Alternative content

10:53 19 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:28 19.07.2019 Böyük islahatlar ili
00:26 19.07.2019 İpək kimi
00:24 19.07.2019 Bakıda idman bayramı
00:22 19.07.2019 Yollar yenidən qurulur
00:21 19.07.2019 Hər uşaq bir ümiddir
00:16 19.07.2019 Hicran yaşı...
00:15 19.07.2019 Artemida məbədi
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Odlar halqasından Odlar yurduna gələn yol
Odlar halqasından Odlar yurduna gələn yol
ANA SƏHİFƏ / SİYASƏT
02:57 13.03.2019


Dünyanın ən böyük müsəlman ölkəsinə islam Azərbaycandan yayılıb


"Diplomatın söhbəti” rubrikasının budəfəki qonağı ən böyük müsəlman dövləti olan İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fananidir. Səmimi söhbətində ən böyük arzusunu da açıqlayan səfir Azərbaycan muğamının möhtəşəmliyinə heyranlığını gizlətmədi. Diplomatın fikirlərini, istəklərini, Azərbaycan-İndoneziya əlaqələri və ölkəmiz haqqında xoş təəssüratları barədə onun öz dilindən eşitmək çox maraqlıdır.


Məndə 4-5 etnik qrupun qarışığı var


- 1967-ci il noyabr ayının 13-də paytaxt Cakartada dünyaya gəlmişəm. Ailədə 9 övlad olmuşuq. Mənim valideynlərim İndoneziyanın bir-birindən çox uzaq əyalətindəndirlər. Atam Yava və Sumatra adasından gəlmədir. Anam isə Şərqi Yava və Bali etnik qrupunun qarışığındandır.

Məndə də təxminən 4-5 etnik qrupun qarışığı var. Qardaş və bacılarımla birgə Cakartada təhsil almışıq, uşaqlığımız da orada keçib. Orta təhsilimi bitirdikdən sonra Qondor əyalətində yerləşən İslam Universitetində təhsilimi davam etdirdim. Bildiyiniz kimi, İndoneziyada əhalinin əksəriyyəti müsəlmandır. İslam dininin bütün dərinliklərini orada öyrəndim. Sonra təhsilimi davam etdirmək üçün Pakistanın paytaxtı İslamabada yollandım. Orada ingilis dili və ədəbiyyatını öyrəndim. Təhsilimlə bağlı çoxlu diplomlarım var. 1988-1991-ci illərdə isə Məhəmməd əl-Cinnah adına universitetdə oxudum. Ondan sonra Lahorda Pəncab Univeristetində təhsilimi davam etdirdim. Yenə islam dini üzrə biliklərimi zənginləşdirdim. 1992-ci ildə təhsilimi fərqli, siyasi yöndə davam etdirmək qərarına gəldim. 1993-cü ildə Hollandiyaya yollandım. Orada bir il işlədikdən sonra Leiden Universitetində sosial antropologiya üzrə magistr dərəcəsi aldım. 1997-ci ildə magistr təhsilimi başa vurduqdan sonra mənimlə eyni universitetdə magistraturada oxuyan xanımla bir-birimizi sevib ailə həyatı qurmaq qərarına gəldik. O da indoneziyalıdır. Ailə qurduqdan sonra vətənə qayıtdım.

O vaxt İndoneziyada islahatlar dövrü idi. Gərgin vaxtlar idi. Mən bir müddət insan haqları üzrə komissiyada çalışdım. İnsan haqlarının müdafiəsi üzrə çox fəallıq göstərirdim. 1999-cu ildə İslam İnkişaf Partiyasının rəhbərinin katibi oldum. 2001-2005-ci illərdə isə prezident müavininin katibi vəzifəsində işlədim, 2007-ci ildən İslam İnkişaf Partiyasının baş katib müavini vəzifəsində çalışdım. 2009-cu ildə Din Nazirliyinin xüsusi əməkdaşı olaraq fəaliyyətə başladım. 2012-ci ildə İndoneziya parlamentinin üzvü seçildim. 2014-2015-ci illərdə doktorluq dərəcəsini bitirdim. Və nəhayət, 2016-cı ildə Azərbaycana səfir təyin olundum.


Pianinoda ifa edir, rəsm çəkirəm


- Gəncliyim ancaq təhsil almaqla keçməyib. Çoxlu hobbilərim olub. Gənc yaşlarımda atlet olmuşam. İndoneziyanın milli üzgüçülər qrupunun üzvü idim. Milli dəniz yarışlarında Asiya ölkələri arasında İndoneziyanı təmsil edirdim. Yəni mən həm də idmançıyam. İdmana çox marağım var.

Kiçik yaşlarımdan musiqini sevirəm. Hətta pianinoda ifa etməyi öyrənmişəm. Pakistanda təhsil aldığım zamanlarda tələbələrim var idi, onlara pianino ifa etməyin sirlərini öyrədirdim. Hollandiyada təhsil alanda musiqi qrupum var idi, onlarla axşam dərsdən sonra müxtəlif kafe və məkanlarda ifalar edirdik. Təhsilimlə bağlı maddi ehtiyaclarımı bununla ödəməyə çalışırdım. Eyni zamanda rəsm əsərləri də çəkib satırdım.

Əlhəmdülillah, valideynlərim həmişə çalışıb ki, bütün övladları yaxşı təhsil alsın. Bizə hər cür maddi dəstək olmağa çalışıblar. Ancaq mən heç vaxt valideynlərimdən pul almağa meyilli olmamışam. Eləcə də bacı-qardaşlarım. Həmişə xərcimizi hansısa yolla özümüz ödəmək istəmişik. Bacı-qardaşlarım da təhsillərini ölkə xaricində alıblar. Aralarında Amerikada, Çində, Fransada təhsil alanları var. İndi hərəsi bir peşə sahibidir: memar, siyasətçi, həkim...

Çox hobbilərim var, saymaqla bitməz. Bir çox kitabların da müəllifiyəm. Siyasət, din, ədəbiyyat, ümumiyyətlə, həyat haqqında fərqli kitablar yazmışam. Özüm haqda kitab yazsam, öz adımı qoyacağam. Amma mənim haqqımda kitab artıq yazılıb. Dostumun qələmə aldığı kitab "Səmada gəzişmək” adlanır.

Gördüyüm işlər çoxdur. Ən çox sevdiyim isə odur ki, artıq bir çox ölkələrdə yaxşı dostlara sahibəm. Həyatda prinsipim odur ki, düşmənim az, dostum çox olsun.


Azərbaycan zəngin tarixi olan, ilk insanın yarandığı ölkədir


- Azərbaycana səfir təyin olunmağımla bağlı xəbər alan kimi ölkəniz haqqında məlumat toplamağa başladım. Çünki Azərbaycanın necə ölkə olduğunu, harada yerləşdiyini bilmirdim. Səfir olduqdan sonra öyrəndim ki, Azərbaycan Qafqazda yerləşir, bir vaxtlar Sovet İttifaqının tərkibində olub. Rusiya, Gürcüstan, İranla həmsərhəddir və Xəzər dənizinin sahilindədir. Bu ilkin məlumatları aldıqdan sonra artıq ölkə haqqında araşdırma aparmağa başladım və öyrəndim ki, Azərbaycan zəngin tarixi olan, ilk insanın yarandığı ərazidir.

Əslində uşaq ikən ölkənizə xas bir hekayə dinləmişdim, amma bilmirdim ki, bu hekayə Azərbaycana məxsusdur. Çox kiçik yaşlarımda məni anam yatızdırardı. Həmişə mənə nağıl, hekayələr danışardı. Onların əksəriyyəti də sevgi hekayələri olurdu. Biri də "Leyli və Məcnun” idi. Bura gələndən sonra bildim ki, o hekayə dahi Azərbaycan şairi Nizami Gəncəvinindir. Sonra Nizami Gəncəvinin yaradıcılığını öyrəndim, digər görkəmli yazıçılar, tanınmış şəxslərin həyat və yaradıcılığı ilə tanış oldum. Məsələn, Məshəti, Füzuli, Xətai, Sabir, Nəriman Nərimanov və digərləri.


Azərbaycan xalqı Nuh peyğəmbərin nəvələridir


- Burada Xəzərin zəngin tarixə malik olduğunu öyrəndim. Nuh peyğəmbərin gəmisinin formalaşdığı məkan buradır. Daşqınlar olmuş, gəmi suyun üzərinə qalxmış, daşqınlar çəkildikdən sonra orada olan bütün insanlar, heyvanlar Qafqazda məskunlaşmışdı. Daşqından qalan bütün qalıqlar müxtəlif ölkələr arasında parçalanıb və onun nəticəsində Qara dəniz, Aralıq dənizi formalaşıb, amma qalıqların əsas hissəsi Qafqazda yarğan formasında hazırkı Xəzər dənizinin formalaşmasına səbəb olub.

Həmin daşqınların suyunun tərkibindəki zənginliklər isə Xəzərdə çökərək fosil, yəni neftin yaranmasına səbəb olub. Bu səbəbdən Azərbaycan nefti digər ölkələrin nefti ilə müqayisədə daha keyfiyyətlidir. Azərbaycan xalqı Nuh peyğəmbərin nəvələridir. Qobustandakı əlyazmalar, insan qalıqlarının tapılması da bunu sübut edir. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan çox qədim ölkədir, tarixi bir neçə minilliklərə söykənir.

Azərbaycanın görkəmli din xadimlərindən biri Şeyx Mövlanə Malik İbrahimin atası əslən ərəb olub, anası isə azərbaycanlı. Özü burada dünyaya gəlib. Dini təhsil almaq üçün Səmərqəndə yollanıb.

Orada islam dinini öyrəndikdən sonra Xəzər dənizi vasitəsilə Asiya ölkələrinə səfərə çıxıb. Vyetnam və Kambocanı keçdikdən sonra isə Yava adasına gəlib. Orada islam dininin təbliğinə və onu yaymağa başlayıb.

Bu səbəbdən qeyd etmək olar ki, İndoneziyaya islam dini Azərbaycandan gəlib. İkisi də müsəlman ölkəsidir. Bu səbəbdən hər zaman bir-birimizə yaxın dəstək olmalıyıq. Azərbaycan mənim üçün çox böyük önəm kəsb edir. Bu ölkəyə səfir təyin olunduğum üçün çox xoşbəxtəm.


Çətinliyim əsasən dil baxımından olub


- Bura gəldiyim ilk zamanlarda müəyyən çətinliklərim oldu. İlk başda Azərbaycan haqqında çox məlumat əldə etmək istədim. Dostlarımla ünsiyyət qurdum, xüsusilə Azərbaycan siyasətini, tarixini öyrənməyə çalışdım. Amma çətinliyim əsasən dil baxımından olub.

Zaman keçdikcə insanlarla ingilis dilində ünsiyyət qura bildim. Başqa bir problem isə insanların çoxunun İndoneziya haqqında məlumatı olmaması idi. Bu səbəbdən Azərbaycanda həyata keçirdiyim proqramın əsas məqsədi İndoneziyanı təbliğ etmək, Azərbaycan xalqına tanıtdırmaq oldu. Bir çox universitetlərdə tələbələrlə görüşüb onlara İndoneziya-Azərbaycan münasibətləri, hər iki ölkənin tarixi, dininin formalaşması haqqında məlumat verirəm. Bu görüşün ardınca onlar üçün mahnı da ifa edirəm. Tələbələr də, mən də bu görüşlərdən çox məmnun oluruq.


Ən çox sevdiyim şah plovu, düşbərə, dolma, saciçidir


- Azərbaycanın bir çox adət-ənənələri ilə tanışam, amma mənim üçün ən maraqlı ölkənizin milli musiqisi, muğamıdır. Həmişə mənə çox maraqlı idi ki, İlahi, muğam necə bir musiqidir, necə ifa edilir?!

Azərbaycan rəqsləri də çox möhtəşəmdir. Demək olar ki, bu regionda rəqslər bir-birinə çox oxşardır. Məsələn, Azərbaycan və Türkiyə rəqslərini göstərmək olar. Amma Azərbaycan milli rəqslərinin özünəxas cəhətləri var ki, bunu digərlərində görmək mümkün deyil. Azərbaycan musiqi alətlərinin də tarixi məni çox maraqlandırır. Çalışıram ki, onların tarixini öyrənəm.

Azərbaycan mətbəxini də çox sevirəm. Çünki bizim mətbəxdən fərqlidir. İndoneziyada yeməklərin əksəriyyəti acıdır. Sizin plovu çox xoşlayıram, xüsusilə şah plovu. Bundan başqa, düşbərə, dolma, saciçi, nərə balığı, qutabı da xoşlayıram. Əsasən ət və göy qutabı qışda yeməyi sevirəm. Hətta yol kənarından dönər də alıb yeyirəm. Çox dadlı olur.


İndoneziyanı "Odlar halqası” adlandırmaq olar


- İndoneziya Cənub-Şərqi Asiyada yerləşir. 17 min 500 adadan ibarətdir. 270 milyon əhalisi var. Əhalisinin sayına görə dünyada dördüncü yerdə durur. 5 min km çimərlik ərazisi var. Şərqindən qərbinə qədər olan məsafə Bakıdan Londona və ya Bağdaddan Norveçə qədər olan məsafə qədərdir.

İndoneziyada üç müxtəlif saat fərqi var. Şərqindən qərbinə qədər 8 saatlıq yoldur. Ekvatorda yerləşir və Azərbaycanda olduğu kimi dörd mövsüm yoxdur. Yalnız isti mövsüm və yağışlar mövsümü var. Vulkanlarla zəngin ölkədir. Azərbaycan "Odlar yurdu” adlanırsa, mənim də ölkəmi "Odlar halqası” adlandırmaq olar. Çünki İndoneziyanın hər bir adası vulkanlarla əhatə olunub. Bu səbəbdən təbii fəlakətlər, sunami, vulkan püskürmələri tez-tez baş verir. Amma bu, İndoneziya xalqı üçün adi bir hala çevrilib. 3 min 300-dən çox etnik qrup, 800-dən çox dil var. İndoneziyanın zəngin mədəniyyəti var. Təbii yataqlarla zəngin ölkədir. Qızıl yataqları çoxdur. İldə 2 milyon kiloqram qızıl istehsal olunur. Həm də dünyada ən çox balıq ixrac edən ölkədir.


İndi əsas qüvvə Asiya ölkələridir


- İndoneziya Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının - ASEAN təşkilatının rəhbəridir. Həmin təşkilatın əsas mərkəzi ofisi Cakartada yerləşir. Bundan əlavə, İndoneziya 10 kiçik ölkə ilə həmsərhəddir: Filippin, Kamboca, Laos, Vyetnam, Bruney, Avstraliya, Yeni Qvineya və s.

İqtisadi, eləcə də texnologiya baxımından Cənub-Şərqi Asiya ölkələrinin yaxşı inkişaf etdiyini demək olar. Robotların hazırlanmasında Mərkəzi Asiya ölkələri indi çox irəliləyir. Buna görə bir çox dünya ölkələrinin əsas diqqət mərkəzində həmin bölgədir. Əgər əvvəl sənaye, iqtisadiyyat sahəsində əsas qüvvə Avropa ölkələrinin əlində idisə, hazırda həmin qüvvə Asiya ölkələrinə məxsusdur.


Gələcəkdə ölkəmin rəhbəri olmağın xəyalını qururam


- İndoneziyada bir çox tayfa, etnik qruplar olduğundan dəyərlərimiz çox fərqlidir. Amma bir çox ailədaxili qaydalar var ki, onlar təqribən Azərbaycanla eynidir. Bunlar da dindən irəli gəlir.

270 milyon əhalisi olan ölkədə gənclərə böyük diqqət və qayğı göstərilir. İnsanlar fərqli etnik qrupdan olsalar da, həmişə bir-birinə deyirlər ki, o mənim qardaşımdır. Qonaqpərvərlik, dostluq var insanların arasında. Birgə toplaşıb vaxt keçirməyi çox sevirlər.

Sevgi bölüşmək deməkdir. Biz öz sevgimizi, istəyimizi, kədərimizi necə bölüşə bilərik? Bunu düşünməliyik. Sevgini bölüşmək lazımdır. Bu o deməkdir ki, ən yaxşı hislərimizi yoldaşımızla, övladımızla bölüşməliyik. İndi hərdən İndoneziya musiqisini dinləyəndə çiçəklənən İndoneziyanın xəyalını qururam.


Çalışıram ki, nümunə olum


- Səfir olmaq çətin bir iş deyil, amma məsuliyyətlidir. Səfir qarşısındakı şəxsi, ölkəni başa düşməli, onun nəyə ehtiyacı olduğunu duymalıdır. Diplomat olaraq Azərbaycanı duymalıyam ki, İndoneziya hökuməti olaraq ona nə verə bilərəm. Və eyni zamanda da İndoneziyaya Azərbaycandan nə kimi yardım edə bilərəm. Bunu bacarmaq lazımdır. Hər bir səfirin də yanaşması fərqlidir. Çünki ölkələr də fərqlidir.

Səfir olmasaydım, bəlkə də müəllim olardım. Siyasət elə bir şeydir ki, mənim üçün hər bir xalq tərəfindən icra edilməli olacaq bir sahədir. Siyasət eyni zamanda xalqa xidmət deməkdir.

Ailədə ən böyük övladam. Bacı-qardaşlarıma həm də ata-ana əvəziyəm. Çalışıram ki, onlara nümunə olum. Səfir olmağım eyni zamanda atalıq deməkdir. Səfirlik sanki İndoneziyanın burada bir parçasıdır və mən o parçanın rəhbəriyəm.


Hərdən yoruluram...


- Gənclik zamanı qarşıma qoyduğum bir çox məqsədlərimə çatmışam. Məktəb vaxtı həmişə düşünürdüm ki, xalqım üçün necə yararlı bir vətəndaş ola bilərəm? Həmişə arzu edirdim ki, prezident olum. Elə də olmasa, ən azından diplomat olum.

Hərdən olur ki, yoruluram, pensiyaya çıxmaq istəyirəm. Hamıda belə hal olur. Amma biz həmişə nəyisə öyrənməliyik. Həyat elədir ki, həmişə hərəkətdə olmalıyıq, yenilənməliyik. Biz işləməsək, həyat dayanır sanki. Çalışmaq, iş həyatın bir hissəsi olmalıdır. Öz həyatımızı hərəkət etdiririk, günümüz belə keçir. Gördüyümüz işi sevsək, bizə daha rahat olacaq. Nə iş olur-olsun, ondan zövq almaq lazımdır.

Azərbaycan gəncləri aktiv, daim inkişafı düşünməli, innovativ, kreativ, gələcəyi görən, fikirləşən, yaradıcı gənclər olmalıdırlar. Azərbaycan torpaqları ancaq Azərbaycan gənclərinin olmalıdır. Digərləri işğal edib ona sahib çıxmamalıdır. Çünki gələcəkdə bu torpaqların müdafiəçisi Azərbaycan gəncləri olacaq.


"Sən çox gözəlsən...”


- Azərbaycan dilini öyrənmək istəyirəm, amma vaxtım olmur. Müəyyən sözləri başa düşürəm və elə sözlər də var ki, artıq bilirəm. Məsələn, "sən çox gözəlsən”.

Burada iş cədvəlimi elə qururam ki, işləyə-işləyə, bir növ, istirahət etmiş oluram. Hazırda ölkələrimiz arasında əlaqələr çox möhkəmdir.

Beş materikin hər birində səfərdə olmuşam, amma düşünürəm ki, ən gözəl yer elə Azərbaycandır. Sanki ikinci vətənimdir. Təbiətinin gözəlliyi ilə yanaşı, xalqı da səmimidir. Ən uzun fəaliyyət göstərdiyim ölkə Azərbaycandır. Burada ailəmlə birgə qalıram.

Ümid edirəm ki, 2019-cu ildə bir çox sahələrdə əlaqələrimizin daha da möhkəmlənməsi üçün müəyyən işlər görəcəyəm. Elə bir iş görmək istəyirəm ki, yaddaşlarda qalsın, mən getdikdən sonra həmin iş məni xatırlatsın. Bu il mənim buradakı fəaliyyətimin sonuncu ilidir. Növbəti il İndoneziyaya qayıdacağam. Ona görə istərdim ki, bu il elə işlər görüm ki, mən getdikdən sonra məni, İndoneziyanı xatırlatsın.

Fərqli ölkələr gəzib, amma dediyinə görə, heç birində Azərbaycandakı qədər doğmalıq duymayıb. Burada onu yaddaşlara həkk edəcək işlərə imza atmağa çalışan Hüsnan Bəy Fanani dayanmaq yox, hər zaman hərəkətdə olub yenilənməyin tərəfdarıdır...

Fərizə ƏHMƏDOVA,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM