13 Mart 2019 17:07
1187
PARLAMENT
A- A+

Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib


Martın 13-də Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib.
AZƏRTAC-ın məlumatına görə, komitə sədri Eldar İbrahimov bildirib ki, gündəliyə 6 məsələ daxil edilib. Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələri birinci oxunuşda müzakirəyə çıxarılıb.

Məlumat verilib ki, "Fitosanitar nəzarəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan dəyişikliklər fitosanitar nəzarəti və dövlət fitosanitar xidməti sahələrində fəaliyyət göstərən aidiyyəti dövlət orqanlarının səlahiyyət bölgüsünün dəqiqləşdirilməsini və qarşılıqlı əməkdaşlıq əlaqələri ilə bağlı məsələləri nəzərdə tutur. Belə ki, "Fitosanitar nəzarəti haqqında” qanuna edilmiş dəyişikliyə əsasən, fitosanitar nəzarəti sahəsində səlahiyyətlər Qida Təhlükəsizliyi Agentliyinə, dövlət fitosanitar xidməti sahəsində səlahiyyətlər isə Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunur.

Qeyd edilib ki, "Fitosanitar nəzarəti haqqında” Qanununa 2018-ci il 23 fevral tarixində edilmiş dəyişikliklərə əsasən, sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan anbarlarda, digər istehsalat binalarında, satış yerlərində bitki mühafizə vasitələrinin, dərmanlanmış toxum və əkin materiallarının saxlanılmasını və satışını qadağan edən 10.0.5-ci maddə ləğv edilib. Buna uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin həmin xətalara görə məsuliyyəti nəzərdə tutan 288.0.1-ci maddəsinin də ləğv edilməsi təklif olunur.

Sonra dörd paketdə təqdim olunan Su Məcəlləsində, Meşə Məcəlləsində, Torpaq Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında, "Meliorasiya və irriqasiya haqqında”, "Əhalinin radiasiya təhlükəsizliyi haqqında” "Balıqçılıq haqqında”, "Elektroenergetika haqqında” və "Nəqliyyat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, "İctimai iştirakçılıq haqqında”, "Dəniz limanları haqqında”, "Yaşıllıqların mühafizəsi haqqında” və "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, "Kənd təsərrüfatı kooperasiyası haqqında”, "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, "Turizm haqqında” və "Elektrik və istilik stansiyaları haqqında” qanunlarda dəyişikliklərin edilməsi barədə layihələrlə bağlı məlumat verilib.

Diqqətə çatdırılıb ki, sənədlər "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanunun icrası məqsədi ilə hazırlanıb. Ətraf mühitə təsirin qiymətləndirilməsinin əsas məqsədi bu qanunun Əlavəsində göstərilən fəaliyyətin həyata keçirilməsi zamanı ətraf mühitə və insan sağlamlığına mümkün mənfi təsirlərin aşkarlanması, aradan qaldırılması və ya azaldılması üçün tədbirlərin həyata keçirilməsidir.

Belə ki, Su Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, su obyektlərinin istifadəsi, mühafizəsi və suların zərərli təsirinin qarşısının alınması üzrə dövlət proqramları layihələrinə dair strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi hazırlanmalı və bu sənədin dövlət ekoloji ekspertizası həyata keçirilməlidir. Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikinti layihələrinin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.

Torpaq Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, torpaq ehtiyatlarının istifadəsi üzrə strateji sənədlərin layihələri üzrə də strateji ekoloji qiymətləndirilmə (SEQ) aparılmalıdır.

"Meliorasiya və irriqasiya haqqında” Qanuna təklif olunan dəyişikliklər çay hövzələri arasında su resurslarının bölüşdürülməsi, su mənbələrindən istifadə, uzunluğu 20 kilometrdən, diametri 500 millimetr və daha çox olan su boru kəmərlərinin tikintisi və bir sıra digər hallarda meliorasiya və irriqasiya layihələrinin ƏMTQ sənədi almasını nəzərdə tutur.

"Balıqçılıq haqqında” Qanuna təklif olunan dəyişikliyə görə, balıqçılıq sahəsində dövlət proqramlarının layihələrinə dair strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilməlidir. Eyni zamanda, balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələri də ƏMTQ-dən keçməlidir.

"Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən, kooperativlərin, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış müəssisələrin, həmçinin irimiqyaslı kənd təsərrüfatı (aqroparklar), balıqçılıq təsərrüfatı fəaliyyəti üzrə layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi həyata keçirilməlidir. Dəyişikliklər, həmçinin kənd təsərrüfatı kooperasiyasının inkişafı üzrə dövlət proqramlarının layihələrinə dair strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədinin hazırlanmasını və dövlət ekoloji ekspertizasından keçməsini nəzərdə tutur.

Növbəti - "Auditor xidməti haqqında”, İnvestisiya fəaliyyəti haqqında”, "Müflisləşmə və iflas haqqında”, "Kiçik sahibkarlığa dövlət himayəsi haqqında”, "Yeyinti məhsulları haqqında”, "Notariat haqqında”, "Kredit ittifaqları haqqında” və "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi "Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 4 may 2018-ci il tarixli Qanunun icrası məqsədi ilə hazırlanıb. Qanun layihəsinə görə, sahibkarlıq subyektləri mühasibat uçotunu aparmalı, maliyyə, habelə statistik hesabatlarını tərtib və təqdim etməlidirlər.

Komitədə digər qanunlarda nəzərdə tutulan dəyişikliklərə də baxıldı.

Deputatlar Eldar Quliyev, Novruzəli Aslanov, Cavanşir Paşazadə, Aydın Hüseynov, Eldəniz Səlimov qanun layihələrinə təklif olunan düzəlişlərin zəruri olduğunu bildiriblər.

İclasın gündəliyinə daxil edilən bütün qanun layihələri birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video