara-Astara dəmir yolunun tikintisi, Astaraçay üzərində dəmir yolu körpüsünün inşası, Astarada (İran) tikintisi davam edən yük terminalı və məhsul anbarları Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində həyata keçirilən işlərin mühüm tərkib hissələridir.

Bu günlərdə açılışı həyata keçirilən və mühüm əhəmiyyətə malik Qəzvin-Rəşt dəmir yolunun tikintisi də bu sahədə görülən uğurlu işlərin nəticələrindəndir. Uzunluğu 164 kilometr olan Qəzvin-Rəşt dəmir yolunun fəaliyyətə başlaması təkcə Şimal-Cənub deyil, eyni zamanda, Cənub-Qərb Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində atılmış çox önəmli addımdır. Bütün bunlar daşınan yüklərin həcminin artırılmasını təmin etməklə, Azərbaycan Respublikasının və İran İslam Respublikasının nəqliyyat-tranzit və ticarət-iqtisadi potensialının gücləndirilməsinə böyük töhfə verəcək. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində tədbirlər davam etdirilir. Qeyd olunub ki, 2018-ci ildə ötən illə müqayisədə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə yükdaşımaların həcmi 10 dəfə artıb.

Bildirilib ki, Azərbaycan və İran energetika sahəsində də uğurla əməkdaşlıq edir. Ölkələrimiz arasında "Xudafərin-Qız Qalası” və "Ordubad-Marazad" hidroqovşaqlarına dair sazişlər imzalanıb, 330 kilovoltluq Muğan (İmişli-Parsabad) elektrik xətti tikilib. Azərbaycandan İrana elektrik satışı üzrə Çərçivə Sazişi imzalanıb.

İranın iqtisadi işlər və maliyyə naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsənd son illərdə ölkələrimiz arasında əməkdaşlığın genişlənməsi üçün görülən işləri, Azərbaycan nümayəndə heyətinin bu ilin martında İrana səfərinin, keçirilən görüşlərin uğurlu olduğunu vurğulayıb, Bakıda keçiriləcək Dövlət Komissiyasının 13-cü iclasının ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı istiqamətlərinin müzakirəsi üçün əhəmiyyətli platforma olacağını qeyd edib.

F.Dejpəsənd ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu bildirərək, sənaye, energetika, kənd təsərrüfatı, səhiyyə, turizm, maliyyə və bank, sığorta, ticarət, gömrük və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Bildirilib ki, İranda birgə investisiyalı müəssisələrin yaradılması ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verə bilər.

Sonra Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İran biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən turizm, sənaye, əczaçılıq, tikinti, ticarət, tekstil, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox sahibkar iştirak edib.

Biznes forumda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və İran dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvə olduğunu, son illərdə ölkələrimiz arasında əlaqələrin ikitərəfli formatda, regional müstəvidə və beynəlxalq təşkilatlar çərçivəsində sürətlə inkişaf etdiyini vurğulayıb. Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişafı sahibkarlar arasında əməkdaşlığın daha da genişləndirilməsinə əlverişli şərait yaradır. Təsadüfi deyildir ki, son 5 ildə ölkələrimiz arasında 25 biznes forum və işgüzar görüş təşkil edilib.

İqtisadiyyat naziri bildirib ki, Azərbaycan-İran iqtisadi-ticarət əlaqələrinin inkişafı baxımından işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə biznes forum, işgüzar görüş və sərgilərin keçirilməsi önəmlidir. Bugünkü biznes forum bu sahədə öz töhfəsini verəcəkdir.

Nazir Şahin Mustafayev hər iki ölkənin işgüzar dairələrini mövcud imkanlardan, sənaye parkları və məhəllələrində yaradılan əlverişli şəraitdən yararlanmağa və birgə layihələr həyata keçirməyə dəvət edib.

İranın iqtisadi işlər və maliyyə naziri, Azərbaycan-İran Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsənd ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında, qarşılıqlı iqtisadi-ticarət, maliyyə və digər sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı vurğulayıb. Fərhad Dejpəsənd İranın investisiya imkanları barədə məlumat verərək, Azərbaycanlı investorların bu imtiyazlardan və güzəştlərdən yararlanmasının, bir sıra sahələrdə, o cümlədən mədən sənayesi, turizm, kənd təsərrüfatı sahəsində birgə müəssisələrin təşkilinin faydalı olacağını qeyd edib.

Sonra AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası sədrinin müavini Hüseyn Pirmüəzzin müvafiq olaraq Azərbaycanın və İranın biznes və investisiya mühiti, Azərbaycan Turizm Bürosunun şöbə müdiri Sevinc Zeynallı isə Azərbaycanın turizm imkanları barədə təqdimatla çıxış ediblər.

Tədbir Azərbaycan və İran iş adamları arasında əməkdaşlığın artırılması imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video