13 Mart 2019 02:56
1612
SİYASƏT
A- A+

Dünya liderləri ilə bir sıradayıq


Azərbaycan Respublikasının inklüziv inkişafın idarə edilməsində dünya liderliyini beynəlxalq təşkilatların hesabatları da təsdiq edir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasındakı proqram xarakterli çıxışında, "Real” televiziyasına verdiyi müsahibədə ölkənin sürətli inkişafı, bu prosesin innovativliyi və eyni zamanda sosialyönümlülüyünü təmin edən yeni idarəetmə texnologiyalarının tətbiqi, bu yanaşmaların nəticələrinə diqqəti cəlb etdi.

Beynəlxalq təşkilatlar tərəfindən aparılan təhlillər və son illər dərc edilən rəsmi hesabatlar da bunun sübutudur. Elə bu yaxınlarda dərc edilmiş və dünya ölkələrində əlverişli biznes mühitinin təşkilinə həsr olunmuş "Doing Business” hesabatında Azərbaycanın dünya ölkələri arasında 28-ci yerə qalxması da bu gerçəklikdən xəbər verir. Əgər nəzərə alınsa ki, bir neçə il öncə ölkəmiz bu siyahıda 90-96-cı yerlərdə idi, aydın olur ki, bu sıçrayışın arxasında güclü siyasət və yaradıcılıqla həyata keçirilən praktiki inkişaf strategiyası durur. Bununla yanaşı, BMT, Dünya Bankı, digər beynəlxalq inkişaf təşkilatlarının hesabatlarında, Azərbaycan Respublikasının insan potensialına əsaslanan davamlı inkişafına dair sənədlərdə ölkəmizin dünyada mövqelərinin güclənməsi ilə bağlı yeni məlumatlar dərc edilməkdədir. Ölkədə sənaye, kənd təsərrüfatı və xidmət sahələrinin sürətli inkişafı, iqtisadiyyatın artım tempinə görə yüksək reytinqi son on beş ildə bu göstəricilərin rekord səviyyəsinə qalxması də göz qabağındadır. Elm, təhsil və mədəniyyətin inkişaf etməsi də sözügedən proseslərə təkan verir.

Lakin bütün bu sahələrdə əldə edilmiş nailiyyətlər yalnız vasitə kimi çıxış edir. Məqsəd isə ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan vətəndaşının daim yüksələn rifahı və onun təhlükəsizliyidir. Son zamanlar ölkə Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən minimal əməkhaqqının, təqaüdlərin, xüsusi qayğıya ehtiyacı olan təbəqələr üçün ayrılan maddi yardımların əhəmiyyətli dərəcədə yüksəldilməsi, vətəndaşların banklara olan borclarla əlaqədar problemlərinin həllinə yönəldilmiş tədbirlər ölkədə sosial siyasətin dövlətin əsas prioriteti olmasını göstərir.

Son 15 ildə həyata keçirilən siyasət nəticəsində, beynəlxalq təşkilatların hesabatlarına əsasən, Azərbaycan Respublikası iqtisadi, sosial və humanitar sahələrdə yüksək nəticələr əldə edib. Bunun məntiqi yekunu kimi ölkə dünyanın birinci dərəcəli prioriteti olan və sosial sahəyə xüsusi dəyər verən inklüziv inkişaf sahəsində dünya liderləri səviyyəsinə qalxmışdır. İnklüziv inkişaf dedikdə dövlətin tərəqqisinin elə yolu başa düşülür ki, ölkənin hərtərəfli inkişafı təmin olunur və bu prosesin müsbət nəticələrini bütün vətəndaşlar hiss edir. Ölkənin inklüziv inkişafının səviyyəsi beynəlxalq təşkilatlar tərəfindən xüsusi indeks vasitəsilə dəyərləndirilir. İndeksin hesablanması isə bir sıra göstəricilərə əsaslanır (şəkil 1).

Dünya ölkələrində inklüziv inkişafın vəziyyəti 2018-ci ildə Davos Dünya İqtisadi Forumu tərəfindən təhlil edilmişdir. Bu qurum tərəfindən təqdim edilmiş hesabata əsasən Azərbaycan Respublikasının inklüziv inkişaf indeksi 4,69-a bərabərdir və ölkəmiz keçid iqtisadiyyatına malik ölkələr arasında bu göstəriciyə görə üçüncü yeri tutur. Bu qrupa daxil olan ölkələr arasında Azərbaycan Avropa İttifaqının, zəngin ölkələri birləşdirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, "Böyük iyirmilik” (G20) qrupunun üzvləri olan bir çox dövlətlərdən irəlidədir. Qeyd edilməlidir ki, bütün bu ölkələrin iqtisadi imkanları Azərbaycandan xeyli üstündür (cədvəl 1).

Cədvəldən göründüyü kimi, Litva keçid iqtisadiyyatına malik olan ölkələr arasında inklüziv inkişaf göstəricisinə görə birinci yerdədir. İqtisadi imkanları - adambaşına ümumi daxili məhsulun həcminə görə də bu ölkə göstərilən qrupda birincidir. Ölkə öz iqtisadi imkanlarını düzgün qiymətləndirib və səfərbər edərək, inklüziv inkişaf sahəsində bu qrupda birinci ola bilib. İqtisadi imkanlarına görə bu qrupda dördüncü yerdə olan Macarıstan mövcud və nisbətən məhdud imkanlarını səfərbər etməklə qrupda inklüziv inkişaf göstəricilərinə görə ikinci yerə qalxıb. Bu qrupda iqtisadi imkanları ikinci olan Polşa isə inklüziv inkişaf göstəricisinə görə yalnız beşinci, öz imkanlarından 3 pillə aşağı yerdə qərarlaşıb.

Dünya İqtisadi Forumunun 2018-ci ilin hesabatında təqdim olunmuş məlumatların təhlilindən aydın olur ki, ölkənin hərtərəfli tərəqqisini təmin edən və bütün əhalinin rifahına müsbət təsir göstərən inklüziv inkişaf naminə iqtisadi imkanlarından dünyada ən optimal istifadə edən Azərbaycan Respublikasıdır. İqtisadi imkanlarına - adambaşına ümumi daxili məhsulun həcminə görə Azərbaycan Respublikası bu qrupda 26-cı yerdədir. Buna baxmayaraq, davamlı inklüziv inkişaf göstəricisinə görə ölkə 3-cü olub, yəni öz imkanından 23 pillə yüksək yerdə qərarlaşıb. Bu, şübhəsiz ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən tətbiq olunan innovativ idarəetmə texnologiyalarının nəticəsidir. Davamlı inklüziv inkişaf sahəsində yüksək nailiyyətlərin əldə edilməsi yalnız güclü iqtisadi və sosial siyasətin həyata keçirilməsi şəraitində mümkündür. Uğurlu sosial siyasətin planlaşdırılması və həyata keçirilməsi ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyəti ilə bağlıdır.

Davos Dünya İqtisadi Forumunun hesabatının təhlili göstərir ki, Azərbaycanın inklüziv inkişaf göstəriciləri iqtisadi inkişafı çox yüksək səviyyədə olan bir sıra ölkələrin müvafiq göstəricilərindən də yuxarıdır. Azərbaycan Respublikasının inklüziv inkişaf indeksi iqtisadi cəhətdən daha çox inkişaf etmiş ABŞ, Yaponiya, İtaliya, İsrail, İspaniya, Portuqaliya, həmçinin Türkiyə, Rusiya və başqa ölkələrin inkişaf indekslərini geridə qoyur (şəkil 2). Bu o deməkdir ki, Azərbaycan Respublikası mövcud iqtisadi imkanlarından dövlətin hərtərəfli inkişafı və əhalinin rifahının yüksəldilməsi üçün göstərilən ölkələrdən daha səmərəli istifadə edir. Yaranmış vəziyyət, eyni zamanda dövlət kadr siyasətinin müasir tələblərlə ayaqlaşmasından xəbər verir.

Daha az vəsait sərf etməklə daha yüksək nəticələr, bir qayda olaraq, səmərəli dövlət idarəçiliyi, bu prosesdə yeni prinsiplərin və yeni texnologiyaların istifadəsi nəticəsində əldə edilə bilir. Azərbaycan Respublikasında davamlı inklüziv inkişaf sahəsində qazanılmış uğurlar ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla inkişaf etdirilən, dərindən düşünülmüş dövlət idarəçiliyi strategiyasının reallaşdırılmasının nəticəsidir. Bu strategiyanın həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar tərəfindən nəzərə alınan bütün göstəricilər üzrə əhəmiyyətli tərəqqiyə nail olmasına yol açıb. Son on beş il ərzində əhalinin gəlirləri, məşğulluq səviyyəsi və rifahı əhəmiyyətli dərəcədə yüksəlib, resursların istifadəsinin səmərəliliyi artıb, qlobal iqlim dəyişikliklərinə təsirlər azaldılıb, ölkəmizin xarici borcu optimal səviyyədə saxlanılıb, sağlamlıq göstəriciləri yaxşılaşıb, əhalinin optimal demoqrafik strukturu formalaşıb, yoxsulluq səviyyəsi və gəlirlərin əhali arasında bölgüsünün xarakteri yüksək beynəlxalq standartlara uyğunlaşdırılıb. Bu sahədə olduqca qısa bir dövrdə yüksək nəticələrin əldə edilməsində ölkə Prezidenti İlham Əliyev tərəfindən dövlət idarəçiliyində innovativ texnologiyaların işlənməsi və tətbiqi, o cümlədən sinergetik, komplementar və kompensasion texnologiyalar kompleksinin tətbiqinin həlledici rolu var.

Qeyd edilməlidir ki, Azərbaycan Respublikası dünyada davamlı inklüziv cəmiyyətin formalaşması naminə iqtisadi imkanlarından ən optimal istifadə edən ölkədir. Bu, şəkil 3-də təqdim olunmuş məlumatlardan aydın olur. Şəkildə təqdim olunmuş ölkələr üç qrupa aiddir. Birinci, piramidanın ən aşağı hissəsində mənfi (-) göstəricilərə malik olan ölkələr haqqında məlumatlar təqdim edilmişdir. Bu ölkələr davamlı inklüziv inkişaf edən cəmiyyətin formalaşması baxımından öz iqtisadi imkanlarından tam istifadə edə bilməmişlər. Bu ölkələr arasında çox yüksək iqtisadi imkanlara malik olan ölkələr də var. Məsələn, inklüziv inkişaf göstəricilərinə görə ABŞ öz iqtisadi imkanlarından 14, Rusiya 10, Türkiyə isə 9 pillə aşağı yerlərdə qərarlaşıblar (cədvəl 1).

Piramidanın ikinci səviyyəsində sıfır (0) qrupuna daxil olan ölkələr yer alıb. Bu qrupda təmsil olunan ölkələr inklüziv inkişafın idarə edilməsində öz iqtisadi imkanları çərçivəsində hərəkət ediblər. Dünya reytinqlərində onlar adambaşına gəlir və inklüziv inkişaf göstəricilərinə görə eyni yerdədirlər. Bu ölkələrə Fransa, İsveç, Danimarka, Litva və digərləri aiddir (şəkil 3).

Şəkil 3-də üçüncü qrupa inklüziv inkişaf sahəsində öz iqtisadi imkanlarından daha çox istifadə edən ölkələr daxil edilmişdir. Bu ölkələr öz növbəsində 5 yarımqrupa ayrılıb. Birinci yarımqrupda öz iqtisadi imkanlarından 5 pilləyə qədər qalxa bilmiş ölkələr təmsil olunur. Bunların arasında Almaniya, Avstriya, Finlandiya, Belçika və bir sıra başqa ölkələr göstərilə bilər. İkinci yarımqrupda öz iqtisadi imkanlarından 6-10 pilləyə qədər qalxa bilmiş ölkələr bir araya gətirilib. Bu ölkələr Yeni Zelandiya, Koreya Respublikası, İslandiya, Sloveniya və digərləridir. Üçüncü yarımqrupda inklüziv inkişaf sahəsində öz iqtisadi imkanlarından 10-15 pillə yuxarı qalxa bilən ölkələrin qruplaşması nəzərdə tutulmuşdur. Lakin bu qrupda yalnız bir ölkə - Çexiya Respublikası yer ala bilib. Bu ölkə inklüziv inkişaf sıralanmasında öz imkanından 13 pillə yuxarıda qərarlaşıb. Daha yüksək növbəti (+16-20) yarımqrupda heç bir ölkə beynəlxalq təşkilatlar tərəfindən qeydə alınmayıb. Nəhayət, ən yüksək göstəriciləri olan yarımqrupda (+20-25) yalnız Azərbaycan Respublikası təmsil olunmuşdur ki, bu ölkə inklüziv inkişaf sahəsində öz iqtisadi imkanlarından 23 pillə yüksəkdə yer tutub.

Dünya İqtisadi Forumunun hesabatında dünyanın 107 ölkəsində inklüziv inkişaf və onun davamlılığı haqqında məlumatlar təqdim edilmişdir. Azərbaycan bu sənəddəki göstəricilərə görə keçid iqtisadiyyatına malik ölkələr arasında üçüncü olsa da, öz iqtisadi imkanlarından inklüziv inkişaf naminə səmərəli istifadəyə görə dünyada birincidir. Bu, eyni zamanda, beynəlxalq təşkilatların sənədlərinin təsviri və təhlili arasında fərqin göstəricisidir. Qeyd olunan yüksək nailiyyət ölkə Prezidenti İlham Əliyevin tətbiq etdiyi innovativ dövlət idarəetmə texnologiyalarının nəticəsidir. Bu innovativ texnologiyaların öyrənilməsi və geniş tətbiqi inklüziv inkişafın gələcək nəsillər üçün də davamlı olmasının vacib şərtidir.

Urxan ƏLƏKBƏROV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video