Alternative content

20:12 25 May 2019
ONLINE XƏBƏR LENTİ
11:07 25.05.2019 Saxta balın zərərləri
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avrasiyanın tranzit və logistik mərkəzi
Avrasiyanın tranzit və logistik mərkəzi
ANA SƏHİFƏ / SİYASƏT
00:50 14.03.2019


Şimaldan Cənuba, Şərqdən Qərbə ən qısa yollar Azərbaycandan keçir


Tarixi İpək yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, ən uzaq dövlətləri birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub.

Müasir dövrdə ölkələr arasında əlaqələrin məzmunu yeni keyfiyyət dəyişikliklərinə məruz qalsa da, qədimdən mövcud olan ticari və iqtisadi dəhlizlərin əhəmiyyəti öz aktuallığını yenə də qoruyub saxlayır. Xüsusən qloballaşan dünyanın yeni geoiqtisadi çağırışları kontekstində ölkəmizin bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edir.


Beynəlxalq nəqliyyat dəhlizlərinin fəal iştirakçısı


Əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur. Ona görə də dünya təsərrüfatının nəqliyyat sektorunda baş verən proseslərdən kənarda qalmayan Azərbaycan regionun ticarət mərkəzinə çevrilmək məqsədilə son illərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tranzit potensialının daha da artırılması üçün konkret hədəflərə istiqamətlənmiş kompleks tədbirlər həyata keçirir.

Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olan Azərbaycan həm üzərinə düşən bütün işləri vaxtında reallaşdırır, həm də prosesə öz müsbət töhfəsini verir.

Azərbaycan Prezidentinin təşəbbüsü və prinsipial mövqeyi sayəsində tikilən və əhəmiyyətinə görə "Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Asiya və Avropa dəmir yollarının inteqrasiyasına öz töhfəsini verməkdədir. Bu gün Çindən Avropaya yüklərin 34 gün deyil, 12-15 gün ərzində çatdırılması bu dəmir yolunun bütün tərəflərə nə qədər iqtisadi dvidendlər qazandırdığını bir daha təsdiqləyir.


Azərbaycandan Orta Asiya ölkələrinə böyük dəstək


Əgər diqqət etsək görərik ki, ötən il Azərbaycan nəqliyyat sahəsi ilə bağlı çox yaxşı nəticələr əldə edib. Prezident İlham Əliyev "Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi”nin uğurlu fəaliyyəti üçün bir çox görüşlər keçirib, razılaşmalar əldə edilib.

Ötən il Prezident İlham Əliyevin Türkmənistana dövlət səfəri çərçivəsində imzalanan 21 sənədin 9-nun məhz nəqliyyat sektoruna aid olması bunu bir daha təsdiqləyir.

Onu da əlavə edək ki, Türkmənistanla əldə edilmiş razılaşma digər Orta Asiya ölkələri, Əfqanıstan üçün də real imkanlar yaradacaq. Belə ki, bu ölkələr öz yüklərini Türkmənistandan keçirməklə Azərbaycan ərazisindən "Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi” ilə dünya bazarlarına çıxarmaq imkanı qazanacaqlar. Artıq Əfqanıstandan yüklər Türkmənistan ərazisindən Azərbaycana, sonra da Qərb istiqamətinə getməyə başlayıb.


"Şimal-Cənub” dəhlizi ilə daşınan yüklərin həcmi getdikcə çoxalır


Azərbaycan "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi”nin inkişafında da aktiv fəaliyyət göstərən ölkələrdəndir. Məhz bu baxımdan Astaraçay üzərində dəmir yolu körpüsünün tikintisi, eləcə də Azərbaycan və İran sərhədində dəmir yolu məntəqələrinin birləşməsi üzrə nəzərdə tutulan inşaat işləri ölkəmiz tərəfindən sürətlə icra edilib.

Hazırda Azərbaycan İran ilə birgə Astarada yük terminalının tikintisini davam etdirir. Terminal 35 hektar ərazini əhatə edir və Azərbaycan bu terminalı 25 il, eləcə də 1,4 kilometrlik dəmir yolunu 15 il müddətinə icarəyə götürəcək. Terminal 4 bölmədən ibarətdir. Burada ümumi yüklər, konteyner, taxıl, neft və neft məhsulları üçün bölmələr olacaq. Rəşt-Astara dəmir yolu xəttinin inşası başa çatdıqdan sonra Fars körfəzi ilə Skandinaviya ölkələri arasında nəqliyyat bağlılığı yaranacaq.

Ötən il "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi” ilə daşınan yüklərin həcmi 10 dəfə artıb. Bu sahədə də çox böyük işlər görülür. Bakı-Yalama və Bakı-Astara dəmir yolunun yenidən qurulması istiqamətində görülən işlər "Şimal-Cənub” dəhlizi üçün çox önəmlidir.

Ümumiyyətlə, "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi” iştirakçı dövlətlərlə yanaşı, bütün regionun iqtisadi inkişafına böyük təkan verəcək. Beynəlxalq əhəmiyyət daşıyan bu layihənin aktiv fəaliyyətə başlamasının nəticəsində Asiya ilə Avropa qitələri arasında nəqliyyat "körpüsü” yaranacaq.


Azərbaycan və İranın dəmir yol sistemləri birləşir


Martın 6-da İranda Qəzvin-Rəşt dəmir yolunun açılışı və bu mərasimdə Azərbaycan nümayəndə heyətinin iştirakı da ölkəmizin "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi”nə verdiyi böyük önəmin təzahürüdür. Rəşt-Astara dəmir yolu beynəlxalq dəhlizin əsas tərkib hissələrindəndir və bu layihə üzərində Azərbaycanla İranın birgə fəaliyyəti iki ölkələ arasındakı dostluğun göstəricisidir.

Qəzvin-Rəşt dəmir yolunun uzunluğu 164 kilometrdir. Dəmir yolu xətti üzrə körpülər, tunellər və digər qurğular inşa olunub.

Açılış mərasimində çıxış edən İran Prezidenti Həsən Ruhani nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin hər iki ölkənin dövlət başçılarının daim diqqətində olduğunu vurğulayıb və bu dəhlizin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolunun önəmini qeyd edib. İran Prezidenti bildirib ki, Qəzvin-Rəşt dəmir yolu yalnız İranın və Azərbaycanın deyil, eyni zamanda, Rusiya və Şimali Avropa ölkələrinin də dəmir yolları sistemlərini birləşdirəcək. Dəmir yolu yaxın gələcəkdə Fars körfəzi ilə Şimali Avropa dövlətləri arasında "körpü” rolunu oynayacaq. Fars körfəzinə daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu ilə İran və Azərbaycan ərazisindən keçməklə Avropaya, eləcə də əks istiqamətə daşınacaq. Bu isə xalqların rifah halının yüksəlməsinə, dövlətlərin isə əlavə iqtisadi dividendlər qazanmasına səbəb olacaq.


Yüklərin çatdırılma müddəti 40, nəqliyyat xərcləri isə 30 faiz azalacaq


Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi”nin ona görə əsas hissəsi hesab olunur ki, bu yolla yüklərin çatdırılma müddəti 40, nəqliyyat xərcləri isə 30 faiz azalır.

Bu isə iş adamları və böyük şirkətləri maraqlandıran məsələdir. Ötən il bu nəqliyyat dəhlizinə daxil olan dəniz və avtomobil yolları ilə 17 milyon ton yükün daşınması təsadüfi deyil. Bu yüklərin bir qismi tranzit olaraq Azərbaycan ərazisindən keçib. Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu hazır olandan sonra isə bu göstərici 30 milyon tona qədər yüksələcək. Asiyadan yüklər yalnız İran və Rusiyaya deyil, birbaşa Avropaya daşınacaq.


Azərbaycan İrana 500 milyon dollar güzəştli kredit verib


Əvvəlki marşrutdan fərqli olaraq İran və Azərbaycan ərazisindən daşınan tranzit yüklər təkrar boşaldılıb yüklənməyə məruz qalmayacaq. Fars körfəzi və Cənub-Şərqi Asiya ölkələrindən Bəndər-Abbas limanına daxil olan yüklər elə limandaca qatara yüklənəcək və birbaşa Avropaya daşınacaq. Bu isə rüsum və vergilərin azalmasına, vaxtın qənaət olunmasına imkan verəcək.

Artıq Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu istifadəyə verilib. Rəşt-Astara dəmir yolunun inşası 2 il ərzində yekunlaşacaq. Azərbaycan bu yolun inşası üçün İrana 500 milyon dollar güzəştli kredit verib.

Beləliklə, yaxın gələcəkdə Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu tam hazır vəziyyətə gətiriləcək.


Ötən il ölkə ərazisindən 9,3 milyon ton tranzit yük daşınıb


Qəzvin-Rəşt dəmir yolunun fəaliyyətə başlaması təkcə "Şimal-Cənub” deyil, eyni zamanda, "Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizi”nin inkişafı istiqamətində atılmış çox mühüm addımdır. Bütün bunlar daşınan yüklərin həcminin artırılmasını təmin etməklə Azərbaycanın və İran İslam Respublikasının nəqliyyat-tranzit və ticarət-iqtisadi potensialının gücləndirilməsinə böyük töhfə verəcək.

Əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanın tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədilə Azərbaycan Prezidentinin 21 oktyabr 2015-ci il tarixli fərmanı ilə yaradılan Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən ölkəmizin ərazisindən keçən tranzit dəhlizlərin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, yükdaşımaların keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Ötən il ölkə ərazisindən 9,3 milyon ton tranzit yük daşınıb. Həmçinin "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi” ilə daşınan yüklərin həcmində 10 faiz artım müşahidə olunub, 158 min ton yük daşınıb.


Sistemli islahatlar möhtəşəm uğurlara doğru aparır


Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri, həyata keçirdiyi uğurlu siyasət Azərbaycanın qarşıdakı illərdə də dayanıqlı inkişafı üçün möhkəm zəmin yaradır. Yeni iqtisadi şəraitdə sistemli islahatların böyük əzm və qətiyyətlə həyata keçirilməsi qarşıya qoyulmuş hədəfə - Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək məqsədinə doğru inamla aparır.

Əminliklə demək olar ki, dövlət başçısının Azərbaycanın nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və qlobal miqyaslı təşəbbüsləri ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verir.

Yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda keçirilən sessiyada Prezident İlham Əliyev Azərbaycanın tranzit mövqeyini belə dəyərləndirmişdi: "Azərbaycan "Şərq-Qərb nəqliyyat dəhlizi” təşəbbüsünün fəal üzvüdür. Biz əlbəttə ki, Çin hökumətinin "Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyirik. Azərbaycan özündən şimalda və cənubda yerləşən ölkələrə bu layihəyə qoşulmaq üçün imkanlar yaradır. Biz artıq bunu müşahidə edirik. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir”.

Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan ərazisindən keçən dəhlizlərin fəaliyyətinin təkmilləşdirilməsi dəniz və dəmir yolu nəqliyyatı üçün uzunmüddətli etibarlı bazarın formalaşmasında, ticarət əlaqələrinin genişləndirilməsində, yükdaşımaları ilə bağlı infrastruktur sahələrinin inkişafında faydalı olacaq.

Nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə gələcəkdə bu sahənin qeyri-neft sektorunda xüsusi çəkisinin artması ilə nəticələnəcək.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM