Alternative content

01:55 22 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fransada Azərbaycana yüksək ehtiram var
Fransada Azərbaycana yüksək ehtiram var
ANA SƏHİFƏ / SİYASƏT
00:50 14.03.2019


Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfəri mövcud münasibətlərin dərinləşməsinə və yeni əməkdaşlıq əlaqələrinin yaranmasına xidmət edəcək

Azərbaycanın Avropanın əksər dövlətləri ilə siyasi əlaqələri yüksək səviyyədədir. Bu sırada Avropanın istər əhali, istər ərazi baxımından ən böyük dövlətlərindən olan Fransa ilə əlaqələri xüsusilə diqqət çəkir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu günlərdə Parisə səfəri və keçirdiyi görüşlər iki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişafından xəbər verdi.


Azərbaycan diplomatiyasında önəmli yer tutan ölkə


Azərbaycanla Fransa arasındakı əlaqələr heç də müstəqillik illərində formalaşmayıb. Bu əlaqələrin tarixə söykənən siyasi, iqtisadi və mədəni kökləri var. Azərbaycanın müstəqillik illərində isə ilk vaxtlardan Fransa ölkəmizin diplomatiyasında önəmli yer tutub. Bu ölkə Azərbaycanın dövlət müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb və elə həmin ilin fevralında Fransa ilə ilk diplomatik əlaqələr qurulub. Fransanın Azərbaycandakı səfirliyi 1992-ci ilin martında fəaliyyətə başlayıb. 1993-cü ildə ulu öndər Heydər Əliyevin Prezident seçilməsindən sonra əlaqələrin inkişafı yeni mərhələyə daxil olub. Belə ki, ulu öndər Heydər Əliyev Avropa ilə əməkdaşlıq siyasətinə Fransadan başlayıb və xaricə ilk rəsmi səfərini də Parisə edib. Həmin vaxtdan iki ölkənin münasibətləri sürətlə inkişaf edib.

Son 15 ildə Azərbaycanın beynəlxalq əlaqələrini əhəmiyyətli dərəcədə gücləndirən Prezident İlham Əliyev də xarici siyasətdə Fransa ilə əlaqələrə önəm verib. Prezident İlham Əliyev də dövlət başçısı kimi 2004-cü ildə ilk rəsmi səfərini Fransaya etmişdi. Fransanın sabiq prezidentləri J.Şirak, N.Sarkozi və F.Olland Azərbaycana səfərlər ediblər. Beləliklə, iki ölkənin prezidentlərinin qarşılıqlı səfərləri ənənəyə çevrilib. Ayrı-ayrı vaxtlarda isə dövlət başçıları hər iki ölkənin ali orden və medalları ilə təltif olunublar. Bu dünyanın və Avropanın siyasi səhnəsində öz yeri olan Fransanın Azərbaycanla əlaqələrə verdiyi önəmin və iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olmasının təsdiqidir.

Hazırda Azərbaycanla Fransa arasındakı əlaqələr bütün sahələrdə ürəkaçandır. Ötən ilin iyulunda Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə bu ölkəyə səfəri siyasi əlaqələrin yüksək səviyyədə olmasının təsdiqi idi. İqtisadi münasibətlərə gəldikdə, hazırda Azərbaycanda 59 Fransa şirkəti fəaliyyət göstərir. Fransızlar ən böyük sərmayələrini mədən sənayesinə yatırıblar. Lakin son illərdə iqtisadi əməkdaşlıq kifayət qədər müxtəlif sferaları - nəqliyyat, hava nəqliyyatı, ictimai nəqliyyat, metro, kosmos və digər sahələri əhatə edir.

Fransız şirkətləri Azərbaycanın kosmos sənayesinin yaradılmasında da iştirak ediblər. Azərbaycan ilə Fransa şirkətləri arasında bağlanan iqtisadi müqavilələrin dəyəri 2 milyard dolları ötür. Daha bir mühüm məqam ondan ibarətdir ki, Azərbaycan Fransanın Cənubi Qafqazdakı əsas ticarət tərəfdaşıdır. Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası da əlaqələrin inkişafına töhfələr verir.

İki ölkə arasında humanitar sahədə də əlaqələr daim genişlənir. Azərbaycan-Fransız Universiteti 2014-cü ildə Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaradılan və uğurla davam edən layihədir. Bakı Fransız Liseyi isə bağça, ibtidai və yuxarı siniflərdən ibarət təhsil müəssisəsidir. Bundan başqa, Azərbaycan Dillər Universitetində fransız dili və ədəbiyyatı mərkəzi, Bakı Slavyan Universitetində fransız dili mərkəzi fəaliyyət göstərir.


Əlaqələrin inkişafında Mehriban Əliyevanın xidmətləri böyükdür


İki ölkə arasındakı mədəni əlaqələr son illərdə sürətlə inkişaf edib və bu sahədə Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri böyükdür. Ümumiyyətlə, Mehriban Əliyeva Fransanın siyasi, iqtisadi və mədəni həyatı üçün dost kimi qəbul edilən siyasi və ictimai xadimdir. Çünki son 15 ildə Fransanın müxtəlif şəhərlərində mütəmadi olaraq Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən tədbirlər Mehriban Əliyevanı bu ölkənin siyasi, mədəni və iqtisadi elitasına daha yaxından tanıdıb. Ümumiyyətlə isə Azərbaycanın birinci xanımının ölkəmizin xaricdə tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlərin mühüm hissəsi Parisin mədəni həyatı ilə bağlıdır. 2012-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzi bu sahədə işlərin daha da gücləndirilməsinə xidmət edir.

Azərbaycan-Fransa mədəni əlaqələrindən danışdıqda Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi tədbirlər xüsusi diqqət çəkir. Məhz Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə Versal sarayının parkındakı ümumbəşəri abidələr, Strasburqun Kafedral kilsəsi, Fransanın digər rayonlarında tarixi və memarlıq abidələri bərpa olunub, Luvr muzeyində İslam İncəsənəti Departamenti yaradılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın paytaxtında və onlarla şəhərində Qafqazın mirvarisi olan Azərbaycanın mədəniyyətini təmsil edən sərgilər, konsertlər, konfranslar keçirilib. Miluz şəhərinin Yuxarı Alzas Universitetinin filologiya fakültəsinin konfrans zalı Heydər Əliyev Fondunun dəstəyi ilə tamamilə yenidən qurulub və zala Məhsəti Gəncəvinin adı verilib. Ümumiyyətlə, Fondun həm mədəni əlaqələrin inkişafı, həm də Azərbaycanın təbliği ilə bağlı həyata keçirdiyi bu cür tədbirlər çoxşaxəlidir.

Mehriban Əliyeva Milli Məclisin deputatı olarkən Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edib. İşçi qrup Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycan-Fransa əlaqələrinin daha da inkişafına böyük töhfələr verib. Onu da xatırladaq ki, Mehriban Əliyeva Fransa ilə münasibətlərdə göstərdiyi xidmətlərinə görə bu ölkənin Prezidentinin sərəncamı ilə "Şərəf Legionunun Zabiti” ordeni ilə təltif edilib.

Azərbaycanın Birinci vitse-prezidentinin Fransaya son səfəri də əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfər zamanı xanım Mehriban Əliyevanın Baş nazir Eduard Filip, Senatın sədri Jerar Larşen, Milli Assambleyanın sədri Rişar Ferran, Parisdə "Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild, "Suez Groupe” şirkətinin vitse-prezidenti Erik Qebali, Fransanın Milli Xərçəng İnstitutunun təsisçisi və keçmiş prezidenti professor David Hayat, Fransanın birinci xanımı Brijit Makron, sabiq prezident Nikola Sarkozi ilə görüşləri göstərir ki, bu səfər əməkdaşlıq tellərinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Fransanın Baş naziri Eduard Filip Mehriban Əliyeva ilə görüşdə siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini, əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu bildirib. Prezident İlham Əliyevin ötən ilin iyulunda Fransaya səfərinin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayan Baş nazir Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da ikitərəfli münasibətlərin inkişafına mühüm töhfələr verdiyini deyib. Ölkəmizin böyük iqtisadi potensiala malik olduğunu deyən Eduard Filip fransız şirkətlərinin Azərbaycanın neft və qeyri-neft sektorunda çalışdıqlarını qeyd edərək onların Azərbaycan bazarında daha fəal olmasının önəmini vurğulayıb.

Fransa Senatının sədri Jerar Larşen də Mehriban Əliyevanın Fransa-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verdiyini, onun mədəniyyət, elm və təhsil sahələrində böyük xidmətlərinin olduğunu xüsusi qeyd edib.

Səfər zamanı "Dəmir yolu sektorunun inkişafı proqramı çərçivəsində "Şimal-Cənub nəqliyyat dəhlizi”nin Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulmasına dair konvensiya”, "Azərbaycan Mərkəzi Bankı ilə "Rotchild & Cie” Bankı arasında Strateji Əməkdaşlıq Sazişi”, "Əməliyyat Nəzarəti Mərkəzinin yaradılmasına dair araşdırma müqaviləsi” və "Xocasən” deposunun siqnalizasiya və telekommunikasiya sisteminin reallaşdırılmasına dair müqavilə” imzalanıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın Fransa səfərinin gündəliyi kifayət qədər zəngindir. Bu səfər iki ölkə arasındakı mövcud münasibətlərin dərinləşməsinə və yeni əməkdaşlıq əlaqələrinin formalaşmasına xidmət edəcək.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM